“Azercell” müharibədə
iştirak edən tələbələrə təqaüd
ayırdı
10 ildən artıq müddətdir ki, “Azercell Telekom”
MMC tərəfindən reallaşdırılan
“Tələbə Təqaüdü”
proqramı çərçivəsində
bir çox sahələr, həmçinin
informasiya texnologiyaları
üzrə ali təhsil alan və yüksək göstəriciləri olan
tələbələrə təqaüd ayrılır. Bu il isə əvvəlki illərdən
fərqli olaraq, 44 gün davam etmiş Vətən müharibəsi zamanı təhsilini yarımçıq
qoyaraq torpaqlarımızın
azadlığı uğrunda
döyüşlərdə iştirak etmiş tələbələrin həmin
proqram çərçivəsində
dəstəklənməsi və nəticədə, “Azercell” tərəfindən
Bakı ilə yanaşı, həm də bölgələrdəki
müxtəlif ali təhsil ocaqlarının
23 tələbəsinə təqaüd
verilməsi qərara alınıb. Tələbələrin
siyahısı Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi tərəfindən
təqdim olunub.
Təqaüd Proqramına seçilən
tələbələr əsasən
İT və Şəbəkə
yönümlü ixtisaslar
üzrə müxtəlif
kurslarda təhsil alırlar. Təqaüdçülər
sırasında bakalavrlarla
yanaşı, magistratura
pilləsi üzrə
təhsil alan gənclər də var. Tələbələrə
təhsil müddətinin
sonunadək hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd
veriləcək. Eyni zamanda hədiyyələr,
“Azercell” Fakturasız xətt abunəçisi olan Təqaüd Proqramı tələbələrinə
GencOl 9 tarifinə 30 faiz endirim və
dünyaca məşhur
“Busuu” proqramına 6 aylıq abunəlik təqdim olunacaq.
Bəhs edilən layihə çərçivəsində 10.02.2021-ci il tarixdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və departament direktorlarının iştirakı
ilə tələbələrlə
onlayn görüş
təşkil olunub. Həmin tədbirdə Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin Elm, ali və
orta ixtisas təhsili şöbəsinin
sektor müdiri Yaşar Ömərov da iştirak edib.
“Azercell Telekom” MMC-nin prezidenti əsgər tələbələrin timsalında
Vətən müharibəsində
iştirak edən bütün hərbçi
və əsgərlərə
zəfər sevincini yaşatdıqları üçün
dərin təşəkkürünü
bildirib, onları “Azercell Təqaüdçüsü”
adını qazanmaqları
münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində
onlara daha da böyük zirvələri fəth etməyi arzu edib: “Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli
rəhbərliyi altında
məhz sizin kimi gənclərimiz bütün dünyaya ordumuzun gücünü, qüdrətini, xalqımızın
qələbə əzmini
nümayiş etdirməyi
bacardı. Sizin vətənimizin azadlığı və bütövlüyü
uğrunda sərgilədiyiniz
misilsiz rəşadət
və qəhrəmanlıq
gələcək nəsillərə
nümunə oldu. İnanıram ki, cəbhədə vətəndaş
borcunuzu layiqincə yerinə yetirdiyiniz kimi, elmi potensialınızı
daha da gücləndirib,
gələcəkdə İKT sahəsində ölkəmizə öz peşəkarlığı
ilə xidmət edəcək mütəxəssis
olacaqsınız, ayırdığımız
təqaüd sizə də dəstək olacaq”. Şirkətin prezidenti bu layihədə
göstərdiyi dəstəyə
görə Təhsil Nazirliyinə də təşəkkürünü bildirib.
Azərbaycan
Respublikasının Təhsil
Nazirliyinin Elm, ali və orta
ixtisas təhsili şöbəsində sektor
müdiri Yaşar Ömərov də öz növbəsində
Müzəffər Ordunun
mübariz əsgərlərinə
ən xoş arzularını çatdırıb,
“Azercell”in həyata keçirdiyi “Tələbə
Təqaüdü” proqramını yüksək
qiymətləndirib, bu
təşəbbüsün tələbələrə maddi
dəstəklə yanaşı,
həm də mənəvi dəstəyin
təzahürü olduğunu
bildirib, şirkətin
ölkənin ali ocaqları ilə olan sıx əməkdaşlığının
davam etdiriləcəyinə
və gücləndiriləcəyinə inamını
ifadə edib.
“Azercell”in “Tələbə
Təqaüdü” proqramı
2009-cu ildən etibarən
icra olunur. Bu müddət ərzində, “Tələbə
Təqaüdü 2021” proqramının
iştirakçılarının sayı daxil olmaqla Azərbaycanın müxtəlif universitetlərində
təhsil alan 235 tələbə “Azercell” şirkətinin təqaüdçüsü
seçilib. Proqramın
məqsədi müvəffəqiyyətlə
təhsil alan və fərqlənməyi
bacaran tələbələrə
xüsusi qayğı
nümayiş etdirmək,
yüksək potensiala
malik gənclərin peşəkar kimi formalaşmasına dəstək
olmaqdır. Proqrama seçilən tələbələr
təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsi üzrə biliklərini artırmaqla gələcək karyeraları
üçün əvəzedilməz
təcrübə qazanıblar.
Təqaüdçülər şirkətin korporativ tədbirlərində və
sosial fəaliyyətlərində,
müxtəlif təlimlərdə
iştirak etməklə
təcrübə keçmək
şansını əldə
ediblər. Onların mühüm bir hissəsi “Azercell”də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.
Azərbaycan. - 2021.-12 fevral.- S.6.