Respublika rəhbərlərinə və partiya üzvlərinə qarşı kütləvi həbslər

 

Represiya: Arxivdən gələn səslər

 

 

Görkəmli tədqiqatçıların araşdırmalarına görə, 1937-ci il yayın əvvəlindən 1938-ci ilin payızına qədər Azərbaycan faktiki olaraq idarəedilməz qalmışdı. Respublika rəhbərlərinə və partiya üzvlərinə qarşı repressiyalar kütləvi şəkil almışdı.

Təkcə 1937-ci ildə 22 xalq komissarı, 49 rayon komitəsi katibi, 29 rayon icraiyyə komitəsinin sədri həbs olunmuşdu. 18 xalq komissarı və bütün rayon komitəsi katibləri 1937-il ərzində öldürülmüşdü. Əkinçilik, maarif və ədliyyə xalq komissarları ilə birgə onların müavinləri və demək olar ki, bütün əməkdaşları repressiya qurbanı olmuşdular.

Bir sıra partiya və dövlət xadimlərinin həbsinə səbəb onlara qarşı yazılan ərizələr (donoslar) idi. Ölüm hökmü alan Xəzər Dəniz Gəmiçiliyinin rəisi İvan Menyaylov sorğularda ziyankarlıq fəaliyyətində əlbir olduğu 138 nəfərin adını qeyd edirdi. Onların arasında Xəzər Dəniz Gəmiçiliyinin siyasi şöbəsinin keçmiş rəisi, o dövrdə artıq Naxçıvan Vilayət Komitəsinin birinci katibi, eyni zamanda Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olan  Hüseyn Rəhmanovun qardaşı Həsən Rəhmanovun da adı çəkilirdı. Professor  E. İsmayılovun araşdırmalarına görə bununla əlaqədar Bağırov Stalinə Həsən Rəhmanovun vəzifədən çıxarılması və eləcə də onun qardaşının ölkə rəhbərliyində qalmasının yolverilməz olduğu ilə bağlı müraciət edir. 26 sentyabr 1937-ci ildə Stalin Azərbaycan KP MK-ya bununla bağlı şifrələnmiş teleqram da yollayır.

Həmin dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin  bütün rəhbər heyəti repressiyaya məruz qalıb. Həbs olunmuş Mardakert rayon partiya komitəsinin katibi O.Kotanjyan onu millətçi erməni təşkilatına cəlb edənlər arasında Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Poqosovun da adını qeyd etmişdir. 1937-ci ilin oktyabr ayında Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda sonuncu MK sıralarından qovularaq digər partiya işçisi olan ermənilərlə birgə mühakimə edilmişdi.

Azərbaycanın xalq hakimlərinin hər beşindən dördü həbs edilmişdi, demək olar ki, bütün prokurorluq aparatı başsız qalmışdı. Kirovabad partiya təşkilatının birinci katibi Mustafayevin məhkəmə və prokurorluq orqanlarının kolxozlardakı cinayətkar elementlərlə mübarizədə yetəri qədər qətiyyətli olmamaları ilə bağlı bəyanatından sonra 1937-ci ilin yazında Kirovabad rayonunun demək olar ki, bütün hakim və prokurorları həbs edilmişdilər.

1937-ci ildə Ədliyyə komissarı Ayna Sultanova həbs edilmişdi.

Repressiyalar həm də Bağırova öz siyasi rəqiblərini məhv etmək üçün ideal şərait yaratmışdı. O da öz növbəsində bu şəraitdən istifadə edirdi. 1937-ci ilin may-iyun aylarında olan məlumatlara görə, bəzi azərbaycanlı kommunistlərin (Xalq Maarif komissarı M.Cuvarlinski, H.Sultanov) Mir Cəfər Bağırovla bağlı Moskvaya şikayət cəhdləri qeydə alınmışdı. Bu cəhdlər onların özləri üçün faciə ilə nəticələnmişdi. Məmməd Cuvarlinski Azərbaycan SSR-in Maarif komissarı, AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M.Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitusiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nın bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər. M.Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M.Bağırov onu qabaqlayıb həbs etdirdi. Məmməd Cuvarlinski 1937-ci il oktyabrın 13-də güllələndi.

