Reza Deqati: Birinci Qarabağ müharibəsindəki fotoları göz yaşları ilə çəkirdim

 

Birinci Qarabağ müharibəsindəki fotoları göz yaşları ilə çəkirdim. Çünki orada baş verənlər həqiqətən də dəhşətli idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri məşhur fotoqraf Reza Deqati media nümayəndələri ilə görüşündə deyib.

Fotoqraf qeyd edib ki, hadisələrin içərisində olub çəkdiyi fotolar arasında Xocalı faciəsi kimi dəhşətli mənzərələr az olub.

Daim ermənilərin təzyiqləri ilə üzləşdiyini qeyd edən Reza Deqati deyib: “İkinci Qarabağ müharibəsindən sonra ermənilərin mənə təzyiqləri daha da çoxalıb. Belə ki, keçirməli olduğum bir neçə sərgi ermənilərin təzyiqi ilə ləğv olundu”. “Müharibə başladığını öyrəndikdən sonra bütün layihələrimi dayandırdım və buraya gəldim. İşğaldan azad olunmuş ərazilərdə hər şəhərdə, hər kənddə gördüyüm hər şeyi fotoşəkillərimlə sənədləşdirməyə çalışıram ki, tarixdə bu torpaqların hansı formada geri qaytarıldığına dair faktlar qalsın. Haqq sözünü deməyə canımı qoymuşam”, - deyə o bildirib.

Sonra R.Deqatinin fotolarından ibarət 6 dəqiqəlik videoçarx nümayiş olunub.

Fotoqraf qeyd edib ki, Qarabağın işğaldan azad edilməsindən sonrakı vəziyyəti, ermənilərin bu gözəl diyarı necə dağıntılara məruz qoyduğunu əks etdirən fotoları bütün dünyaya təqdim etmək fikrindədir. Şuşada böyük bir fotoqalereyanın yaradılması da növbəti layihələr arasındadır.

R.Deqati 20 Yanvar faciəsi, Xocalı soyqırımı, məcburi köçkünlərlə bağlı kitablarının da olduğunu, bu kitabların Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edildiyini bildirib.

Sonra məşhur fotoqraf jurnalistlərin suallarını cavablandırıb.

 

 

Azərbaycan.-2021.-17 fevral.- S.7.