Vətənə xəyanətdə
günahlandırılan vətən sevdalıları
Azərbaycan 1920-ci il aprelin 28-də bolşevik işğalına məruz qaldıqdan sonra yalnız dövlət müstəqilliyini itirmədi. O gündən xalqımızım mərd, fədakar övladlarının başının üstünü alan qara buludlar getdikcə sıxlaşdı və neçə-neçə soydaşımızın həyatını qaranlıqlara qərq etdi. Bolşevik hökumətinin hədəfində ilk növbədə ziyalılarımız var idi. Çünki onların aydın fikirləri, Azərbaycanı yenidən azad, müstəqil görmək arzuları, düşüncələri bu işğalçı hökuməti təşvişə salırdı. 1920-1930-cu illərdə həyata keçirilmiş kütləvi həbslərin əsas səbəbi də bu idi. Həmin illərdə Azərbaycanın demək olar ki, heç bir ərazisi “unudulmadı”. Şuşanın sayılıb-seçilən, nüfuzlu, istedadlı, tanınmış, söz sahibi olan insanları, məşhur sənətkarları, eləcə də sadə peşə sahibləri repressiyaların amansız pəncəsindən xilas ola bilmədilər. İlk qurbanlar arasında Azərbaycan Xalq Cümhuriyyəti quruculuğunda fəal iştirak etmiş şəxsiyyətlər var idi.
Sürgündə bitən ömür
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı Cavad bəy Məlikyeqanov 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində dünyaya göz açıb. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində alıb. Sonra texniki məktəbi bitirib. 1903-cü ildən Bakının neft mədənlərində işləyib. İnqilabi hərəkata da həmin illərdə qoşulub. “Hümmət” təşkilatının üzvü olub. Çar hakimiyyətinə qarşı mübarizəsi 1909-cu ildə həbs edilməsinə səbəb olub. Bakıdan sürgün edilib.
Bu şəhərə 1914-cü ildə qayıdıb. Yenidən neft mədənlərində işə başlayıb. 1917-ci ildə “Müsavat” partiyasının sıralarına daxil olub. Partiyanın birinci qurultayında fəal iştirak edib. Cavad bəy partiyada fəhlə münaqişələri üzrə iş aparıb. Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olub. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atanlardan, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olub.
Cavad bəy Məlikyeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam olunub, daha sonra fəhlə kütləsi qarşısında hesabatla çıxış edib. O, 1919-cu il martın 10-da parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilib. Cavad bəy çıxışlarında 1918-ci il mart soyqırımında verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edib, fəhlələrin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindəki xidmətlərindən danışıb, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblər qoyub. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edən Cavad bəy Məlikyeqanov deyib: “Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar”.
Cavad bəy 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilib, denikinçilərə qarşı mübarizə aparıb. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlikyeqanov və T.Məmmədov “Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri”ni imzalayıb, bütün diyarda hərbi vəziyyət elan edib. O, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm xidmətlər göstərib. 1919-cu ilin oktyabrında “Müsavat” partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olub. Həmin ay partiyanın Bakı komitəsinə seçilib. O, Türk Fəhlə Konfransının təşkilatçılarından olub, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb.
Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında işləyib. Respublika Xalq Əmək Komissarlığı qaçqınlar şöbəsinin rəisi, 1927-1928-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində çalışıb, N.Nərimanov adına Bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə rəhbərlik edib.
Aprel işğalından sonra müxtəlif illərdə o, 6 dəfə həbs edilib. 1931-ci ildə gizli “Müsavat” partiyasının üzvü ittihamı ilə tutulub. On il müddətinə sürgünə göndərilib. Uzaq şimaldan - sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktublarında vətənini həsrətlə anaraq yazırdı: “Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm”.
Ancaq yenidən Vətəninə dönmək ona nəsib olmayıb. 1942-ci ildə sürgündə vəfat edib. 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilib.
Sonadək özünü günahkar
bilməyən repressiya
qurbanı
Sovet partiya və dövlət xadimi, Azərbaycan SSR-in Baş prokuroru Bahadır
Vəlibəyov da
Stalin repressiyalarının qurbanı olub.
O, 1894-cü ildə
Şuşa qəzasının
Çəmənli kəndində
dünyaya gəlib. Bəy nəslindən olan Bahadur bəy mükəmməl təhsil
alıb. 1912-ci ildə Bakıda gimnaziyanı bitirib. Sonra Kiyev Universitetinin Hüquq fakültəsinə
daxil olub. Onun tələbəlik illəri
çarizmin hökmü
çatan bir sıra yerlərdə siyasi hərəkatın genişlənməyə başladığı
dövrə düşüb.
Bahadır bəy də
öz zamanəsinin qabaqcıl fikirli gənclərindən geri qalmayıb. İnqilabi fəaliyyətə başlayıb. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu
üçün universitetdən
xaric edilib. Ancaq sonradan sosial-demokrat partiyasının 3-cü dumasının
tələbinə əsasən
Hüquq fakültəsinə
bərpa edilib. İnqilabi fəaliyyətini davam etdirib.
