Rəqabətli insan
kapitalı və müasir innovasiyalar
gələcəyin açarıdır
Azərbaycan Prezidentinin
həyata keçirdiyi siyasətin mərkəzində
hər zaman insan amili dayanır
Dövlət başçısının ən böyük amalı xalq üçün qurub-yaratmaq, onu xoş günlərə, daha firavan həyata yetirməkdir. Həyata keçirilən ardıcıl islahatlar, dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar, qəbul edilən qərarlar həyatımıza yeni nəfəs gətirir, ölkənin inkişafına təkan verir, insanlarda böyük ictimai rəğbət doğurur.
Azərbaycanı ən qüdrətli mərhələsinə yetirən Prezident İlham Əliyevin ölkə başçısı kimi fəaliyyətinin hər bir ili tariximizin yeni səhifələri kimi yaddaşlara həkk olunur. Bu gün düşünülmüş, uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf yolundadır. Azərbaycanın aqrar-sənaye kompleksində islahatlar geniş vüsət alıb. Cəmiyyətdə güclü sahibkarlar sinfi formalaşıb. Ölkə iqtisadiyyatının diversifikasiyası uğurla davam etdirilir. Dövlət biznes mühitinin daha da əlverişli olması, sahibkarlıq fəaliyyətinə dəstək tədbirləri ilə hər zaman iş adamlarının yanındadır.
Tarix
zaman-zaman onu da sübuta yetirib ki, dünyanın bütün
qabaqcıl dövlətləri öz hədəflərinə
elmin, təhsilin, biliklərin gücü ilə
çatıblar. Görkəmli maarifçilər,
mütəfəkkirlər də bütün
həyatlarını insanlara məhz bu həqiqəti çatdırmağa sərf
ediblər. Təhsilin, elmin
imkanlarının hər kəs üçün
əlçatanlığı naminə yaşayıblar. Təhsil
insanın fərdi azadlıqlarının əsas mənbəyidir.
Amma o, insana
təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid olduqları mühiti də
hər tərəfdən, ziyanlı təsirlərdən qorumaqla cəmiyyətə maarifçilik
ənənələri üzərində bərqərar olan ictimai azadlıqlar
qazandırır.
Bu gün ölkələri güclü edən məhz təhsil səviyyəsidir, insan kapitalına verilən dəyərdir, rəqəmsallaşma proseslərinə yatırımlardır. Hazırda bu böyük həqiqət müasir dünyamızın başlıca reallığına və əsas çağırışına çevrilib.
Beş milli prioritetdən biri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərliyinin ilk illərindən təbii resursların yaratdığı imkanların insan kapitalına çevrilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirib. Son onilliklərdə həyata keçirilən təhsil islahatları, innovasiya ekosisteminin formalaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər, biliyin, texnoloji qabiliyyət və bacarıqların cəmiyyətimizdə bir meyara çevrilməsi bu hədəfə doğru əldə etdiyimiz ciddi nailiyyətlərdir.
Bu məqam dövlət rəhbərimizin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də öz əksini tapıb. Azərbaycanın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı olması yaxın onillik üzrə beş əsas prioritetdən biri kimi müəyyənləşdirilib.
Rəqabətli insan
kapitalı və müasir innovasiyalara
bu qədər böyük
önəm verilməsi son dövrlərdə
dünya iqtisadiyyatında müşahidə
olunan inqilabi texnoloji dəyişikliklərlə əsaslandırılır.
Həqiqətən, bu dəyişikliklər
müasir dünyamızın
reallığıdır. Əslində, insan
həyatında hər zaman hansısa dəyişikliklər
baş verir. Zaman keçdikcə mühit,
yaşayış şərtləri, texnologiyalar,
tərz və üsullar dəyişir. Amma bəşəriyyət indiki
qədər sürətli və çoxşaxəli dəyişiklikləri
yəqin ki, tarixinin heç bir dövründə
yaşamayıb. Müasir texnologiyalar
demək olar
ki, bütün
dünyanı yeniləyir. Belə bir köklü dəyişiklik şəraitində
isə bir tərəfdən, ölkələrarası
rəqabət daha da
güclənir, digər tərəfdən, rəqabət
şərtləri də dəyişir.
