Vətəndaşa xidmətin mükəmməl Azərbaycan modeli

 

 

 

Müəllifi İlham Əliyevdir

 

 

 

Dünya “ASAN”ın təcrübəsini öyrənir

 

 

 

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq...

 

Sadaladıqca artırmaq da mümkündür. Amma buna  ehtiyac duyulmur. Çünki hər bir Azərbaycan vətəndaşına bəllidir ki, bu prinsiplərin ünvanı yeganə məkandır - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri.

 

Prezident İlham Əliyevin müəllifi olduğu bu yeni xidmət modeli qısa müddətdə ölkədə ictimai xidmət sahəsində dönüş yaradaraq əhali arasında o qədər populyarlaşdı ki, bunun davamı olaraq belə xidmət mərkəzlərinin regionlarımızda da yaradılmasına başlanıldı, həmçinin göstərilən xidmətlərin sayı və növü çoxaldı. Hazırda respublikamızda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzində vətəndaşlara müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmətin həyata keçirilməsi bunu təsdiqləyən reallıqdır.

 

 

 

Kürdəmirdən keçən hər kəsə “ASAN” xidmət göstərilir

 

 

 

Bu gün paytaxtdan əlavə respublikanın 15 rayonunda vətəndaşların xidmətində olan bu mərkəzlərdə artıq təkcə regiona yaxın şəhər və rayonların sakinlərinə deyil, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir. Belə mərkəzlərdən biri də Prezident İlham Əliyevin ötən ilin fevral ayının 12-də, yəni bir il öncə açılışını etdiyi Kürdəmir “ASAN  xidmət”  mərkəzidir. Bu münasibətlə yolumuzu Kürdəmirdən salıb mərkəzin birillik fəaliyyəti ilə maraqlandıq.

 

Kürdəmir rayonunun Atakişili kəndinin cənub-şərq hissəsində inşa edilən “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatdırılıb. Kompleks üçün ayrılan 2 hektardan çox ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD Food Hall” yaradılıb.

 

Fasadların tərtibatında ən müasir alman texnologiyasından istifadə edilib. Kompleksdə  videomüşahidə, elektron növbə sistemləri, 4 eskalator, inzibati və kinoteatr binalarının hər birində lift, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, generator, UPS quraşdırılıb.

 

“ASAN xidmət” mərkəzinin inzibati binası fərqli xarici üslubu ilə yanaşı, daxili interyeri, genişliyi, son dərəcə təmizliyi ilə də ilk andan insanda xoş ovqat yaradır. Bu, sayca Azərbaycanın 17-ci “ASAN xidmət” mərkəzidir.

 

Prezident İlham Əliyev mərkəzin açılışı zamanı nədən məhz Kürdəmir rayonunun seçilməsinə aydınlıq gətirərək bildirmişdi ki, növbəti mərkəzin bu rayonda fəaliyyətə başlaması təsadüfi deyil: “Kürdəmir çox önəmli və böyük potensiala malik olan rayondur, əhalisi də çoxdur, ölkəmizin demək olar ki, mərkəzində yerləşir. Ona görə regional mərkəz kimi məhz Kürdəmirin seçilməsi hesab edirəm ki, düzgün qərar idi. Bu mərkəz 6 rayonun vətəndaşlarına xidmət göstərəcək. Ancaq siz də yaxşı bilirsiniz ki, indi istənilən rayon sakini istənilən mərkəzdə istənilən xidməti ala bilər”.

 

 

 

1 ildə 77 mindən çox müraciət

 

 

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, dövlət başçısının ötən il fevralın 12-də açılışını ertdiyi Kürdəmir “ASAN xidmət” mərkəzi mart ayının 1-dən fəaliyyətə başlayıb. İndiyədək mərkəzə 77 mindən çox müraciət daxil olub.

 

Mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.

 

Artıq bir ilə yaxındır ki, qlobal koronavirus pandemiyası ilə mübarizə davam etdiyi üçün “ASAN xidmət” mərkəzlərinin də fəaliyyəti müəyyən edilmiş qaydaların tələblərinə uyğunlaşdırılıb. Analoji vəziyyət burada da davam edir.

