Ermənistan səfillər
ölkəsinə çevrilir
Bu ölkədə
yoxsulluğun səviyyəsi 30 faizə
çatıb, əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə
azalıb
Ermənistanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, tənəzzül isə durmadan dərinləşməkdədir. Vətəndaşların rifahı daha da pisləşir və bu vəziyyət sosial narazılığın daha da artmasına səbəb olur. İndi bu ölkədə insanlar gələcəklərinə də nikbin yanaşmır və Ermənistanı tərk etməyə çalışırlar.
Ötən ilin nəticələrinə görə, Ermənistanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var. Ermənistanın rəsmi statistikasının məlumatına əsasən, bu gün ölkədə hər 4 nəfərdən biri yoxsulluq həddində yaşayır. Beynəlxalq qurumların hesabatlarına görə isə bu göstərici hər 3 nəfərdən birinə aiddir. Sözügedən ölkənin rəsmi statistikasında hər 5 nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda bu rəqəm 25 faizə yaxındır.
Yoxsulluğun səviyyəsi isə rəsmi statiskaya əsasən, 2020-ci ildə 30 faiz olub. Bu rəqəmin reallıqda daha artıq olması şübhə doğurmur. Əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə azalıb. Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin sabiq müavini Tadevos Avetisyan bildirib ki, baş nazir Nikol Paşinyan 2020-ci ili ölkənin “çiçəklənmə” ili adlandırmaqla xalqı aldadır və alçaldır. Onun sözlərinə görə, ölkə əhalisinin sosial vəziyyəti ilbəil ağırlaşır. 2018-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 23,5 faiz, 2019-cu ildə 26,5 faiz olduğu halda, ötən il 29,8 faiz olub. Cari ildə isə bu rəqəm daha da böyüyəcək.
Avetisyan Ermənistanın xarici dövlət borcunun da əsaslı dərəcədə artdığını bildirib. Qeyd edib ki, Ermənistanın dövlət borcu 10 milyard ABŞ dollarına çatıb və ölkə artıq humanitar fəlakətlə üz-üzədir.
Ermənistanda iqtisadi vəziyyətin ağırlaşması miqrasiyanı daha da sürətləndirəcək. Məğlub ölkədə xalis miqrasiya dərəcəsi (immiqrantlarla emiqrantlar arasındakı fərq) hər min nəfərə mənfi işarə ilə 5,6-dır. Bu da Ermənistanda emiqrantların sayının immiqrantlardan hər 1000 nəfər üçün 5,6 dəfə çox olduğunu göstərir. Ermənistanda emiqrantların yaşı isə 15-65 arası dəyişir. Bu onu göstərir ki, həm gənclər, həm də yaşlılar üçün, yəni daha geniş yaş spektrində olan vətəndaşlar üçün Ermənistanda yaşamaq və işləmək imkanları daha aşağıdır. Ermənistandan gedənlərə - emiqrantlara həm şəhər, həm də kənd yerlərində rast gəlinir. Digər bir fakt isə erməni emiqrantların daha çox qadın olmasıdır. Asiya İnkişaf Bankının araşdırmasına əsasən, MDB ölkələri arasında yalnız Ermənistan bu göstərici ilə fərqlənir. Bu da faktiki olaraq ölkənin demoqrafik artımına mənfi təsir göstərir.
Bu səbəblərdəndir ki, Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir. Etirazçılar mitinqlər, yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar. Onlar müharibədəki ağır məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını və istefa verməli olduğunu bildirirlər.
Hadisələrin bu ssenari üzrə inkişafı Ermənistanda kütləvi aksiyaların gedişində qan töküləcəyindən xəbər verir. Artıq “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə təşkil olunan aksiya zamanı polislə qarşıdurma yaranıb. Polisin intizam çağırışına etiraz edən bir qrup hüquq mühafizə orqanı əməkdaşlarına hücum edib. Buna görə də 20-yə yaxın aksiya iştirakçısı saxlanılıb.
Göründüyü kimi, hakimiyyət özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi hesabına dağıtmağa üstünlük verir. Kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır və həbs edilir.
Mitinqdə çıxış edən Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefası ilə bağlı fevralın 20-də daha böyük mitinqin keçiriləcəyini bir daha bəyan edib. Deyib ki, Paşinyanın partiyası yayda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumat yayıb. “Lakin bu, bizim üçün əsas deyil və biz mübarizəmizi sonadək davam etdirəcəyik”, - deyə Manukyan vurğulayıb.
Sosial vəziyyətin getdikcə ağırlaşdığı Ermənistanda intihar halları da artıb. “4rd.am” saytı yazır ki, Ermənistanda intihar və intihara cəhd hadisələri 2018-ci ildə 606, 2019-cu ildə 613, 2020-ci ildə isə 630-dan çox təşkil edib. İntihar edənlər arasında işsizlər böyük əksəriyyət təşkil edirlər. Mütəxəssislərin sözlərinə görə, insanlar pis sosial şərait səbəbindən həyatlarına son verirlər.
Göründüyü kimi, Ermənistan tarixinin ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə bütün sahələrdə ciddi və dərin xaos hökm sürür. Bütövlükdə, proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 16 fevral.- S.11.