Ali Baş Komandan İLHAM
ƏLİYEV: “Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə
bilməz!”
Xəbər
verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları
Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan,
Laçın və Cəbrayıl rayonlarında olublar.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev Horadiz-Ağbənd
dəmir yolu xəttinin təməlini qoymaq üçün
Füzuli rayonuna gəldi.
Məlumat verildi ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu.
X X X
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olublar.
Zəngilana gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Zəngilan rayonuna gəlmişik. Yolumuz
Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər
var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların
bərpası prosesi artıq başlamışdır.
Bura Zəngilan şəhəridir. Biz burada
artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər
kimi düşmən tərəfindən demək olar tamamilə
dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada
onların hərbi hissəsi, polis bölməsi yerləşirdi.
Bir də ki, xaricdən gələn ermənilər,
burada qanunsuz yaşayan ermənilər. Zəngilanı
bax bu günə qoyub mənfur düşmən.
Bütün şəhərlərimizin baş
planları hazırlanır. Təqdim olunacaq,
müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə
start veriləcək. Keçən dəfə Zəngilan
şəhərinə gələndə bu bayrağı burada
mən ucaltdım.
Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi
icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq
ilkin araşdırmalar aparılıb. Bu,
dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.
Dövlətimizin başçısına Zəngilan
rayonunun Üçüncü Ağalı kəndində icra
olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat
verildi.
Bildirildi ki, kənddə layihənin icrası əsasən
5 komponent üzrə aparılacaq. Onlar
yaşayış, istehsal, sosial xidmətlər,
“ağıllı kənd təsərrüfatı”, alternativ
enerji sahələridir.
Qeyd edək ki, Prezident İlham Əliyev
çıxışlarında azad olunmuş ərazilərin
“yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə
bildirib. Erməni
işğalından azad olunmuş ərazilərin dövlətimizin
başçısının birbaşa təşəbbüsü
və tapşırıqları ilə nəinki bərpa edilməsi
və yenidən qurulması planlaşdırılır, hətta
orada “ağıllı şəhər” və
“ağıllı kənd” konsepsiyalarının
reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya
iqtisadiyyatında böyük problemlərin
yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu
təşəbbüsü bir daha dövlətimizin
gücünü və qüdrətini nümayiş etdirir.
İnşa ediləcək 200 evdən ibarət
kəndin enerjiyə olan tələbatı yalnız alternativ
enerji mənbələrindən əldə olunacaq.
Dövlətimizin
başçısı görüləcək işlərlə
bağlı tapşırıq və göstərişlərini
verdi.
X X X
Daha sonra dövlətimizin başçısı, birinci
xanım və qızları Leyla Laçın rayonuna yola
düşdülər.
Yol boyunca
Qubadlı rayonunun işğaldan azad edilən kəndləri
barədə danışan Prezident İlham Əliyev dedi:
-Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da
şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək
bu əraziləri də azad etmişdir. Düşmən
burada da qanunsuz olaraq məskunlaşmışdı. Çox ağır şəraitdə
yaşayıblar. Baxın, görün,
onların yaşadıqları evlər it damından artıq
deyil. Mən deyəndə ki, o vaxt
işğal edilmiş torpaqlarda ermənilər səfalət
içində yaşayırlar, bax bunu nəzərdə
tuturdum. Aclıq, səfalət, qanunsuzluq
hökm sürürdü. Belə bərbad
yollardan istifadə edirdilər. Bu
işıq dirəklərini biz torpaqları azad edəndən
sonra quraşdırdıq.
Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər
burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa
işləri gedir. Bu da Həkəri kəndidir.
Baxın nə gündədir, ermənilər bu
it damında yaşayıblar. Dağıdılmış
bu evlər erməni faşizminin törətdiyi əməllərdir.
Bütün dünya görsün bunları.
Bu da onların traktorudur.
Bala Soltanlı kəndi. Burada evlərin
böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə
düşmən qanunsuz məskunlaşma aparmışdı.
Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə
düşmən artıq öz payını alıb,
cavabını verib, beynəlxalq müstəvidə də
cavabını verəcəkdir. Bizim
şanlı ordumuz bax bu yolla Laçın rayonuna
keçmişdir və Laçın rayonunun bir neçə
kəndini işğaldan azad etmişdir. O cümlədən
Güləbird kəndi də ordumuz tərəfindən
işğalçılardan azad edilmişdir. Bura
Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir.
Şimal hissəsi isə Ermənistanın
kapitulyasiyasından sonra bizə qaytarıldı.
Bu da Padar kəndidir.
Qubadlı rayonunun Yusifbəyli kəndi. Bu kənd də
düşmən tərəfindən tamamilə
dağıdılıb. Biz indi
Laçın rayonuna gedirik. Laçın
rayonunun Güləbird kəndinə. Zəngilan
rayonunun İkinci Ağalı kəndində olduq, kəndin
inkişafı ilə bağlı təqdimat edildi. Bir
neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən
qurulması prosesinə start veriləcək. Bu,
bərpa ediləcək birinci kənd olacaq. İkinci Ağalı kəndi “ağıllı kənd”
konsepsiyası əsasında qurulacaq. Eyni
zamanda, Birinci və Üçüncü Ağalı kəndlərinə
qayıdacaq soydaşlarımız da eyni imkanlardan istifadə
edəcəklər.
İndi isə Mərdanlı kəndinə daxil oluruq. Günəş
də çıxır, yolumuzu işıqlandırır.
Mən demişdim ki, azad edilmiş torpaqlarda
bütün bərpa işləri ən yüksək səviyyədə
təşkil olunacaq. Dağılmış
bütün bu kəndləri biz bərpa edəcəyik.
Baxın mənfur düşmən bizim
bütün yaşayış məntəqələrimizi nə
günə salıb. Vandallar, barbarlar
işğal dövründə bütün binaları
söküblər, talayıblar, daşları
oğurlayıblar. Hamısını bərpa
edəcəyik.
Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri
çayıdır. Görün nə
gözəl çaydır. Çayımızı
da düşmən istismar etmişdir, təbiətimizi də
istismar etmişdir. Biz buna son qoyduq,
düşməni rədd etdik.
Artıq Güləbird kəndindəyik. Güləbird
kəndini də düşmən dağıdıb, talan edib.
Güləbird kəndinə gəlməyimizin səbəbi
qısa müddət ərzində inşa edilmiş su elektrik
stansiyasının açılışıdır və bu
layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası
olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, Günəş,
külək enerjisindən istifadə edəcəyik.
Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində
Azərbaycan bayrağını qaldırdı və
çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-Bu
gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm.
Bu gün bu torpaqlarda bir neçə tədbir
keçirilir. Bu tədbirlərin məqsədi
azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki,
insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.
Bərpa işləri arasında elektrik enerjisi təchizatı,
əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə
müharibədən dərhal sonra ilk günlərdən biz
bu işlərlə məşğul olmağa
başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə
təchiz etmək üçün əməli addımlara
start verilmişdir və birinci mərhələ başa
çatıb. “Azərişıq” artıq Şuşa
şəhərinə elektrik xətlərini çəkib.
Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə
təmin etmək və ondan sonra şəhərin
inkişafını təmin etmək üçün “Azərenerji”
Səhmdar Cəmiyyəti də Şuşa
şəhərinə yüksəkgərginlikli xətləri
çəkir və Şuşa şəhərində elektrik
yarımstansiyası inşa edir.
Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik,
Güləbird kəndinin ərazisində. Bu gün
Güləbird kəndində Su Elektrik Stansiyasının
açılışıdır. Laçın
rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş
– ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası
istismara verilir. Bu Su Elektrik
Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8
meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər.
Əsas məsələ ondadır ki, bu stansiya
işə düşəndən sonra artıq burada generasiya
gücləri yaranır və beləliklə, biz təbiətimizdən
- Həkəri çayından səmərəli şəkildə
istifadə edəcəyik.
