Keçmişin izi ilə gələcəyə yol göstərən bələdçi

 

 

 

Hüseynbala Mirələmovun “İki Şah, iki Sultan” trilogiyası haqqında düşüncələrim

 

 

 

Qələbə ovqatlı günlərimizdə oxumağa başladığım bu trilogiya taleyin maraqlı qanunauyğunluğundandır ki, Prezident İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birgə Xudafərin körpüsünü ziyarət etdiyi günlə, demək olar, eyni zamana təsadüf etdi...

 

Ali Baş Komandanın sərkərdə geyimində (və hərbi maşında) sükan arxasında, erməni vəhşilərinin dağıtdığı yolla irəliyə doğru hərəkətini əks etdirən o kadrları izlədikcə daha çox tarixi paralellər haqqında düşünürdüm. Mehriban xanımın telefonun videokamerası ilə əbədiləşdirdiyi o maraqlı kadrlar düşüncələrimdən tarixi eyniliyin özü kimi keçirdi.

 

Sanki bu yolu gedən sadəcə iki şəxsiyyət yox, bütün Azərbaycan xalqı idi...

 

Xalq tarixin çətin və əzablı yollarını zəfər ruhu ilə geridə buraxırdı. Zərrə-zərrə qurub yaratdıqlarımızı zaman-zaman dağıdıb uçurmuş qəsbkarların bədnam əməllərinə abidə kimi ucalan xarabazarların arasından keçib bu torpaqları yenidən gülüstana çevirmək üçün yeni bir başlanğıca doğru irəliləyirdi...

 

Tarixdəki bu yeni səhifə milli ruhumuzun nəbzinin döyündüyü əsas məkanlarımızdan birində, məhz Xudafərin körpülərinin yanında açılırdı. Böyük tarixi paralellər sadəcə körpü yox, Azərbaycan xalqının qurub yaratmaq, dünyaya, inkişafa, fərqli mədəniyyətlərə, ümumbəşəri dəyərlərə qovuşmaq əzminin möhtəşəm nişanəsi olan Xudafərinin yanından başlanırdı.

 

Və bütün dünyaya bir daha sübut edilirdi ki, bu tarixi yaratmış, Yer üzündə öz varlığını xarabazarlarla deyil, qurucu əməlləri ilə, yaratdığı sivilizasiya nümunələri ilə əbədiləşdirmiş əcdadların övladları, bu irsin davamçıları istənilən savaşın qalibidirlər.

 

Azərbaycan həyatında yeni bir salnamə yaradan bu qələbə tarix mövzusunun özünü də bizim üçün yenidən aktuallaşdırmağa başlayır. Bütün bu baş verənlər bir Vətən savaşı idi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin televiziya efirindən, sosial mediadan xalqa yetirdiyi müjdələr apardığımız haqq davasının qələbə tərənnümləri kimi bizə çatırdı. Hər birimiz bunu məhz həyatımızın bugünlərinə aid xoşbəxtlik anları kimi yaşayırdıq. Aradan bir müddət keçəndən sonra isə bunlar indi həm də tarixdir. Ümumi tarixin təkrarsız epizodları kimi maraqlıdır.

 

Tarix bütün olub-keçənlərin (və keçəcəklərin) son ünvanıdır, milli yaddaşın etibarlı saxlancıdır. Həm fərd, həm də ümumən toplum olaraq həyatımızda nə baş verirsə, müəyyən dövrdən sonra tarixə çevrilir. Yeni reallıqları tarixin faktı kimi yönləndirməyə başlayır. Ona görə də tarixə həssaslıqla yanaşmaq çox mühümdür.

