Maliyyə
Nazirliyi 2020-ci il dövlət və icmal büdcəsinin
icrasına dair məlumatı açıqlayıb
Maliyyə
Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət
və icmal büdcəsinin icrasına dair məlumatı
açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, operativ məlumatlara əsasən,
2020-ci il üzrə dövlət büdcəsinin mədaxili
24 milyard 124 milyon manat proqnoza qarşı 24 milyard 679,2 milyon
manat və ya 102,3 faiz icra olunub, bu da 2019-cu illə müqayisədə
461,1 milyon manat və ya 1,9 faiz çoxdur. Ötən il
qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 milyard
677,2 milyon manat və ya 105,4 faiz icra edilib. Bu, 2019-cu illə
müqayisədə 63,7 milyon manat və ya 0,6 faiz çoxdur.
İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə
büdcəyə 7 milyard 387,2 milyon manat vəsait təmin
edilib ki, bu da proqnoza nisbətən 197,2 milyon manat və ya 2,7
faiz çoxdur. Həmin vəsaitin 75,6 faizi və ya 5 milyard
585,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına
düşməklə proqnoza nisbətən 185,1 milyon manat və
ya 3,4 faiz, 2019-cu illə müqayisədə 153,1 milyon manat və
ya 2,8 faiz çoxdur.
Dövlət
Gömrük Komitəsinin xətti ilə dövlət
büdcəsinə 3 milyard 938,2 milyon manat vəsait təmin
edilib ki, bu da proqnoza nisbətən 108,2 milyon manat və ya 2,8
faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə
proqnozlaşdırılmış məbləğdə
transfert, yəni 12 milyard 200 milyon manat vəsait daxil olub.
Dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatların ödənişli
xidmətlərindən daxilolmalar 596,1 milyon manat təşkil
edib ki, bu da proqnozdan 207,9 milyon manat və ya 25,9 faiz az, 2019-cu
illə müqayisədə isə 17,2 milyon manat və ya 3
faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti
dövlət büdcəsinə dövlət əmlakının
icarəyə verilməsindən daxilomalar üzrə 10,3
milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən
2,3 milyon manat və 28,8 faiz çoxdur. Dövlət
büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait
daxil olub.
Operativ məlumatlara əsasən,
2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq
olunmuş proqnoza nisbətən 96,1 faiz və ya 26 milyard 416,3
milyon manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə
1 milyard 990,4 milyon manat və ya 8,1 faiz çoxdur.
Dövlət
büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin
yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər,
pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və
digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə
nail olunub.
2020-ci
il dövlət büdcəsi xərclərinin 16 milyard 364
milyon manatı və ya 62 faizi cari xərclərə yönəldilib
ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 835,1 milyon
manat və ya 21 faiz çoxdur. Cari xərclər
üzrə artım əsasən 2019-cu ildə dövlət
büdcəsindən maliyyələşən və maliyyə
yardımı alan təşkilatlarda
çalışanların əməkhaqlarının və
ölkədə pensiya və sosial ödənişlər
üzrə baş vermiş artımların
qarşılanmasına 2 milyard 39,9 milyon manat, koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyatda
yaratdığı mənfi təsirlərin
azaldılmasına və mübarizə tədbirlərinə
609 milyon manat, ali təhsilin maliyyələşdirilməsinə
186,2 milyon manat vəsait yönəldilib.
2020-ci ilin dövlət büdcəsindən
8 milyard 326,1 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə
(2019-cu illə müqayisədə 1 milyard 46,1 milyon manat və
ya 11,2 faiz az), 1 milyard 726,2 milyon manatı və ya 6,5 faizi
dövlət borcuna və öhdəliklərinə xidmətlə
bağlı xərclərə (2019-cu
illə müqayisədə 201,4 milyon manat və ya 13,2 faiz
çox) yönəldilib. 2020-ci ildə 2019-cu illə
müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə
və ya 814 milyon manat, sosial müdafiə və sosial təminat
xərclərinə 36,2 faiz və ya 828,1 milyon manat, müdafiə
və milli təhlükəsizlik xərclərinə
(cari xərclər, dövlət investisiya qoyuluşu və
ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1
faiz və ya 1 milyard 72,6 milyon manat, təhsil xərclərinə
26,4 faiz və ya 579,9 milyon manat, məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq orqanları üzrə
xərclərə 21 faiz və ya 317,1
milyon manat, mədəniyyət, incəsənət, informasiya,
bədən tərbiyəsi, gənclər siyasəti və bu
qəbildən olan digər fəaliyyət xərclərinə
7,3 faiz və ya 23,2 milyon manat, kənd təsərrüfatı
və ətraf mühitin mühafizəsi xərclərinə
2,1 faiz və ya 22,7 milyon manat çox vəsait yönəldilib.