Kəlbəcər-Laçın zonasında su elektrik
stansiyaları üçün təbii şərait çox əlverişlidir
və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur
düşmən də işğal dövründə bu
stansiyalardan istifadə edib. Ancaq Ermənistan
kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə
qədər demək olar ki, bütün bu su elektrik
stansiyalarını darmadağın edib, avadanlığı
buradan çıxarıb, stansiyaların binalarını da
dağıdıb. O cümlədən Güləbird Su
Elektrik Stansiyası düşmən tərəfindən
dağıdılmışdır. Əks-təqdirdə,
bu stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi.
Ancaq verilən tapşırıqlarım
qısa müddət ərzində yerinə yetirildi və bu
gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik
Stansiyasının açılışını qeyd edirik.
Bu, azad edilmiş torpaqlarda istismara verilən
birinci elektrik stansiyasıdır və bunun çox
böyük əhəmiyyəti, böyük rəmzi mənası
var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər
və Laçın rayonlarında ermənilər tərəfindən
uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən
dağıdılmış bütün su elektrik
stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində
5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.
Kəlbəcər rayonunun ərazisində isə
12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və
Laçın rayonlarında dağıdılmış və
bərpa ediləcək stansiyaların generasiya gücü 120
meqavat olacaqdır. Bu, çox böyük
generasiya gücüdür. Bu generasiya
gücü ilə biz bu əraziləri bərpa edəcəyik,
dayanıqlı enerji ilə təmin edəcəyik.
Əgər biz nəzərdə tutduğumuz digər layihələrə
də nəzər salsaq görərik ki, bərpaolunan enerji
növlərinin bu bölgədə çox böyük
potensialı var. Onların arasında ən böyük
potensiala “Xudafərin” və “Qız qalası” su elektrik
stansiyaları malik olacaqdır. Bu stansiyaların
tikintisi ilə bağlı İran İslam Respublikası ilə
razılığa gəlmişik. Yaxın
gələcəkdə bu su elektrik stansiyaları tikiləcək
və beləliklə, Azərbaycan tərəfinə bu
stansiyaların fəaliyyətindən düşən
generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir
neçə ildən sonra 120 meqavat “Xudafərin” və
“Qız qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər
və Laçın rayonlarındakı su elektrik
stansiyalarından alacağıq. Bu, 240 meqavat
generasiya gücü deməkdir və bunun
üstünlüyü odur ki, bu, su elektrik
stansiyalarıdır və enerjinin maya dəyəri çox
aşağıdır. Bununla paralel olaraq,
artıq göstəriş vermişəm ki, bizim azad
edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji
növlərinin və yerlərin müəyyənləşdirilməsi
prosesinə start verilsin. Belə bir göstəriş
verildi və bu gün Zəngilan rayonunda birinci pilot
“ağıllı kənd” layihəsi də məhz bərpaolunan
enerji ilə təchiz ediləcəkdir.
Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar
“yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və
yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas
işləri dövlət olaraq biz özümüz
görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm
öz biznes maraqlarını təmin edə bilərlər və
həm də Azərbaycanı uzunmüddətli,
dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz
enerji növləri ilə təmin etmək üçün
öz sözlərini deyə bilərlər.
Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və
Laçın rayonlarında külək enerjisinin çox
böyük potensialı var. Zəngilan, Cəbrayıl
rayonlarında daha çox Günəş enerjisinin
böyük potensialı var. Artıq ilkin tədqiqatlar
aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi,
ötürücü xətlərimizi yenidən quraraq
Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik.
Mən bu proqramı elan edəndə bunu nəzərdə
tuturdum və bu gün birinci layihə - bax, orada
gördüyünüz Güləbird Su Elektrik Stansiyası
artıq istismara verilir.
Bizim
böyük planlarımız var. Biz bərpa işlərinə
start verdik. Çalışacağıq ki,
minalardan təmizləmə işləri qısa müddət
ərzində başa çatsın, dəymiş ziyanın
qiymətləndirilməsi aparılsın və bununla paralel
olaraq, artıq infrastruktur layihələrinə start verildi.
Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd
dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti
var. İlk növbədə ona görə ki, bu dəmir yolu
azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi,
həm də yüklərin daşınması
üçün böyük əhəmiyyətə malik
olacaq. Digər tərəfdən, bu dəmir
yolu Naxçıvana gedəcək. Noyabrın 10-da
imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin
yaradılması ilə bağlı xüsusi müddəa
var. Artıq bu işlərə start verildi. Bizim
təşəbbüsümüzlə həyata keçirilən
bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz
hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu
ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm
strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz
həyata keçiriləcək.
Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti
bundan ibarətdir - biz həm doğma torpaqlarımızı
işğalçılardan azad etdik, düşməni
torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi
bütövlüyünü bərpa etdik. Bütün
dünyaya xalqımızın, dövlətimizin qüdrətini
göstərdik, xalqımızın əyilməz ruhunu
göstərdik. Eyni zamanda, ölkəmizin
gələcəyi ilə bağlı strateji hədəflərə
çatmaq üçün əməli addımlar ataraq
önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə
ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun
qaytarılmasını təmin etdi, bir güllə atmadan biz
bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın
onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi
də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə
qədər uzanacaq və beləliklə Azərbaycanı
Türkiyə ilə birləşdirən ikinci dəmir yolu
şəbəkəsi yaradılacaqdır. Biz
üç il yarım bundan əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu
da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə
biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə
birləşdirdik. İndi isə ikinci dəmir
yolu çəkiləcək və eyni zamanda, bu yoldan
bütün bölgə ölkələri istifadə edə
bilərlər. Bölgə ölkələri
bu yolun tikintisinə də böyük maraqla yanaşırlar.
Demək olar ki, bizim bölgəmizdə yerləşən
ölkələr bu layihəyə öz müsbət qiymətini
vermişlər.
Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli
inkişafı, sabitliyin təmin edilməsi və müharibə
risklərinin sıfra endirilməsi üçün bölgədə
nəqliyyat layihələrinin xüsusi rolu vardır və
burada iştirak edən bütün ölkələr ancaq
xeyir götürəcək, fayda götürəcək. Azərbaycan
Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti
açıla bilər. Bu xətt yalnız
Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında
Naxçıvan ərazisi ilə dəmir yolu
bağlantısı olacaq. İran ilə
Ermənistan arasında dəmir yolu bağlantısı olacaq.
Türkiyə ilə Rusiya arasında dəmir
yolu bağlantısı olacaq. Yəni,
bütün bölgə ölkələri bundan ancaq xeyir
görəcəklər.
Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir
yolunun istismara verilməsi nəticəsində artıq Rusiya
ilə Türkiyə arasında bu dəmir yolundan istifadə
edərək yüklər daşınmağa
başlamışdır. Görün, biz nə
qədər böyük uzaqgörənlik göstərmişdik,
böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər
etmişdik və bu dəmir yolları
bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır.
Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini
artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi
bundan böyük maliyyə gəliri əldə edəcəyik,
eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin
edilməsi üçün də bunun çox böyük əhəmiyyəti
var.
Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün
də Ermənistanda revanşist qüvvələr baş
qaldırmağa çalışır. Azərbaycanı
növbəti təxribatlarla, növbəti müharibə ilə
hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət
yetiririk, hər şeyə nəzarət edirik və heç
vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha
başını qaldırsın. Biz erməni
faşizmini məhv etmişik. Düşməni
öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik.
Ermənistan ordusunu demək olar ki, məhv
etmişik. Ermənistan ordusu yoxdur,
dağılıb. Həm texnika
dağılıb, həm canlı qüvvə
dağılıb. Özləri etiraf edirlər
ki, müharibə zamanı onların 10 min fərarisi olubdur.
Azərbaycan Ordusunda bir dənə də fərari
olmayıbdır. Bu, xalqımızın,
Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür.
Aparılan siyasətin təzahürüdür.
Biz döyüş meydanında Qələbə
qazandıq. Biz bu torpaqları vuruşaraq
işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki,
noyabrın 10-da kapitulyasiya aktına imza atsın və
Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur
olub bizə qaytarsın. Çünki
danışıqlar zamanı heç vaxt Laçın və
Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi.
