Azərbaycan regionda
əhalinin internetə yüksək çıxışı
olan ölkələrdən hesab edilir
Asiya İnkişaf Bankının hər il hazırladığı “Asiya İqtisadi İnteqrasiya hesabatı” bu dəfə “Rəqəmsal platformaların Asiya və Sakit Okean regionu üçün işləməsini təmin etmək” başlığı ilə dərc olunmuşdur.
Hesabatda pandemiya səbəbindən Asiya və Sakit Okean regionunda ölkələrarası iqtisadi aktivliyin, səyahət və ticarətin kəskin azaldığı qeyd edilir. Göstərilir ki, bununla belə sürətli texnoloji inkişaf, rəqəmsallaşma, xidmət ticarətinin artırılması regional iqtisadiyyatın yenidən bərpasında mühüm rol oynayır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) deyilənlərlə bağlı təhlilində bildirilir ki, rəqəmsal əlaqələrin inkişafı ümumi Asiya üzrə internetə çıxışın artması ilə mümkün olmuşdur. Bu da bir faktdır ki, internetə çıxışın olması istehlakçıların, müəssisələrin və dövlətlərin coğrafi sərhədlərdən kənardakı mallara və xidmətlərə əlçatanlığını asanlaşdırır.
Hesabata əsasən, Azərbaycan Asiya üzrə əhalinin internetə çıxışı yüksək olan ölkələrdən biridir. Belə ki, 2006-2009-cu illər üzrə internetə çıxışı olanların ümumi əhaliyə nisbəti ortalama 20 faiz ətrafında idisə, 2014-2017-ci illərdə bu rəqəm 80 faizə çatmışdır. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2014-2017-ci illər üzrə Qazaxıstanda 70, Gürcüstanda 55-60 faiz olmuşdur.
İİTKM-nin analitiki Ayhan Satıcı şərhində belə yazır: “Pandemiya dövründə onlayn təhsilə keçidin təmin edilməsi ilə internetə çıxışın vacibliyi artmışdır. Asiya İnkişaf Bankının hesabatında qeyd edilir ki, təhsil müəssisələrinin 190-dan çox ölkədə bağlanması təhsil alan 1,5 milyard şəxsə təsir etmişdir. İnternetə çıxışı yüksək və infrastruktur baxımından hazırlıqlı olan ölkələrdə onlayn təhsilə sürətli keçid prosesi rahat bir şəkildə baş tutmuşdur. Azərbaycanda isə bu proses görülən tədbirlər nəticəsində minimum təsir ilə davam edir. Belə ki, hesabata əsasən, Azərbaycan Microsoft ilə “Virtual Məktəb” layihəsi həyata keçirmişdir. Məlumdur ki, evdə təhsilin mümkünlüyünün olması üçün ev təsərrüfatlarında rəqəmsal cihazın və əlaqənin olması vacib şərtdir. Statistik göstəricilərə əsasən, Azərbaycanda ev təsərrüfatlarının 80 faizə yaxınında internetə çıxış, 64,1 faizində kompüter var. Bu, Asiyanın digər ölkələrinə nisbətən kifayət qədər yüksək göstəricidir. Məsələn, ev təsərrüfatlarında kompüterin olması göstəricisi Gürcüstanda 62,1, Filippində 23,4, İndoneziyada 20,1, Hindistanda 16,6 faizdir”.
Onu
da qeyd edək ki, Asiya ölkələrində pul
baratlarının göndərilməsində xərclər
regionlara uyğun olaraq dəyişir. Hesabatda
göstərilir ki, 200 ABŞ
dollarının köçürülməsində Mərkəzi
Asiya regionu üçün ən aşağı xərc
(1 faiz) Azərbaycanda qeydə
alınmışdır.
İİTKM-nin dərc etdiyi şərhdə regional inteqrasiya və əməkdaşlıq üzrə bütün regionda olan trendlərin Avrasiya inteqrasiya indeksi üzrə analiz edildiyi göstərilmişdir. Ayhan Satıcı belə yazır: “Bu indeks özlüyündə ticarət və investisiya, insanların hərəkəti, texnologiya və rəqəmsal əlaqə, institusional və sosial inteqrasiya, ekoloji əməkdaşlıq kimi müxtəlif indikatorları birləşdirərək ümumi nəticələri əks etdirir. Azərbaycan həm Asiya üzrə, həm də Avrasiyadaxili inteqrasiyada digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı nəticə göstərib. Azərbaycan qonşu ölkələrdən fərqli olaraq müxtəlif regional bloklara daxil olmadan belə 2006 və 2017-ci illər üçün Asiya ilə inteqrasiya üzrə 0,306-dan 0,342-yə, Avrasiyadaxili inteqrasiya üzrə isə 0,481-dən 0,555-ə yüksəlib”.
Beləliklə, hesabatın nəticəsi onu göstərir ki, ötən illər görülən tədbirlər nəticəsində Azərbaycan pandemiya şəraitində təhsilə və texnologiyalara zəruri çıxışı təmin edə bilən uğurlu ölkələrdəndir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.-14 fevral.- S. 1;4.