Böyük
Zəfər bizi yeni nailiyyətlərə ruhlandırır
2020-ci
il dövlətçilik tariximizə qızıl hərflərlə
yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
şanlı Ordumuz işğalçı Ermənistan üzərində
möhtəşəm Qələbə qazanaraq,
xalqımızın 30 illik həsrətinə son qoyaraq, bizi
tarixi yurd yerlərimizə qovuşdurdu.
Torpaqlarımızın
işğaldan azad edilməsi ədalətin təntənəsi,
eyni zamanda hər bir azərbaycanlı üçün
qürur mənbəyi oldu. Azərbaycan
gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin,
milli iradə və əzmkarlığın sayəsində
özünün ərazi bütövlüyünü və
suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını
aldı. Prezident İlham Əliyev rəşadətli Ordumuzun
Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə
hərbi əməliyyatında - Vətən müharibəsində
Qələbəmizi belə qiymətləndirib: “Azərbaycan
tarixdə heç vaxt belə parlaq Zəfər əldə
etməmişdir, tarixdə heç vaxt indiki qədər
güclü olmamışdır. Bizim gücümüz
birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq
nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş
etdirmişik və bunun nəticəsində dəmir yumruqla
düşmənin başını əzib öz doğma
torpaqlarımızı azad etmişik”.
Ölkəmizdə
ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulmuşdur. Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışı ölkədə
ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda
peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə
olunan Silahlı Qüvvələrin
formalaşdırılmasına şərait yaratdı,
qısa müddətdə güclü ordu yaradıldı.
Prezident İlham Əliyevin Azərbaycan
Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin
müdafiə qüdrətinin artırılması istiqamətində
ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində hərb quruculuğu sahəsində
ciddi nailiyyətlər əldə olundu, ordu müasir hərbi
texnika
və silahlarla təmin edildi. Bu sahəyə
xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan
Ordusunun dünyanın 50 ən güclü ordusu
siyahısında yer tutmasını şərtləndirdi. 13
fevral 2012-ci il tarixdə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaradılması da bu islahatların tərkib
hissəsi idi. Bu istiqamətdə həyata keçirilən
bütün tədbirlər isə böyük Qələbəyə
aparan yolda mühüm amilə çevrildi.
2020-ci ilin 44 günlük Vətən
müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin
qüdrətini, gücünü bir daha dünyaya
nümayiş etdirdi. İyul ayında Ermənistan ordusunun
Tovuz rayonu istiqamətində Azərbaycan Respublikasının
dövlət sərhədində törətdiyi növbəti
təxribat,
atəşkəsi pozması və hücum cəhdi
xalqımızın səbr kasasını yenidən
daşdırdı. Azərbaycan Ordusu Müzəffər Ali
Baş Komandanın rəhbərliyi altında düşmənə
sarsıdıcı zərbə vurdu.
Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında baş verən hadisələri ətraflı
təhlil etdi, Ermənistanın hücum cəhdinin
arxasında duran motivləri açıqladı. Ali Baş Komandan həmin
iclasda Azərbaycanın ərazi bütövlüyü
uğrunda döyüşlərdə könüllü olaraq
iştirak etmək istəyən gəncləri Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə müraciət etməyə
çağırdı. Bu çağırışdan
sonra Vətənin müdafiəsini qanunla müəyyən
edilmiş vəzifədən əlavə özünə mənəvi
borc bilən minlərlə vətəndaşımız
yüksək vətənpərvərlik nümayiş etdirdi,
könüllü kimi qeydiyyata düşmək
üçün Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələrinə
müraciət etdi. Çoxsaylı vətəndaş
müraciətlərinin qeydiyyatının operativliyinin təmin
olunması üçün Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəsmi internet səhifəsində 2020-ci il iyulun 17-dən yeni elektron xidmət istifadəyə
verildi və könüllü olaraq orduda xidmət etmək istəyən
vətəndaşlar öz müraciətlərini saytda
müvafiq keçid vasitəsilə elektron qaydada həyata
keçirdilər.
