Yeni
Azərbaycan Partiyasının üzvləri Qarabağ
Dirçəliş Fonduna 500 min manat vəsait
köçürüb
Yeni
Azərbaycan Partiyası (YAP) işğaldan azad edilmiş
torpaqlarımızda dayanıqlı məskunlaşma
üçün müasir və layiqli həyatın təmin
edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa
və abadlıq işlərinin aparılması, təhlükəsiz
yaşayışın, səmərəli fəaliyyətin və
rifahın davamlı artmasının dəstəklənməsi
məqsədilə yaradılmış Qarabağ Dirçəliş
Fonduna 500 min manat vəsait köçürüb.
Partiyadan
AZƏRTAC-a verilən məlumata görə, bu vəsait partiyanın
fəal üzvlərinin təşəbbüsü ilə fərdi
ianəçilik hesabına formalaşıb.
Qeyd
edək ki, Yeni Azərbaycan Partiyası “Qarabağ Azərbaycandır”
devizi ilə davam edən kampaniya çərçivəsində,
eləcə də Vətən müharibəsi dövründə
Silahlı Qüvvələrə Yardım Fonduna və Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralananların və
şəhid ailələrinin təminatına dəstək məqsədi
ilə yaradılmış YAŞAT Fonduna ianə etmiş, cəbhə
bölgəsində erməni vandalizminin qurbanına
çevrilmiş 500-dən artıq ailəyə humanitar
yardım göstərib.
YAP tərəfindən,
həmçinin, ermənilərin raket zərbələri nəticəsində
Gəncə şəhərində evləri
dağılmış 13 ailəyə birdəfəlik maddi
yardım göstərib, bu terror nəticəsində valideynlərini
itirmiş uşaqlara 18 yaşına çatana qədər
aylıq 300 manat məbləğində təqaüd ödənilməsi
barədə qərar qəbul edib. Yeni Azərbaycan
Partiyası Vətən müharibəsi dövründə
döyüşən əsgər və zabitlərimizin maddi təminatının
daha da gücləndirilməsi, eləcə də yaralılara
göstərilən tibbi xidmətə dəstək istiqamətində
də tədqirəlayiq humanitar tədbirlər həyata
keçirib. Bütövlükdə, Yeni Azərbaycan
Partiyası tərəfindən bu aksiyalara 455 min manat vəsait
sərf edilib.
Azərbaycan.-2021.-17 fevral.- S.2.