Dövlət büdcəsi xərclərinin
36,5 faizi və ya 9 milyard 652 milyon manatı sosial təyinatlı
xərclərin (əməyin ödənişi fondu, təqaüd
və sosial müavinətlər, dərman və ərzaq xərcləri)
maliyyələşdirilməsinə yönəldilib ki, bu da
2019-cu illə müqayisədə 1 milyard 890,7 milyon
manat və ya 24,4 faiz çoxdur.
Ölkənin müdafiə
potensialının gücləndirilməsi və silahlı
qüvvələrin maddi-texniki təminatının daha da
yaxşılaşdırılması məqsədilə
2020-ci ilin dövlət büdcəsində təsdiq
edilmiş 3 milyard 787,5 milyon manat müdafiə xərclərinə
qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin
cəmi) 4 milyard 426,8 milyon manat vəsait ayrılıb ki, bu da
2019-cu illə müqayisədə 1 milyard 72,6 milyon manat və
ya 36,1 faiz çoxdur.
Azərbaycan Respublikası
Prezidentinin tapşırığına müvafiq olaraq,
dövlət büdcəsindən müdafiə xərclərinə
əlavə ayrılmış vəsait hesabına yeni hərbi
texnikanın alınması, ön cəbhəyə ezam
olunmuş hərbi qulluqçuların və səfərbərliklə
hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin
edilmiş heyətin əlavə pul təminatı, Silahlı
Qüvvələrə səfərbərliklə
çağırılmış əsgər vəzifələrinə
təyin edilmiş heyətə xidmət etdiyi müddətdə
aylıq vəzifə maaşı və ona müəyyən
edilmiş aylıq əlavənin ödənilməsi
qarşılanıb.
Koronavirus
pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsindən
1 milyard 985,6 milyon manat vəsait istifadə olunub. Həmin vəsaitdən 612,5 milyon manatı
koronavirusla mübarizə tədbirlərində iştirak edən
tibb işçilərinə əlavənin ödənilməsinə,
zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman
vasitələrinin alınmasına, çarpayı fondunun
artırılması və ixtisaslaşmış xəstəxanaların
fəaliyyətlərinin təmin edilməsinə,
karantin nəzarətinə götürülmüş şəxslərə
karantin müəssisələrində göstərilən
xidmətlərlə bağlı xərclərin ödənilməsinə
yönəldilib.
Bununla yanaşı, qlobal
pandemiya ilə bağlı dünya enerji və səhm
bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə,
ölkədə məşğulluq məsələlərinə,
sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması
ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
üçün 1 milyard 334,1 milyon manat vəsait sərf
olunub.
Qeyd olunan vəsait hesabına
pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə dəstək
məqsədilə özəl sektorda çalışan 243
min nəfərdən çox işçinin əməkhaqqının
müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin
göstərilməsi, sahibkarlıq subyektlərinə bank
kreditləri üzrə dövlət zəmanətinin verilməsi
və kredit faizlərinin subsidiyalaşdırılması,
sahibkarlığın inkişafına əlavə dövlət
dəstəyinin göstərilməsi, xüsusi karantin
rejiminin tətbiq olunması ilə əlaqədar
işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik
ödəmənin verilməsi şərtləri və
qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik
ödəmənin verilməsi, əhalinin məşğulluq
imkanlarının artırılması məqsədilə əlavə
ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və
digər sərnişindaşıma fəaliyyəti göstərən
hüquqi şəxslərə maliyyə dəstəyinin
verilməsi, güzəştli ipoteka kreditləri üzrə
ayrılan vəsaitin artırılması, respublikanın təhsil
müəssisələrində normativ təhsil müddətində
ödənişli əsaslarla əyani təhsil
alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən
ailələrin üzvü olan tələbələrin 2020-ci
ildə tədris semestrləri (yarımillikləri)
üçün təhsil haqqı xərclərinin ödənilməsi,
əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin
aprel-may aylarında 100 kvts. həcmində
artırılması ilə bağlı xərclər maliyyələşdirilib.