 

Dünyanın böyük fikir adamlarının tarix haqqında fikirləri birmənalı görünməsə belə onu öyrənməyin (və gələcəyə ötürməyin) vacibliyini də kimsə inkar edə bilmir. Tarix ən azı bir dəfə yaşanmış təcrübə deməkdir. Doğrudur, zaman çayı həmişə eyni cür axmır, hər yeni dövr öz tarixini yaradır. Amma hansısa oxşarlıqlar mütləq görünür. Tarixin dərsləri, onun təqdim etdiyi təcrübələr gələcəklə bağlı müəyyən nəticələrə gəlməyə, müxtəlif suallara uyğun cavablar tapmağa kömək göstərir. Üstəlik, tarix baş verəcək prosesləri əvvəlcədən proqnozlaşdırmağa da imkanlar yaradır. Ona görə, fikrimcə, nə qədər ki, bəşəriyyət mövcuddur, insanlar tarixi öyrənməyə maraq göstərəcəklər.

 

Ədəbiyyatın isə gücü bundadır ki, o, insanlara tarixi nəinki öyrənməyə, həm də onu hiss etməyə, bir qədər də dəqiq desəm, tarixə qarışıb onun obrazları ilə, hadisə və prosesləri ilə birbaşa ünsiyyət qurmağa kömək göstərir. Tarix dediyimiz özlüyündə ayrı-ayrı insan talelərinin cəmindən ibarətdir. Yalnız bu taleləri öyrənməklə, onları duymağı bacarmaqla tarixin izinə düşmək olar.

 

Tarix elminə ən azı onun ədəbiyyat və dilçilik qapısından bələd olan biri kimi bu məqamı ayrı-ayrı tarixçilərlə ünsiyyətim zamanı həmişə izləmişəm. O tarixçilər ki ədəbiyyata yaxşı bələddilər, onlar tarixi də özlərindən keçirərək canlandıra bilirlər, ədəbiyyatdan uzaq tarixşünasların bilgiləri isə çox vaxt qupquru faktlardan ibarət olur.

 

Azərbaycanda indiyə qədər tarixi tədqiqat əsərləri, tarixi mövzularda bədii ədəbiyyat nümunələri çox qələmə alınıb. Onların hər biri özlüyündə dəyərlidir. Heç kimin əziyyətini yerə vura bilmərik. O nümunələr ən azı elm və ədəbiyyat tarixi üçün zəngin material verir. Sadəcə məsələnin bu biri tərəfi var ki, ümumən tarixşünaslıqda tarixi mənbələrin, qədim dövrlərə aid təqdim edilən faktların dəqiqliyi, keçmişə aid həqiqətləri hansı səviyyədə əks etdirməsi nə qədər ciddi çətinlikdirsə, o faktların bədii ədəbiyyata daşınması da bir o qədər problemdir.

 

Tarix mübhəm bir ünvandır. Əldə etdiyin məhdud sayda soraqların izi ilə burada hansı həqiqətlərə qədər irəliləyəcəyini bəzən bilmək olmur. Açığını deyim ki, uzun illər ərzində elmi tədqiqatlarda (və eləcə də bədii əsərlərdə) məni narahat edən əsas məqamlardan biri tədqiqatçılarımızın tarixə münasibətdə emosiyaların təsirinə düşmələri olub. Ayrı-ayrı əsərlərlə, ortaya qoyulan elmi konsepsiyalarla tanışlıq zamanı müəllifin tarixi faktlara həqiqətlərin aynasından deyil, öz hiss və həyəcanlarından baxdığını və çox vaxt da məsələlərin yozumunda yanlışlara yol verdiyini görürsən. Bu ona görə ziyanlı yanaşmadır ki, tarixə ifrat emosional münasibət ondan hansısa nəticə çıxarmağa, keçmişin dərslərindən faydalanmağa, gələcəklə bağlı müəyyən proqnozlaşdırmalar aparmağa mane olur. Məsələyə emosional baxış əslində olmuşlar deyil, bir fərdin olmuş kimi görmək istədikləridir və bu da ciddi bir ictimai fayda gətirə bilməz. Ona görə də tarixə mümkün qədər obyektiv yanaşmaq lazımdır.

