Yeniləşən
Azərbaycanda yeni elmi təfəkkürə ehtiyac var
Azərbaycan indi
özünün yeni inkişaf mərhələsində inamla
irəliləməkdədir. 44 gün ərzində mənfur
düşmənlərin torpaqlarımızdan qovulması, min
illərdir ki, ata-babalarımızın vətəni olan
müqəddəs torpaqlarımızın qaytarılması
ölkəmizdə böyük, mütərəqqi dəyişikliklərin
getməsi üçün geniş imkanlar yaradıb. Həm
beynəlxalq aləmdə xalqımızın nüfuzu xeyli
yüksəlib, həm də ölkə daxilində,
bütün insanlarımızda bir ruh yüksəkliyi
yaranıb, onlarda sabaha olan inamı xeyli artırıb.
Əhali
arasında son iki yüz il ərzində torpaqlarımızın
daima əlimizdən alınması hesabına yaranmış məğlubolma
sindromu tamamilə ortadan götürülüb və hər kəsdə
qalib xalqın nümayəndəsi ovqatı yaranıb.
Torpaqlarımızın
düşmən caynağından azad olması bütün mənəvi,
siyasi cəhətləri ilə yanaşı, həm də
geniş iqtisadi, sosial imkanlar yaratması ilə də çox
mühüm əhəmiyyət kəsb edir. Yaxın
zamanlarda qaçqın, məcburi köçkün
psixologiyası ilə çadırlarda, rahatlığı olmayan dar mənzillərdə,
iqtisadi çətinlik içində yaşayan insanlar indi
öz geniş torpaq sahələrində yüksək əhvali-ruhiyyə
ilə fermerlik fəaliyyətinə başlayacaq, həm
öz güzəranlarını xeyli
yaxşılaşdıracaq, həm də
ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəklər.
Ölkə əhalisinin bir hissəsi bu ərazilərdə
gedən tikinti, abadlıq, təsərrüfat işlərində
yaxından iştirak edəcəklər, gedib o ərazilərdə
məskunlaşacaqlar, torpaq sahibi olacaqlar. Azərbaycan
tamamilə yeni inkişaf, tərəqqi imkanları
qazanmışdır.
Ölkəmizdə
yeni, müsbət bir siyasi iqlim yaranmışdır. Bu isə
cənab Prezidentin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində
qazandığımız möhtəşəm qələbəni
siyasi yollarla möhkəmlətmək imkanları yaradır.
Son iki ildə ölkədə ciddi kadr islahatları
aparılır, yeni gənc, beynəlxalq aləmdə baş
verənlər barədə daha ətraflı, dərin məlumatlara
malik olan savadlı, bacarıqlı komanda formalaşır.
Artıq əhali də müsbət dəyişiklikləri
hiss etməkdədir. İndi korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə daha ciddi şəkildə
aparılır. Bu neqativ hallara qarşı mübarizə xeyli
gücləndirilmişdir. Ölkədə gedən abadlıq
işləri uğurla davam etməkdədir.
Bütün dünyanı
bürümüş koronavirus bəlası təəssüf
ki, ölkəmizdə də müəyyən problemlər
yaratdı. Amma buna qarşı da olduqca mühüm işlər
görüldü. İlk gündən koronavirusla bağlı
vəziyyət, gedən proseslər tam nəzarətə
alındı. Dövlət təhlükənin
qarşısını almaq üçün milyardlarla manat
pul xərclədi və bu iş davam etməkdədir. Cənab
Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan bu sınaqdan şərəflə
çıxır.” Ötən il koronavirusla bağlı
baş verənlər dünyanın bütün ölkələrinin
iqtisadiyyatına ağır zərbələr vurdu. Azərbaycan
isə ən az itki verənlər siyahısındadır. Hətta
qeyri-neft sənayemizdə 11 faiz artım oldu. Kənd təsərrüfatımızda
2 faiz artım olub və bu artım yüksəlməkdədir.
Orta əməkhaqqı, pensiya 13-14 faiz artıb. Dövlət
öz valyuta fondunu qoruyub saxlaya bilib. Belə bir dövrdə
ölkəmizin iqtisadiyyatında ümumi azalma cəmi 4 faiz
olub. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə
görə dünyada ikinci yerdədir. Hökumətimiz
islahatçılıq reytinqinə görə beşinci,
uzunmüddətli strategiyalarına görə 10-cu yerdədir.