Gələcəyə baxış ondan xəbər verir ki, yaxın illərdə rəqəmsallaşma prosesləri daha geniş vüsət alacaq. Həyatımızın bütün sahələrinə nüfuz edəcək. Yeni texnologiyaların aktiv tətbiqi bəzi sahələrdə insanın iştirakını azaldacaq. Eyni zamanda insan iştirakı olmadan ən müasir sahələr daha böyük sürətlə inkişaf edəcək. Bu prosesdə ona vaxtında hazırlaşmağı bacarmış ölkələr, xalqlar böyük faydalar qazanacaqlar. Dəyişiklikləri hazırlıqsız qarşılayanlar isə gələcək inkişaf imkanlarını təbıi ki, poza, itirə bilərlər.
Gələcəyə hazırlıq
Ölkəmiz rəhbərliyin strateji baxışı, vaxtında verdiyi qərarlar və bu qərarların icrası vəziyyəti ilə gələcəyə ciddi şəkildə hazırlaşan dövlətlər sırasındadır. Bu güclü dəyişikliklərə hazırlığın yeganə yolu isə yüksək rəqabətli insan kapitalı formalaşdırmaqdır. Azərbaycanın qarşıya qoyduğu milli prioritetlərdə müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı bunun əsas amili, şərti kimi təsbit edilib. Çünki insan kapitalının formalaşmasına bu amillərin hər biri həlledici təsir göstərir.
Ümumilikdə insan kapitalı hər bir kəsin cəmiyyətdə özünü tam reallaşdırmaq və mövcud imkanlardan tam istifadə edə bilmək üçün malik olduğu bilik və bacarıqlarının, işgüzar əlaqələrinin, peşəkar imkanlarının cəmidir. Bura fərdin intellektual potensialını, sağlamlığını, biliklərini, ona yaradılmış keyfiyyətli həyat və əmək şəraitini aid edə bilərik. Elmi tədqiqatlar da sübut edir ki, insanın fəaliyyətinə effektiv iqtisadi baxış çox önəmlidir. İnsan kapitalı anlayışı yeni ortaya çıxanda o, daha çox insanın inkişafına sərf edilən investisiya kimi başa düşülürdü. Sonradan bu anlayış daha da genişləndirildi. İnsanın istehlak xərcləri - yəni ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri də bura aid edildi.
Azərbaycanda milli prioritetlərin müəyyənləşdirilməsi zamanı bu məqamlar diqqətlə nəzərə alınır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı ilə bağlı prioritetin uğurla reallaşdırılması üçün qarşıya üç strateji məqsəd qoyulub: bunlardan birincisi - XXI əsrin tələblərinə uyğun təhsil, ikincisi - yaradıcı və innovativ cəmiyyət, üçüncüsü isə vətəndaşların sağlam həyat tərzidir.
Təhsilin gücü
Keyfiyyətli təhsil müasir dünyamızda güclü rəqabətə davam gətirmək və iqtisadiyyatın uzunmüddətli inkişafına nail olmaq üçün hər bir kəsin əlindəki ən təsirli “silahdır”.
İnsanların maraqları, zövqü, dünyagörüşü, həyat tərzi və s. məsələlərlə bağlı zaman-zaman ictimai müzakirələrə səbəb olan elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər sonda təhsilə aparmasın. Bu da təbiidir. Çünki cəmiyyətin hər bir üzvü təhsil sisteminin içində yetişir. İndi bu mühitdə qazandığı müsbət meyilləri də, fərdi dünyasından kənarlaşdırmağa müvəffəq ola bilmədiyi mənfi təzahürləri də öz davranışları ilə sosial münasibətlər sisteminə daşıyır.
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir gəncin cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək olan həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Ona görə də tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq təhsildə həlli vacib olan bir sıra məsələləri dövlət və cəmiyyət həyatının bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə bu sahənin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır.