Danışıqlarda razılığa gəlməməsinin
əsas səbəbi də məhz bunda idi. Əfsuslar
olsun ki, Ermənistanın və onun bəzi xarici
havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon
Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin
və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik
verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın
əbədi nəzarəti altında qalsın. Mən
bu təklifi rədd etdim.
Həyat
göstərdi ki, biz güclü iradə, cəsarət
göstərərək istədiyimizə nail ola
bildik. Laçın rayonunu qaytarmaq fikirləri
belə yox idi onların. Biz gəldiyim
yolla gələrək, yol boyunca yerləşən
bütün rayonları, kəndləri, şəhərləri
azad edərək bax, buralara gəldik. Laçın
rayonunun cənub hissəsini işğalçılardan azad
etdik, Güləbird kəndini azad etdik. Burada
Səfiyan və Türklər kəndləri yerləşir,
onları da azad etdik və Laçın dəhlizinə nəzarət
etmək üçün hərbi plasdarm yaratdıq və
artıq Laçın dəhlizi atəşimiz altında idi.
Faktiki olaraq bu istiqamətdən hərəkət
edərək biz strateji əməliyyatlarımızı
aparmışdıq. Eyni zamanda, əks tərəfdən
- Xocavənd rayonundan Şuşa şəhərinə
gedərək, dağlardan, dərələrdən keçərək
uğurlu əməliyyat apara bilmişik. Laçın
rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində
azad edilmişdir. Biz döyüş
meydanında düşməni məğlub etdik və tarixi ədaləti
bərpa etdik.
Laçın rayonu Şuşadan sonra işğala məruz
qalmış ikinci rayondur. Laçın rayonunun
işğal altına düşməsi faktiki olaraq Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi bağlantı
yaratmışdır. Halbuki sovet
vaxtında bu bağlantı yox idi. 1992-ci il
mayın 8-də Şuşanın işğalından 10
gün keçəndən sonra Laçın rayonu
işğal altına düşdü. Bu,
böyük faciə idi. Hər bir rayonun
itirilməsi böyük faciə idi. İnsanlar
həlak olub, insanların əmlakı
dağıdılıb, insanlar öz dədə-baba
torpaqlarından didərgin salınıb. Eyni
zamanda, Laçın rayonunun işğal altına düşməsi
strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz
idi. Laçın rayonunu satanlar,
Şuşanı satanlar eyni adamlardır. Mən
bunu demişəm. Bir daha demək istəyirəm
ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt
unutmasın. AXC-Müsavat mənfur
cütlüyü hakimiyyətə gəlmək
üçün bu torpaqları düşmənə
satıb. O vaxt hakimiyyəti yıxmaq üçün
Bakıda mitinqlər təşkil edirdilər,
çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək
üçün istənilən satqınlığa hazır
idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr
var idi. Şuşa ermənilər oraya girəndə,
faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra
Laçın rayonunu da satdılar və ondan sonra heç bir
ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu
satqınlığı, bu xəyanəti edib, bu cinayəti
törədib. 1993-cü ilin aprelində Kəlbəcər
də işğal altına düşəndən sonra
qorxaqcasına qaçıb gizlənib, fərarilik edib.
Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu
satqınları, bu xainləri, bu düşmənləri
unutmamalıdır! Onlar satıblar bizim
torpaqlarımızı. Biz
qaytarmışıq bu torpaqları, qayıtmışıq.
Bax, durmuşam burada - Laçın rayonunda.
Bu torpaqları düşməndən azad edən
Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan
bayrağını qaldırmışam və bu
bayrağın altında Azərbaycan xalqına doğma
Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir.
Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin
qanını aldıq, biz düşməndən qisas aldıq
və qayıtmışıq. İndi isə
bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni -
Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib.
Bütün işlər görülür,
planlı şəkildə görüləcək və biz
bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə
bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Sonra Prezident İlham Əliyev Həkəri çayı
üzərində yerləşən 8 meqavat gücündə
“Güləbird” Su Elektrik Stansiyasının
açılışında iştirak etdi.
