Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur

 

 

 

İlham Əliyev bu istiqamətdəki prioritetləri müəyyənləşdirdi

 

 

 

Düşünülmüş  siyasətin yeni təzahürü

 

 

 

Prezident  İlham Əliyev  Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən  düşünülmüş, davamlı və uzaqgörən  siyasət yürüdüb.

 

Məhz bu siyasət tarixinin ən qüdrətli Azərbaycanının  yaranmasına,  Vətən müharibəsində Ermənistanın darmadağın edilərək təsliminə, şanlı zəfər sayəsində  ərazilərimizin  işğaldan azad edilməsinə  səbəb oldu!

 

Prezident  İlham Əliyev  ölkəmizin bu günü, sabahı və gələcəyi ilə bağlı  görüləcək işləri  müəyyənləşdirərək nəyi, nə vaxt və necə etməyi də  hamıdan yaxşı bilən və həyata keçirəndir!

 

Biz bunun  müstəqil dövlətin inkişafı,  müharibəyə hazırlıq və hərbi əməliyyatların gedişində atılan addımların ardıcıllığı sayəsində  şahidi olduq!

 

Artıq Vətən müharibəsi  şanlı qələbə ilə başa çatıb, erməni faşistləri torpaqlarımızdan qovulub!

 

Onlardan bizə dağıdılmış kənd və şəhərlər, viran qoyulmuş  yaşayış məntəqələri qalıb.

 

Dəmir yumruğu daim hazır vəziyyətdə saxlayan Azərbaycan  indi  Qarabağın  dirçəldilməsi, ölkənin gələcək inkişafı ilə bağlı məsələlərin həlli ilə məşğuldur.

 

Bu məqamda da nəyi, nə vaxt və necə etməyi cənab İlham Əliyev müəyyənləşdirdi!

 

Dövlət başçısının  2 fevral 2021-ci ildə imzaladığı “Azərbaycan  2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin  təsdiq edilməsi haqqında”  Sərəncam,  əslində, ölkəmizin növbəti  on ildə görəcəyi nəhəng işlərin yığcam ifadəsidir.

 

 

 

YENİ  STRATEJİ  DÖVR

 

 

 

2020-ci il dünya üçün çox uğursuz il oldu!

 

COVID-19-un  gətirdiyi bəlalar təkcə insanların sağlamlığına ciddi zərbə vurması, bir çoxlarının həyatına son qoyması ilə nəticələnmədi.

 

Dövlətlər pandemiyanın xüsusi rejiminə uyğun olaraq sərhədlərini bağlayıb özlərinə qapandılar, iqtisadi əlaqələr son dərəcə zəiflədi, turizm və xidmət sektoru iflic vəziyyətinə düşdü, hər bir dövlətdə, bütünlükdə dünya üzrə ümumi daxili məhsul istehsalı ciddi şəkildə aşağı düşdü.

 

Dünyanın  bir parçası olan Azərbaycanda  da iqtisadi zəifləmə müşahidə olundu.

 

Lakin  ümumi  daxili məhsul istehsalı başqa ölkələrlə müqayisədə nisbətən az miqdarda azalsa da, qeyri-neft sektorunda  əksi baş verdi, yüksəliş 12,5 faiz oldu!

 

Bu hələ hamısı deyil!

 

Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə böyük  Zəfərin qazanılması,  əslində, 2020-ci ili Azərbaycan  xalqı və dövləti üçün ən uğurlu ilə, möhtəşəm  qələbə ilinə çevirdi!

 

Bəli, dünya üçün  nəhs il  Azərbaycan üçün  tarixi Zəfər ili oldu!

 

Üstəlik,  Azərbaycan irəlicədən görülən tədbirlər və düzgün qurulan mübarizə sayəsində  pandemiya dövrünü də  müvəffəqiyyətlə keçirməkdədir.

 

İndi Azərbaycan yeni strateji dövrə qədəm qoyur!

 

Qələbəmizi möhkəmləndirən, iqtisadiyyatımızı daha da gücləndirəcək və xalqımızın sosial  rifahını yeni səviyyəyə qaldıracaq  məsul dövrə!

 

COVID-19 pandemiyasından və Vətən müharibəsindən  uğurlu çıxış  yeni dövrün vəzifələrinin də yüksək səviyyədə icrasına möhkəm əsaslar yaradır.

 

 

 

HƏDƏFDƏ YENƏ DƏ AZƏRBAYCAN VƏTƏNDAŞININ YÜKSƏK RİFAHIDIR

 

 

 

Prezidentliyə başladığı ilk gündən “Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın” bəyanatını verən cənab İlham Əliyev fəaliyyəti dövründə  daim vədinə əməl etmişdir.