 

Bu gün ehtiyacımız olan əsas böyük məsələlərdən biri isə Azərbaycan dövlətçiliyinin tarixi hekayəsini yaratmaqdır...

 

Bizim dövlət qurmuş çox böyük şəxsiyyətlərimiz olub və var. XX əsrin son onilliklərində baş verənlərin canlı şahidləri, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və onun dövlətçilik irsinin davamçısı cənab İlham Əliyevin müasirləri kimi ölkəmizin yeni tarix hekayəsi gözlərimiz önündə yaranıb. Azərbaycan bu gün milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsindədir. Məhz bu mərhələdə biz milli dövlətimizin ümumi bir hekayəsini qurmalıyıq.

 

Azərbaycan dövlətinin indiki qüdrətində əməyi olan bütün böyük şəxsiyyətlərimiz o hekayədə olmalıdır. Onların amalları, müəyyən etdikləri hədəflər, həyata keçən (və ya hələ yarımçıq qalan) bütün arzuları o hekayədə görünməlidir. Bu, bizə keçmişimizi doğru-düzgün təftiş etməyə imkan verəcək. Gələcək üçün aydın məqsədlər müəyyənləşdirməyə şərait yaradacaq. Ən önəmlisi isə gələcək nəsillərin hər zaman içində özlərini qürurlu, böyük, güclü, uğurlu hiss edəcəkləri bir dövlətçilik hekayəmiz formalaşacaq. Obrazlı desək, bu, bizim gələcəyə danışacağımız bir hekayəmiz olacaq.

 

Düşünürəm ki, bu hekayəni tarixi quru faktlar kimi yadda saxlayanlar, yaxud ona emosional hisslərin təsiri ilə yanaşanlardan daha çox məhz tarixi hiss etməyi bacaran yaradıcı şəxslərimiz yazıb-yarada bilərlər. Belə ədiblərimizdən biri kimi yazıçı Hüseynbala Mirələmovun yaradıcılığını uzun illərdir bir ədəbiyyatşünas marağı ilə diqqətlə izləyirəm.

 

O, böyük ədəbiyyata ötən əsrin 60-cı illərinin ab-havasında gəlmiş yazıçılarımızdandır. Milli ədəbiyyatımızın yazıçısı (və həm də dramaturqu, publisisti) səviyyəsində isə o, tarixi taleyimizin ən ağrılı mövzularından olan Qarabağ mövzusunda yaratdığı ədəbi nümunələrlə qərarlaşdı. Elə Hüseynbala Mirələmovun bir yazıçı kimi özünəməxsusluğu da bundadır ki, o, çağdaş ədəbi prosesin yaradıcı ahəngini duymağı, onun nəbzini tutmağı bildiyi kimi, tarixi dövrləri bir-birindən təcrid olunmuş ayrı-ayrı epizodlar halında deyil, bütöv bir tam şəklində duymağı bacarır. Qarabağ mövzusunda ötən əsrin 90-cı illərinin tarixindən qələmə aldığı əsərlər ona bu mövzunun aynasından ümumilikdə Azərbaycanın tarixi taleyinə nəzər salmaq imkanı yaratdı.

 

Son illərdə Hüseynbala Mirələmovun tarixi mövzularda maraqla oxuduğumuz bədii əsərləri yazıçının bu aynada görüb hiss etdiklərinin onun qələmindəki bədii ifadəsidir. İndiyə qədər yazıçının xeyli əsərlərini oxumuşam, əsasən də Nadir şah haqqında “Sonuncu fateh” romanı, İmadəddin Nəsimiyə həsr edilmiş “Son səfər” povesti (bu barədə qeydlərim də “Azərbaycan” qəzetində dərc olunub) məndə xüsusi təəssürat yaradıb. Bu əsərlər adıçəkilən şəxsiyyətlərin dövrünü diqqətlə öyrənərək onların əsas obrazını bu dövrün mənzərəsində aydın təsəvvür edə bilən bəsirətli bir qələm sahibinin yaradıcılıq məhsuludur. Hüseynbala Mirələmovun yazıçı dili onun bədii təfəkkürünün zənginliyinin təbii göstəricisidir.

