Milli Prioritetlər qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğuna xidmət edir

 

 

 

Azərbaycan keçən əsrin sonlarında çox mürəkkəb tarixi dövrə təsadüf edən bir vaxtda müstəqillik əldə etsə də, bu sınaqdan üzüağ çıxaraq öz suverenlyini qoruyub saxlamış və sabit sosial-iqtisadi inkişaf yoluna çıxmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bünövrəsi qoyulan və gələcəyə hesablanmış sosial-iqtisadi siyasət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəsin əldə olunmasına, “Əsrin müqaviləsi”nin bağlanmasına, yeni Konstitusiyanın qəbuluna və ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatının formalaşmasına imkan yaratmışdır.

 

Bu siyasəti Prezident İlham Əliyev son 17 il ərzində daim təkmilləşdirmiş, dünyada baş verən qlobal çağırışlara uyğunlaşdıraraq onun uğurla həyata keçirilməsinə nail olmuşdur. Bütün bunların nəticəsidir ki, Azərbaycan uzun müddət Cənubi Qafqazın lider dövləti kimi tanınır və bu gün ölkəmizin təşəbbüsü və bilavasitə iştirakı olmadan regionda heç bir qlobal layihə həyata keçirilmir.

 

2003-cü ilin sonlarından başlayaraq ölkəmizdə regionların inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, habelə iqtisadiyyatın və əhalinin sosial müdafiəsinin güclənməsinə dair dövlət proqramları qəbul edilmiş və uğurla icra olunmuşdur. Onlardan bir çoxunun icrası hazırda davam edir. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizin davamlı sosial-iqtisadi inkişafı təmin edilmiş, Azərbaycanda qüdrətli dövlət və yüksək rifah cəmiyyəti qurulmasına etibarlı zəmin yaradılmışdır.

 

Elmi nailiyyətlərə və qabaqcıl təcrübəyə əsaslanaraq hazırlanmış və uğurla həyata keçirilməkdə olan enerji siyasəti nəticəsində formalaşan maliyyə imkanları ölkəmizdə makroiqtisadi və siyasi sabitlik, həmçinin iqtisadiyyatın dinamik və davamlı inkişafına əsaslı töhfə vermiş, respublikamızın ərazi bütövlüyünün və iqtisadi təhlükəsizliyinin təmini üçün möhkəm potensial yaratmışdır. Məhz bu potensialdan səmərəli istifadə etməklə şanlı Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən ilin payızında mənfur qonşumuz 20 faiz ərazimizi 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan faşist təxəyyüllü Ermənistana cəmi 44 gün ərzində qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Bununla da Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş oldu.

 

Hazırda qarşıda duran əsas vəzifə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün dövlət cəmiyyət və biznes üçlüyünün uğurlu əlaqəsini bundan sonra da möhkəmləndirmək, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq və iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin etmək, işğaldan azad olunmuş ərazilərin potensialından səmərəli istifadə etməkdir.

 

Bu məqsədlərin reallaşdırılması üçün Prezident İlham Əliyev 2021-ci il 2 fevral tarixli sərəncam imzalamışdır. Sərəncamda növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetin (dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi) reallaşdırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, milli prioritetlər bir-biri ilə sıx əlaqədə olmaqla bir-birini tamamlayır. Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, təsdiq edilən milli prioritetlərə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini 9 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Həmçinin tapşırılır ki, 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə yanaşı, ölkəmizin aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması təmin edilməlidir. Bu isə o deməkdir ki, qeyd olunan strategiyanın hazırlanmasında beynəlxalq təşkilatlar və məsləhətçilərlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən istənilən təşkilat, mütəxəssislər və bütövlükdə vətəndaş cəmiyyəti iştirak etmək imkanı qazanır. Ona görə də hər birimiz bu strategiyanın hazırlanmasında fəal iştirak etməklə onun daha ədalətli və gələcək çağırışlara cavab verəcək bir proqram olmasına öz töhfəmizi verməliyik. Çünki bu strategiya Azərbaycanda qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin formalaşmasına yönəlməklə mövcud və gələcək nəsillərin mənafeyinə tam uyğundur.

 

Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat adlanan milli prioriteti həyata keçirmək bu gün qarşıda duran əsas vəzifədir. Bu vəzifənin yerinə yetirilməsi üçün qeyri-neft sektorunun iqtisadi inkişafın lokomotivinə çevrilməsi və bu sektorun maliyyələşməsində özəl sektorun payının artırılması nəzərdə tutulur. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün təsirli tədbirlər görülsə də, neft sektoru hələ də sosial-iqtisadi inkişafın dayaqlarından biridir və dövlət büdcəsi xərclərinin təxminən 50 faizi bu sektorun payına düşür. Bu payın getdikcə qeyri-neft sektorunun xeyrinə dəyişməsi üçün mövcud imkanlardan biri ölkəmizin yeraltı və yerüstü sərvətlərinin hazır istehlak məhsulu alınana kimi emalını tam həcmdə təşkil etməkdir.

 

Bir çox ölkələrin, o cümlədən Çin və Türkiyənin təcrübəsi göstərir ki, ölkədə davamlı və yüksək iqtisadi artıma nail olmaq üçün emal sənayesinin inkişafı təmin edilməlidir. Biz də bu təcrübədən tam yararlanmalı və sərəncamda qeyd olunduğu kimi, ölkəmizdə emal sənayesinin inkişafı dərinləşdirilməlidir.

