Türkiyə Prezidenti
Azərbaycanın Baş prokurorunun
rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib
Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Baş prokuror yüksək qonaqpərvərliyə
və səmimi qəbula, həmçinin 44 günlük Vətən
müharibəsi dövründə Türkiyə tərəfindən
göstərilən mənəvi dəstəyə görə
təşəkkürünü ifadə edərək Prezident
İlham Əliyevin salamlarını Türkiyənin dövlət
başçısına çatdırıb.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə,
o cümlədən hüquq mühafizə sahəsində də
uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin
daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin önəmi qeyd
olunub.
Türkiyə
Respublikasının Prezidenti dövlətimizin
başçısı İlham Əliyevə salamlarına
görə minnətdarlığını bildirib, onun da
salamlarını Azərbaycan Prezidentinə
çatdırmağı xahiş edib.
Səfər
çərçivəsində nümayəndə heyəti
tərəfindən Ankarada xalqımızın ümummilli
lideri, ulu öndər Heydər Əliyevin adını
daşıyan park ziyarət edilib, abidəsi önünə əklil
qoyularaq xatirəsi ehtiramla yad olunub.
Azərbaycan.-2021.-18 fevral.- S.2.