Baş Prokurorluğun nümayəndə heyətinin
Türkiyəyə səfəri davam edir
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək, ötən müddətdə hakimlərin və prokurorların ixtisaslarının artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkilinə və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Baş prokuror qeyd edib ki, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və qardaş türk xalqı ölkəmizə siyasi və mənəvi dəstək nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərdi.
Mehmet Akarca Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə ölkəmizi və xalqımızı bir daha təbrik edərək Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və Azərbaycanı hər zaman olduğu kimi gələcəkdə də dəstəkləyəcəyini qeyd edib.
Daha sonra nümayəndə heyətinin Türkiyənin Ədliyyə Akademiyası ilə tanışlığı olub.
Akademiyanın rektoru Muhittin Özdemir ilə görüşdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Türkiyənin Ədliyyə Akademiyası ilə əməkdaşlığının perspektivləri, ölkəmizin prokuror və müstəntiqlərinin Türkiyənin Ədliyyə Akademiyasında keçirilən ixtisasartırma kurslarında iştirakı məsələləri müzakirə olunub.
Həmçinin nümayəndə heyəti Ankara bölgə apellyasiya məhkəməsini ziyarət edərək məhkəmənin Baş prokuroru Hüseyn Çinar və sədri Ramazan Aksan ilə görüşüb. Nümayəndə heyəti prokurorluğun və məhkəmənin fəaliyyəti haqqında məlumatlandırılıb, yaradılmış şərait, iclas zalları və dindirmə otaqları ilə tanış olub.
Görüşlərdə
ölkəmizin Türkiyədəki səfiri Xəzər
İbrahim də iştirak edib.
Azərbaycan.-2021.-18 fevral.- S.2.