 

Məcburi köçkünlər çadır şəhərciyindən müasir yaşayış komplekslərinə çıxarılmış, regionlara daimi elektrik enerjisi və  təbii qaz verilməsi nizama salınmış,  yeni yol  infrastrukturu  yaradılmış, yoxsulluq və işsizlik minimum həddə  endirilmiş, əməkhaqqı  dönə-dönə  artırılmışdır.

 

Pandemiya dövründə bir sıra sahələrin fəaliyyəti müəyyən  müddətə  məhdudlaşdırıldı, hətta  işini müvəqqəti dayandıran sahibkarlar da oldu. Belə  çətin məqamda  dövlət öz vətəndaşını yalqız qoymadı, birbaşa yardımlar olundu, sahibkarlara kömək göstərildi.  Əlbəttə, bütün bunlar irəlicədən bilinməyən, nəzərdə tutulmayan ödəmələr idi.  Lakin cənab İlham Əliyev sözünə  sadiq   qaldı, daim Azərbaycan vətəndaşının yanında olduğunu növbəti dəfə də sübut etdi.

 

Azərbaycan 27 ildir ki, işğalda qalan torpaqlarını  erməni faşistlərindən  azad etmək üçün  Vətən müharibəsinə  başlamalı oldu.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük müharibə böyük zəfərlə  başa çatdı.

 

Ölkəmizin ərazi bütövlüyü bərpa edildi, torpaqlarımız  murdar düşmənlərdən təmizləndi. Şəhid və yaralılarımız da oldu.  Dövlət hər bir şəhid ailəsinin,  müharibə   iştirakçısının sosial ehtiyaclarının ödənilməsi, sağlamlığının bərpa edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və təsirli tədbirlər görür.

 

Dövlət başçısı tərəfindən qəbul edilən qərarlar, imzalanan sənədlər sübut edir ki,  bu qayğı davamlı və uzunmüddətlidir. Bundan sonrakı illərdə də  daimi olaraq dövlət büdcəsində  nəzərə alınacaqdır.

 

COVID-19 pandemiyası davam edir, hələ onun nə qədər çəkəcəyi bilinmir. Ordu quruculuğuna, müharibəyə hazırlığa, habelə hərbi əməliyyatlara   xeyli vəsait sərf edən dövlətimiz  daim ordunu  gücləndirməli, dəmir yumruğu hazır vəziyyətdə saxlamalıdır!

 

Daim düşünülmüş və uzaqgörən siyasət yürüdən,  ölkənin perspektiv inkişafı ilə cari məsələləri uğurla əlaqələndirən cənab İlham Əliyev  artıq hədəfə 2030-cu ilədək görüləcək işləri gətirmişdir.  Mərkəzində xalqın sosial rifahının daha da yüksəldilməsi dayanan həmin hədəfin prioritet istiqamətləri də  Prezidentimiz tərəfindən  dəqiqləşdirilmiş və açıqlanmışdır.

 

 

 

DƏYİŞMƏZ VƏ TƏZƏ PRİORİTETLƏR

 

 

 

Azərbaycan davamlı və ardıcıl islahatlar yolu ilə irəliləyir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə növbəti illərdə  sistemli və davamlı islahatlara  yeni imkanlar yaradır.  2021-2030-cu illəri əhatə edən inkişaf prioritetləri  bir cümlə ilə  belə ifadə oluna bilər:  Azərbaycan  dövlətinin qüdrətinin  daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın  təmini!

 

Müstəqil Azərbaycan  dövlətinin inkişafının və qüdrətlənməsinin  dəyişməz prioritetləri barədə çox deyilib və yazılıb. Yuxarıda onları bir daha xatırlatdıq.

 

Lakin zaman da  yerində dayanmır, daim dəyişir, yeni çalarlar kəsb edir.

 

Üstəlik 44 günlük Vətən müharibəsi təkcə Azərbaycan üçün deyil,  bütövlükdə Cənubi Qafqaz üçün  yeni reallıqlar yaratmış,  yeni imkanlar qapısı açmışdır.

 

Azərbaycan və onun qonşuları, dostları bu imkandan yetərincə bəhrələnə bilərlər!

 

Əgər Ermənistan rəhbərliyinin ağlı  başına qayıtsa və onlar revanşist niyyətlərdən əl çəksələr, həm dövlətlərini iflasdan qurtarar, həm də  yeni şəraitdən faydalana bilərlər.