 

Bu günlərdə isə yazıçının “İki Şah, iki Sultan” trilogiyasını mütaliə etməyə başladım və Hüseynbala Mirələmovun başqa əsərləri kimi, tarixi romanlarında da mətndən-mətnə necə təkamül keçdiyinin, keçmişin mənzərəsinə baxışlarının, tarixin qədim qatlarına dair təsəvvürlərinin necə kamilləşdiyinin bir daha fərqinə vardım. Hüseynbala Mirələmovun təsvir-təfərrüatlarında bir ssenari (rejissor) dəqiqliyi, konkretliyi müşahidə edilir. Hətta tarixdən yazanda da hadisələri bugünkü əyaniliyilə “görür”...

 

“İki Şah, iki Sultan” trilogiyasına 3 kitab daxildir: “Süqut”, “Bənövşəyi əncir” və “Çaldıran yolu”. Trilogiyanın birinci kitabı “Süqut” Ağqoyunlular xanədanından bəhs edir. Tarixlə az-çox maraqlanan hər kəsə məlum olduğu kimi, Ağqoyunlular dövrü Azərbaycan Orta əsrlər dövrünün ən keşməkeşli, ziddiyyətli dövrlərindəndir. Əsər isə belə bir dövrün faktı olan Ağqoyunlular dövlətinin təşəkkülü, dövlət quruculuğunun formalaşması prosesinə işıq salır. Roman XIV əsrdən - şair-hökmdar Qazi Bürhanəddindən başlanır, Bayandurlar nəslinin görkəmli nümayəndələri olan Qara Yuluq Osmanın, oğlu Cəlaləddin Əli bəyin, onun həyat yoldaşı Sara Xatunun, oğlu Uzun Həsənin timsalında real tarixi qəhrəmanların obrazlarını maraqlı bədii boyalarla əks etdirir.

 

Bu tarixi isimlər indi bizə sadəcə ad, bədii əsər obrazları kimi görünə bilər. Amma onların hər biri Orta əsrlər zamanı böyük bir coğrafiyanın ictimai-siyasi mənzərəsinin müəyyənləşməsində həlledici rol oynayıb. Tarixdən bildiyimiz qədər Ağqoyunlu ulusunun başçıları Diyarbəkir vilayətində irsi hakim idilər. XIV yüzilliyin ortalarında ulusun başçısı Tur Əli bəy (1363-cü ildə dünyasını dəyişib) Bayandur oymağından sayılırdı. Uzun Həsənin babasının babasının babası kimi bu tarixi şəxsiyyəti tanıyırıq. Hüseynbala Mirələmov isə əsərini ulusun tarixinin nisbətən daha aydın dövründən Qara Yuluq Osmanla başlayır.

 

1394-1434-cü illərdə yaşamış bu Ağqoyunlu hökmdarı döyüşkən biri kimi tanınırdı. O, Qaraqoyunlu sultanları ilə ardıcıl savaşlar aparırdı. Roman Qara Yuluq Osmanın yaşının ixtiyar vədələrini təsvir edir. Sonra isə onun oğlu Sultan Cəlaləddin Əli bəyin hakimiyyəti zamanlarını görürük. 1444-cü ildə onun vəfatından sonra Ağqoyunluların rəhbəri müəyyən müddət oğlu Cahangir Mirzə olur. O, Ağqoyunlular arasında müəyyən qədər sabitlik yarada bilir. Amma bu yalnız bir müddət sürür. Qaraqoyunlulardan Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirir və o, Diyarbəkirə hücuma keçir. İki ilə qədər davam edən mübarizə nəticəsində 1452-ci ildə Baburun hücumundan qorxaraq Cahanşah sülhə can atmağa başlayır. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olmalı idi. Lakin Ağqoyunluların əzəli rəqibi olan Qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirir, onlar Cahangir Mirzəyə qarşı çıxırlar. 1453-cü ildə baş vermiş döyüşdə Uzun Həsən öz doğma qardaşını məğlub edərək hakimiyyətə gəlir və Cahangir Mirzə Mardinə qaçmaqla canını xilas edir.

