YAP-ın və AKP-nin birgə təşkilatçılığı ilə Qarabağ müharibəsindən sonra
regional iqtisadi əməkdaşlıq imkanlarına
dair videokonfrans keçirilib
Fevralın 11-də Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının
(AKP) birgə təşkilatçılığı
ilə “Türkiyə-Azərbaycan
qardaşlığı: Qarabağ
müharibəsindən sonra
regional iqtisadi əməkdaşlıq imkanları”
mövzusunda videokonfrans
keçirilib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə konfransın
moderatorları, YAP-ın
Türkiyə üzrə
koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən və AKP-nin beynəlxalq əlaqələr şöbəsinin
müdir müavini, Türkiyə parlamentinin üzvü Mehmet Ceylan tədbirin önəmini vurğulayıblar.
Konfransda çıxış edən
Azərbaycan Respublikası
Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını
salamlayıb və qeyd edib ki,
bu gün hər iki ölkənin
hakim partiyaları arasında yeni layihəyə start verilir. Bu layihə
çərçivəsində hər iki partiya
ölkələrimiz arasında
münasibətlərə, əməkdaşlığa həsr
olunmuş müxtəlif
tədbirlər, konfranslar
keçirəcək.
Əli
Əhmədov qeyd edib ki, 2020-ci il təkcə Azərbaycan üçün
deyil, bütövlükdə
türk dünyası
üçün əlamətdar
il oldu. 30 il ərzində işğal altında qalan Qarabağ torpağı Azərbaycanın
müzəffər Ordusu
tərəfindən azad
edildi, ölkəmizin
ərazi bütövlüyü
bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, doğma
yurdlarından didərgin
düşmüş insanlar
öz torpaqlarına qayıtmaq imkanı qazandılar. Düşünürəm ki, bu Qələbənin əldə
olunması bir sıra ciddi səbəblərlə əlaqədardır.
İlk növbədə
İkinci Qarabağ savaşında qazanılan
Qələbənin kökündə
dayanan başlıca amil Azərbaycan dövlətinin gücü
və qüdrətidir.
Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş
etdirdiyi birlikdir. Bu savaş dönəmində
hansı düşüncənin
daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi
birləşdi. Möhtəşəm
Qələbəmizin digər
əsas mühüm amili Müzəffər Ali Baş Komandanımızın
rəhbərliyi ilə
Azərbaycan Ordusunun gücü, əsgərlərimizin
qəhrəmanlığıdır.
O
həmçinin bildirib
ki, bu Zəfərin
qazanılmasında Azərbaycana
böyük dəstək
göstərmiş qardaş
Türkiyənin xüsusi
rolu da qeyd
edilməlidir. Müharibə
başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı
Azərbaycanın yanında
olduğunu qəti şəkildə bəyan
etdi. Müharibənin
getdiyi günlərdə
biz bu dəstəyi
daim hiss etdik. “Dünyada iki dövlət tapmaq olmaz ki,
onlar arasındakı münasibətlər Türkiyə-Azərbaycan
əlaqələri qədər
saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlərboyu
çox sınaqlardan
çıxıb. Çanaqqala
döyüşü, Qafqaz
İslam ordusunun Azərbaycana yardım etmək üçün ölkəmizə gəlməsi
belə nümunələrdən
biridir. İkinci Qarabağ savaşı isə bu qardaşlıq
münasibətlərini bir
daha təsdiq etdi”, - deyə Əli Əhmədov vurğulayıb.
Qeyd edilib ki, Türkiyə
işğaldan azad edilən yaşayış
məskənlərinin bərpası
işində də Azərbaycanın yanında
olacaq. YAP Sədrinin müavini Türkiyə ilə Azərbaycan arasında əlaqələrin
möhkəmlənməsində iki partiyanın böyük rol oynayacağından əminliyini
ifadə edib. O, hər iki ölkənin
liderlərinin - Azərbaycan
Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərimiz
arasında əlaqələrin
gücləndirilməsində mühüm rol oynadıqlarını diqqətə
çatdırıb.
