50 yaşdan
yuxarı şəxslərin vaksinasiyasına
başlanılıb
Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu ötüb.
Bu təhlükəli virusa yoluxma sayına görə
ABŞ, Hindistan və
Braziliya ilk sıralarda
yer tutub. Digər tərəfdən koronavirusun
yeni ştammı da sürətlə yayılmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) Rusiyadakı nümayəndəsi
Melita Vuynoviç söyləyib ki, pandemiyanın üçüncü
dalğasının baş
verməsi də mümkündür: “COVID-19-un üçüncü
dalğası isə insanların davranışından
asılı olacaq. Hələlik kifayət qədər kollektiv immunitet yoxdur. Ehtiyatlı olmasaq, bəli,
üçüncü dalğa
mümkündür”.
Bir müddət əvvələ
qədər əksər
ölkələrdə pandemiyaya
qarşı karantin rejiminin tətbiqi vasitəsilə mübarizə
aparılırdı. Hazırda isə
qlobal bəladan qurtulmağın ən effektiv yolu olan
vaksinasiya prosesi həyata keçirilir.
Azərbaycanda da dövlət hesabına və könüllülük
prinsipi ilə yanvarın 18-dən start verilən vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir. Ölkəmizdə Çinin “Sinovac”
şirkətinin istehsal
etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin
yaratdığı immunitetin
minimum müddəti bir
ildir. Peyvəndin maksimum müddəti
isə hələ təsdiqlənməyib. Tədqiqatlar zamanı peyvəndin təhlükəli təsirləri
aşkarlanmayıb.
Artıq ötən gündən respublikamızda 50 yaş və daha yuxarı
yaşı olan şəxslərin də
COVID-19 xəstəliyinə qarşı vaksinasiyası
başlayıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin birgə məlumatına əsasən,
sözügedən şəxslər
“randevu.its.gov.az” saytına daxil
olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə
etməklə koronavirus
xəstəliyi əleyhinə
vaksinasiya üçün
onlayn qaydada növbə götürməlidir.
Bunun üçün
“COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq
şəxsiyyət vəsiqəsinin
seriya nömrəsini və FİN kodunu daxil edib “yoxla”
düyməsinə basmalıdır. Bundan sonra
vətəndaş təqdim
olunan siyahıdan peyvənd məntəqəsini,
randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa
çatdıqdan sonra
daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj gəlir. Mesajda birinci dozanın
vurulacağı tarix,
saat və məkan qeyd edilir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın
vurulması üçün
təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət
zamanı artıq ikinci doza üçün
də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə
yenidən qeydiyyatdan keçməlidir. Təyin olunan
vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda
vətəndaş qeydiyyatçıya
şəxsiyyət vəsiqəsini
təqdim etməlidir.
Elektron xidmət
vasitəsilə qeydiyyatdan
keçməkdə çətinlik
çəkən şəxslər
ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya
kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən
elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini
təmin edir.
“2021-2022-ci illər
üçün Vaksinasiya
Strategiyası”na uyğun
olaraq fevralın 8-dən
65 yaşdan yuxarı vətəndaşlar üçün
həyata keçirilən
vaksinasiya prosesi çərçivəsində respublikamızın bölgələrində
TƏBİB-in tabeliyində olan xəstəxanaların
həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan
şəxslərin evlərində
peyvənd edilməsi işi həyata keçirilir. Vaksinasiya prosesi Abşeron,
Sumqayıt şəhərləri
və ölkəmizin
regionlarında həyata
keçirilməkdədir.
Onu da qeyd edək ki, artıq Avropa İttifaqı
(Aİ) və ÜST-ün
Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı
peyvəndləməni dəstəkləmək
üçün birlikdə
layihə həyata keçirəcəklər. Aİ tərəfindən maliyyələşdirilən
və ÜST tərəfindən
həyata keçirilən
layihə COVID-19-la bağlı
peyvəndləmənin bütün
mərhələlərini əhatə
edəcək və eyni zamanda ölkəmizin
immunizasiya sisteminin gücləndirilməsi üçün
önəmli proqram rolunu oynayacaq. Layihə
COVID-19-la bağlı peyvəndləməyə
hazırlıq, peyvəndləmənin
həyata keçirilməsi
və monitorinqini dəstəkləmək məqsədilə
irəli sürülmüş
təşəbbüs çərçivəsində
ÜST-ün əsas yerli tərəfdaşları
olan Səhiyyə Nazirliyi və
TƏBİB-i dəstəkləmək
üçün həyata
keçiriləcək.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Kestutis Yankauskas qeyd edib ki,
bu layihə tərəfdaş ölkələrdə,
o cümlədən Azərbaycanda
peyvəndləmənin sürətlə
aparılmasına yardımçı
olacaq: “Biz hamımız
peyvəndlərin qapanmalarla
yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa
çevrilməsinə yardımçı
olmasını səbirsizliklə
gözləyirik. Biz ötən
il fərdi mühafizə vasitələri
və tibbi ləvazımatın ölkəyə
gətirildiyi və qısa zamanda birgə proqramlarımızı
sosial-iqtisadi dirçəlişə
dəstəyə yönləndirdiyimiz
əməkdaşlığın davamı kimi “Team Europe” təşəbbüsü çərçivəsində,
ÜST-lə birgə
və tərəfdaşlarımızla
həmrəyliklə çalışmaqdan
qürur hissi keçiririk”.
TƏBİB-in Xəstəliklərin
Profilaktikası və
Kontrolu şöbəsinin
müdiri Yaqut Qarayeva məlumat verib ki, yanvar
ayından başlayaraq
Azərbaycanda COVID-19-a qarşı
peyvəndləmə başlayıb. Multiplatformalı yanaşmanı nəzərə
alaraq Avropa İttifaqı və
ÜST ilə kommunikasiya,
peyvəndlərin logistikası
istiqamətində həyata
keçirilən əməkdaşlıq
mühüm əhəmiyyətə
malikdir.
ÜST-ün Azərbaycandakı
nümayəndəsi Hande
Harmancı isə bildirib ki, peyvəndlər
pandemiyaya qarşı
mübarizənin ön
cəbhəsində mübarizə
aparanlara və xəstəliyin ağır
nəticələrinin qorxusu
altında yaşamağa
məcbur olan yüksək risk qruplarında
olan insanlara ümid və qoruma vəd edir. Bu səxavətli dəstək sayəsində
ÜST peyvəndlərin ən
çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv
şəkildə çatdırılmasını
təmin etmək üçün Azərbaycan
hökuməti ilə
əməkdaşlığını gücləndirə bilər.
Ayrılmış vəsait əvvəlcə
peyvəndləməyə hazırlıq
və peyvəndlərin
gətirilməsinin ilk mərhələsini
dəstəkləyəcək, strateji sahələrdəki
ehtiyacların qarşılanmasına
yönəldiləcək.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2021.-18 fevral.- S.1;6.