Dünya
Bankının “Doing Business” proqramında 190 ölkə
arasında Azərbaycan 28-ci yerdədir. Gündən-günə
inkişaf etməkdə olan həm neft, həm də qeyri-neft
sektorlarının potensialı hesabına, ən yaxın illərdə
daha yüksək yerlərdə olacağıq.
Dünyanın belə bir mürəkkəb, ağır
dönəmində ölkəmiz başdan-başa yenilənir. Ənənəvi
infrastruktur layihələri çox uğurla həyata
keçirilməkdədir. Qazla, elektrik
enerjisi ilə təmin olunma, avtomobil yollarının
inşası, yeni dəmir yolu xətlərinin
salınması, suvarma ilə bağlı layihələrin həyata
keçirilməsi sahəsində mühüm uğurlar
qazanılmışdır. Prezident indi əsas
diqqəti həm də işğaldan azad olunmuş
torpaqlarımızın abadlaşdırılmasına yönəldib.
Artıq görüləcək işlərin əsas
istiqamətləri müəyyənləşmişdir. Abadlıq işlərinə
başlanmışdır və gündən-günə
uğurla genişlənməkdədir. Xalqımız
tam əmindir ki, yaxın zamanlarda Qarabağ dünyanın ən
gözəl, abad ərazilərindən biri olacaq. Füzuli rayonunda böyük, müasir tələblərə
cavab verən beynəlxalq hava limanının tikintisi
üçün ciddi hazırlıq işləri gedir. Kəlbəcər və ya Laçın rayonunda da
beynəlxalq hava limanları tikiləcəkdir. Bu o deməkdir ki, tezliklə Qarabağ artıq
tamamilə başqa bir imiclə - sülh, əmin-amanlıq,
abadlıq ünvanlı gözəl bir məkan kimi
dünyanın diqqət mərkəzində olacaqdır.
Şuşa şəhərinin adı ölkəmizin,
dünyanın ən nüfuzlu, ən gözəl bir mədəniyyət
mərkəzi kimi səslənəcəkdir. Burada xalqımızın mədəniyyəti ilə,
dünya mədəniyyəti ilə bağlı beynəlxalq
tədbirlər keçiriləcəkdir.
İşğaldan azad edilmiş torpaqlarda böyük
bir məsafədə sərhədlərimizin qurulması ilə
bağlı olduqca mühüm işlərə
başlanmışdır. İmkanları genişlənən aqrar
sektorumuz sürətlə inkişaf edəcəkdir. Prezidetin azad olunmuş torpaqlara səfər etməsi,
orada əsgərlərimizlə səmimi söhbətləri,
uçurulmuş məscidlərin xarabalıqlarında dünya
xalqlarına, dünya müsəlmanlarına müraciət
etməsi, tezliklə abadlıq işlərindən
danışması əhali arasında olduqca böyük ruh
yüksəkliyi yaradır. Onun Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə
Xudafərin körpüsünü məhəbbətlə
ziyarət etməsi xalqımızın tarixinə, mədəniyyətinə,
taleyinə qarşı necə həssas olduğunu bir daha
nümayiş etdirdi.
Bütün
məsələlərə dərindən nüfuz etməyi
bacaran Prezidentimiz 2021-ci ili “Nizami ili” elan
etmişdir. Bu, olduqca
düşünülmüş bir addımdır. Bu bir
tərəfdən Azərbaycanın hələ 9 əsrdən
əvvəlki dövrünün intibahından, bu torpaqlarda
kimlərin yaşamasından, necə dahi şəxsiyyətlər
yetirməsindən xəbər verir, digər tərəfdən
yer üzünün bütün bəlalardan xilas
olmasının yalnız müdrikliklə mümkün
olduğu fikrini elan edir. Eyni zamanda
xalqımızı öz tarixi keçmişini, milli mədəniyyətini,
fəlsəfəsini, ədəbiyyatını dərindən
öyrənməyə səsləyir. Düşmənə
öz yerini göstərir.