Videokonfransda
qəhrəman Azərbaycan
Ordusuna rəğbətini
bildirən AKP Sədrinin
birinci müavini, Türkiyə Böyük
Millət Məclisinin
üzvü Numan Kurtulmuş qeyd edib ki, bundan
sonrakı dövrdə
görüləcək işlər
həm Türkiyəyə,
həm də Azərbaycana böyük fayda gətirəcək.
Numan Kurtulmuş deyib ki, Qarabağ zəfəri ilə ölkələrimiz arasında
əlaqələrin inkişafı
baxımından yeni qapılar açılıb.
Bu zəfər dünyanın yeni mərhələyə keçdiyi
dövrdə xüsusilə
əhəmiyyətlidir. Belə
həssas dönəmdə
Azərbaycan və Türkiyə xüsusilə
güclü olmalıdır.
Ölkələrimiz arasında
iqtisadi münasibətlər
daha da inkişaf
etdirilməlidir. Naxçıvan
ərazisindən keçəcək
yeni yol bu baxımdan əhəmiyyətli rol oynayacaq. Geniş birgə istehsal imkanları da ölkələrimiz arasında
iqtisadi əlaqələrin
genişləndirilməsi üçün
mühüm amildir.
Tədbirdə İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru
Vüsal Qasımlı
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin
perspektivlərindən danışıb.
Bildirib ki, son 15 il ərzində
ölkələrimiz arasında
ticarət dövriyyəsi
9 dəfə artıb.
Yaxın zamanlarda ölkələrimiz arasında
ticarət dövriyyəsinin
15 milyard dollar həcminə çatdırılması
istiqamətində işlər
görülür. Müqayisə
üçün deyək
ki, bu gün
Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi
20 milyard dollar həcmindədir. “SOCAR Türkiyə”
qardaş ölkənin
xaricdən enerji asılılığını azaltmaq istiqamətində böyük işlər görür. Türkiyə
şirkətləri də
Azərbaycanda olduqca fəal iş aparırlar. Bu, qarşılıqlı etimadın
növbəti təzahürüdür.
İstanbul Medipol Universitetinin SETA iqtisadi araşdırmalar bölməsinin direktoru Nurullah Gür deyib ki, son
iki ildə dünya, eləcə də ölkələrimiz
həssas siyasi-iqtisadi
dönəmdən keçir.
Qarabağın erməni
işğalından azad
edilməsi Azərbaycan
və Türkiyə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə
ki, ölkələrimiz
arasında yeni iqtisadi perspektivlər açılır. Nurullah
Gür əmin olduğunu ifadə edib ki, Azərbaycan
və Türkiyə bu fürsəti yüksək səviyyədə
dəyərləndirəcək.
Yeni Azərbaycan Partiyasının
beynəlxalq əlaqələr
şöbəsinin müdiri,
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Türkiyə
və Azərbaycan xalqlarının bir-birinə
yaxınlığı bütün
sahələrdə özünü
göstərir. Bu əlaqələrin böyük
tarixi var. İki xalq və
dövlət yaxşı
və pis günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının
qardaşlıq münasibətləri
ölkələrimiz arasında
əlaqələrin inkişafına
əvəzsiz töhfə
verir. Ölkələrimiz
iqtisadi-siyasi sahələrdə
çiyin-çiyinə çalışırlar.
Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq.
AKP
Sədrinin xarici əlaqələr üzrə
müavini, Türkiyə
parlamentinin üzvü
Efkan Ala hazırda dünyada yeni düzənin formalaşdığını qeyd
edib. Bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları
bu yeni düzəndə
hansı siyasi xətt üzrə işlərin görülməsi
ilə bağlı bütün dünyaya nümunələr göstərirlər.
Azərbaycan torpaqlarının
işğaldan azad edilməsindən sonra hər iki dövlət
başçısının apardığı siyasəti
xüsusi vurğulamaq
lazımdır. Dövlətlərimizin
başçıları əldə
edilən iqtisadi perspektivlərdən ölkələrimizin
mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük
işlər görürlər.
Sonda
AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş və Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra
katibi Əli Əhmədov konfransın
əhəmiyyətini vurğulayaraq
hər iki partiyanın əməkdaşlığının
inkişafından məmnunluqlarını ifadə ediblər.
Azərbaycan. - 2021.-12 fevral.- S.3.