Qədim şəhərin əsas “Meydan”ı
Şuşa
Azərbaycanın qədim
tarixə malik olan şəhər mədəniyyətinin nadir
və təkrarsız
incilərindən biridir.
Şuşada “Bazarbaşı”
deyilən yerdən “Şeytanbazara” qədər
uzanan üstüörtülü
ticarət mərkəzi
və şəhərin
əsas küçəsi
“Rastabazar” adlandırılırdı.
“Rastabazar”ın
sıra ilə düzülən və daşları bir-birinə
qurğuşunla bərkidilən
sütunlardan, tağlardan
ibarət olan və qalereyanı xatırladan səkiləri
örtülü olduğundan
bütün fəsillərdə
quru və təmiz qalırdı. Küçənin ortası
ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq
üslubunda zövqlə
tikilən bu bazar həm də şəhərə
xüsusi yaraşıq
verirdi. Şuşanın
ticarət mərkəzi
iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin
“Meydan” deyilən əsas yeri “Rastabazar” küçəsi
boyunca inşa edilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən,
birmərtəbəli
dükanlardan, ikimərtəbəli
karvansaradan və qoşa minarəli Cümə məscidindən
ibarət idi. XX əsrin əvvəllərində
şəhərdə 1464 dükan
qeydə alınmışdı.
Tarixi mənbələrdə
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində
artıq Şuşada
çoxlu manufakturaların
və 2 mindən çox sənətkarın
fəaliyyət göstərdiyi
bildirilir. 1809-cu ilin məlumatına görə,
o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət
göstərirdi. Bu da ən azı
1500 sənətkar demək
idi. XIX əsrin
60-cı illərində Şuşada
illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət
göstərirdi ki, çox keçmədən
həmin müəssisələrin
illik istehsal gücü 117 milyon rubla çatmışdı.
“Şuşanın memarlığı”
kitabının müəllifi,
professor Elturan Avalov qeyd edir
ki, Şuşanın əsas “Meydan”ı ətrafında yerləşən
binaların təyinatına
görə mühüm
ictimai-ticari rol oynamışdır. Burada
böyük dini mərasimlər- aşura və digər təziyələr keçirilmişdir.
“Meydan”ın əsas memarlıq elementləri dini və ticarət
binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər
Azərbaycan şəhərlərində
salınmış meydanlar
üçün xarakterikdir.
Əsas memarlıq və ticarət kompleksi olan “Meydan” ilk
dini tikilinin ətrafında formalaşdırılmışdır.
Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi. Məscid və mədrəsələrin
saxlanmasına lazım
olan xərclər bu binaların istifadəsindən əldə
edilən gəlir sayəsində ödənilirdi.
Meydanın memarlıq kompleksinə qərbdən karvansaray, şərqdən və cənubdan uzun həcmli, bir mərtəbəli və böyük girişlərə
malik ticarət sıraları daxildir. Cənub tərəfdən
həmin ticarət sıraları inkişaf edərək Aşağı
bazar küçəsinin
ticarət sıraları
ilə birləşir.
“Meydan”ın bütün
bu kompozisiyası cənubda Şuşanın
iki minarəli Cümə məscidi ilə tamamlanır. Yuxarı Gövhər ağa məscidinin kifayət qədər hündür olan oxvari minarələri və mərkəzi günbəzi şəhərin
memarlıq kompozisiyasında
dominantlıq təşkil
edir. Yuxarı Gövhər ağa məscidi “Meydan”ın memarlıq ansamblında əsas yeri tutmaqla, ətrafında yerləşən binaları
özünə tabe edir. Yalnız ticarət kompleksinin deyil, bütövlükdə şəhərin
planlaşdırma nüvəsi
olan “Meydan”da iki əsas ticarət
magistralı - Rastabazar
və onun davamı olan Şeytanbazarla Aşağıbazar
küçələri kəsişir.
Görkəmli sovet memarı Nikolay Baranov qeyd edirdi ki,
Şərq şəhərlərində
Şuşanın Yuxarı
məscid kompleksi kimi monumental dini tikililər qonşuluqda yerləşən
ticarət yerləri -
karvansaraylar və bazarlarla birlikdə şəhərin əsas planlaşdırma elementlərini
təşkil edirlər.
Monumentallıq və əhəmiyyətlilik
təsirinin artırılması
üçün Orta Asiyanın orta əsrlər memarlığında
geniş tətbiq edilmiş bir neçə iki-üç
mərtəbəli binanın
bir kompleksdə birləşdirilməsi üsulu
Şuşanın meydan
mədrəsəsinin inşasında
da tətbiq edilmişdir. Mədrəsə
Yuxarı Gövhər
ağa məscidinin qonşuluğunda tikilmişdir.
Mərkəzdə isə
“Meydan bulağı” salınmışdır.
Hazırladı:
İ.ƏLİYEVA,
Azərbaycan. - 2021.-13 fevral.- S. 6.