 

Mərkəzə daxil olarkən diqqətçəkən ilk məqam dezinfeksiya qaydalarına ciddi əməl edilməsidi. Əvvəlcə xüsusi aparatla hərarət yoxlanılır, sonra əllər spirtlənir. Məlumat mərkəzində əyləşən əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Bundan sonra hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir. Təbii ki, vətəndaşın mərkəzin inzibati binasına daxil olmasından başlayan bütün proseslər koronavirus təhlükəsi səbəbindən sosial məsafə tələblərinə əməl edilməklə həyata keçirilir.

 

 

 

Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət

 

 

 

Mərkəzdə maraqlı məqamlar diqqətimizi çəkir. İkinci Qarabağ  müharibəsində qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucalan Kürdəmir rayonunun 34 igid oğlunun fotostendi ilə tanış oluruq. Hər kəs şəhidlərin ruhuna böyük sayğı nümayiş etdirir.

 

Məlumat mərkəzinin yanında isə başqa bir lövhə vurulub. Lövhədə qeyd edilənlərdən bəlli olur ki, ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil olunub. Bu xidmət vasitəsilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər  yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir. Məqsəd canı-qanı bahasına xalqımıza Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim diqqət mərkəzində olduqlarını göstərməkdir.

 

Elnur Niftəliyev deyir ki, bu proses bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

 

Bundan başqa, mərkəzdə 44 günlük Vətən müharibəsi dövründə “Əsgərə məktub” layihəsi də gerçəkləşdirilib. “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılıb. Layihə ilə bağlı “ASAN xidmət” mərkəzlərinin könüllüləri  və xidmət üçün  müraciət edən vətəndaşlarımız tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə minlərlə məktub ünvanlanıb.  Bugünədək layihə çərçivəsində 100 minə yaxın məktub ölkənin müxtəlif bölgələrində xidmət göstərən Azərbaycan əsgərlərinə göndərilib. İkinci Qarabağ müharibəsi ərzində 3000 məktub cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılıb.

 

Onu da qeyd edək ki, Kürdəmir “ASAN xidmət” mərkəzinin 6 əməkdaşı Vətən müharibəsinin iştirakçısıdır.

 

 

 

“Prezidentin qarşısında çıxış edib söz verdik...”

 

 

 

Məlumat mərkəzinin əməkdaşı Sərxanə Əhmədova artıq bir ildir ki, vətəndaşların xidmətindədir. Deyir ki, mövcud durumla əlaqədar olaraq müraciətlərin sayı azdır. Əməkdaşlarımız hər zaman vətəndaşları gülərüzlə qarşılayır, təmkinlə dinləyir və nəzakətlə onlara istiqamət verirlər. “Karantin rejiminin tələblərinə ciddi əməl etməklə fəaliyyətimizi davam etdiririk. Vətəndaşlar da başa düşürlər ki, məsafə saxlamaq mütləqdir və hər kəs bir-birini anlayışla qarşılayır. Bu, əlbəttə ki, ilk növbədə, hər birimizin sağlamlığının qorunmasına xidmət edir. Çalışırıq ki, vətəndaşlar xidmətimizdən məmnun qalsınlar. Axı biz operativlik, şəffaflıq prinsipləri əsasında fəaliyyət göstəririk”.