 

Hüseynbala Mirələmovun yazıçı kimi ustalığı bundan ibarətdir ki, o, cəmi bir neçə cümləyə sığan bu tarixi xülasəni cana gətirir. Baş verənləri real həyati boyalarla təsvir edir, bitkin xarakterlər yaradır. Əsəri oxuduqca eyni atanın, ananın övladları olan doğma qardaşların sonradan ayrılan yolları, müxtəlif həyat prinsipləri, həyata fərqli baxışları, qarşılıqlı mübarizələri göz önündə canlanır. Yazıçı öz oxucusunu müxtəlif ziddiyyətli hisslərin təsirində saxlayır.

 

“Süqut” romanının ən mühüm cəhətlərindən biri də burada canlandırılmış Sara xatun obrazıdır. Sara xatun Azərbaycanda qadın fəallığı ənənələrinin ən görkəmli nümayəndələrindən biri olduğu qədər ədəbiyyat üçün də maraqlı surətdir. Bu obraz tarixlə az-çox maraqlanan hər bir oxucuya yaxşı tanışdır. Hər dəfə Sara xatun haqqında söhbət açılarkən bu ad qarşısında bir epitet də mütləq işlənir: “Azərbaycanın (və Şərqin) ilk diplomat qadını”. İndiyə qədər Sara xatun şəxsiyyəti haqqında müxtəlif əsərlər yazılıb. Maraqlı tədqiqat nümunələri ortaya qoyulub. Hansısa tarixi romanlarda Sara xatun şəxsiyyətinə müraciətləri və bu obrazla bağlı yetərincə uğurlu bədii həlləri də istisna saymıram. Amma orasını da mütləq qeyd edim ki, onun bu qədər parlaq şəkildə canlandırılmış bədii obrazı ilk dəfə məhz Hüseynbala Mirələmovun “Süqut” əsərində qarşıma çıxdı.

 

Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrinin qurulmasında Sara xatunun rolu çox mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşər, ən məsul diplomatik danışıqlara anasını göndərərdi. Qaffari “Tarixi Cahan Ara” əsərində yazır: “Uzun Həsənin anası Sara xatun olduqca adil, müşfiq və işini bilən bir hakim idi”.

 

Hüseynbala Mirələmovun “Süqut” əsərində də Sara xatunun timsalında məhz ağıllı, müdrik, tədbirli, ədalətli və güclü bir qadının şəxsiyyətini görürük. Yazıçı çox böyük bədii məharətlə bu obrazı müxtəlif seçimlər qarşısında qoyur. Güclü dövlətçilik təfəkkürünə, diplomatik səriştəsinə, qətiyyətinə rəğmən Sara xatun həm də anadır. Bütün analara xas təbii hisslərdən - övladlarına sonsuz sevgidən, onlara bərabər münasibətdən, övladları yolunda hər cür fədakarlığa hazır olma duyğusundan Sara xanım da xali deyil. Və onun taleyində iki övladının siyasi ziddiyyətlərə görə bir-birinə qılınc çəkməsi reallığı var. Onlardan hansısa biri həyatını itirsə, bu hər bir ana kimi onun üçün da sağalmaz dağ olacaq. Hüseynbala Mirələmovun qələmində Sara xatun belə bir məqamda analıq hissləri ilə dövlətçilik düşüncəsini bir araya gətirməyi bacarır. Həm övladları, həm də dövlət üçün ən doğru olanların baş verməsinə çalışır və buna nail olur. Sara xatunun timsalında Hüseynbala Mirələmov müdrik və həssas Azərbaycan anasının möhtəşəm heykəlini yaradıb.