Bahadır bəy 1917-ci ildə,
Oktyabr inqilabından sonra Minsk quberniyasının
milis komissarı, Minsk
Vilayət Soveti İcraiyyə Komitəsinin
üzvü, Smolensk Qızıl
qvardiya qərargahı
hərbi-təsərrüfat idarəsinin komissarı vəzifələrində çalışıb.
Tambov quberniyasında qolçomaq qiyamçılara
qarşı döyüşüb.
O, 1918-ci ildə Rusiya
Kommunist (bolşeviklər)
Partiyasının üzvü
olub, 1919-cu ildə Batum, Gəncə və Qarabağda partiya işi apararaq RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığını yerinə yetirib.
1920-1937-ci
illərdə AK(b)P Naxçıvan
Ölkə Komitəsinin
katibi, Azərbaycan SSR
Maarif komissarının
müavini, Ədliyyə
komissarı, Naxçıvan
MSSR MİK sədri, Vilayət
Partiya Komitəsinin birinci katibi, Gürcüstan K(b)P Borçalı
Qəza Komitəsinin katibi, Azərbaycan SSR Baş prokuroru, SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialının
sədr müavini vəziələrində çalışıb.
1930-cu illərin repressiya
tufanı Bahadır bəydən də yan keçməyib. 1937-ci il
iyulun 21-də Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarının
müavini, Dövlət
Təhlükəsizlik İdarəsi
4-cü şöbəsinin rəisi, baş leytinant Qriqoryanın imzaladığı qərarla
həbs olunub. Vətənə xəyanətdə günahlandırılıb. Azərbaycan
XDİK DTN-nin 4-cü şöbəsinin
arayışında qeyd
olunub ki, Bahadır Vəlibəyovun
Azərbaycanın milli
əksinqilabi təşkilata
aid olması bu təşkilatın fəal
iştirakçısı Böyükağa
Talıblının izahatı
ilə təsdiq edilib. O, istintaq müddətində 4 dəfə
dindirilib, 3 nəfərlə
- Talıblı, Səfərov
və Bünyadzadə
ilə üzləşdirilib.
O, 1938-ci il dekabrın
8-də istintaq başa
çatdığı elan
olunanda da təkidlə özünü
günahkar hesab etmədiyini deyib. 1938-ci il dekabrın
25-də Bahadır Vəlibəyovun
işi sona çatıb, Atakişiyev
və Markaryan tərəfindən imzalanan
ittihamla və Azərbaycan SSR prokurorunun müavini Seliverstovun qərarı ilə
SSRİ XDİK-in nəzdindəki xüsusi müşavirəyə
göndərilib. 1939-cu il iyunun 21-də Vəlibəyovun işinə
baxan SSRİ XDİK xüsusi
müşavirəsinin qərarında
bildirilib: “B.Vəlibəyovun
işi müzakirədən
çıxarılsın və
əlavə istintaqa verilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilsin”.
1940-cı
il fevralın
16-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının
qapalı iclasında Vəlibəyov ən ağır cəzaya - ölüm hökmünə
məhkum edilib. Hökm dərhal yerinə yetirilib.
Tanınmış nəslin başıbəlalı
nümayəndəsi
Qarabağın tanınmış din xadimi, Cümə məscidinin axundu Axund Molla Zülfüqar
Axundov Seyidli oymağının sayılıb-seçilən
nəsillərindən birinin
övladıydı. Din xadimləri,
tacirləri ilə tanınmış bu nəsil öz adını Kərbəlayi
Miralıdan alıb. XVIII əsrin ortalarında
dünyaya gəlmiş,
mükəmməl dini
təhsil almış,
zəmanəsinin savadlı,
müdrik din xadimlərindən
sayılmış Kərbəlayı
Miralı onun ulu babası idi.
Axund Molla Zülfüqar Axundovun babası Ağamalı Kərbəlayi Miralı oğlu da öz
zəmanəsinin müdrik,
hörmətli din xadimlərindən,
həmçinin Seyidlinin
imkanlı adamlarından
sayılıb.
Ağamalının oğlu Axund Molla Mustafa da Qarabağda savadlı din xadimi kimi tanınıb. O, müəllimlik fəaliyyəti ilə məşğul olub, ərəb, fars dillərini, şəriət elmlərini tədris edib. Axund Molla Mustafa da atası Ağamalı kimi Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynayıb.
Axund Molla Mustafanın oğlu Axund Molla Zülfüqar Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli) kəndində dünyaya gəlib. İlk təhsilini atasından alıb, ərəb, fars dillərini, şəriət elmlərini öyrənib. Sonralar Xorasanda mükəmməl dini təhsil alıb. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilib.
Hakimiyyətini möhkəmlətmək üçün yolunda maneə hesab etdiklərinə qarşı amansız olan bolşevik hökuməti yüzlərlə Azərbaycan ziyalısını məhv edib. Onlardan biri də Axund Molla Zülfüqar Axundov olub. O, sovet hakimiyyətinin repressiya siyasətinin güdazına gedib. Azərbaycan SSR XDİK üçlüyünün 11 sentyabr 1937-ci il qərarına əsasən həmin il sentyabrın 15-dən 16-na keçən gecə güllələnib.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2021.- 14 fevral.- S.7.