“Muğan
Muğan olsa...”
“Mitsubishi”
markalı pikap Biləsuvar rayonunun Xırmandalı kənd ərazisinə
bir neçə kilometr qalmış magistral şose yolundan
sağa dönərək üzü şimala doğru istiqamət
götürür. Yanvar ayında yağan qar və
yağış avtomobilin hərəkətinə bəzi yerlərdə
çətinlik yaratsa da, qoşa oxlu pikap həmin yerləri
asanlıqla keçir.
Qarşıda
alaçıqlar, qoyun sürüləri görünür. Yaşlı adamlardan dəfələrlə
eşitmişəm ki, unudulmaz şairimiz Səməd
Vurğun bu yerlərə - Muğana ceyran ovuna gələrmiş.
O, məşhur “Muğan” poemasında bu yerləri vəsf
etmiş, düzə tala-tala yayılan qoyun sürülərini
görərkən sürücüsünə bədahətən
demişdi:
Maşını
sür görək, Anatolu, sür.
Bu yaxın
komada dincələk bir az.
Qoyun
sürüləri nə çox görünür!
Bir dələmə tapıb içsək, pis olmaz.
Və
ardınca qarşısına çiyni yapıncılı
çinarboylu çobanın çıxması, şairin
ondan kim olduğunu soruşması,
çobanın Dağıstan əhli, ləzgi olduğunu
bildirməsi, sonra şairin Muğanın ona nə verəcəyi
sualını verməsi, çobanın isə cavabında
“Muğan Muğan olsa biri üç eylər, Muğan tufan
olsa, üçü heç eylər”, - deməsi yadıma
düşür. Yol yoldaşım, “Azəraqrar
Dövlət İstehsalat və Elm” MMC-nin Cənub Regional
İdarəsinin direktor müavini və Pirasora qoyunçuluq təsərrüfatının
rəhbəri Pənah Hüseynovdan işlərinin necə
getdiyini soruşuram.
- Şükürlər olsun Allaha. Ən başlıcası odur ki, keçən
il Qarabağ ermənilərin
işğalından azad edildi. Ordumuz misli-bərabəri
görünməmiş qələbə qazandı. Bu, Azərbaycan tarixinin ən şanlı səhifəsidir.
Bütün təzyiqlərə baxmayaraq, Prezident, Ali Baş
Komandan İlham Əliyev sözünü dedi. Dəmir
yumruq ölkəmizin gücünü, silahlı qüvvələrimizin
nəyə qadir olduğunu, ağır vaxtlarda
xalqımızın birlik nümayiş etdirdiyini bir daha
göstərdi.
Hacı Pənah 1996-cı ildə Gəncə Texnologiya
İnstitutunun Ət məhsulları istehsalı və
emalı fakültəsini bitirib. O vaxtdan da qoyunçuluq sahəsində
çalışır. Deyir ki, dədə-babadan
qoyunçuluqla məşğul olmuşuq: “Rəhmətlik
atam Alxas Hüseynov uzun illər kəndimizdəki
qoyunçuluq kolxozunda çoban olub. Uşaq ikən
bizi bu yerlərə çox gətirib. Gözümüzü
açıb tərəkəmə həyatı
görmüşük, böyüyə-böyüyə
özümüz də tərəkəmə olmuşuq.
Qardaşlarım Əlisəf, Tofiq, əmim
oğlanları Şəhriyar, Əlinağı, Xalid, Anar da
qoyunçuluq peşəsini seçiblər. Bizi bu işə bağlayan digər bir səbəb
Pirasora damazlıq kolxozunun sovetlər zamanında adlı-sanlı
təsərrüfat olması idi. Bizim
qoyunlar cins, məhsuldar olduqları üçün
respublikamızın digər yerlərindən, təsərrüfatlarından
bu heyvanları alıb damazlıq kimi aparırdılar. Deyim ki, indi də belədir. 2018-ci
ildən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”
MMC-nin Cənub Regional İdarəsinin təsərrüfatı
kimi fəaliyyət göstəririk. Yəqin
təcrübəmi, təhsilimi nəzərə alıb bir
gün məni nazirliyə çağırdılar, bu təsərrüfatın
direktor müavini işləməyi boynuma qoydular. Yaxamı kənara çəkməyi bacarmadım.
Fikirləşdim ki, gərək əlindən gələn
qədər dövlətə xidmət edəsən”.