Sənəddə məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılması tələb kimi qoyulur. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməsi mühüm vəzifə kimi irəli sürülür, erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməsi zərurəti əsaslandırılır.
Qeyd edilir ki, cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə prosesi davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.
Təhsil sisteminin gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlaya bilməsi üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsi, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsi də sənəddə irəli sürülən mühüm vəzifələrdəndir. Burada o da göstərilir ki, insanların yüksəkkeyfiyyətli təhsil almaq imkanları genişləndirilməlidir. Kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.
Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlılığı təmin olunmalıdır.
Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin müxtəlif çıxışlarında insanlarımıza, xüsusilə gənc nəslə verdiyi tövsiyələri əks etdirir. Prezident İlham Əliyevin 2019-cu ilin noyabrında Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi münasibətilə təşkil edilmiş tədbirdəki proqram xarakterli çıxışı zamanı gənc nəslə xitabından bir hissəni xatırlatmaq yerinə düşərdi: “Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur”.
Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmağın daha bir mühüm istiqaməti də yaradıcı və innovativ cəmiyyət qurmaqdır. Çünki insanlar üçün mühit çox böyük rol oynayır. Yaradıcı və innovativ mühit, ekosistem insanlara öz potensiallarını reallaşdırmaq imkanı yaradır. Milli prioritetlərdə də göstərildiyi kimi, gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ona görə də ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistemin qurulması indi ən vacib məsələlərdəndir. Bu ekosistemin formalaşmasına töhfə verən vasitələr çoxdur. Müsair dünyamızda müvafiq təşviq layihələri, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında formalaşan maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s. belə bir ekosistemi yaratmaqdan ötrü effektiv vasitələr kimi özünü doğruldub.
Azərbaycanda da bu üsullardan kompleks şəkildə istifadə edilir. Milli prioritetlərə uyğun olaraq yaxın gələcəkdə iqtisadiyyatın texnoloji tutumluluğunun artırılması üçün ölkəmiz bütün bunlardan daha geniş şəkildə faydalanacaq. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla Azərbaycanın texnoloji ixrac məkanına çevrilməsi üçün perspektivlər yaradılacaq. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdiriləcək. Elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin olunacaq. Nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırılacaq.
Sağlam həyat tərzi
Vətəndaşların uzunömürlülüyünün və sağlam həyat tərzinin təmin edilməsi bu gün Azərbaycan dövlətini qayğılandıran əsas məsələlərdəndir. Bu məqsədlə genişmiqyaslı sosial proqramlar icra edilir. Müxtəlif səviyyələrdə çoxşaxəli layihələr reallaşdırılır. Sağlam həyat tərzi təşviq edilir və bu getdikcə insanlar üçün bir meyara çevrilir. Bütün bunlar insanların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün çox önəmlidir.
Vətəndaşların sağlamlığı və uzunömürlülüyü ilə bağlı strateji məqsədlərin əldə olunmasında, təbii ki, ölkənin səhiyyə sisteminin də üzərinə böyük vəzifələr düşür. Hazırda bu sistemin keyfiyyətinin, effektiv fəaliyyətinin təmin olunmasından ötrü köklü islahatlar aparılır. Tibb infrastrukturu yenilənir, səhiyyə xidmətlərinin vətəndaşlarımız üçün daha da əlçatanlığı təmin olunur. Milli prioritetlərdə müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payının artırılması vəzifə kimi qarşıya qoyulur. Qeyd edilir ki, keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.
Bütün bunlar Azərbaycan dövlətinin gələcəyə necə həssaslıqla hazırlaşmasından xəbər verir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursuna uyğun olaraq ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyev Azərbaycanın böyük gələcəyi üçün də möhkəm təməllər formalaşdırır.
Xalqın, dövlətin sabahı belə bir bünövrə üzərində bərqərar olacaq.
İradə
ƏLİYEVA
Azərbaycan.-2021.-14 fevral.- S. 1;3.