Prezidentin təşəbbüsünün icrasında  YAP yenə də ön sıradadır

 

 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunun nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına hərtərəfli qayğı dünyada nümunə kimi göstərilir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın  ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq fərman və sərəncamlar imzalanıb. Hazırkı dövrə kimi dövlət şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Prezidentin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlər həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu istiqamətdə  bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr də edilir. Şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqını ödəməkdən azad olunublar. Aktiv məşğulluq proqramlarının icrasında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilir. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra hallarda güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi aparılır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da şəhid ailələri və Qarabağ qaziləri ilə bağlı mühüm sosial layihələr həyata keçirir. Fond daim şəhid ailələrinin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, onların sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verir.

Heydər Əliyev Fondu tərəfindən Qarabağ qazilərinin müalicəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə qazilərimizin yüksək səviyyədə müalicəsinin aparılması, zərurət yarandıqda Türkiyəyə müalicəyə göndərilməsi təmin edilir və nəzarətdə saxlanılır. Fondun bu cür nəcib əməlləri cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.

Dövlətin şəhid ailələrinə və qazilərimizə qayğısının daha bir nümunəsi isə “YAŞAT” Fondunun yaradılması oldu. Prezident İlham Əliyevin  fərmanı ilə fondun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirdi. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilən ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirakı zamanı əlilliyi müəyyən olunmuş dövlət qurumlarının üzvlərinə və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir.

Bütövlükdə, fondun yaradılması  Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Prezidentin müvafiq tapşırığına əsasən, şəhid ailələrinin və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə də yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da hər zaman şəhid ailələrinin və qazilərinin sosial problemlərinin həllinə həssaslıqla yanaşır. Bu istiqamətdə YAP müxtəlif layihələri həyata keçirməkdədir. Vətən müharibəsi başlanan vaxtdan isə partiya tərəfindən “Şəhid ailələrinə qayğı” aksiyasına start verilib. Aksiya hazırda da davam etməkdədir.

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP-ın İcra Katibliyionun rayon (şəhər) təşkilatlarının nümayəndələri mütəmadi şəkildə şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır və maddi dəstək göstərirlər. Layihə çərçivəsində bu günə qədər 1000-dən artıq şəhid ailəsi ziyarət olunub.

Şəhidlər bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Onlar heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq, xatirələrinə dərin ehtiram bəsləniləcək.

Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların doğmalarının, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimiz üçün önəmlidir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə ən gözəl nümunəni isə Azərbaycan Prezidenti ortaya qoyub. Prezident xoşməramlı, humanist missiyası ilə hər kəsə şəhid ailələrinə, qazilərimizə münasibətin necə yüksək olmasını göstərir. Azərbaycan vətəndaşı, xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri bir daha şahidi olurlar ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb və bundan sonra da belə olacaq.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.-18 fevral.- S.1;3.