Ölkəmizdə qadınların
savadlılıq səviyyəsi
yüksəkdir
Birinci vitse-prezident Mehriban ƏLİYEVA: “Qadınlar
ölkəmizdə ali
təhsil ocaqlarında
magistrlərin 54, fəlsəfə
doktorlarının 51, elmlər
doktorlarının 46 və
elmi tədqiqatçıların
56 faizini təşkil
edir”
Zəkası, müdrikliyi, sədaqəti
ilə hər zaman xalqımızın adını uca tutan Azərbaycan qadını cəmiyyətimizin
ən aparıcı qüvvəsinə çevrilib.
Dünya elm və mədəniyyəti
xəzinəsinə nadir
incilər bəxş
etmiş xalqımızın
mənəvi dəyərlərinin
formalaşmasında və
inkişafında qadınlarımızın
böyük rolu olub. Bu gün
də həmin tendensiya davam etməkdədir. Azərbaycan
qadınları tariximizin
bütün dövrlərində
xalqımızın taleyüklü
məsələlərinin həll
edilməsinə öz
sanballı töhfələrini
veriblər. Onların
bir çoxunun adları və xidmətləri
qədim tariximizin səhifələrini zənginləşdirib.
Bu gün
Azərbaycanda savadlılıq
səviyyəsi çox
yüksəkdir. Burada
qadınlarımızın və qızlarımızın
payına düşən
rəqəmlər də
ürəkaçandır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə
doktorlarının 51, elmlər
doktoru dərəcəsinə
malik olanların 46 və elmi tədqiqatçıların
56 faizini təşkil
edirsə, demək, xalq təsərrüfatının
inkişafında da zəriflərimizin zehni əməyi yüksəkdir.
Daha diqqətçəkən
faktlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi
kollektivinin 59 faizinin qadınlardan ibarət olmasıdır.
Qloballaşan və sürətlə dəyişən dünyamızda
qızların da təhsili və onların elm sahəsində iştirakı
yeni çağırışlara uyğun olmalıdır. Müqayisə
üçün qeyd edək ki, dünyada
elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda
isə bu rəqəm 40 faizdir. Bu o deməkdir ki, ölkəmizdə həmin sahələr üzrə rəqəmlər
orta dünya göstəricisindən 5 faiz
çoxdu. Hansı ki, elə ölkələr
var, nəinki orta dünya göstəricisinə yaxındır,
hətta ondan dəfələrlə aşağı
rəqəmlərə malikdir.
ISESCO tərəfindən
elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gün münasibətilə fevralın
11-də videokonfrans formatında
keçirilən tədbirdə
çıxış edərkən
Azərbaycanın Birinci
vitse-prezidenti, UNESCO-və
ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva bir daha qeyd etdi
ki, qlobal çağırışlara cavab
vermək üçün
elm, texnologiya və innovasiya zərurətə çevrilib.
Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”
də daxil, beynəlxalq inkişaf məqsədlərinə nail
olunması üçün
mühüm əhəmiyyətə
malikdir: “Mən
islam mədəni irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi
ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatının nəcib
missiyasını təqdir
edir və Azərbaycan ilə ISESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm...”
İlk
olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün
nəzakətli dəvətə
görə Baş direktora təşəkkürünü
bildirən Birinci vitse-prezident bunu böyük şərəf
və Azərbaycan qadınlarının təhsil
və elmdə iştirakının inkişafı
ilə bağlı ölkəmizin yürütdüyü
siyasətin yüksək
qiymətləndirilməsi kimi
dəyərləndirdi. Mehriban
xanım Əliyeva çıxışında
qeyd etdi ki, bu, yalnız
təşkilat tərəfindən
qadınların cəmiyyətimizdəki
roluna verilən əhəmiyyətin təzahürü
deyil. Həmçinin
onların daha firavan və təhlükəsiz dünya
naminə misilsiz töhfəsinin təsdiqidir.
Bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində
dayanan qadın alimə, həkim və səhiyyə işçilərinə ehtiram
ifadə olunmalıdır.
Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər
COVID-19 ilə mübarizənin
müxtəlif mərhələlərində
həlledici rol oynayan tədqiqatçı,
səhiyyə sahəsində
çalışan, xalqımızın
sağlamlığının keşiyində dayanan incə qəlbli, zərif barmaqlı, ağ xalatlı qadınlarımızla
fərəhlənə bilərik.
