İlham
Əliyevin qətiyyətli enerji siyasətinin
böyük uğuru
“Cənub qaz
dəhlizi” ilə Azərbaycanın təbii qazı Avropaya çatdırılır
“Cənub qaz dəhlizi” Məşvərət
Şurasının VII iclasının tək formatı deyil, həm də gündəliyi əvvəlkilərdən
fərqlənirdi. Belə ki, hər il Bakıda toplaşan Məşvərət
Şurasının iştirakçıları görülən
işləri nəzərdən keçirməklə
yanaşı, layihənin tamamlanması istiqamətində
qarşıdakı vəzifələri də müzakirə
edirdilər.
Lakin VII iclas tamamilə fərqli ovqatda baş tutdu. Bu dəfə müzakirələr artıq tikintisi tam başa çatdırılmış “Cənub qaz dəhlizi” üzrə və eləcə də gələcəkdə enerji dəhlizlərinin daha da şaxələndirilməsi istiqamətində aparıldı.
TAP layihəsinin yekunlaşdırılması
tarixi nailiyyətdir
Ötən ilin sonunda Trans-Adriatik Boru Kəməri
(TAP) layihəsinin yekunlaşdırılması
ilə “Cənub qaz dəhlizi”nin
inşası tam başa
çatdırıldı. Beləliklə, Azərbaycanın “Şahdəniz”
yatağından hasil olunan təbii qaz təxminən 3500 kilometr qət edərək dekabrın
31-də Avropaya çatdı.
Ona görə də Prezident İlham Əliyev Məşvərət Şurasının
VII iclasında çıxışının
əvvəlində “Cənub
qaz dəhlizi”nin inşasının
başa çatdırılması
münasibətilə təbriklərini
diqqətə çatdırdı,
bu enerji dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılmasını
tarixi nailiyyət adlandırdı.
Beləliklə, bəzilərinin vaxtilə
mümkünsüz hesab
etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin
inşası başa çatdı. Tarixdə ilk dəfə olaraq
Azərbaycan qazı Avropadadır. Bununla həm də “Cənub qaz dəhlizi” ilə bağlı strateji məqsədə nail olundu.
Məşvərət Şurasının
VII iclasında qeyd olunduğu kimi, cari ildə Azərbaycandan Gürcüstana
təxminən 1 milyard
kubmetr, Türkiyəyə
ən azı 8 milyard kubmetr, Avropaya isə 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir.
Növbəti ildə
“Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə Azərbaycandan İtaliyaya
13 faiz, Yunanıstana
20 faiz, Bolqarıstana isə 33 faiz təbii qaz çatdırılacaq. Həm
TANAP-ın, həm də TAP-ın 2023-cü ilə qədər tam buraxılış qabiliyyəti
ilə istifadə olunması nəzərdə
tutulur.
Siyasi iradənin təcəssümü
“Cənub qaz dəhlizi”nin inşası ilk gündən
Prezident İlham Əliyevin siyasi və iqtisadi iradəsinə söykəndi.
Azərbaycan Prezidenti Avropa
İttifaqının ayrı-ayrı
dövlətləri, beynəlxalq
maliyyə qurumlarını
bu layihənin ətrafında səfərbər
etdi. Avropa İttifaqı bununla
bağlı ilk gündən
Azərbaycanın təşəbbüslərini
dəstəklədi, Xəzərdən
hasil olunan təbii qazın qədim qitəyə çatdırılması üçün
ölkəmizlə əməkdaşlığa
həvəslə qoşuldu.
Xatırladaq ki, bundan əvvəl Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin
inşası zamanı
Azərbaycanın etibarlı
tərəfdaş olduğu,
qarşıya qoyulan vəzifələri vaxtında
yerinə yetirdiyi Avropanın diqqətini çəkmişdi.
2006-cı
ilin noyabr ayında Brüsseldə imzalanmış “Azərbaycan
Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında
Anlaşma Memorandumu”,
2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsinin
müddəaları və
2009-cu ilin may ayında
keçirilmiş Praqa
Zirvə Görüşünün
müvafiq Enerji Bəyannaməsində təsbit
olunmuş Azərbaycan-Avropa
İttifaqı enerji münasibətlərinin vacibliyi
də göstərirdi
ki, Aİ təbii qazın Avropaya çatdırılmasında Azərbaycanla
əməkdaşlığa həvəslə can atır.
Nəhayət, 2011-ci il yanvarın 13-də
Bakı şəhərində
“Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə imzalandı.
