Kor Xəlifəayaması ilə tanınan Molla Əli Qarabaği

 

 

 

Şair, xəttat, müəllim, Şuşa şəhərindəki Merdinli məscidinin axundu Molla Əli Molla Kəlbəli oğlu Qarabaği 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini atasından almışdır. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdur. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində Cümə məscidinin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdir. O, QarabağdaKor Xəlifəayaması ilə tanınırdı.

Molla Əli gözəl xəttat idi. Bir çox xətləri eynilə yazmaqda mahir ustad kimi tanınmışdı. Onun işlərini hamı heyranlıqla qarşılayırdı. O dövrün bir çox tanınmış ailələri övladlarını Molla Əlinin yanında dərs almağa göndərirdi. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, “İnşai-Mirzə Kazımadlı kitab çap etdirmişdi. Bu kitab mədrəsələrdə hüsnxət örnəyi kimi öyrədilirdi.

Məşhur din xadimi, şuşalı M.Qarabaği həm muğam həvəskarı idi. Kor Xəlifə kimi məşhur olan bu ünlü ruhani XIX yüzilin ortasında yeni musiqi məktəbi açmışdı. O burada tələbələrə muğam oxumağı, tar kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırmışdır.

Molla Əli 1893-cü ildə dünyasını dəyişmişdir. Onun Salah, Süleyman adlı oğulları vardı.

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S. 6.