 

Bu əsəri Hüseynbala Mirələmovun bədii ədəbiyyat müstəvisinə daşıdığı dövrə ümumi baxışı və növbəti kitablara keçid üçün hazırlıq mərhələsi də adlandırmaq olar. “Süqut”da təqdim olunan təsvirlər, tarixi şəxsiyyətlər qalereyası trilogiyanın ikinci kitabı olan “Bənövşəyi əncir”də daha da konkretləşir. Müəllif burada Ağqoyunlu hökmdarı Uzun Həsənin portretini önə çıxarır və işığı onun tarix səhnəsindəki şəxsiyyəti üzərinə salır. Bu mənada da “Bənövşəyi əncir” “Süqut”un davamıdır. Hüseynbala Mirələmov ikinci kitabda Uzun Həsənin obrazını çox ustalıqla və xüsusi bir sevgiylə canlandırıb. “Bənövşəyi əncir”də Uzun Həsənin həyatının, fəaliyyətinin fərqli anlarına yazıçının bədii sözünün gücüylə müxtəlif rakurslardan baxmaq imkanımız yaranır. Əsərin bir çox məqamları elə xüsusi ustalıqla işlənib ki, sanki nəfəsimizi tutub sonunu bilmək üçün səbirsizləndiyimiz tarixi bir filmə tamaşa edirik.

 

Bu əsərlər təkcə tarixi mənzərənin bədii təsviri, şəxsiyyətlərin ədəbiyyat müstəvisində təqdimatı deyil. Ədib canlandırdığı dövrün ictimai-siyasi mənzərəsini, müasir tərzdə desək, geopolitik reallıqlarını da dəqiqliklə duyur. Türk dünyasının böyük dövlət qurucularının yol verdikləri hansısa yanlışları, qərarlarının mövcud vəziyyətə qeyri-adekvatlığını da düzgün qiymətləndirir və bütün bunların yol açdığı taleyüklü nəticələrin yüksək bədii həllini verir. Əlbəttə, tarixi geriyə çevirmək, keçmişi yenidən yaşamaq mümkün deyil. Amma müasir dövrün baxış bucağı ilə olub-keçənlərə yenidən nəzər salmaq, əsrlər arasında paralellər aparmaq eyni yanlışların bir daha təkrarlanmaması üçün vacibdir.

 

Hüseynbala Mirələmovun bədii qəhrəmanı Uzun Həsən Ağqoyunlu imperiyası uğrunda mücadilədə heç bir şərt qəbul etmirdi. Bununla belə o, Osmanlı Sultanı Fateh Mehmedlə üz-üzə gəlməmək üçün bütün diplomatik vasitələrdən istifadə edir. Qardaş qırğını baş verməsin deyə hər cür imkanları dəyərləndirir. Əfsuslar olsun ki, bu coğrafiyada iki güclü türk dövlətinin olmasını istəməyən Orta əsrlər Avropasının fitnə-fəsadları öz işini görür. Sultan Mehmed gələcəyi Uzun Həsəndən fərqli görür. Möhtəşəm bir gələcəyi birlikdə qurmaq haqqında düşünmür. Beləliklə, Avropanın təsirləri ilə dövrünün iki əzəmətli türk imperiyası toqquşur. Nəticə hər iki böyük şəxsiyyət üçün faciəvi olur. Bundan yalnız yadelli fitnəkarlar qazanır. Yazıçı da əsərində hər iki hökmdarın faciəvi səhvlərinin köklərinə, əsas səbəblərinə diqqət yönəldir. Bədii təfərrüatlarla gerçəkləri gənc nəslə çatdırmaq istəyir. Məram budur ki, gələcək nəsillər tarixdən düzgün nəticə çıxarsın və oxşar səhvlər bir daha təkrarlanmasın. Bu həqiqəti dərk etmək tale əhəmiyyətli məsələdir. Çünki eyni yanlışların təkrarlanmasının ümumən türk dünyası üçün nə qədər böyük faciələrə səbəb olduğunu trilogiyanın üçüncü kitabı olan “Çaldıran yolu”nda görürük.