2020-ci il ərzində koronavirus
pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin
dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində,
o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına
17 milyon manat, UNESCO və ICESCO təşkilatlarına 3,4 milyon
manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq
yardımlar göstərilib.
Azərbaycan
Respublikasında əhalinin mənzilə olan tələbatının
ödənilməsi və vətəndaşların güzəştli
şərtlərlə mənzil əldə etməsi xərcləri
üçün 143,9 milyon manat vəsait yönəldilib. Həmin
vəsaitin 72,9 milyon manatı vətəndaşların
güzəştli şərtlərlə mənzil əldə
etməsi məqsədilə sosial mənzillərin tikintisinə,
71 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə
sərf edilib.
Dövlət büdcəsindən
hərbi qulluqçuların mənzillə təmin
olunması ilə bağlı xərclər üçün
35 milyon manat vəsait ayrılıb və həmin vəsait
hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin
sifarişi ilə inşa edilən Bakı və
Naxçıvan şəhərlərində 485 ədəd
tam təmirli mənzil alınmış və hərbi
qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.
Qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi
və yaşayış şəraitinin
yaxşılaşdırılması üçün 2020-ci
ilin icmal və dövlət büdcələrindən
üst-üstə 765,6 milyon manat vəsait yönəldilib ki,
onun da 565,6 milyon manatının dövlət
büdcəsindən, 200 milyon manatının isə Dövlət
Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil
edir. Qeyd olunan vəsaitin 360,2 milyon manatı
qaçqın və məcburi köçkünlərə
verilən müavinətlərə (331,5 milyon manat), bəzi
kommunal xidmətlərin dəyərinin ödənilməsinə
(17,1 milyon manat), qeyri-maddi aktivlərin, maşın və
avadanlıqların alınmasına (4,4 milyon manat), cari təmir,
bank xidmətləri xərclərinin ödənilməsi,
digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə
(5,2 milyon manat) yönəldilib, 407,4 milyon manatı isə məcburi
köçkünlər üçün mənzillərin və
evlərin tikintisinə istifadə olunub.
Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq
təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı tədbirlərin maliyyələşdirilməsi
üçün 402,7 milyon manat vəsait yönəldilib ki,
bu da 2019-cu illə
müqayisədə 63,3 milyon manat və ya 18,7
faiz çoxdur. 2020-ci il yanvarın 1-dən fermerlərə
subsidiyaların verilməsi üçün tətbiq
edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o
cümlədən əkin, məhsul, toxum, heyvan, arı və
barama subsidiyaları verilməsinə
başlanılıb. Bundan başqa, kənd təsərrüfatı
məhsulları istehsalçıları tərəfindən
lizinqə götürülən və satınalınan kənd
təsərrüfatı texnikasının ilkin dəyərinin
20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti
hesabına onların ilkin dəyərinin 40 faizi həcmində
güzəşt tətbiq edilib. Qeyri-neft məhsullarının
ixracının təşviqi üçün 2020-ci ilin
dövlət büdcəsindən 12,7 milyon manat vəsait sərf
olunub.
2020-ci
ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon
manat maliyyə yardımı ayrılıb.
Kütləvi informasiya vasitələrinin
(“Azərbaycan Televiziya və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və
Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası
Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi,
Milli Televiziya və Radio Şurası, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin
olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən
üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.
Vətəndaş cəmiyyətinin
möhkəmlənməsinə və davamlı
inkişafına nail olunması, ictimai əhəmiyyətli
problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilatlarına
maliyyə yardımının göstərilməsi
üçün 2020-ci ilin dövlət büdcəsindən
5,4 milyon manat vəsait ayrılıb.
2020-ci
ilin dövlət büdcəsindən investisiya xərclərinə
4 milyard 751,7 milyon manat vəsait yönəldilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sosial-mədəni və məişət
təyinatlı obyektlərin tikintisinə və yenidən
qurulmasına 648,4 milyon manat, müdafiə və
hüquq-mühafizə, inzibati, idarəetmə və digər
təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və
yenidən qurulması üçün dövlət əsaslı
vəsait qoyuluşu xərclərindən 755,1 milyon manat vəsait
istifadə olunub.
Ölkənin
əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya, kənd təsərrüfatı
infrastrukturlarının tikintisinə və yenidən
qurulmasına 2 milyard 514,4 milyon manat vəsait yönəldilib.