“...Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, bir əsrdən öncə, sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə
ilk operanın açıldığı və
ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm”,
- deyən Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım onu da vurğuladı
ki, Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu
verən ilk ölkələrdən biri
olaraq tarixə düşmüşdür: “Qızların
təhsilinə gəldikdə
isə, müsəlman
Şərqində ilk
dünyəvi qızlar
məktəbi azərbaycanlı
xeyriyyəçi Zeynalabdin
Tağıyev tərəfindən
1901-ci ildə mənim
doğulduğum Bakı
şəhərində yaradılmışdır...”
Tədbirdə qeyd edildiyi kimi,
bir çox azərbaycanlı qadın
elmə böyük töhfələr verib. Onlar elm sahəsi
ilə məşğul
olan qızlar və gənc xanımlar üçün
əsl örnəkdirlər.
Lakin bu gün ən vacib məsələ qızların və gənc xanımların iştirak səviyyəsinin
yaxşılaşdırılması üçün münbit
şəraitin yaradılmasının
davam etdirilməsi və elm sahəsində
gender boşluğunun
doldurulmasıdır.
Birinci
vitse-prezident bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başlanılan “Qadınlar
elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını xatırladaraq qeyd etdi ki,
burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə
təmas yaratması, onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək
üçün məsləhətlərin
verilməsidir: “ISESCO-nun
xoşməramlı səfiri
qismində mən bütün üzv dövlətlərə bu
sahələrə daha
çox sərmayə
yatırmağa, habelə
zəruri siyasət və birgə fəaliyyət planları
işləyib hazırlamağa
dair çağırış
edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün
innovativ maliyyə mexanizmləri yaratmalıyıq.
Azərbaycan bu mənada öz töhfəsini verməyə
hazırdır”.
Ölkənin
birinci xanımı Mehriban Əliyeva fürsətdən istifadə
edərək, Ermənistanın
işğal etdiyi ərazilərimizin 30 ildən
sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki
44 günlük Vətən
müharibəsi zamanı dəyərli dəstəyinə
görə ISESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim əl-Malikə
dərin minnətdarlığını
ifadə etdi. Mehriban xanım bildirdi ki, bir
ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə
əsasən Baş direktorun rəhbərliyi ilə ISESCO-nun nümayəndə heyəti
ölkəmizdə səfərdə
olub. Qonaqlar işğaldan azad olunmuş bəzi ərazilərə səfər
etmək imkanı qazanıb və onlarca məscidlərimizin
təhqir, yüzlərlə
tarixi abidəmizin dağıdılması daxil
olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olublar: “Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin
canlandırılması və
azərbaycanlı məcburi
köçkünlərin doğma
yurdlarına təhlükəsiz
qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən
gələcəyik. Biz
dağıdılmış şəhərləri və
kəndləri bərpa
edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara
deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni
irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində
ISESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa
hazır olduğunu yüksək qiymətləndiririk.
Eyni zamanda ISESCO-nun Azərbaycanda regional nümayəndəlik
təsis etməsi imkanının nəzərdən
keçirilməsinə görə
xüsusi minnətdarlığımızı
bildiririk. Həmin nümayəndəlik digər
sahələrlə yanaşı,
qadınlar və qızların elmdə rolunun artırılmasına
konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı
gücləndirə bilər”.
ISESCO-nun Baş direktoru Salim əl-Malik videokonfransa dəvəti qəbul edib məzmunlu çıxış
etdiyinə görə
Azərbaycanın Birinci
vitse-prezidenti xanım
Mehriban Əliyevaya təşəkkürünü bildirərək xüsusi vurğuladı ki, əmin ola bilərsiniz,
ISESCO elm, təhsil, mədəniyyət sahələrində
bütün üzv dövlətlərə dəstəyini göstərəcək.
Tədbirdə çıxış edənlər
qlobal səviyyədə
təhsil sahəsində
mövcud boşluğun
aradan qaldırılmasının,
bu sferada gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğuladılar.
Bildirdilər ki, gənc qızların elmlə məşğul olmalarını, qadınların
elm sahəsində karyerasını düzgün
qurmalarını təmin
etmək mühüm məsələdir. Qeyd edildi ki, bəşəri
problemlərin həlli
üçün qadınlar
daha çox elmə cəlb olunmalı, inklüziv və keyfiyyətli təhsillə təmin edilməlidirlər. Bu, onların gələcək
karyeraları və cəmiyyətdə iştiraklarının
fəallıq əmsalının
da yüksəldilməsi
deməkdir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan. - 2021.- 13 fevral.- S.3.