 

Türk dünyasının iki qüdrətli fatehi, söz və hərb meydanının yenilməz cahangirləri Şah İsmayıl Xətai və Yavuz Sultan Səlim arasında baş vermiş Çaldıran döyüşü tariximizin hələ də acıyan yarasıdır. Kitabın annotasiyasında da qeyd olunduğu kimi, bu, sadə bir savaş deyildi. Əslində heç bir tərəfin qalib olmadığı, bütövlükdə türk dünyasının məğlubiyyəti (və faciəsi) sayılacaq qardaş qırğını idi. Azərbaycan ədəbi-bədii dilinin potensial imkanlarını kifayət qədər böyük istedadla, sənətkarlıqla üzə çıxaran yazıçı Hüseynbala Mirələmov da “Çaldıran yolu” romanında bütün türk dünyası üçün ibrət olan bu hadisəni, fəlakətli tarixi dönəmi zəngin bədii ümumiləşdirmələrlə qələmə alıb. Bədii təsvirlərlə tarixin canlı mənzərəsini yaratmağa çalışıb və buna nail olub. Hüseynbala Mirələmovun bədii təsvirləri yalnız təsvir naminə deyil, burada insan psixologiyasını, ən azından konkret vəziyyətdəki ovqatının ifadəsinə hesablanmış taktiki estetik manevrlər, həyat-təbiət paralelizmi kontekstində situativ interpretasiyalar, təbiət hadisələrində modelləşmiş (gizlənmiş) canlı insan həyatı var...

 

Hüseynbala Mirələmovun tarixi trilogiyasından çıxan həqiqətlər bu gün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əslində bizim üçün nə qədər böyük xoşbəxtlik olduğunu göstərir. İki qardaş dövlətin liderləri arasındakı doğmalığın, qarşılıqlı inam və güvənin, Ulu Öndər Heydər Əliyevin “bir millət - iki dövlət” formulunu doğruldaraq son onilliklərdə hər zaman bir-birinin yanında olan, bir-birinin haqq savaşına dəstək verən Azərbaycan və Türkiyə misalında tarixin Orta əsrlərdəki yanlışlarını necə düzəltdiyini əks etdirir. Bu baxımdan yazıçının trilogiyada verdiyi tarixi mesajın - türk dünyasının birliyi arzusunun necə çin olduğunun da müasir dövrümüzdə şahidi oluruq.

 

Tarixin dərk olunmasında siyasət həmişə müəyyənedici rol oynayıb və bu indi də belədir. Ona görə biz bir çox hallarda tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcbur oluruq. Bu, müəyyən mənada təbii haldır. Çünki məşhur kəlamla ifadə etsək, “biz siyasətlə məşğul olmasaq da, siyasət bizimlə məşğul olacaq”. Siyasət həyatımıza o qədər nüfuz edib ki, müasir insan ondan kənarda yaşaya bilməz. Sadəcə tarixə, şəxsiyyətlərə münasibəti müasir siyasətin ziyanlı təsirlərindən qorumaq lazımdır. Biz bəzi məqamlarda məhz bunda səhvə yol veririk. Ara-sıra mətbuat orqanlarında keçmişi inkar ruhlu çıxışlar, tarixi şəxsiyyətlərimizin amansızcısına mühakimə edilməsi, yaxud gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaq meyli bundan irəli gəlir.