Dövlət büdcəsindən
ayrılmış investisiya xərcləri ilə
yanaşı, Azərbaycan Hökuməti tərəfindən
xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 milyon
manat məbləğində vəsait ölkəmizdə
yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd
təsərrüfatı və digər
infrastrukturların tikintisinə və yenidən qurulmasına
istifadə olunub.
Hesabat
ilində dövlət büdcəsinin əsaslı vəsait
qoyuluşu xərclərindən Naxçıvan Muxtar
Respublikasında həyata keçirilən investisiya layihələrinin
maliyyələşdirilməsi üçün 34,9 milyon manat
vəsait sərf edilib.
Hesabat
ilində əvvəlcədən büdcədə nəzərdə
tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin
maliyyələşdirilməsi üçün Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait
yönəldilib. Bu vəsaitin 233,1 milyon
manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni
və məişət təyinatlı obyektlərin tikintisinə
və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin
əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya, kənd təsərrüfatı
infrastrukturlarının tikintisi və yenidən
qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə
orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə
və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə
yönəldilib.
2020-ci il dövlət büdcəsinin
icrası prosesində ölkənin sosial-iqtisadi həyatı
üçün vacib olan bir sıra layihələrin və tədbirlərin
həyata keçirilməsi məqsədi ilə “Büdcə
sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı
maddəsinə müvafiq olaraq 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər
üzrə qənaət olunmuş vəsait və dövlət
büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də
nəzərə alınmaqla, dövlət büdcəsinin
Ehtiyat Fondundan 631,7 milyon manat vəsait istifadə olunub. Bu vəsaitin 384,3 milyon manatı koronavirus (COVID-19)
pandemiyasının qarşısının alınmasına,
139,6 milyon manatı xüsusi müdafiə təyinatlı
layihələrin maliyyələşdirilməsinə, 31,2
milyon manatı bir sıra sosial, 53,2 milyon manatı nəqliyyat,
enerji, kənd təsərrüfatı, su təchizatı və
sair təyinatlı infrastruktur layihələrinin, 23,4
milyon manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə
yönəldilib.
2020-ci ildə dövlət
büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə
Fondunun xərcləri tam məbləğdə və ya 300
milyon manat icra edilib ki, bu vəsait də əsasən ölkə
ərazisində ümumi istifadədə olan respublika və
yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması
və istismarına yönəldilib. 2020-ci ildə
dövlət borcuna xidmətlə əlaqədar xərclərə
dövlət büdcəsində nəzərdə tutulmuş
1 milyard 726,2 milyon manat vəsait yönəldilərək
istifadə olunub.
Ötən ilin dövlət
büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq
tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara
üzvlüklə bağlı və digər xərclərə
179,7 milyon manat vəsait sərf olunub. 2020-ci ildə xarici
ölkələrdə fəaliyyət göstərən Azərbaycan
Respublikasının
73 diplomatik nümayəndəlik və konsulluqların, xarici
ölkələrdə ticarət nümayəndəliklərinin
fəaliyyətinin maliyyələşdirilməsi
üçün 113,3 milyon manat vəsait yönəldilib.
2020-ci
ildə dövlət büdcəsinin kəsiri 1 milyard 737,1
milyon manat, ümumi daxili məhsulun 2,4 faizini təşkil edib
və ya proqnozlaşdırılan kəsir məbləğindən
1 milyard 631,1 milyon manat və ya 48,4 faiz az olub. Kəsirin
qarşılanması aşağıdakı mənbələr,
o cümlədən 800,5 milyon manatı xaricdən cəlb
edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli
kağızların yerləşdirilməsindən daxilolmalar,
591,5 milyon manatı 2020-ci il yanvarın 1-nə olan dövlət
büdcəsinin vahid xəzinə hesabının
qalığı və 61,5 milyon manatı özəlləşmədən
daxilolmalar hesabına həyata keçirilib.
Operativ
məlumatlara əsasən, 2020-ci ilin icmal büdcəsinin gəlirləri
24 milyard 462,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən
2 milyard 99,6 milyon manat və ya 9,4 faiz çoxdur.
2020-ci ilin icmal büdcəsinin
xərcləri 29 milyard 160,3 milyon manat olub ki, bu da 2019-cu illə
müqayisədə 2 milyard 654,2 milyon manat və ya 10 faiz
çoxdur. İcmal büdcənin kəsiri 4 milyard 697,8 milyon
manat təşkil edib ki, bu da proqnoza nisbətən 40,9 faiz
azdır.
Azərbaycan. - 2021.- 11 fevral.- S. 2.