Kənd təsərrüfatı
və aqrar emal sənayesinin
inkişafı üçün Füzulinin böyük
potensialı var
2025-ci ildə rayon
üzrə 150 milyon manatlıq kənd təsərrüfatı
məhsulu istehsal ediləcəyi
proqnozlaşdırılır
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində düşmən işğalından azad olunan Füzuli rayonunda indi geniş quruculuq işləri gedir. Rayon ərazisində beynəlxalq əhəmiyyətli hava limanı tikilir, yeni yollar çəkilir və digər infrastruktur layihələri icra olunur.
Məlumdur ki, Füzuli əlverişli iqlim və münbit torpaqlarına görə böyük potensiala malik kənd təsərrüfatı rayonudur. Elə işğaldan əvvəl də rayon iqtisadiyyatının əsasını bu sahə təşkil edib.
Bununla belə Füzuli işğal altında olan digər rayonlardan bir qədər fərqlənirdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin başçılığı ilə 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatı sayəsində rayonun eyni adlı qəsəbəsi də daxil olmaqla, 21 kəndi düşməndən təmizlənmişdir.
Bunun sayəsində rayonun həmin hissəsində yaşayış və təsərrüfat işləri bərpa olunmuşdur. 2019-cu ilin statistikasına görə, rayon üzrə 37 min baş iribuynuzlu, 139 min baş xırdabuynuzlu mal-qara var idi. Həmin il rayonda ət, süd və yumurta istehsalında da müəyyən uğurlar əldə edilmişdir.
Füzuli Yuxarı Qarabağ iqtisadi rayonunda Ağdamdan sonra ən çox suvarılan torpaqlara malikdir. Rayonun torpaqları Araz, Köndələnçay, Şaparlı, Quruçay və Qozluçay çaylarının suyu ilə suvarılır. Bunun sayəsində bölgədə kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Torpaqlarımız azad edildikdən sonra rayondakı əkin sahələrinin suvarılması üçün yeni imkanlar da yaranıb. Belə ki, Suqovuşan və Xudafərin su anbarlarının suyundan istifadə edilməklə daha çox kənd təsərrüfatı məhsulları yetişdirmək mümkün olacaq.
Hələ sovet dönəmində - 80-ci illərdə rayon üzrə bitkiçilikdə əkin sahələrinin 77,4 faizindən taxılçılıq, 21 faizindən pambıqçılıq üçün istifadə edilirdi. Bununla yanaşı, həmin dövr bölgədə üzümçülüyə də çox diqqət yetirilirdi. Bu sahə üzrə rayon Azərbaycanda qabaqcıl yerlərdən birini tuturdu. Eyni zamanda rayonda 79 hektar sahədə meyvə və giləmeyvə bağları da mövcud idi.
İndi qarşıda duran əsas vəzifə rayonun iqtisadi potensialından daha səmərəli istifadə etməkdir. Hazırda müvafiq dövlət qurumları tərəfindən müxtəlif sahələr üzrə araşdırmalar aparılır. Aydındır ki, rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutacaq. Bu sahədə aparılan ilkin araşdırmalar göstərir ki, müasir texnika və texnologiyalardan istifadə etməklə rayonda məhsul istehsalını işğaldan əvvəlki illərlə müqayisədə artırmağa geniş imkan var. Məsələn, 1980-1988-ci illərdə rayonda taxıl istehsalı respublika üzrə istehsalın 2,3 faizini təşkil edirdi. Lakin aqrar sahədə aparılan islahatlar, taxılçılıqda tətbiq edilən innovativ texnologiyalar sayəsində 2019-cu ildə rayonun işğala məruz qalmayan ərazilərindən biçilən məhsulun ölkə üzrə xüsusi çəkisi 3,3 faizə çatmışdır. Bu fakt Füzulinin taxılçılıq sahəsində daha yüksək imkanlara malik olduğunu göstərir. Aparılan tədqiqatlardan məlum olur ki, 2025-ci ilə qədər rayonda taxıl istehsalını 130,4 min tona çatdırmaq mümkündür.
Əvvəllər rayonda taxılçılıqdan sonra istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi pambıqçılıq olmuşdur. 1980-ci ildə 3200 hektar sahədən 12993, 1988-ci ildə isə 600 hektar sahədən 1512 ton pambıq yığılmışdır. İşğaldan öncəki dövr ərzində (1980-1988) pambıqçılıqda məhsuldarlıq respublika üzrə maksimum 35,4 sentner olduğu halda, Füzuli rayonunda 40,6 sentnerə çatmışdır. Həmin dövr Füzuli rayonunda pambıq istehsalı respublika üzrə istehsalın təxminən 1,5 faizini təşkil etmişdir. Bu illər ərzində məhsuldarlığın respublika səviyyəsindən 14,7 faiz çox olması pambıqçılıqda Füzulinin geniş imkanlara malik olduğunu göstərir.