Prezident fevral
ayının 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam
imzaladı. Müəyyən olunmuş bu
prioritetlər növbəti on ildə ölkəmizdə tərəqqinin
təmin olunmasında mühüm rol oynayacaqdır. Dövlətimizin qüdrətlənməsinə,
xalqın rifahının yüksəlməsinə kömək
edəcəkdir. Növbəti onillikdə ölkənin
sosial-iqtisadi inkişafını yüksək şəkildə
təmin etmək üçün 5 əsas istiqamət Milli
Prioritet olaraq müəyyənləşdirilmişdir: 1)
dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2)
dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4) işğaldan azad olmuş ərazilərə böyük
qayıdış; 5) təmiz ətraf mühit və
“yaşıl artım” ölkəsi olmaq.
Müasir dünyanın tələblərinə
uyğun olan bu prioritetlərin yerinə yetirilməsi ölkəmizin
sürətlə tərəqqi etməsində mühüm
rol oynayacaqdır. Bu prioritetlərin həyata keçirilməsi
üçün Prezident Nazirlər Kabinetinə həvalə
etmişdir ki, 9 ay ərzində “2021-2025-ci illər
üçün sosial-iqtisadi inkişaf strategiyaları”
hazırlansın. Aparıcı beynəlxalq
təşkilatlar və ixtisaslaşmış konsaltinq şirkətləri
ilə səmərəli əməkdaşlıq edilsin və
müvafiq dövlət orqanları (qurumlarının), elmi təşkilatlar,
mütəxəssislər və vətəndaş cəmiyyəti
institutları bu işə cəlb olunsunlar.
Göründüyü
kimi, bu yolda hər bir kəsin öhdəsinə müəyyən
işlər düşür. Təbii ki, Azərbaycan alimlərinin,
elmi təşkilatların, xüsusi ilə Azərbaycan Milli
Elmlər Akademyasının qarşısında konkret vəzifələr
dayanır. Bununla bağlı bütün
institutlarımızda ciddi işlər gedir. 2021-ci ildə hər
bir institutda elmi-tədqiqat mövzuları bu məqsədin
reallaşmasına kömək edəcəkdir. Təbii ki, hər
bir institutun qarşısında öz profilinə görə
konkret vəzifələr vardır. Məsələn,
tarix, arxeologiya istiqamətli tədqiqatlar erməni həyasızlığını,
saxtakarlığını ifşa edən, həqiqəti
ortaya qoyan araşdırmalara, iqtisadi yönümlü
araşdırmalar iqtisadiyyatımızın möhkəmlənməsinə,
riyazi yönümlü araşdırmalar
inkişafımızın səmərəli
yollarını müəyyənləşdirməyə imkan
verən riyazi modellərin qurulmasına, hüquq, fələsəfə
yönlü tədqiqatlarımız hüquqi, fəlsəfi,
sosioloji bazamızın möhkəmlənməsinə xidmət
edən tədqiqatlara - bir sözlə, hər bir institut
özünün kömək edə biləcəyi sahələr
üzrə araşdırma aparmağa
başlamışdır.
AMEA-nın Azad Həmkarlar
İttifaqı da öz öhdəsinə düşən
işləri yüksək səviyyədə, ölkə
Prezidentinin çağırışlarına uyğun olaraq həyata
keçirməyə çalışır. Ötən ilin əvvəlindən
koronavirusla bağlı baş verənlər Həmkarlar
İttifaqının diqqət mərkəzində
olmuşdur. Bu xəstəlik hələ ölkəmizdə
yayılmağa başlamazdan əvvəl xeyli proflaktik tədbirlər
görülmüşdür.
Pandemiya
dövründə aztəminatlı akademiya əməkdaşlarına
ərzaq yardımları edilmişdir. Müharibədə
iştirak edən əməkdaşların ailələri ilə
əlaqə saxlanmış, onların bir sıra problemlərinin
həll olunmasına yardım edilmişdir. Müharibədən
qayıdan bir neçə əməkdaşımız ödənişsiz
olaraq sanatoriyalara göndərilmişdir.
Habil QURBANOV,
AMEA-nın
Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə
elmlər doktoru, professor
Azərbaycan. - 2021.-11 fevral.- S.5.