Həkim-epidemioloq: “COVID-19 əleyhinə
vaksin pandemiyadan qurtulmağımızın yeganə
yoludur”
“Ölkəmizdə
yanvarın 18-dən etibarən
COVID-19 əleyhinə vaksinasiyaya
start verilib. Əvvəlcə səhiyyə
işçiləri vaksinasiyaya
cəlb olunublar. Mən də koronavirus əleyhinə peyvənd olundum. Həm məndə, həm də digər həmkarlarımda
heç bir yan təsir müşahidə olunmadı.
İkinci doza 28 gündən sonra, yəni gələn həftədən etibarən
vurulacaq”.
AZƏRTAC xəbər
verir ki, bunu Kliniki Tibbi
Mərkəzin həkim-epidemioloqu
Bənövşə Abdullayeva
deyib.
O bildirib
ki, bəzi vətəndaşlar peyvənd
olunmaqdan çəkinirlər.
Buna səbəb kimi əziyyət çəkdikləri
xəstəliklərin vaksin
vurdurduqdan sonra aktivləşməsindən, ya
da peyvənddən sonra hansısa fəsadlaşmaların baş
verəcəyindən qorxduqlarını
dilə gətirirlər.
Çünki bəzi
sosial şəbəkələrdə
peyvəndin ciddi əks-təsirlər yaratması,
onun ziyanlı olması haqqında dezinformasiyalar yayılıb: “Vətəndaşlar
bilməlidirlər ki,
vaksinasiya prosesi hər zaman bəzi infeksion, o cümlədən digər
yoluxucu xəstəliklərin
qarşısını almaqda
xüsusi rola malik olub. Belə
ki, uşaq yaşlarından suçiçəyi,
qızılca, məxmərək
kimi xəstəliklərə
qarşı peyvənd
olunmaqla onlardan qorunuruq. COVID-19 əleyhinə
vaksin pandemiyadan qurtulmağımızın yeganə
yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün
həkim müayinəsi
və göstərişi
vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə
olanlar, onkoloji xəstəliklərdən əziyyət
çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı
allergiyası olanlar, hamilələr, südvermə
prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar.
Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq,
yüngül temperatur
kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə üç
həftədən çoxdur
vaksinasiya aparılır.
Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb.
Digər
bir tərəfdən,
vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu
vasitələrdən, gigiyena
qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan
kənarda qalanları
nəzərə alaraq
pandemiya bitənədək
maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir.
Xatırlatmaq istərdim
ki, peyvəndin ikinci dozası birincidən 21-28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan
təxminən bir ay sonra yaranır.
Vaksin vurulandan sonra xəstəliyə yoluxma ehtimalı az da olsa
var. Bu zaman
xəstəlik ağırlaşma
olmadan yüngül keçirilir. Peyvənddən
sonra yaranan qoruyuculuq individual olsa da, əmələ
gələn immunitetin
6 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan getməsi üçün
əhalinin 60-70 faizində
immunitet formalaşmalıdır
ki, hazırda bunu da yalnız
vaksinasiya ilə etmək mümkündür.
Hər kəsi qorxub-çəkinmədən vaksinasiya
prosesində aktiv olmağa səsləyirəm”.
Azərbaycan. -
2021.-13 fevral.- S. 4.