Təqribən 15-16 kilometr yol gəldikdən sonra Pirasora
fermalarına çatırıq. Hava günəşli olduğundan
uşaqlar fermanın həyətində oynayır, qadınlar
təndirə çörək yapırdılar. Hacı
Pənah saatına baxıb “Artıq günortadır. Bir stəkan çay içək, sonra sürülərə
baş çəkərik” deyir. Sonra
maşını fermanın kənarındakı evin
yaxınlığında saxlayır. Qabaq
ayaqlarını uzadaraq oturub keşik çəkən pələng
görkəmli çoban itləri maşının
dayandığını görüb bizə tərəf gəlir.
Hacı Pənah “Qorxmayın, mənim yanımda
sizə dəyməzlər” deyir.
Evinə keçirik. Elə ilk baxışdan inkişafın,
tərəqqinin bura da gəlib
çıxdığının şahidi oluruq. Dördotaqlı evdə normal şərait var.
Döşəmədə xalça, kreslo, divan, televizor və
s. Otaqları bir küncdə yanan böyük dəmir soba
isidir.
Evin xanımı süfrəyə çay gətirir. Hacı təbəssümlə onu təqdim
edir: “Həyat yoldaşım Qətibədir. Uzun
illərdir mənimlə qışda Muğana, yayda doğma kəndimizə
- Pirasoraya gedib-gəlir. Qismətimdən
razıyam”. Oğuldan-qızdan nəyi
olduğunu soruşuram. “İki oğlum var, hər ikisi ali təhsil alıb. Evlənməkdə
kiçik qabağa düşüb. Məni
qocaldıb, artıq babayam. Şübhəsiz
ki, bu, zarafatdır. Doğru deyirlər ki,
nəvə övladdan da şirin olur. Bir də
axı o, atam Alxasın adını daşıyır. İnanın ki, hər gün axşamlar evə
qayıdarkən üstümə atılması, “babam gəldi”
deməsi bütün yorğunluğumu çıxarır.
İnşallah, koronavirus çəkilib getsin,
böyük oğlumun da toyunu etmək fikrindəyik”.
Qətibə bacı süfrəyə pendir,
çörək, çay - bir sözlə, Allahın
verdiyindən gətirib düzür. “Bağışlayın, Hacı təxminən yarım
saat bundan əvvəl telefon edib qonağı olduğunu dedi”. “Narahat olmayın, qoyun pendiri nəyə desəniz, dəyər”
deyirəm.
Qeydlər aparmaq üçün münasib vaxtdan və
şəraitdən istifadə edərək təsərrüfatın
iqtisadi göstəriciləri, qışlamanı necə
keçirdikləri barədə danışmasını
xahiş edirəm. Məlum olur ki, Lerikin Pirasora kəndindəki
“Komsomol” kolxozunun bazasında yaradılan və ayrı-ayrı
dövrlərdə müxtəlif adlarla fəaliyyət
göstərən təsərrüfat 2018-ci ildən “Azəraqrar
Dövlət İstehsalat və Elm Birliyi” MMC-nin Lənkəran
rayonunda yerləşən Cənub Regional İdarəsinin nəzdində
fəaliyyət göstərir. Təsərrüfatda 6,2 min baş davar var və onun 1000 başdan
çoxu quzudur. Bu qədər qoyun
üçün 1800 hektar örüş sahəsi
ayrılmışdır. 10 çoban, zootexnik, baytar həkimi
qoyun-quzuya xidmət göstərir. Bundan
başqa, burada anbardar və 2 gözətçi işləyir.
Keçən il ayrı-ayrı rayonlarda
qoyunçuluqla məşğul olan təsərrüfatlara,
fermerlərə 2 min başdan çox heyvan damazlıq kimi
satılmışdır. Bundan əlavə, hər il Qurban
bayramında cavan erkəklərdən Bakıya satış üçün
göndərilir. Keçən il bu rəqəm
570 baş olmuşdur. Hər qoyundan 2,2
kiloqram yun qırxılmışdır. Heyvanları
qışlamadan sağlam və gümrah çıxarmaq
üçün hələ yay aylarında 10 min yonca, 2 min bəlim
bağlaması, 230 ton arpa tədarük edilmişdir. Quru yonca doğranıb anbarlara
yığılmışdır. Hər
gün axşamüstü qoyunlar yatağa qayıdanda onlara
quru otla arpanın qarışığından ibarət
qüvvəli yem verilir.
Qeydlərimi götürəndən sonra sürülərin
yanına gedirik. Yolboyu o qədər də dərin olmayan kanallar,
torpaq təpələr diqqətimizi çəkir.
