Ermənistanda hərbçilər
ayağa qalxdı
Onlar yenidən müharibə başlayarsa,
Qarabağda bir daha döyüşməyəcəklərini
deyirlər
Müharibədəki məğlubiyyətdən sonra
Ermənistanda baş qaldıran dərin siyasi-ictimai böhran hər keçən gün özünü daha qabarıq şəkildə büruzə
verməkdədir.
Digər tərəfdən, getdikcə
daha da ağırlaşan
sosial-iqtisadi durum bütün sahələrə
sirayət etməkdədir.
Ermənistanda insanları narazı salan problemlərin sırasına
son vaxtlarda biri də əlavə olunub. Söhbət
məğlub ordunun əsgərlərinə fərarilik
ittihamı ilə bağlı cinayət işlərinin açılmasıdır.
Belə ki, Ermənistan hüquq mühafizə orqanları
44 günlük Qarabağ
müharibəsində döyüş
meydanından qaçan
10 mindən çox hərbçi barədə
fərarilik ittihamı
ilə cinayət işi qaldırıb və onların dindirilməsinə başlayıb.
“Joxovurd” qəzeti yazır ki, müharibə
zamanı döyüş
mövqelərini özbaşına
tərk edən və ya qaçan
əsgərlər bu günlərdə dindirilməyə
çağırılır. Bununla belə, onların barəsində həbs qərarı çıxarmaq
müstəntiqlər üçün
çətindir. Onlar verdikləri
ifadələrində deyirlər
ki, müharibəyə
yollananda döyüşməyə
hazır idilər.
Amma göydən od yağdığı,
dostlarının göz
önündə yanıb
kül olduğu bir vaxtda qaçmaqdan
başqa yolları qalmırdı. “Bizim
başqa yolumuz yox idi, qaçmağa
məcbur idik. Nə etməliydik? Ölməli idik?”- deyə
onlar bildirirlər. Fərari erməni hərbçilərinin əksəriyyətinin
ifadəsi bu məzmundadır.
Onu da qeyd
edək ki, müharibə vaxtı Ermənistan
ordusunun əsgər və zabitləri arasında çox böyük uçurumun olduğu da üzə çıxıb. Ümumiyyətlə, Ermənistanda zabitlərin
əsgərlərə qarşı
davranışlarının nizamnamədən uzaq olması məlum idi. Məhz buna görə
də qeyri-döyüş
şəraitində ölən
erməni əsgərlərinin
sayı-hesabı yoxdur.
“4rd.am” saytı yazır ki, İkinci Qarabağ müharibəsində döyüşlərin
birində zabitlərin
nizamnamədən kənar
davranışına dözməyən
əsgərlər qiyam
qaldırıblar. Bunun səbəbi
hərbi hissənin Karamanyan familiyalı zabitinin əsgərlərdən
birini təhqir etməsi olub. Yüzlərlə əsgər onun
müdafiəsinə qalxıb
və döyüş
bölgəsini özbaşına
tərk ediblər.
Yolda onları komandir saxlayıb və dilə tutaraq geri qaytara bilib.
Lakin daha sonra zabitlər
döyüşdən imtina
edən əsgərləri
sıraya düzərək
onların arasından
15 nəfərini seçiblər.
Hərbi
formalarını cırıblar,
silahlarını əllərindən
alaraq alçaldıblar.
Əsgərlərin isə fərarilik
etməkdən başqa
şansları qalmayıb.
Adı gizli saxlanılan fərari erməni hərbçilərdən biri
qeyd edib ki, hakimiyyət müharibədə əsgər
ölümlərinin qarşısını
almaq üçün
tədbir görmək
əvəzinə yeni
ölümlərə şərait
yaratdı: “Hansı əsaslarla biz hərbçiləri
Qarabağı qorumağa
aparırlar və niyə orada öldürürlər? Bizim ora
aparılmağımız tamamilə
qanunsuzdu”.