Erməni qəsbkarlar işğal dövründə xislətlərinə
uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da
darmadağın ediblər. Dövlətimizin
başçısının tapşırığı ilə
qısa müddət ərzində istismara verilən bu stansiya
işğaldan azad olunmuş ərazilərdə infrastrukturun
yaradılması və nəzərdə tutulan digər
işlərin həyata keçirilməsi baxımından
böyük önəm daşıyır.
Prezident İlham Əliyev “Güləbird” Su Elektrik
Stansiyasını işə saldı.
Qeyd edək ki, “Güləbird” Su Elektrik
Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar
hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham
Əliyevin iştirakı ilə istifadəyə verilən ilk
infrastruktur layihəsidir. Bu stansiya təxminən
7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında
mühüm rol oynayacaq. Burada istehsal olunan
elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini,
Laçın rayonunun cənub hissəsini və ərazidə
yerləşən digər infrastruktur layihələrini
elektrik enerjisi ilə təmin edəcək.
X X X
Sonra dövlətimizin başçısı, birinci
xanım və qızları Leyla Zəngilan rayonundakı Bəsitçay
Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər.
Erməni qəsbkarlar işğal altında
saxladıqları dövrdə digər ərazilərdə
olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror
törədiblər. Mənfur düşmən qoruğun
meşəlik ərazisinin demək olar ki, yarısını məhv
edib, ağacların kökünü, oduncağını
yandırıb. Burada illərlə
formalaşmış təbii ekosistemin tarazlığına
erməni vandalizmi nəticəsində ciddi zərbə
vurulub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban
Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay
qoruğunda çinar ağacları əkdilər.
Sonra dövlətimizin başçısı, birinci
xanım və qızları Bəsitçaya balıq
buraxdılar.
Prezident
İlham Əliyev: Bəsitçay Dövlət Təbiət
Qoruğunda çinar ağacları əkdik. Bəsitçay
qoruğu 1974-cü ildə ulu öndər Heydər
Əliyevin tapşırığı ilə
yaradılmışdır. Burada 100
hektardan çox sahədə nadir çinar ağacları
dövlət tərəfindən qorunurdu. Bu,
nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən
çinarların böyük hissəsini kəsib,
doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir.
Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına
start verildi.
Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.
Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay
da çox gözəl çaydır. Ümumiyyətlə,
bu bölgə çaylarla zəngindir. Tərtərçay,
Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri
çayı və digər çaylar bundan sonra Azərbaycan
xalqına xidmət edəcək. Mənfur
düşmən işğal dövründə Tərtərçayın
da suyunun qabağını kəsmişdir və bir neçə
rayonumuzda yüz min hektardan çox torpaq susuz
qalmışdır. Bizə qarşı
ekoloji terror törədilmişdir.
X X X
Sonra dövlətimizin başçısı İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları
Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə
yola düşdülər.
Prezident
İlham Əliyev: Tapşırıq verilib tədbirlər
görülsün ki, bu günə qədər suvarılmayan
100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə,
6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə
inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər,
kəndlilər daha çox pul qazanacaqlar. Evləri
də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən
payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün
imkanlarımızı, texnikanı, işçi qüvvəsini
səfərbər etmişik və 7 min hektarda əkin işləri
aparılmışdır. O əkin sahələrinə
də baxacağam. Builki mövsümdə təqribən
20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını
dirçəldəcəyik. Əlbəttə
ki, azad edilmiş torpaqların kənd təsərrüfatı
potensialı çox böyükdür. İşğalçılar
bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər
əldə etmişdilər. İşğal
dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi.
Buna da son qoyuldu. Azad
edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik,
heyvandarlıq sürətlə inkişaf edəcək.
Cəbrayıl rayonunun Soltanlı kəndinin ərazisinə
gələn Prezident İlham Əliyevə işğaldan azad
olunmuş torpaqlarda əkinlərlə bağlı
görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, hazırda əkin sahələrinin monitorinqi
davam etdirilir.
Əlavə əkin sahələri müəyyən
olunduqca yenilənmiş təkliflər verilir.
Azərbaycan.-2021.- 16 fevral.- S. 1-8.