Repressiyaya məruz qalanlar arasında Çingiz İldırım da oldu. O, AXC-nin Hərbi Dəniz Donanmasının rəhbəri olaraq 1920-ci il aprel işğalında əsas rol oynayan fiqurlardan biri olmuşdu. Böyük Terror zamanı Krıvoy Roq şəhərində zavod direktoru olan Çingiz İldırımı “bəy oğlukimi həbs edərək Bakıya gətirib işgəncələr verdilər, daha sonra isə Moskvaya yollayıb orda güllələdilər. Onun ardınca Azərbaycan Fövqəladə Komissiyasının keçmiş sədri Eyyub Xanbudaqovu 1924-cü ildə etdiyi millətçi çıxışlarına görə həbs etdilər. 1937-ci ilin 23 iyul tarixində SSRİ XDİK-nın xüsusi iclasında 5 il azadlıqdan məhrum edilən E.Xanbudaqov SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ölüm hökmünə məhkum edildi. Xanbudaqova qarşı Həmid Sultanov ifadə vermişdi.

Repressiyalar Azərbaycan SSR Kommunist Partiyasını orta sinifsiz qoyub partiya rəhbərliyinin əksəriyyətini məhv etmişdi. Mir Bəşir Qasımov və Yusif Qasımovdan başqa bütün Hümmət üzvləri repressiya qurbanı olmuş, adları çəkilənlər isə həbs edilmişdilər. Kommunist elitasının “köhnə qvardiyası” məhv edilmişdi. Dadaş Bünyadzadə, Sultanməcid Əfəndiyev,  Həmid Sultanov, onun həyat yoldaşı Ayna Sultanova, Teymur Əliyev, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Çingiz İldırım, Mirzə Davud Hüseynov, Mustafa Quliyev, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, İsay Dövlətov kimi sosializmin ən parlaq təmsilçiləri repressiya qurbanı olmuşlar.

Baxmayaraq ki, Azərbaycan SSR Kommunist Partiyasının heyəti öz tarixi boyunca dəfələrlə azalıb çoxalsa da, Böyük Terror vaxtı partiya üzvlərinin sayı azaldı. Qeyd edək ki, azalmaya səbəb təkcə edamlar və həbslər deyildi, eləcə də partiya sıralarından xaricolunma və başqa səbəblər də var idi. Böyük Terrordan qabaq 1 yanvar 1937-ci il tarixində Azərbaycan Kommunist Partiyasının üzvləri və namizədlərinin ümumi sayı 47.194 nəfər idi, 1 yanvar 1938-ci il tarixində bu say 45.331 nəfərə qədər düşdü. 1937-ci ilin may ayında baş tutmuş partiyanın Bakı Komitəsinin konfransından sonra XDİK tərəfindən 1938-ci il ərzində Bakı Şəhər Komitəsinin 36 üzvü və 4 namizədi həbs edilmişdi. Azalmalar Azərbaycan Kommunist Partiyasının qurultayları arasındakı vaxtda da müşahidə edilirdi. Azərbaycan Kommunist Partiyasının 1937-ci il 3-9 iyul tarixlərində keçirilmiş 13-cü qurultayında 34.211 nəfər üzv, 12.906 nəfər namizəd (ümumi 47.117 nəfər) var idisə, bir il sonra 1938-ci ilin 7-14 iyul tarixlərində keçirilmiş 14-cü qurultayda üzvlərin sayı 32.135-ə, namizədlərin sayı isə 12.494 (ümumi 44.629 nəfər) nəfərə düşmüşdü. Lakin Böyük Terrordan sonra AKP-nin üzvlərinin sayı birdən-birə artmağa başlayır.

 

Azərbaycan.-2021.- 14 fevral.- S.7.