 

Hüseynbala Mirələmovun “İki Şah, iki Sultan” trilogiyasında xoşa gələn əsas cəhətlərdən biri də budur ki, o, keçmişi mühakimə ruhundan uzaqdır. Müəllif şəxsiyyətləri sorğulamaq, onları səhvlərinə görə ittiham etmək yolu tutmayıb. Onun əsas məramı olub-keçənlərin bütün uğurlara və yanlışlıqlara rəğmən mümkün qədər real (və obyektiv) mənzərəsinin yaradılmasıdır ki, bu mənzərə gələcəyə aparan yolumuzu daha da aydınlatsın.

 

Tarixi şəxsiyyətlər haqqında yazarkən hər bir müəllifin onu özü görmək istədiyi kimi təsvir etməsi ədəbiyyatda da ənənəvi haldır. Dünyanın, demək olar ki, hər yerində bir çox müəlliflər böyük şəxsiyyətlərin mənfi cizgilərinə, nöqsanlarına çox yönəlmir, onların müdrik, ideallaşdırılmış obrazlarını təqdim etməyə çalışırlar. Bu, həmin şəxsiyyətlərin, eləcə də böyük dövlət adamlarının tarixi-mənəvi irsinin gələcəyə bir dəyər kimi ötürülməsi məramından irəli gəlir. Təbii ki, heç bir böyük şəxsiyyət, hər birimiz kimi, müəyyən yanlışlıqlardan, adi insana xas nöqsanlardan xali deyil. Amma gələcək üçün maraqlı (və önəmli) olan qətiyyən bunlar deyil. Gələcəyin böyük ehtiyac duyduğu hekayə - həmin şəxsiyyətlərin tarixi mirasıdır, öz dəyərli irsi ilə gələcəyə verdiyi istiqamətdir. Hüseynbala Mirələmov da trilogiyanın bütün kitablarında məhz bu prinsipə əməl etməyə çalışıb.

 

O, trilogiyadakı qəhrəmanlarının yaşadıqları tarixi şəraiti, onların xarakterini, istəklərini, bu adlar ətrafında cərəyan edən fakt və prosesləri diqqətlə öyrənib. Öyrəndiklərini isə yazıçı idealına uyğun şəkildə ümumiləşdirərək bədiiləşdirə bilib. Ona görə də “İki Şah, iki Sultan” trilogiyası kifayət qədər uğurlu alınıb. Oxucuya uydurma keçmişin, taleyi müxtəlif əfsanələrə bürünmüş şəxsiyyətlərin yox, həqiqətə mümkün qədər yaxın tarixi olayların, o olayların qəhrəmanlarının, onların mübarizə amallarının hekayəsini danışan dəyərli bir bədii əsər ərsəyə gətirilib.

 

Xalqda özünə inam yaradan, onda tükənməz mənəvi qüvvə formalaşdıran əsas duyğu özünün tarixi yaddaşla vəhdətini hiss etməsidir. Fərd öz etnik mənşəyini dərk edəndə, əcdadlarının yaratdıqları keçmişi ruhən duya biləndə və bu keçmişin dəyərlərini müasir həyatına gətirəndə onun həyatı dolğunlaşır. Xalqının tarixində baş vermiş hadisələrlə, bu hadisələrin əsas qəhrəmanları ilə, onların formalaşdırdıqları mədəniyyətlə vəhdətdə insan özü də bu tarixin bir parçasına çevrilir. Və insanın o irsə yeni töhfələr vermək barədə düşündüyü andan o tarixin davamı başlanır.

 

Hüseynbala Mirələmovun “İki Şah, iki Sultan” trilogiyası da bu kitabları oxumalı olan hər bir soydaşımıza keçmişin izi ilə gələcəyə yol göstərən bələdçidir...

 

Tarixi keçmişimizin bu sanballı bədii salnaməsi ilə tanış olmaq həm də Vətən savaşının möhtəşəm zəfərinin təəssüratlarını daha dolğun və müfəssəl duymağa imkan yaradır.

 

 

 

Nizami CƏFƏROV,

 

akademik, Milli Məclisin deputatı

 

 

Azərbaycan. - 2021.-12 fevral.- S.8.