Baş Prokurorluğun yeni inzibati binasında “Qarabağ Azərbaycandır!” kitabının və “Qanun keşikçiləri” filminin təqdimatı olub

 

 

 

Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisindəki yeni inzibati bina kompleksində “Qarabağ Azərbaycandır!” kitabının və “Qanun keşikçiləri” adlı bədii-sənədli filmin təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyev təqdimat mərasimində çıxış edərək dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan danışıb. Kamran Əliyev bildirib ki, Baş Prokurorluğun ən müasir tələblərə cavab verən yeni inzibati bina kompleksi Azərbaycan Prokurorluğunun fəaliyyətinə verilən böyük önəmin göstəricisidir. Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, Ulu Öndər prokurorluq orqanlarını dövlətin əsas sütunlarından biri adlandırırdı.

 

Prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Baş prokuror Kamran Əliyev qeyd edib ki, yeni inzibati bina kompleksində yaradılmış şərait prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək. Bu həmçinin prokurorluğun kollektivinə göstərilən böyük etimaddır. Biz, prokurorluq əməkdaşları bu etimadı doğrultmaq, fəaliyyətimizi daha səmərəli qurmaq, qanunun aliliyini təmin etmək üçün bundan sonra da səylə çalışacağıq.

 

Kamran Əliyev məlumat verib ki, tədbirdə prokurorluq əməkdaşları tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır!” kitabının və “Qanun keşikçiləri” filminin təqdimatı keçiriləcək. Eyni zamanda mobil vətəndaş müraciəti mobil tətbiqetmə proqramı təqdim olunacaq.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək bildirib ki, son dövrlərdə prokurorluq orqanlarında institusional və geniş kadr islahatları həyata keçirilib. Müasir dövrün çağırışlarına uyğunlaşmaq üçün çevik və funksional fəaliyyəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun strukturunda ciddi dəyişikliklər olub, yeni idarələr yaranıb, kadrlar təyin edilib. Nəticədə prokurorluq orqanlarının kadr korpusu əhəmiyyətli dərəcədə yenilənib.

 

Prezidentin köməkçisi deyib ki, dövlət başçısı prokurorluq orqanlarının əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycan Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Baş Prokurorluğunun ən müasir tələblərə cavab verən yeni inzibati bina kompleksi buna nümunədir. Bu kompleks Prezident İlham Əliyevin Azərbaycan Prokurorluğuna yüksək qayğısının növbəti təzahürüdür. Yeni inzibati bina ən müasir informasiya texnologiyaları, kriminalistik avadanlıq, texniki vasitələr, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunub. Bütün bunlar işin daha səmərəli qurulmasına ciddi təkan verəcək. Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısının tapşırığına əsasən mühüm qərarlar qəbul edildi, onların vəzifə maaşları iki dəfə artırıldı. Prokurorluq orqanlarının vəzifəsi insanların hüquqlarını qorumaq, qanunvericiliyin keşiyində durmaqdır. Baş prokurorun təklifi ilə yaxın vaxtlarda qanunvericilik sahəsində də islahatlar həyata keçiriləcək.

 

Ötən il Azərbaycan dövlətinin tarixində ən şanlı dövrlərin yaşandığını vurğulayan Fuad Ələsgərov deyib: “Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməyə nail olub. Vətən müharibəsi dövründə prokurorluq orqanları da öz vəzifələrini əzmlə və fədakarlıqla yerinə yetirib. İstintaq zamanı prokurorluq əməkdaşları tərəfindən mövcud təhlükə və çətinliklərə baxmayaraq, hadisə yerinə baxış keçirilməsi, ekspertizaların təyin edilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi, zərərçəkmiş şəxslərin dindirilməsi və digər istintaq hərəkətləri həyata keçirilib.

 

Prezident İlham Əliyevin prokurorluq orqanları əməkdaşlarının təltif edilməsi haqqında müvafiq sərəncamı bütövlükdə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Şübhə etmirik ki, prokurorluq orqanlarının əməkdaşları Prezident İlham Əliyevin inam və etimadını bundan sonra da layiqincə doğruldacaq, qanunçuluğun və hüquq qaydasının qorunmasında peşəkarlıqla fəaliyyət göstərəcəklər”.