 

Əlbəttə, yeni imkanlardan kimin nə qazanacağını gələcək göstərəcəkdir!

 

Azərbaycan isə öz yolu ilə, öz prinsipləri əsasında zəfər yürüşünü davam etdirməkdədir!

 

Həm də onun  bu yürüşü adi yürüş deyil!

 

Region iqtisadiyyatının ümumi arxitekturasının  dəyişməsinə həlledici  təsir göstərən bir yürüşdür!

 

Sosialyönümlü  bazar iqtisadiyyatının inkişafına xidmət edəcək bu dəyişikliklər işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi  iqtisadiyyatına  reinteqrasiyasına da güclü təkan verəcəkdir.

 

Prioritetlərin  müəyyənləşdirilməsində təkcə istək, arzu və mövcud  imkanlar deyil, müasir dünyada gedən proseslər də nəzərə alınmışdır.

 

Diqqətlə nəzər saldıqda prioritetlərin hər birinin bir çox məqamları özündə ehtiva etdiyini görürük.

 

***

 

Dayanıqlı  artan rəqabətqabiliyyətli  iqtisadiyyat  Azərbaycanın fəth etdiyi yüksəkliklərdəndir.  Dünyanın tanınmış  qurumlarının illik hesabatlarında  hər il tutduğumuz yer, sahib olduğumuz reytinq   bunun əyani və faktiki  təsdiqidir.  Əvvəlcə Azərbaycanın uğurlu yeni neft  strategiyası, ardınca reallaşdırdığı transmilli layihələr, yaratdığı Şərq-Qərb və Şimal-Cənub  nəqliyyat dəhlizləri və logistika mərkəzləri, daha sonra qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa verilən  sistemli dövlət dəstəyi dayanıqlı inkişafı təmin etdi.

 

Ölkəmizin tətbiq etdiyi yeni, müasir texnologiyalar  dünya bazarına çıxarılan məhsulları  rəqabətqabiliyyətliliyin təmini tələblərinə daim  cavab verir. Azərbaycan  yeganə ölkələrdəndir ki, müstəqillik dövründə  ÜDM istehsalını  3 dəfə  artırmışdır. İqtisadiyyatın daim  şaxələndirilməsi onun  dayanıqlığına xidmət edən amillərdəndir. Gizli iqtisadiyyatın  minimuma endirilməsi, dövlət sektorunda şəffaflığın daha da artırılması, makroiqtisadi sabitliyin  qorunması xüsusi diqqət yetirilən məsələlərdəndir.

 

Qarşıdakı  10 il üçün müəyyən olunan prioritetlərdə  bu sahədə görüləcək çoxsaylı işlər də dəqiq müəyyənləşdirilmişdir.

 

Dinamik, inklüziv  və sosial  ədalətə əsaslanan cəmiyyət quruculuğu  başlıca hədəf kimi  qalmaqdadır.  Azərbaycan  ilbəil  inkişaf etdikcə,  iqtisadi imkanları artdıqca, bunun doğurduğu nəticələri  hər bir vətəndaşımız  öz həyatında hiss edir. Regionların  sosial-iqtisadi inkişafına xidmət edən dövlət  proqramlarının  qəbulu və uğurlu  icrası ölkə paytaxtından uzaqda yerləşən  yaşayış məntəqələrində də  həyat səviyyəsinin daim yüksəlməsinin təminatçısına çevrilmişdir. Dövlət başçısının imzaladığı sərəncamlar, qəbul etdiyi sosial  paketlər əməkhaqlarının sistemli artımını təmin edir, əhalinin bütün qrupları dövlətin yüksələn iqtisadi imkanlarından daim bəhrələnirlər.

 

Azərbaycan nadir ölkələrdəndir ki, burada dövlət hesabına tikilərək təmir olunan mənzillər və evlər, minik avtomobilləri  əlillərə və şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, hətta jurnalistlərə pulsuz verilir.

 

Ünvanlı sosial yardımlar və digər layihələr dövlətin çətinlikdə olan  vətəndaşına sosial dayağının yeni formasıdır.

 

Belə tədbirlərin artırılması yeni prioritetlər sırasında yer almaqdadır.

 

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı hesab olunan ölkəmiz növbəti on ildə də bu istiqamətə sadiq qalacaqdır. Dünya texnoloji inqilablar dövründədir.  Dərin rəqəmsallaşma, yeni texnologiyaların dərindən tətbiqi olmadan dövrün tələblərilə ayaqlaşmaq çətindir. Şübhəsiz bu məqamda insan amili həlledici sayılır.

