Yeni konsepsiya - yeni yüksəliş
zəmanəti
Milli prioritetlər
Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə qədəm
qoyması üçün real zəmin yaradır
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bugünkü uğurlarının təməlində mütərəqqi islahatlar dayanır. İqtisadiyyatın liberallaşması və geniş iqtisadi islahatlar dayanıqlı inkişafı təmin edib.
Son 17 ildə sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçən Azərbaycanın iqtisadiyyatı yüksəlib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Əlbəttə, bütün bunlar ölkənin hərbi qüdrətinə də müsbət təsir göstərib. Torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpasında bu amillərin həlledici rolu olub. Azərbaycanın hərb və diplomatiya sahəsində əldə etdiyi uğurlar bu gün yeni, sistemli və davamlı islahatlara yol açır.
Növbəti 10 ilin inkişaf yolu
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb. İslahatlarla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Bütün bu məsələlər Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq (dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi) beş milli prioritet əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.
Sadalanan prioritetlər iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı dövrdə neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın əsas istiqamətinə çevrilməlidir. Çünki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər.
Bu prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafını, vətəndaş rifahının daha da yaxşılaşdırılmasını təmin etməyə hədəflənib. Yəni nəzərdə tutulan proqramların icrası nəticəsində siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə nailiyyətlər qazanılacaq və bu da Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə qədəm qoymasına, sosial rifaha malik dövlət olmasına möhkəm əsaslar yaradacaq.
Bu sənəddə əksini tapan milli maraqlar və strateji planlamanın vəhdəti, ilk növbədə, ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək, regionun yeni siyasi-iqtisadi reallığını təmin edəcək. Milli prioritetlərin təsdiq edilməsi haqqında sərəncamda da qeyd edilib ki, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli, multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovuşuğunda olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Hədəf dövlətimizin daha da qüdrətlənməsidir
Milli prioritetlər növbəti 10 il ərzində Azərbaycanın qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Ölkəmizin yeni inkişaf mərhələsinə yüksəldilməsi ilə bağlı çox mühüm yol xəritəsi olan yeni milli prioritetlər daha qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin qurulmasına hədəflənib.
Mühüm hədəflərdən biri də işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işlərinin sistemli şəkildə reallaşması və yüksəliş dövrünün başlanmasıdır. Sənəddə göstərildiyi kimi, burada reallıq Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında xüsusi mərhələyə qədəm qoymaq deməkdir. Çünki 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək.
Azərbaycan dövlətinin əsas hədəflərindən biri də işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsini işğala qədərki səviyyəyə çatdırmaqdır. Əlbəttə ki, buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. Ən əsas amil isə odur ki, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.
Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2021.-17 fevral.- S.4.