Vətəndaşların
sağlamlığını qorumaq bir nömrəli vəzifədir
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkəmizdə 18 yanvar 2021-ci il tarixdən əhalinin vaksinləşmə prosesi həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak etmələri ölkə rəhbərliyinin insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi müasir avadanlıqlarla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səadət Əliyeva deyir ki, ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir: “Cənab İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirib. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən bu addım insana göstərilən qayğının təcəssümüdür.
Pandemiya ilə mübarizə işinin təşkilinə bütün imkanlar səfərbər oldu. Dövlət başçısının vaxtında atdığı düzgün addımlar, peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alınıb. COVID-19-la mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər gördü və bu gün də tədbirlər davam etdirilir. Əhalimizin aztəminatlı hissəsinə dövlət yenə də kömək edir və hər ay onlara 190 manat pul verildi ki, pandemiya dövründə əziyyət çəkməsinlər. Ölkəmiz pandemiya ilə mübarizədə digər kasıb ölkələrə də maliyyə köməkliyi etdi, eyni zamanda beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edirdi”.
Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Ölkəmiz pandemiyanın ilk günlərindən onun qarşısını almaq üçün bütün lazımi addımları atmışdır. Artıq 4 milyon doz vaksin sifariş verilib və onların ölkəmizə gətirilməsi təmin edilib. Azərbaycan vətəndaşları artıq peyvənd olunurlar. Bütün məsələlərdə olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunması əsas vəzifələrdən hesab edilir. Bütün bunlar dövlət başçısı İlham Əliyevin yorulmaz əməyinin və xalqına sevgisinin təzahürüdür.
Nazirlər
Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” da
təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın
birinci mərhələsində səhiyyə
işçiləri, 65 yaşdan yuxarı
şəxslər və hüquq
mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə
cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi
ölkədə geniş
yayılmış koronavirus
pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı
salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti
gücləndirmək yolu ilə xəstəlikdən
qorunmaq, infeksiyanın ötürülməsini
məhdudlaşdırmaq, ölüm
halının qarşısını almaq
və nəticədə səhiyyə sisteminə düşən
yükü azaltmaqdan
ibarətdir.
Səadət Əliyeva onu da vurğuladı ki, Kəlbəcər rayonunda da vaksinasiya strategiyasına uyğun olaraq, səhiyyə işçilərinin peyvənd olunması prosesi artıq başa çatmışdır: “Fevral ayının 8-dən etibarən yaşı 65-dən yuxarı və risk qrupuna daxil olan şəxslərin vaksinasiyasına başlanılmışdır. Respublikamızın bütün bölgələrində olduğu kimi, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi həyata keçirilir. Rayon əhalisi yaxşı bilir ki, Gəncə şəhərində və Göygöl rayonu ərazisindəki Murovdağ qəsəbəsində məskunlaşmış, vaksinasiya üçün göstərilən yaş qrupuna daxil olan şəxslər Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına, respublikanın digər şəhər və rayonlarında yaşayan sakinlərimiz isə məskunlaşdıqları ərazidə fəaliyyət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər. Bununla bağlı vaxtaşırı səhiyyə işçilərimiz təbliğatla məşğul olur, əhali arasında vaksinləşmənin əhəmiyyəti və vacibliyi barədə söhbətlər aparırlar. Sahə həkimlərimiz bu işdə daha çox fəallıq göstərirlər. Vaksinasiya prosesinin şəbəkəsi genişlənir. Koronavirusla mübarizənin yeni mərhələsi kəlbəcərlilər arasında da uğurla davam etdirilir”.
Kəlbəcərlilər doğma yurda sağlam olaraq qayıtmaq istəyirlər. Odur ki, virusla mübarizədə də öndə getməyə çalışırlar. Məqsəd dövlət başçısının yürütdüyü siyasətdə səhiyyə işçilərinin üzərinə düşən vəzifələri layiqli yerinə yetirməkdir.
Musa ƏZİZ,
Kəlbəcər
rayonunun Başlıbel kənd sakini,
AJB-nin üzvü
Azərbaycan.-2021.- 14 fevral.- S.6.