Qubadlının Azərbaycanın
aqrar-sənaye kompleksinə sanballı töhfələr vermək
imkanı var
Bu
potensialı işə salmaq üçün rayonun kənd
təsərrüfatında innovativ texnologiyalardan istifadə ediləcək
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş bütün rayonlarda bərpa-quruculuq işlərinə başlanıb. Bunun üçün müvafiq dövlət qurumları əvvəlcə elmi araşdırmalar apararaq həmin rayonların müxtəlif sahələr üzrə inkişaf imkanları barədə müəyyən nəticələrə gələrək hesabatlar hazırlayıb.
Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən Qubadlı rayonunun kənd təsərrüfatı sahəsindəki mövcud imkanları da araşdırılıb.
Mərkəzin əməkdaşı Əbdülrəhim Dadaşovun verdiyi məlumata görə, yayı isti, qışı mülayim keçən, geniş örüş-otlaq sahələri olan Qubadlıda sovetlər dönəmində heyvandarlıq geniş inkişaf etmişdi. Eyni zamanda əlverişli iqlimi, məhsuldar torpaqları, bol su ehtiyatları sayəsində rayonda taxıl, tütün, üzüm, meyvə-tərəvəz də yetişdirilir. Məsələn, 1988-ci ilin əkin sahələrinin strukturunda taxıl zəmiləri 83,4, tütün plantasiyaları 14,4, üzümlüklər 1,1 faiz təşkil edirdi.
Rəsmi statistik məlumatlar göstərir ki, tütünçülük rayon əhalisinin üstünlük verdiyi kənd təsərrüfatı sahələrindən olub. Belə ki, 1980-ci ildə Qubadlıda 504 hektar sahədən 1366, 1985-ci ildə 519 hektardan 2070, 1988-ci ildə 589 hektardan 2101 ton tütün götürülmüşdü. 1980-1988-ci illərdə respublika üzrə bu sahənin maksimum məhsuldarlığı 39 sentner olduğu halda, Qubadlı rayonunda 40 sentnerə çatmışdı. Həmin illər rayonda tütün istehsalı respublika üzrə istehsalın 3,6 faizini təşkil etmişdi ki, bu da rayonun daha çox məhsul istehsal etmək imkanlarının olduğunu göstərir.
Ekspert bildirir ki, aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Qubadlı rayonunda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına hər hektardan 4 ton məhsuldarlıqla istehsalın 2 min tona çatdırılması proqnozlaşdırılır. Bu isə ölkə üzrə tütün istehsalının təxminən 25-27 faizi deməkdir.
1980-ci ildə rayonda həmçinin 5 min hektar sahədə taxıl əkilmiş və sahələrdən 5,2 min ton məhsul biçilmişdi. 1985-ci ildə isə 3,6 min hektardan 8 min ton taxıl toplanmışdı. Ümumiyyətlə, rayon üzrə işğaldan öncəki dövr ərzində (1980-1988-ci illərdə) taxılın məhsuldarlığında təxminən 2 dəfəyədək artım olmuşdu. Həmin illərdə məhsuldarlığın təxminən respublika səviyyəsinə bərabər olması Qubadlı rayonunun taxılçılıqdakı potensialının göstəricisidir.
Ekspert Ə.Dadaşov qeyd edir ki, Qubadlının torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsi bu regionda meyvə və tərəvəz istehsalının da perspektivindən xəbər verir. Potensial nəzərə alınaraq bu zonada pilot layihə kimi nar və xurma bağlarının salınması plan çərçivəsində həyata keçiriləcək. 2025-ci ildə burada 3 min tona yaxın bostan məhsulları istehsalı da nəzərdə tutulur.
Ümumilikdə rayonun sözügedən dövrdə 17 min hektarlıq əkin və bağ sahələrindən 48-50 min ton bitkiçilik məhsulları istehsal etmək imkanları var. Bitkiçilik məhsulları istehsalı nəticəsində Qubadlının yaratdığı əlavə məhsul dəyərinin 27,6 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 0,6 faiz olması gözlənilir. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, işğaldan azad edilmiş torpaqlar üçün qəbul olunmuş Tədbirlər Planı çərçivəsində rayonda yemlik otların yetişdirilməsi üçün sahələrin salınmasına da diqqət yetiriləcək.
Bir sözlə, işğaldan azad edilmiş Qubadlı rayonunda da yeni islahatlar və innovativ texnologiyaların tətbiqi sayəsində ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Qubadlı rayonunda taxıl istehsalının 32,4 min tona qədər artırılması gözlənilir.
Qarabağın digər rayonlarındakı kimi, burada üzümçülük də əsas bitkiçilik sahələrindən hesab olunur. Tədqiqatlar göstərir ki, 1985-ci ildə Qubadlıda 2,4 min hektar sahədə 6,2 min ton üzüm yetişdirilmişdi. Lakin sonrakı dövrdə məlum səbəblər üzündən üzüm sahələri 1988-ci ildə 997 hektaracan azalmışdı.
Yeni texnika və texnologiyaların tətbiqi nəticəsində ölkədə digər bitki növləri ilə yanaşı, üzümə olan tələbatın tam təmin edilməsi gözlənilir ki, buna Qubadlı da sanballı töhfəsini verə bilər. Belə ki, 2025-ci ildə ölkənin üzüm istehsalında bu rayonun payı 1,5 faiz olmaqla, 2,7 min ton proqnozlaşdırılır. Üzümçülüyün dirçəldilməsi, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi rayonda, həmçinin şərabçılığın inkişafına təkan verəcək.
Məlum olduğu kimi, ölkədə aqrar innovasiyalardan istifadə edilməklə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınmasına və istixanalarda tərəvəz yetişdirilməsinə başlanılıb. Bu baxımından həmin məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatına və ixracatın artımına Qubadlı rayonunun da böyük töhfəsi olacaq.
Qeyd edilən dövrdə Qubadlıda heyvandarlığın bərpa edilməsi (34,1 min baş iribaşlı və 51,7 min baş xırdabaşlı) ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 1,7 faiz artımına səbəb ola bilər. Diri və kəsilmiş çəkidə ət istehsalında 0,2, yun istehsalında təqribən 0,3 faiz artım proqnozlaşdırılır. Süd və yumurta istehsalında isə müvafiq olaraq 1,9 və 0,4 faiz artım olacağı gözlənilir.
Ekspert həmçinin bildirir ki, araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər rayon üzrə 37,5 milyon manatlıq heyvandarlıq məhsulları istehsalı gözlənilir və bu, ölkə üzrə müvafiq istehsal miqyasında 0,8 faiz əlavə dəyər yaradılacağından xəbər verir. Üstəlik rayon əhalisinin barama istehsalı üzrə də keçmişdən qalma ənənəsi var. Ona görə təxminən 45-50 ton barama istehsalı potensialı da nəzərə alınmalıdır.
Qubadlı rayonunda, eləcə də taxılın, südün, gön-dərinin və ipəyin emalı müəssisələrinin qurulması üçün böyük potensial var. Bu region üçün yeni trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələrinin yaradılması, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, Qubadlıda aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafı iqtisadiyyata sovet dövründəkindən də çox töhfə verə bilər.
Ümumilikdə, kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələrinin və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlığın inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı sayılan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına Qubadlı rayonunun birbaşa əlavə töhfəsinin dəyəri 65,1 milyon manat, başqa sözlə, 0,7 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, rayonun ölkə üzrə ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılmasında rolu daha böyük olacaq.
Rüstəm KAMAL
Azərbaycan.-2021.-18 fevral.- S.1;5.