 

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Qarabağ Azərbaycandır!” kitabının təqdimat mərasimində məlumat verib ki, nəşr “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən hazırlanıb. Kitabda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik qabiliyyətinin, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının və hərbi qüdrətinin təzahürü olan şanlı Vətən müharibəsində parlaq Qələbə, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, yardıma ehtiyacı olan ailələrə göstərdiyi xeyirxah və nəcib qayğı, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlər geniş işıqlandırılıb.

 

Vurğulanıb ki, 5 bölmədən ibarət 590 səhifəlik kitab Baş prokuror Kamran Əliyevin müəllifi olduğu “Müqəddimə” ilə başlayır. Kitabın “Ölkədə” adlandırılan birinci bölməsində dövlət başçısı  İlham Əliyevin Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi fəaliyyəti, keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamlar, Təhlükəsizlik Şurasının iclasları, komanda-qərargah toplantıları, xalqa müraciətləri, işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumatlar yer alıb.

 

Həmçinin qeyd olunub ki, kitabın “Xalqa xidmət missiyası” bölməsi Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş soydaşlarımızın və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəlmiş xeyirxah təşəbbüslərinə həsr olunub.

 

Günay Səlimzadə qeyd edib ki, kitabın növbəti - “Müsahibələr” bölməsi dövlət başçısı İlham Əliyevin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmaz fəaliyyəti, dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələri, televiziya kanalları, informasiya agentlikləri, qəzetlərinə verdiyi müsahibələri yer alıb.

 

Kitabın “Baş Prokurorluqda” bölməsində Vətən müharibəsinin davam etdiyi 44 gündə, eləcə də sonrakı dönəmdə prokurorluq orqanlarının aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə erməni quldur dəstələrinin mülki əhaliyə və hərbi qulluqçularımıza qarşı törədilən cinayətlərin vaxtında aşkarlanması, təxirəsalınmaz istintaq hərəkətlərinin operativ qaydada və keyfiyyətlə icra edilməsi, təqsirkar şəxslərin barəsində tədbirlərin görülməsi, xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər barədə beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələrinin və nüfuzlu xarici kütləvi informasiya vasitələrinin məlumatlandırılması istiqamətində gördüyü tədbirlərə dair məlumatlar toplanıb. Kitabın sonuncu fəslində Vətən müharibəsinə aid gündəlik xronika, faktlar və rəqəmlər, təhlillər, müzəffər ordumuzun uğurlu hərbi əməliyyatları, işğaldan azad edilən ərazilərimiz, yaşayış məntəqələrimiz, düşmən ordusunun itkiləri, hərbi qənimətlər və digər məlumatlar əksini tapıb.

 

Tədbirdə həmçinin Baş Prokurorluğun Kriminalistika və informasiya idarəsinin rəisi Murad Dadaşov mobil vətəndaşlıq müraciəti proqramı barədə məlumat verib. Qeyd olunub ki, vətəndaşların prokurorluq orqanlarına müraciətlərini daha da asanlaşdırmaq üçün mobil tətbiq proqramı yaradılıb. Vətəndaşlar bu proqram vasitəsilə baş prokurorluğa müraciətlərin baxılmasının gedişatını da izləyə bilər.

 

Daha sonra “Qanun keşikçiləri” filminin təqdimatı keçirilib.

 

Bildirilib ki, prokurorluq orqanları çağdaş dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaş yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Vətəndaş məmnunluğunun, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlığın təmin edilməsi, maarifləndirmə işinin həyata keçirilməsi istiqamətində prokurorluq orqanları tərəfindən daim kompleks tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi hazırlanan “Qanun keşikçiləri” adlı bədii-sənədli film Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu əks etdirir. Baş Prokurorluğun Mətbuat xidmətinin təşkilatçılığı ilə hazırlanan filmin rejissoru Ramil Ağasıyev, ssenari müəllifi jurnalist Lalə Ədalətqızıdır. Filmin baş qəhrəmanı - prokuror rolunun ifaçısı Əməkdar artist Elşən Rüstəmovdur.

 

Respublika Prokurorluğunun əməkdaşlarının da iştirak etdikləri filmdə son dövrlərdə prokurorluqda həyata keçirilən mütərəqqi islahatlar və dinamik inkişaf prosesləri əksini tapıb.

 

Sonra tədbir iştirakçıları filmə tamaşa ediblər.

 

 

Azərbaycan. - 2021.-12 fevral.- S.3.