 

Mərkəzin digər əməkdaşları Ülkər Şirinova, Vüsalə Nəsirli də maraqlı fikirlər səsləndirdilər. Onu da vurğulayaq ki, hər üç xanım əməkdaş açılış mərasimindən sonra Prezident İlham Əliyevin könüllülərlə keçirdiyi görüşdə iştirak edib. Ülkər Şirinova dövlət başçısı qarşısında çıxış edib və hələ də bu görüşün xoş təəssüratı altındadır: “Bu görüş bizim həyatımızda xüsusi iz qoyub. Cənab Prezident qarşısında çıxış edərək öncə könüllülük fəaliyyətimizlə bağlı danışdım. Dedim ki, dövlət başçımızın dəstəyi və təşəbbüsü ilə Azərbaycanda könüllülük fəaliyyəti geniş şəkildə yayılıb. Biz region gəncləri də “ASAN” könüllülərinin sosial, ictimai, mədəni, ekoloji tədbirlərini, layihələrini hər zaman yaxından izləmişik. Gənclərimizin də arzusu olub ki, könüllülük fəaliyyətinə qoşulaq və xalqımıza, millətimizə heç bir maddi maraq güdmədən xidmət edək və xeyirxah əməllərimizi vətəndaşlarımıza çatdıra bilək. Siz bu gün rayonumuzda “ASAN xidmət” mərkəzini açaraq mən və mənimlə yanaşı digər gənclərimizi də arzumuza çatdırdınız. 2020-ci il “Könüllülər ili”dir. “Könüllülər ili”ndə Prezidentin qarşısında könüllü kimi çıxış etmək bizə ayrı bir stimul verir və bu, bizim üçün ikiqat bayramdır”.

 

Ülkər söz verib ki, könüllü kimi bütün layihələrdə yaxından iştirak edəcək, region gənclərinin fərdi inkişafında böyük rol oynamağa çalışacaq.

 

 

 

“Bizə bu cür asan şərait yaradan Prezidentimizə minnətdarıq”

 

 

 

Müxtəlif xidmətlərdən yararlanmaq üçün mərkəzə təşrif buyuran vətəndaşlar da göstərilən xidmətlərdən məmnundular. Mərkəzdə söhbətləşdiyimiz 56 yaşlı Elçin Əliyev Göyçay rayon sakinidir, “ASAN xidmət”ə ümumvətəndaşlıq pasportunu yeniləmək üçün gəlib. Dedi ki, bu mərkəzin istifadəyə verilməsi Prezident İlham Əliyevin Kürdəmirə və ətraf rayonlara böyük töhfəsidir: “Hər kəsə bəllidir ki, bu mərkəzdə vətəndaşlara çox yaxşı xidmət göstərilir. Hələ “ASAN xidmət”dən şikayət edən görməmişəm. Hər kəs xidmətdən razılıq edir. Allah Prezidentimizin canını sağ eləsin. Doğma Qarabağımızı da düşməndən təmizlədi və bizə elə bir sevinc bəxş etdi ki, ömür boyu ona minnətdar olacağıq. Bütün xalqımız Prezidentimizə, qüdrətli ordumuza alqış edir. Bizə bu cür asan şərait yaradan Prerzidentimizə minnətdarıq”.

 

Kürdəmir rayon sakini Lumu İsgəndərova isə notariat mərkəzinə müraciət etmək üçün gəlmişdi: “Atamızdan miras qalan avtomobilimiz var. Gəlmişik ki, maşını qardaşımın  adına keçirmək üçün vərəsəlik hüququ alaq. Bura çox rahat və gözəl məkandır. Nə işin varsa, gəlib asanlıqla həll edib gedirsən. Əvvəllər idarələrin qarşısında saatlarla gözləyirdik. Rüşvət istəyirdilər. İndi dövlət bizə belə rahat şərait yaradıb. Vallah, adamın ürəyi açılır. Binaya daxil olursan, əməkdaşlar səmimi, gözəl münasibət göstərirlər. Fərəhlənirsən ki, bizə belə rahat və asan şəkildə müraciət edə bilməyimiz üçün şərait yaradılıb. Allah Prezidentimizin canını sağ eləsin. Bu millət üçün əlindən gələni edir”.

 

8 aylıq oğlu Elcana şəxsiyyət vəsiqəsi almaq üçün gələn Elşən Yaqublu çox sevincli görünürdü. Deyir ki, körpə uşaqla gələnlərə xüsusi diqqət göstərilir: “Operativ şəkildə sənədlərimizi qəbul etdilər, şəkil çəkdilər və dedilər ki, təyin olunan vaxtda gəlib hazır sənədi götürə bilərsiniz. Mən ömrümdə dövlət orqanlarına müraciətimə bu qədər çevik münasibət göstərildiyini görməmişdim. Ona görə doğrudan da, çox məmnunam və sevinirəm ki, artıq vətəndaşların müraciətlərinə bu cür yüksək münasibət göstərilir”.