Bu ifadələri dinləyən
müstəntiqlər isə
çıxılmaz vəziyyətdə
qalıblar və hansı qərar çıxarmalı olduqlarını
bilmirlər. Ona görə də
barələrində cinayət
işi qaldırılmış
10 mindən çox hərbçinin taleyi ilə bağlı hansısa qərarın qəbul ediləcəyi hələ aydın deyil.
Bu arada Ermənistan
ordusu barədə daha bir biabırçı
fakt ictimailəşib. Məlum olub ki, müharibədən əvvəl
hərbi xidmətə
göndərilənlər üçün
formanı onların valideynləri alırmış.
Və bu zaman imkanı
yaxşı olan valideynlər övladlarına
daha yaxşı, keyfiyyətli forma alıb göndərirmişlər. Xatırladaq ki, Ermənistan ordusunda təchizatın bərbad durumda olduğu, hərbi formaların çatışmadığı barədə
faktlar əvvəldən
də məlum idi. Elə Nikol Paşinyan
da demişdi ki, Qarabağda xidmət edən oğlu tez-tez evə zəng vurub yemək istəyir. Çünki hərbi hissədə
verilən yeməkləri
yemək mümkün
deyildi.
Ermənistan ordusunun biabırçı durumda
olduğunu göstərən
olayların sayı kifayət qədər çoxdur. Bununla bağlı erməni
mediası daha bir məqama nəzər salaraq bildirir ki, hərbi
hissələrdən birində
müharibə vaxtı
böyük oğurluğun
üstü açılıb.
İstintaq komitəsinin araşdırmaları
nəticəsində məlum
olub ki, müəyyən müddət
ərzində hərbi
hissəyə göndərilən
əşyalar və tikinti materialları oğurlanıb. Oğurluğu həyata keçirməkdə
ittiham olunan hərbi hissənin anbar rəisi Artaşes Ayvazyan məhkəmənin qərarı
ilə nəzarətə
götürülüb.
“İravunk” qəzeti yazır ki, 44 günlük müharibə
müddətində orduda
qanun pozuntularının
baş alıb getdiyinin növbəti dəfə şahidi olublar: “Ölkəmizin hərbi-siyasi rəhbərliyi
nə edəcəyini
bilmir. Vahid mövqe, bitkin
siyasi xətt yoxdur. Ermənistan hakimiyyəti indi
ordu ilə bağlı nöqsanlarını
və uğursuz qərarlarını pərdələməyə,
zahirən nikbin açıqlamalarla ört-basdır
etməyə çalışır.
Bunun nəticəsidir ki, 44 günlük müharibədəki
məğlubiyyət ölkəmizin
və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini
göstərdi. Suallar çoxdur,
amma Paşinyan hakimiyyəti bu sualların hələ ki heç birinə
cavab verməyib”.
Paşinyan da Qarabağdakı 44
günlük müharibənin
səbəbləri və
şərtləri ilə
əlaqəli faktları
toplamaq üçün
komissiya yaradılması
ilə bağlı sualı cavablandırıb. Komissiyanın yaradılması təşəbbüsü “Parlaq
Ermənistan” Partiyasının
lideri və eyniadlı parlament fraksiyasının rəhbəri
Edmon Marukyan tərəfindən irəli
sürülüb. Paşinyan isə
bildirib ki, Marukyan bu mövzunu
müzakirə etmək
üçün dəvət
olunub, ancaq gəlməyib. Onun sözlərinə
görə, Qarabağ
müharibəsi ilə
bağlı bu və ya digər
şəkildə mindən
çox cinayət işi başlanıb.
Bütün bunlar bir
daha erməni ordusunda hansı əhvali-ruhiyyənin hökm
sürdüyünü aydın
nümayiş etdirir. Bəli, müharibə cinayətkarlarının,
hərbi quldurların
qurduğu ordu başqa cür ola da bilməzdi.
Həmin
işğalçı ordunu
isə ən layiqli şəkildə Azərbaycan Ordusu cəzalandırdı.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2021.- 13 fevral.- S.1; 7.