İkinci doza vaksinasiyaya start verildi
Ötən ilin martından pandemiya elan edilən COVID-19 sürətlə yayılaraq yoluxdurduğu insanların sayını hər ötən gün artırır. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir ki, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 300 mindən çox artıb. Beləliklə, yoluxanların ümumi sayı 108 milyonu, bu virusdan həyatını itirənlərin sayı isə 2 milyonu ötüb.
Qlobal bəlanın qarşısını almaq üçün hazırda əksər ölkələrdə koronavirusa qarşı vaksinasiya prosesi aparılır. Azərbaycanda da yanvarın 18-dən tibb işçilərinin koronavirusa qarşı peyvəndlənməsi ilə vaksinasiya prosesinə start verilib.
Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiyasına başlanılıb. Bu kateqoriyadan olan şəxslər “randevu.its.gov.az” saytı vasitəsilə və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə, avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapıb. Bununla belə, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildirilir.
Xatırladaq ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, “DOST” mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.
Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddir.
Ötən gündən etibarən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılıb. Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini açıqlayan TƏBİB məlumat verib ki, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir: “Vaksinin insanda yaratdığı immunitetin minimum müddəti 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib”.
Respublikamızda pandemiyaya qarşı əldə olunan müsbət tendensiya sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına da şərait yaradıb. Xüsusilə təhsil sahəsində əyani tədrisin bərpası ilə bağlı bir çox açılımlar həyata keçirilib.
Artıq fevralın 15-dən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər başlayıb. Qeyd edək ki, sözügedən ərazilərdə yerləşən ümum - təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa edilib. Bildirək ki, ötən gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedib.
Eyni zamanda ötən gündən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilib. Qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.
15 fevraldan məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyətə başlayıb və sözügedən vaxtdan bu müəssisələrdə həftə içi hər gün əyani təlim aparılacaq.
Göründüyü kimi pandemiyaya qarşı vətənimizdə aparılan hərtərəfli mübarizə öz bəhrəsini verir və ölkəmiz normal həyata qayıtmağa başlayır. Ölkəmizin vətəndaşları da bu həssas mərhələdə ikiqat məsuliyyətli olaraq maska taxılmasına, şəxsi gigiyenaya, məsafə saxlanılmasına ciddi riayət edərək prosesin sürətlənməsinə töhfə verməlidir.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 16 fevral.- S.10.