“Cənub qaz dəhlizi”nin inşası bir çox mürəkkəb
vəzifələrin yerinə
yetirilməsini tələb
edirdi. Bu baxımdan dəhlizin seqmentləri olan “Şahdəniz” qaz yatağının ikinci mərhələdə
işlənilməsi, Cənubi
Trans-Anadolu təbii qaz boru kəməri
-TANAP-ın çəkilməsi,
Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi olduqca
möhtəşəm tarixi
nailiyyətlər oldu.
Enerji dəhlizi üzrə Azərbaycan və Gürcüstanda həyata
keçirilən layihələr
2018-ci ilin mayında başa çatdırıldı.
TANAP boru kəmərinin
birinci fazası isə 2018-ci ilin iyununda istifadəyə verildi. Türkiyəyə
ilk qaz həcmlərinin
nəqli planlaşdırıldığı
kimi həmin il iyunun
30-da başladı. 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin
İpsala qəsəbəsində
TANAP Avropaya birləşdi.
Əvvəldə qeyd edildiyi kimi, ötən ilin sonunda TAP layihəsinin başa çatdırılması ilə
“Cənub qaz dəhlizi” üzrə qarşıya qoyulmuş vəzifələr tam yerinə
yetirildi.
Azərbaycan milli və iqtisadi maraqlarını inamla təmin etdi
Dünyada qlobal gündəliyin əsas müzakirə mövzularından biri enerji təhlükəsizliyi
məsələsidir. Son onilliklərin reallığı
göstərir ki, tək iqtisadi deyil, hətta siyasi məzmunlu konfransların gündəliyində
enerji təhlükəsizliyi
geniş yer alır. Görünən odur ki, xüsusilə Qərb ölkələri yeni mənbələr hesabına
enerji təhlükəsizliklərinin
təmin olunmasına ciddi ehtiyac duyurlar.
O da məlumdur ki, son onilliklərdə bununla bağlı ayrı-ayrı siyasi-iqtisadi
mərkəzlər tərəfindən
bir sıra təşəbbüslər irəli
sürülüb, layihələr
təklif olunub, amma onların, demək olar ki, hamısı elə söz olaraq qalıb.
“Cənub qaz dəhlizi” layihəsinin reallaşması isə qeyd etdiyimiz kimi, Prezident İlham
Əliyevin ortaya qoyduğu siyasi iradə və həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində mümkün
oldu. İlham Əliyevin müasir
çağırışlara cavab verən siyasi kursu Azərbaycanı
regionun lider dövlətinə çevirməklə
yanaşı, beynəlxalq
aləmdə ölkəmizi
etibarlı tərəfdaş
kimi tanıdır.
Azərbaycan Xəzərdən karbohidrogen ehtiyatların
ilk dəfə alternativ
marşrutlarla dünya
bazarlarına çıxarılmasının
təşəbbüskarı və müəllifidir.
Ölkəmiz əməkdaşlıq mərkəzi, regionda sülhün və təhlükəsizliyin təmin
olunması üçün
geosiyasi məkan olaraq qəbul edilir. Regionu əhatə edən
qlobal nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir.
Mötəbər siyasi-hərbi danışıqlar
üçün məkan
olaraq Bakı seçilir.
Beləliklə, “Cənub qaz dəhlizi” layihəsinin
tam həyata keçirilməsi
Azərbaycanın enerji
təhlükəsizliyində söz sahibinə çevrilməsindən, hər
bir məsələdə
müstəqil və qətiyyətli mövqeyindən,
əməkdaşlıq əlaqələrində
etibarlı tərəfdaş
olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən
irəli gəlir.
Yeddinci iclası keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurasının yaradılmasının da təşəbbüskarı Azərbaycandır. Hər iclasda Avropa İttifaqının yüksək rəsmilərinin, ayrı-ayrı dövlətlərin nazirlərinin iştirakı bu enerji layihəsinə olan marağın göstəricisidir. Son iclasda iştirak edən ölkələrin sayının əvvəlkilərdən çox olması, daha dəqiq desək, 18 ölkənin, 19 şirkətin və 5 aparıcı beynəlxalq maliyyə təsisatının iclasa qatılması “Cənub qaz dəhlizi”nə olan böyük beynəlxalq marağın növbəti göstəricisi idi.
Bütövlükdə, “Cənub qaz dəhlizi” Azərbaycan Prezidentinin iradəsi, qətiyyətli enerji siyasətinin nəticəsi kimi tarixə düşdü. Bu layihənin tam gücü ilə işə salınması nəticəsində Azərbaycan özünün milli və iqtisadi maraqlarını inamla təmin etdi. Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə enerji təhlükəsizliyini daha da gücləndirdi.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.-14 fevral.- S. 1;3.