Balakən
regional “ASAN xidmət” mərkəzinin
açılışı zamanı ASAN könüllüləri
ilə görüşən Prezident İlham Əliyev qısa
müddətdə minlərlə vətəndaşın
SHXÇDX-ə könüllü kimi müraciət etməsini
nəzərə çatdırmış və gənclərin
vətənpərvərliyini yüksək qiymətləndirmişdir:
“Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli
cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə
görə Qələbənin qazanılması cəmiyyətdə
ruh yüksəkliyini daha da artırdı. Yenə
də ön sıralarda gənclər olub. Mən bu
ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ
ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə
keçməmiş 50 mindən çox Azərbaycan gənci
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
üz tutdu və özlərini könüllü olaraq Vətəni
qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox
insan. Mən demişəm ki, Azərbaycan
Ordusu tam komplektləşdirilib və bu gün əlavə
canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq
əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata
alınmış 50 mindən çox insan Vətən
uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”.
İşğalçı Ermənistan sülh prosesini məqsədyönlü
şəkildə pozmağa davam edirdi. Prezident İlham Əliyev
sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci
sessiyasındakı çıxışında Ermənistanın
Azərbaycana qarşı yeni müharibəyə
hazırlaşdığı barədə xəbərdarlıq
etdi. 2020-ci il sentyabrın 27-də isə
Ermənistanın silahlı qüvvələri beynəlxalq
hüquq normalarını yenidən kobud surətdə pozaraq
Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə
başladı, yaşayış məntəqələrini, hərbi
mövqeləri bir neçə istiqamətdən atəşə
tutdu. Bu hücumların qarşısının
alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum
əməliyyatlarına başladı, xalq müqəddəs
Vətən müharibəsinə qalxdı, artıq
döyüşlərin ilk saatlarında düşmən geri
çəkilməyə məcbur edildi. Prezident,
Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də xalqa
müraciətində Azərbaycan Ordusunun düşmənə
ağır zərbə vurduğunu bildirdi. “Biz haqq yolundayıq. Bizim
işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!” ifadəsi ilə
çıxışını bitirən Ali Baş Komandan
torpaqlarımızın azad ediləcəyinə, 30 ildən
çox davam edən işğala son qoyulacağına əminliyini
ifadə etdi.
Sentyabrın
27-də Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi
haqqında” fərman, sentyabrın 28-də isə “Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi
haqqında” sərəncam imzaladı. Mövcud
vəziyyətlə əlaqədar Prezidentin müvafiq fərman
və sərəncamına əsasən, ölkə ərazisində
qismən səfərbərlik elan edildi və Azərbaycan
Respublikasının Silahlı Qüvvələri müharibə
dövrü üçün müəyyən edilmiş təşkilati-ştat
strukturuna keçirildi.
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
də həmin sərəncamın tələblərinə və
təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin
səfərbərlik üzrə hərbi xidmətə
çağırılması və hərbi-nəqliyyat vəzifəsindən
irəli gələn tədbirləri həyata keçirdi. Vətən müharibəsi zamanı Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti tərəfindən
ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər
- əsgərlər, matroslar, çavuşlar, gizirlər və
miçmanların 35 yaş, zabitlərin isə hərbi
rütbəsindən asılı olaraq 50 və daha yuxarı
yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə
cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri
əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri
ilə təmin edilməsi müvəffəqiyyətlə icra
olundu.
Çətin, lakin şərəfli 44 gündə səfərbərlik
üzrə hərbi xidmətə
çağırılmış və hərbi hissələrə
təhkim edilmiş hərbi vəzifəlilər
çağırış vərəqəsində və sərəncamlarda
göstərilmiş tələblərə ciddi riayət
etmiş və təyin olunmuş yerə müəyyən
edilmiş vaxtda gəlmişlər.