Hacı bildirir ki, bu kanallar mərzlərdir - otlaq sahələrinin
hansı təsərrüfata, fermerə aid olmasını
müəyyən edən bir növ sərhədlərdir: “Təpələr
isə sovet dövründə qoyunlar üçün çəkilən
su hovuzlarıdır. Azbes borularla yerin altı ilə
çəkilən həmin xətlər qoyunları su ilə
təmin edirdi. Hazırda hovuzların
yalnız izləri qalıb. Sovet dövləti
dağılandan sonra həmin su xətlərini, eləcə də
bir sıra fermalara gedən elektrik dirəklərini, məftilləri
oğurlayıb talan etdilər. İndi su
üçün bəzi yataqların qoyunları hər
gün kilometrlərlə yol getməli olur. Eşitdiyimə görə, Salyan rayonunun Noxudlu kəndindən
buraya yeraltı su kəməri çəkiləcək.
Belə olsa, çox yaxşı olar”.
Yeri gəlmişkən, onu da deyək ki, təsərrüfatın
əldə etdiyi uğurlar yüksək qiymətləndirilmiş,
Pənah Hüseynov keçən ilin dekabr ayında Prezident
İlham Əliyevin sərəncamı ilə “Tərəqqi”
medalı ilə təltif edilmişdir. Hacı kənd təsərrüfatı məhsulları
bolluğu yaratmaq, yeni iş yerləri açmaq, əhalinin
gün-güzəranının
yaxşılaşdırılması üçün dövlətin,
Prezidentin həyata keçirdiyi tədbirlərdən,
bunların artıq öz bəhrəsini verdiyindən
danışır. Gənc kadrların irəli
çəkilməsini ürəkdən bəyəndiyini,
alqışladığını söyləyir, Kənd təsərrüfatı
naziri İnam Kərimovun onun rəhbərlik etdiyi təsərrüfatda
olmasından, lazımi kömək göstərdiyindən
ürəkdolusu söz salır.
Bu vaxt telefonu zəng çalır. Telefonu açıb zəng
vuran adamla xeyli danışaraq öz minnətdarlığını
bildirir. Sonra da üzünü bizə tutub: “Biləsuvar
Rayon İcra Hakimiyyətinin məsul işçisidir, deyir ki,
təsərrüfatımızın öhdəsində olan
örüş torpaqlarının müqaviləsinin
uzadılması haqqında sənədlərimiz
hazırdır, gedib götürə bilərik. Əvvəllər bu sənədi almaq
üçün icra hakimiyyətinə dönə-dönə
gedib-gəlməli olurduq. Görüm-baxımsız
müqavilə müddətinin artırılması
mümkün deyildi. Bax, budur kadr
islahatının nəticəsi” deyir.
Qarşıda daha bir qoyun sürüsü
görünür. P.Hüseynov maşını ora sürüb
dayanır. Çobanlar Rüfət
Rufullayev və Nicat Məlikov bizə yaxınlaşırlar.
Görüşüb hal-əhval tuturuq.
Keçən il payızda yağıntının
az və gec yağmasından, lakin bu ilin yanvar ayında
yağan qarın və yağışın torpağı
cana gətirməsindən, ot-ələfin yerdən baş
qaldırmasından, qoyunlar üçün az da olsa yem
kütləsinin yarandığından danışırlar.
Təsərrüfat rəhbəri çobanlara
tapşırıqlarını, qoyunlar üçün gətirdiyi
dərman bağlamasını verdikdən sonra geri
qayıdırıq. Günəş də artıq yavaş-yavaş
qüruba doğru enir. Yenə S.Vurğunun
“Muğan” poemasında ləzgi çobanın dediyi “Muğan
Muğan olsa, biri üç eylər, Muğan tufan olsa,
üçü heç eylər” sözləri yadımıza
düşür. Şair ləzgi
çobanın dilindən bunu sözgəlişi deməyib.
Eşitmişik ki, keçən əsrin ortalarında
Muğana gələn qonşu dağıstanlı
çobanlar elə il olub ki,
qışın sərt keçməsi nəticəsində
baharda yalnız çomaqlarını götürüb buradan
getməli olmuşlar.
Hacı Pənah keçən və o biri ilə nisbətən
bu ilin yaxşı gəldiyini deyir. Bunu çobanların da dilindən
eşitdik. Əminik ki, böyük
Yaradanın mərhəməti ilə Muğan yenə
Muğan olacaq, biri üç edəcək. Çobanların üzü güləcək,
baharın sonu, yayın əvvəlində Lerik
dağlarına - Pirasoraya, yaylağa gülər üzlə
dönəcəklər.
Seyran CAVADOV,
Azərbaycan. - 2021.-12 fevral.- S.1; 10.