Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün böyük potensial vardır

 

Fevralın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov bu səfərin ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Nazir ölkələrimiz arasındakı tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də Vətən müharibəsi zamanı bütün səviyyələrdə nümayiş etdirdiyi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub.

Böyük Zəfər münasibətilə Azərbaycan dövlətinə və xalqına təbriklərini çatdıran Müctaba Zünnuri İranın Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi və ölkəmizlə həmrəy olduğunu vurğulayıb.

O, müharibədə həyatını itirən şəhidlərin yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.

Görüşdə ikitərəfli əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Öz növbəsində parlamentlərin bu münasibətlərin genişləndirilməsinə töhfə verə biləcəyi qeyd olunub.

Bölgədə yaranmış yeni vəziyyət və yeni imkanlar fövqündə ölkələrimizin bir sıra əməkdaşlıq layihələrinin həyata keçirilməsini irəli apara biləcəyi bildirilib. Habelə ölkələrimizin beynəlxalq müstəvidə əməkdaşlığı məmnunluqla qeyd olunub.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.-2021.-18 fevral.- S.2.