 

Buna misal olaraq qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatını göstərmək olar. Son vaxtlar Prezidentin təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, baramaçılıq və digər sahələrin inkişafına böyük dövlət dəstəyi verilir. Hazırda ildə 300 min tona yaxın xam pambıq istehsal edilir. Bu pambığın ilkin emalı həyata keçirilir və əldə edilən məhsulun bir hissəsi pambıq lifi, bir hissəsi isə təkrar emal edilərək pambıq ipliyi kimi ixrac olunur. Təəssüf ki, pambığın emalı əsasən bu iki mərhələdən keçir və sonrakı mərhələlər, yəni parça və hazır paltar, habelə birinci emalda istehsal edilən pambıq çiyidinin emalı, demək olar ki, çox azdır. Ona görə də yaxşı olar ki, ölkəmizdə istehsal olunan xam pambıq tam həcmdə son məhsula kimi emal edilsin. Həmin emal müəssisələri regionlarda yerləşdirilməlidir ki, bu da yeni daimi iş yerlərinin açılmasına, eyni zamanda həmin müəssisələrdə yüksəkixtisaslı kadrların işləməsinə, eləcə də müəssisələrin yerləşdiyi ərazinin şəhərsalma qaydalarına uyğun yenidən qurulmasına və abadlaşmasına səbəb ola bilər.

 

Bundan başqa, bu emal müəssisələri ölkəmizdə adambaşına düşən milli gəlirin yüksəlməsinə, qeyri-neft məhsulları ixracının artmasına da öz töhfəsini verəcək.

 

Təhlillər göstərir ki, emal prosesinin dərinləşməsi iqtisadi cəhətdən daha sərfəlidir. Belə ki, keçən ilin 11 ayında ölkəmizdən ixrac olunan pambıq lifinin bir kiloqramı 1,229, təkrar emaldan alınan pambıq ipliyinin isə bir kiloqramı 2,058 ABŞ dollarına satılmışdır. Bu onu göstərir ki, xam pambığın və digər məhsulların emalı dərinləşdikcə o, daha çox əlavə dəyər və yüksək gəlirli iş yerləri yaradır, insanların sosial rifahını yaxşılaşdırmaqla onları layiqli həyat səviyyəsi ilə təmin edir. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının emalının təşkili həmin məhsulların itkisinin qarşısnı almaqla həm də istehsalçıları daha çox məhsul istehsal etməyə stimullaşdırır. Çünki istehsalçı öz məhsulunu satmaqda problem yaşamır və nə qədər çox məhsul istehsal etsə, bir o qədər çox gəlir əldə etmək imkanı qazanır.

 

Bu səbəbdən bölgələrdə kənd təsərrüfatı məhsullarının son istehlak mallarına kimi emalını təşkil etmək çox vacibdir və biz mövcud potensialdan səmərəli istifadə etməliyik. Həmin məqsədlə Nazirlər Kabinetində hazırlanacaq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda hər bir rayonda ən azı bir bitkiçilik və bir heyvandarlıq məhsullarının emalı müəssisələrinin tikintisinin nəzərdə tutulması məqsədəuyğun olardı. Bitkiçilik məhsullarının emalı müəssisələrinin tikintisi planlaşdırılarkən ümumi emal həcmində həmin ərazidə yabanı bitkilərin və meşə meyvələrinin ehtiyatları da nəzərə alınmalıdır. Bu müəssisələrin tikintisində, sərəncamda qeyd olunduğu kimi, özəl sektorun maliyyə resurslarından istifadəyə geniş yer verilməlidir.

 

Araşdırmalar göstərir ki, sənaye potensialı çox olan bölgələrdə əməkhaqqı yüksək olur. Həmin bölgədə yüksək gəlir gətirən elmtutumlu orta və yüksək texnoloji sahələr inkişaf edir, bu sahələrdə ixtisaslı mütəxəssislər işləyir və bölgədə yüksək rifah cəmiyyəti formalaşır. Bu da, prioritetlərdə nəzərdə tutulduğu kimi, paytaxt və regionların tarazlı inkişafı məqsədinə çatmaq üçün güclü zəmin yaradır.

 

Sərəncamda reallaşdırılması nəzərdə tutulan milli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır. Böyük Qayıdışa artıq başlanılıb. Belə ki, işğaldan azad edilmiş bölgələrdə sosial infrastruktur layihələri həyata keçirilir, ərazilərin minalardan təmizlənməsi, yolların bərpası və tikintisi işləri yüksək sürətlə davam edir. Bununla yanaşı, öz yurdlarına qayıdıb daimi məskunlaşan insanların təhlükəsiz yaşayışı təmin ediləndən sonra həmin ərazilərin mövcud iqtisadi potensialından tam istifadə olunması üçün tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

 

Bu tədbirlərdən biri bölgədəki kənd təsərrüfatına yararlı torpaqlardan təyinatına uyğun istifadəyə nail olmaqdır. Azad olunmuş ərazilərdə işğaldan əvvəl 596,2 min hektar kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 191,7 min hektar əkin yeri, 50 min hektar çoxillik əkmələr, 17,7 min hektar biçənək və 336,7 min hektar örüş-otlaqlar var idi. 30 il idi ki, həmin torpaqlar ermənilər tərəfindən vəhşicəsinə istismar olunurdu. Artıq bu torpaqlar Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi naminə elmi əsaslara uyğun istifadə ediləcəkdir. Amma bunun üçün onların bərpası, su ilə təminatı və digər məsələlər həll edilməlidir.

 

Ümid edirik ki, 2021-2025-ci illərdə sosial-iqtisadi inkişafa dair hazırlanacaq strategiyada Prezidentin təsdiq etdiyi milli prioritetlərin həyata keçirilməsi üçün əsas hədəflər müəyyən olunacaq və onlar uğurla yerinə yetiriləcəkdir.

 

 

 

Eldar İBRAHİMOV,

 

Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor

 

Azərbaycan. - 2021.-12 fevral.- S.6.