İlham Əliyev
Qarabağa növbəti səfərində
də ənənəsinə sadiq
qaldı
Dövlət
başçısının xeyir-duası ilə işğaldan azad olunmuş ərazilərdə yeni
layihələrin icrasına başlanıldı
Adətən, Prezident İlham Əliyevin bölgələrə hər səfəri yaddaşlarda həm də mühüm istehsal müəssisələrinin, əhəmiyyətli sosial infrastrukturun, o cümlədən yolların açılışı, yaxud təməlqoyma günü kimi qalır. Dövlət başçısının birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə cari il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri bu baxımdan istisna təşkil etmədi. Üstəlik, həmin səfərin özəlliyi də vardı.
Çünki Prezident düşmən tapdağından azad edilmiş bölgələrə gəlmişdi və səfərin məqsədi barədə belə dedi: “Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin”.
Tədbirlərdən biri Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması idi. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti mühüm strateji əhəmiyyət daşıyacaq, çünki azad edilmiş torpaqlara həm vətəndaşların gəliş-gedişinə, həm də yüklərin aparılıb-gətirilməsinə xidmət edəcək. Eyni zamanda daha bir mühüm məsələ də həllini tapacaq: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqəsi yaranacaq. Beləliklə, həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu nəqliyyat infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tbilisi-Qars dəmir yolundan başqa Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci polad magistral şəbəkəsi olacaq. Təsadüfi deyil ki, region ölkələri də bu yolun tikintisinə böyük maraqla yanaşırlar və layihəyə öz müsbət münasibətlərini bildiriblər.
Dövlət başçısı bu layihənin perspektivlərini qeyd edərək dedi: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Prezident işğaldan azad edilmiş Zəngilana keçən dəfəki səfərində burada üçrəngli bayrağımızı ucaltdı. Budəfəki səfəri zamanı isə rayonda birinci “ağıllı kənd” layihəsinə start verildi. Ağalı kəndində icra olunacaq bu pilot layihənin həyata keçirilməsi əsasən 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Prezident İlham Əliyev son vaxtlarda dəfələrlə bildirib ki, azad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı məhz alternativ enerji mənbələrindən əldə olunacaq. Sözügedən səfər zamanı dövlət başçısı bu istiqamətdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
Təbii ki, bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılıb və birinci mərhələ başa çatıb. “Azərişıq” şəhərə elektrik xətlərini çəkib. Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” də burada yüksək gərginlikli xətlər çəkir və elektrik yarımstansiyası inşa edir.
Fevralın 14-də isə Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə saldı. Stansiya Laçın rayonunun cənub hissəsində - Güləbird kəndinin ərazisində yerləşir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Stansiyanın açılışında çıxış edən dövlət başçısı dedi: “Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya ortahəcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik... Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik”.
Prezident eləcə də bu bölgələrdə bərpa olunan enerji növlərinin böyük potensialı olduğunu bir daha diqqətə çatdırdı. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinə dair İran İslam Respublikası ilə razılıq əldə olunduğunu bildirdi. Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaq. Kəlbəcər və Laçın rayonlarında külək, Zəngilan və Cəbrayıl rayonlarında isə daha çox Günəş enerjisi potensialı olduğu da qeyd edildi.
Səfər çərçivəsində Prezident ailə üzvləri ilə Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində oldular. Erməni vandalları burada da ekoloji terror törədiblər, meşəlik ərazinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkdilər.
Sonra dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndində də oldular. Burada Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi. Bildirildi ki, hazırda əkin sahələrinin monitorinqi davam etdirilir. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.
Xatırladaq ki, azad edilmiş torpaqların böyük kənd təsərrüfatı potensialı var. Təkcə builki mövsümdə həmin ərazilərdə 20-25 hektarda əkin işləri aparılacaq. İndiyədək suvarılmayan 100 min hektar torpaq sahəsinə su verilməsi tapşırılıb.
Prezident Qarabağın yağı əli ilə tar-mar edilmiş kəndlərindən keçdikcə diqqəti bir daha erməni vəhşiliyinə yönəltdi. Bu yerləri cənnətə çevirəcəyimizi və burada əbədi yaşayacağımızı dünyaya bir daha bəyan etdi: “Bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.”
Flora SADIQLI
Azərbaycan.-2021.-18 fevral.- S.1;5.