 

Göründüyü kimi, hər kəs məmnundur. Vətəndaşlar karantin qaydalarına əməl etməklə bütün işlərini asan həll edə bilirlər.

 

 

 

“Könüllülər ili”nə ən böyük töhfə

 

 

 

“ASAN xidmət” mərkəzlərinin Azərbaycanın ictimai həyatına verdiyi ən böyük töhfələrdən biri də könüllülər hərəkatının inkişafıdır. Ümumiyyətlə, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb. Burada könüllülük fəaliyyəti sahəsində əldə edilən müsbət təcrübə bütövlükdə ölkədə bu hərəkatın daha da genişlənməsinə səbəb olub. Həyat yolu “ASAN xidmət”dən başlayan könüllülərin bir qismi indi dövlət və özəl strukturlarda çalışırlar.

 

Prezident İlham Əliyevin sərəncamı ilə ötən il ölkəmizdə “Könüllülər ili” elan edilmişdi. Ötəl il açılışı olan Kürdəmir “ASAN xidmət” mərkəzində də 45 könüllü fəaliyyətə başlayıb. Bu gün onların bir neçəsi işinin başındadır.

 

Söhbətləşdiyimiz Südabə Abduləhədova, Namiq Yusifov, Milana Abbasova, Nuranə Alıyeva, Aytac Nuriyeva, Lazım Osmanov, Aygün Cəbrayılova, Xədicə Qədirova könüllülük fəaliyyəti ilə bağlı qənaətlərini bölüşdülər. Gənclər hesab edirlər ki, bu fəaliyyət daha uğurlu gələcək karyeraları üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki könüllülük ictimai həyata atılan ilk addımdır. Prezident İlham Əliyevin açılış mərasimində “Bugünkü könüllülər sabahın rəhbərləridir” deməsi könüllülük fəaliyyətinə verilən ən gözəl qiymətdir. Dövlət başçısının çıxışı gənclərə ən gözəl nəsihət və tövsiyə oldu. Bu mərkəzin məhz “Könüllülər ili”ndə fəaliyyətə başlaması onların həyatında xüsusi rol oynayıb. Gənclər əmindirlər ki, burada topladıqları biliklər gələcəkdə onlara böyük kömək göstərəcək və beləliklə, “ASAN” könüllüləri ölkəmizin gələcək inkişafında öz sözünü deyəcəklər.

 

 

 

Lənkəran, Salyan və Naxçıvanda da “ASAN xidmət” mərkəzləri inşa olunur

 

 

 

Göründüyü kimi, bu mərkəzlərdə yaradılan şərait bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığı, habelə bir sıra tövsiyələri effektiv üsullarla yerinə yetirilir. Milli brendimiz olan “ASAN xidmət” fəaliyyətini getdikcə daha da şaxələndirir. Əlbəttə, “ASAN xidmət” mərkəzlərinin sayının artması ilk növbədə sosial siyasətin göstəricisidir.

 

Bu gün ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

 

Elnur Niftəliyevin sözlərinə görə, bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır. Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

 

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları,  həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7.279.000 vətəndaşın 41 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir. Bu da Azərbaycan vətəndaşının dövlətin ona göstərdiyi diqqət və qayğıya, həyata keçirilən sosial siyasətə real münasibətinin göstəricisidir.

 

Müasir Azərbaycan brendi olan “ASAN xidmət” Prezident İlham Əliyevin dövlət idarəçiliyinin mükəmməl nümunəsi, xalqa böyük töhfəsidir. Bu gün dünyanın bir çox ölkəsi “ASAN”ın təcrübəsini öyrənir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2021.-12 fevral.- S.1; 7.