Azərbaycanın qazandığı Qələbə,
xüsusilə Şuşanın düşmən əsarətindən
azad edilməsi müharibənin taleyində həlledici rol
oynadı. Şuşanın azad
edildiyi gün -
8 noyabr dövlətçilik tariximizə qızıl hərflərlə
yazıldı. Azərbaycan,
Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən
2020-ci il noyabrın 10-da üçtərəfli
bəyanatın imzalanması ilə münaqişə başa
çatdı. Ermənistanın öz məğlubiyyətini
etiraf etməsi və kapitulyasiya aktına imza atması Azərbaycanın
Vətən müharibəsində tam qələbə
qazanması, Qarabağ müharibəsində itirilmiş
torpaqlarımızın düşmən tapdağından azad
edilməsi ilə nəticələndi. Prezident, Ali
Baş Komandan İlham Əliyev aydın şəkildə
bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək:
“Biz bir neçə rayonu döyüş meydanında
düşməndən azad etdik, üç rayonu düşməni
məcbur edərək qaytardıq və beləliklə,
Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ
münaqişəsi yoxdur. Əgər kimsə
hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv
edir”.
Beləliklə, Azərbaycan xalqı düşmən
üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq
salnaməsi yazdı və qalib xalq olduğunu bütün
dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti və dəmir iradəsi, Silahlı
Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin
igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü
tarixi Qələbəni təmin edən mühüm amillər
oldu. Ötən il dekabrın 10-da
Bakıda keçirilən Zəfər paradı Azərbaycan
dövlətinin hərbi qüdrətinin, xalqımızın
qələbə əzminin təntənəli nümayişi
idi.
Azərbaycanın tolerant və multikultural dəyərlərə
malik ölkə olduğu, burada bütün xalqların dostluq
və əmin-amanlıq şəraitində
yaşadığı da artıq çoxdan dünyaya məlumdur. Təsadüfi deyil ki, cənab Prezident dəmir
yumruğun gücünü və xalqın birliyini belə
xarakterizə edib: “Bu günlərdə dəfələrlə
Azərbaycan xalqına müraciət edərək düşmənə
yumruq göstərmişdim. Demişdim ki, bu
yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin
başını əzirik və əzəcəyik. Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib.
Həmişə belə olub və bu birlik əbədi
olacaq. Bu birlik bizə gələcəkdə
də bütün vəzifələri icra etmək
üçün imkan yaradacaq!”
Prezident İlham Əliyevin müvafiq sərəncamına
əsasən, Vətən müharibəsində
qazanılmış Böyük Qələbənin əbədiləşdirilməsi
məqsədilə Zəfər Günü təsis olunub. 44 günlük Vətən
müharibəsində misilsiz qəhrəmanlıq və
şücaət göstərən, torpaqlarımızı
canı-qanı bahasına işğaldan azad edən şəhidlərimiz
heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin şəhidlərimizin
əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Bakı şəhərində “Vətən müharibəsi”
memorial kompleksinin və Zəfər muzeyinin yaradılması
haqqında Sərəncamı, həmçinin
yaralananların və şəhid ailələrinin təminatına
dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması
barədə fərmanı şəhidlərə, qazilərə
və onların ailələrinə xüsusi diqqətin
göstəricisidir.
SHXÇDX də hər bir şəhidimizin xatirəsini
əziz tutur, onların ailəsinə xüsusi ehtiram və
qayğı ilə yanaşır. Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ərəfəsində xidmət əməkdaşları
mindən çox şəhid ailəsini ziyarət edib, onlara
mənəvi dəstək olub.
Artıq Böyük Qayıdış reallaşır. Bu Qayıdışın da
memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir. İnanırıq ki, dövlət
başçısının rəhbərliyi altında
işğaldan azad edilmiş bütün ərazilərdə
dayanıqlı və davamlı iqtisadi fəallıq, bölgələrdə
sosial infrastrukturun yaradılması, sənaye və kənd təsərrüfatı
müəssisələrinin, müxtəlif təyinatlı
obyektlərin inşası, habelə əhalinin mənzil-məişət
məsələlərinin həlli qısa müddətdə
təmin ediləcək. Yaradılmasından 9 il keçən Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin işğaldan azad edilmiş rayonlar üzrə
yerli strukturları da öz fəaliyyətlərini
Böyük Qayıdışın tərkib hissəsi olaraq bərpa
edəcək, vətəndaşlarımıza ləyaqətlə
xidmət göstərəcəkdir.
Füzuli İSMAYILOV,
Əməkdar jurnalist, tarix elmləri
üzrə fəlsəfə doktoru
Azərbaycan. - 2021.- 12 fevral.- S.9.