 

Azərbaycan daim hadisələri qabaqlamağı bacarıb. Cənab İlham Əliyevin illər öncə irəli sürdüyü “Neft kapitalını insan kapitalına  çevirmək”  çağırışı real həyatda  öz yerini tutub. Artıq minlərlə gənc ölkə daxilində, habelə dövlət vəsaiti hesabına dünyanın ən qabaqcıl ölkələrindəki  tanınmış təhsil ocaqlarında oxuyaraq vətənə dönmüşdür.

 

Müxtəlif sahələrdə çalışan belə mütəxəssislərin  ölkə iqtisadiyyatına  gətirdikləri yeni ab-hava duyulmaqdadır və prosesin davamlılığının vacibliyini də göstərir.

 

İşğaldan azad olunmuş ərazilərə qayıdış  günümüzün  ən aktual hədəfidir. Dövlət başçısı  İlham Əliyev də bunu gündəlik fəaliyyətinin  prioritetinə çevirmişdir. Xalqımızın ən böyük arzusunu gerçəkləşdirən Prezidentimiz  onun  istəyinin yeni mərhələsinin icrasının ardıcıllığını da dəqiq müəyyənləşdirib. Qarabağa qayıdış təkcə bu bölgəyə irihəcmli investisiya  yatırılması deyil, həm də  oradakı imkanlardan ölkə iqtisadiyyatının  yararlanması anlamındadır. Belə ki, Qarabağ  ərazisində 250 min hektardan çox məhsuldar torpaq var. İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda  istehsal edilən kənd təsərrüfatı  məhsullarının  35-40 faizini təşkil edirdi. Suvarma suyu ehtiyatlarının müəyyən hissəsi, habelə mineral su  ehtiyatlarının  40 faizə qədəri  bu ərazidə yerləşir.

 

Növbəti on ildə Qarabağın dirçəldilərək  cənnətə çevrilməsi və onun potensialının ölkə iqtisadiyyatına  yönəldilməsi  əsas prioritet məsələdir.

 

Təmiz  ətraf  mühit və “yaşıl artım” ölkəsinə  çevrilmək dünyada yaşayanların hamısının arzusudur.

 

Dünya dövlətlərinin  böyük əksəriyyəti ekoloji  problemlərin həllinə daha çox diqqət ayırmaqdadır. Səbəb  isə eynidir: insanın təbiətə vurduğu zərbələr indi  özünə  doğru qayıdır. Təbiət öz  “qisasını”  başqa  formada alır və insanlar yol  verdikləri   yanlışlıqların bədəlini  ödəməkdədirlər.

 

Uzun illərdir ki, Prezident İlham Əliyevin  tapşırığı  ilə, o cümlədən Birinci  vitse-prezident Mehriban xanımın rəhbərliyi altında ölkəmizdə yaşıllıqların qorunması, yeni  yaşıllıq sahələrinin  və meşə  zolaqlarının salınması sahəsində ardıcıl iş gedir.

 

Erməni faşistləri işğal etdikləri ərazilərdə həm  də “yaşıl soyqırımı” törətmişlər. Bir neçə yüz il  yaşı olan  çinarlıqlar, qiymətli ağacların bitdiyi meşələr məhv edilmiş,  oduncağa çevrilərək satılıb sovrulmuşdur. Şübhəsiz, bunun da  hesabı çəkiləcəkdir və dövlət başçısı zəruri  tapşırıqlarını vermişdir.

 

Böyük qayıdış  proqramında  meşələrin  bərpa edilməsi, ekoloji  vəziyyətin  sağaldılması da xüsusi yer tutur.

 

Azərbaycan dəfələrlə  uzaqmənzilli, aydın hədəfli səfərlərə çıxıb.

 

Hər dəfə ümidi imkanından çox olub.

 

İndi isə geniş imkan, güclü əl və həm də böyük təcrübə sahibidir!

 

Güclü iqtisadiyyatı, zəfər müharibəsindən doğan  böyük ruh yüksəkliyi, milli  həmrəyliyi olan müstəqil dövlətimiz  yeni hədəflərə də uğurla çatacaqdır!

 

Çünki onun İlham Əliyev kimi qətiyyətli rəhbəri, düşmən niyyətləri məhv edən Müzəffər Ali Baş Komandanı və milli maraqları hər şeydən uca tutan Prezidenti vardır!

 

 

 

Bəxtiyar  SADIQOV

 

Azərbaycan. - 2021.- 13 fevral.-  S.1; 3.