Hollandiyalı jurnalistlər Naftalanda olmuşlar
Bu gün bölgələrimizdə elə istirahət və müalicə məkanları var ki, onlar təkcə ölkəmizdə yox, bütün dünyada tanınır. Belə məkanlardan biri də Naftalandır.
Son illər həyata keçirilən böyük infrastruktur layihələri bu unikal sağlamlıq mərkəzinin əvvəlki şöhrətini qaytarmaqla yanaşı, xarici ölkə vətəndaşlarının da maraq və diqqətini cəlb etmişdir. Elə bu günlər hollandiyalı jurnalistlərin Azərbaycanın bu əvəzolunmaz müalicə ocağına səfər etmələri dediklərimizə sübutdur.
Əsası 1919-cu ildə qoyulan və gündəlik nəşri 250 min nüsxədən çox olan “De Volksrant” adlı Hollandiya qəzetinin müxbirləri Jarl Ploeg və Frederik Berghin Naftalanda gördükləri onlarda xoş təəssürat yaratmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları qəbul edərək onlara Naftalan neftinin müalicəvi xüsusiyyətləri, son illər şəhərdə həyata keçirilən layihələr, eləcə də Vətən müharibəsində qazandığımız qələbənin əhəmiyyəti, həmçinin regionda ilk dəfə burada açılan “Little Free Library “ kitabxanası haqqında ətraflı məlumat vermişdir.
Sonra qonaqlar Naftalan nefti ilə yaxından tanış olmaq üçün bir neçə müalicə mərkəzində olmuşlar. Burada mütəxəssislər jurnalistləri maraqlandıran sualları cavablandırmışlar. Qonaqlar həmçinin neftin quyulardan çıxarılması texnologiyasına baxmışlar.
Jurnalistlər
səfərin sonunda Vətən müharibəsi
dövründə düşmən tərəfindən
atılan ağır artilleriya atəşi nəticəsində
bir ailənin 5 üzvünün həlak olduğu Qaşaltı-Qaraqoyunlu
kənd sakini Nadir Qurbanovun evinə getmiş, ermənilərin
törətdikləri vəhşiliyin şahidi olmuşlar.
Sabir ƏLİYEV
Azərbaycan.-2021.- 16 fevral.- S.10.