Qeyd etmək lazımdır ki, 2019-cu ildə Füzulinin işğala məruz qalmayan kəndlərində 800 hektar sahədən 20,4 sentner məhsuldarlıqla 1,6 min ton pambıq toplanmışdır. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Füzulidə pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına 41 sentner məhsuldarlıqla istehsalın 5,5 min tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə pambıq istehsalının təxminən 1,4 faizinin həmin rayon hesabına formalaşacağı deməkdir.
Üzümçülük Qarabağın digər rayonlarında olduğu kimi, Füzulidə də təsərrüfatçılıq ənənəsinə malik bitkiçilik sahəsi hesab edilir. Tədqiqatlar göstərir ki, 1980-ci ildə 18,2 min hektardan 76,7 min ton üzüm istehsal edilmişdir. Lakin sonrakı illər məlum səbəbdən üzüm sahələri azaldılaraq 1988-ci ildə 14,1 min hektara düşmüşdür. Həmin il üzümlüklərdən 100,8 min ton məhsul əldə edilmişdir. 2019-cu ildə isə Füzulidə üzüm istehsalı cəmi 960 ton təşkil etmişdir ki, bu da böyük sahələrin işğal altında qalması ilə bağlıdır. Rayonda 1980-1988-ci illər ərzində üzüm istehsalı respublika üzrə istehsalın təqribən 7 faizinə bərabər olmuşdur. Həmin illər rayonda məhsuldarlığın respublika səviyyəsinin 91,9 faizini təşkil etməsi üzüm istehsalında Füzuli rayonunun təsərrüfatçılıq ənənələrinin mövcud olduğunu təsdiqləyir.
Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş tədbirlər planı çərçivəsində digər bitki növləri ilə yanaşı, üzüm sahələrinin artırılması və daha yüksək məhsuldarlıq hesabına ölkənin üzümə olan tələbatının tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun da canlanmasının bilavasitə əsas amili olacaq. Belə ki, 2025-ci ildə Füzuli rayonunun ölkə üzrə üzüm istehsalında payının 5,1 faiz təşkil edərək 10,5 min ton civarında olması proqnozlaşdırılır.
Ümumilikdə 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərin təhlilindən əldə edilən nəticələr göstərir ki, 2025-ci ilə qədər Füzuli rayonunda 47,4 min hektar əkin və bağ sahələrindən 208,2 min ton bitkiçilik məhsulları istehsalı imkanları var. Bu da ümumilikdə ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 2,1 faizini təşkil edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində rayonun yaratdığı əlavə məhsulun dəyərinin 119,8 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 2,8 faiz olması gözlənilir.
2025-ci ilə qədər Füzuli rayonunda 56,3 min baş iribuynuzlu (inək və camışlar), həmçinin 260,4 min baş xırdabuynuzlu (qoyun və keçilər) olmaqla heyvandarlığın bərpa edilməsi ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 2,4 faiz artımına səbəb olacaq. Bununla yanaşı, quşların sayının 470,9 min başa qədər, arı ailələrinin sayının isə 4 min olması gözlənilir. Bu sahələrdə rayonun ölkə istehsalındakı payı ət istehsalında 0,6, yun istehsalında təqribən 2,4, süd və yumurta istehsalında isə müvafiq olaraq 1,2 və 1,6 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Üstəlik, rayonun keçmişdən qalan baramaçılıq ənənəsi onu göstərir ki, burada təxminən 200 ton barama istehsalı potensialı da mövcuddur.
Proqnozlaşdırılan dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Füzulinin payı 36,6 min tona yaxın və ya 1,1 faiz olacağı ehtimal edilir. Rayon üzrə 28,1 milyon manatlıq heyvandarlıq məhsulları istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 0,6 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.
Aqrar sahənin istehsal potensialı ilə yanaşı, Füzuli rayonunda taxılın , südün, gön-dərinin, barama və ipəyin emalı üçün müəssisələrin qurulmasına da ehtiyac olacaq. Region üçün trend hesab edilən tərəvəzçilik sektoru üzrə emal müəssisələrinin yaradılması, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqrosənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfənin sovet dövründəki potensialdan daha artıq olacağını deyə bilərik.
Ümumilikdə kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlığın inkişafı üçün zəruri tədbirlərin görülməsi nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı məhsulları istehsalına Füzuli rayonunun birbaşa əlavə töhfəsinin 147,8 milyon manat olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə gözlənilən emal və dəyər zənciri üzrə aqrosənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılmasında həndəsi silsilə ilə müsbət dinamika qaçılmaz olacaq.
Rüstəm KAMAL
Azərbaycan.-2021.-14 fevral.- S. 1;4.