Azərbaycan pandemiya
ilə mübarizədə irəlidə gedir
Pandemiyanın dünya iqtisadiyyatına təsirini iki baxış bucağından nəzərdən keçirmək mümkündür. Birinci qiymətləndirmədə dünyanın ümumi iqtisadiyyatı və qlobal ÜDM-in səviyyəsi əsas götürülür. Böyük Britaniyanın “Ekonomist” jurnalının ekspertləri dünya iqtisadiyyatında bərabərsizliyin getdikcə dərinləşəcəyini təsdiq edirlər.
Çin postpandemiya dövrünü ən güclü göstəricilərlə adlaya bilmişdir. Ən ağır postpandemiya vəziyyəti Avropada özünü büruzə verir. ABŞ-ın aqibəti isə hələ ki sual altındadır. Britaniyalı ekspertlər ötən ilin fevralından pandemiyanın dünya iqtisadiyyatına ağır zərbələr endirəcəyini ehtimal etmişdilər. Belə ki, əmək bazarının çökməsi 500 milyon insanı küçəyə atmış, dünya ticarəti çökmüş, sərhədlər qapanmış, logistik sistemlər iflic olmuş, minlərlə müəssisə fəaliyyətini dayandırmışdı. Paralel olaraq birja böhranı da dərinləşmişdir. Banklar isə maliyyə bazarlarını xilas etmək üçün kisələrini açmışlar.
Göründüyü kimi, nəticələr o qədər də ürəkaçan deyil: bu ilin sonuna kimi ABŞ iqtisadiyyatı 2019-cu ilin səviyyəsində qalacaq, Çində 10 faizlik artım gözlənilir, Yaponiya çox güman ki, ağır demoqrafik vəziyyətdən əziyyət çəkdiyi üçün böhrandan əvvəlki səviyyədə bir neçə il ləngərləyəcək.
Ekspertlər pandemiyaya cavab kimi dövlətlərin fərqli qaydalarla hərəkət edəcəklərini proqnozlaşdırırlar. Bu gözləntilər o qədər də nikbin deyil. Dünya Bankı koronavirus pandemiyasının dünya iqtisadiyyatına 10 trilyon dollara başa gələcəyini bildirir. Ötən ilki proqnozlarda bəzi qurumlar ziyanın məbləğinin hətta 80 trilyonu aşacağını iddia edirdi. Bu itki “böyük böhran”ın (ABŞ, 1928) və iki dünya müharibəsinin birlikdə vurduğu zərərə bərabərdir.
Pessimist statistikanın bolluğuna baxmayaraq, Dünya Bankı hesab edir ki, 2021-ci ildə dünya iqtisadiyyatının bərpası nikbin notlara köklənir.
Bədbin proqnozlar Avrozona üçün 2 trilyon, ABŞ üçün 1,7 trilyon dollar həcmində itkilər vəd edir. İnkişaf edən ölkələrdən bir trilyon dollarlıq ağır zərbə Hindistan iqtisadiyyatının belini əyəcək. Cin iqtisadiyyatı Hindistanınkından nəzərəçarpacaq dərəcədə böyük olsa da, bu ölkə postpandemiya itkilərini cəmi 680 milyard dollarla yola verə biləcək.
Lakin pandemiya
böhranına fərqli baxış bucağı da mümkündür. Bütün dünya itirir, amma milyarderlər varlanırlar. Super dövlətlərin
iqtisadiyyatının geriləməsinə
baxmayaraq, məhz bu ölkələrdə milyarderlərin gəlirində
kəskin artımlar müşahidə edilir.
“Forbes”in hesablamarına
görə, dünyanın
varlı adamları ən ağır böhran ilində ümumi kapitallarını
1,9 trilyon dollar artırıblar.
Kapitalını hamıdan çox - 110 milyard dollar artıran amerikalı İlon Maskdır. Bu adamın
yüksək texnologiyalar
sahəsindəki nailiyyətləri
rəğbət doğurmaya
bilməz. İkinci yerdə
sürətlə kapitallarını
60 faiz -750 milyard dollar
artıran Çin milyarderləri qərar tuturlar. Maraqlısı odur ki, Çin hamıdan tez koronavirusla qarşılaşsa da, daha fəal və çevik antivirus tədbirləri görə
bilmişdir. Bütünlükdə, 400
Çin milyarderinin kapitalı artıq 2 trilyon dollara çatmışdır. 600
Amerika milyarderinin isə kapitalı 4 trilyon dolları haqlamışdır. Üçüncü yerdə fransız milyarderləridir. Onların varidatı
95 milyard dollar artaraq
500 milyard dollara qədər yüksəlmişdir.
Amma Braziliyada 50 milyarder 13 milyard, Tailandda isə 30 milyarder 6 milyard dollar kasıblamışdır.
Ağır müharibə aparmasına
və pandemiyanın müəyyən təsirlərinə
məruz qalmasına baxmayaraq, Azərbaycan nikbin ölkələrin sırasındadır. Buna səbəb
dövlətin həyata
keçirdiyi operativ tədbirlərin geniş siyahısıdır. Koronavirusla mübarizə
üçün yeni xəstəxanaların və
laboratoriyaların qurulması,
çoxsaylı testlərin
keçirilməsi, müalicənin
dövlət hesabına
aparılması və
güzəştsiz karantin
tədbirləri, əhalinin
operativ məlumatlandırılması
müsbət nəticələr
vermişdir. Davamlı islahatların
həyata keçirilməsi,
yüksək texnologiyalara
keçid dövrünün
elan edilməsi də bizə postmüharibə və postpandemiya dövründə
daha nikbin gələcəyə köklənməyə
imkan verir.
Beynəlxalq Valyuta Fondu (BVF)
dünya iqtisadiyyatının
gələcəyi ilə
bağlı ənənəvi
hesabatında qlobal iqtisadiyyatın 2021-ci ildə
5,5, 2022-ci ildə isə 4,2 faiz artacağını bildirir.
Müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə müvafiq
olaraq 8,1 və 6,3 faizlik artım trendləri müşahidə olunacaq.
İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin (İİTKM) departament
rəhbəri Ayaz Müseyibov bildirir ki, qlobal miqyasda
fövqəladə vəziyyətə
baxmayaraq, əvvəlki
hesabatla müqayisədə
iqtisadi inkişaf proqnozları 0,3 faiz artırılmışdır. Buna
səbəb dekabr ayından başlayaraq vaksinasiya prosesinin başlanması nəticəsində
pandemiyanın bitəcəyi
ilə bağlı proqnozlardır.
A.Müseyibov belə hesab edir ki, Azərbaycan
üçün qeyri-neft
sektorunun inkişafı
və ağıllı
(smart) iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki halda neft qiymətləri
ilə bağlı pozitiv proqnozlar iqtisadi artım drayverlərini tətikləyəcək.
BVF hesabatında inkişafda
olan ölkələrin
pandemiya ilə mübarizə çərçivəsində
ciddi borc problemləri ilə üzləşdiklərini göstərir. İİTKM-in
şərhində xüsusi
qeyd olunur ki, bu baxımdan
Azərbaycan pandemiya ilə mübarizəni yalnız öz daxili fiskal resursları
hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən
biri kimi mövqeyini qoruyub saxlaya bilmişdir. Beləliklə, nüfuzlu beynəlxalq
agentlik və təşkilatların proqnozları,
həmçinin Qarabağın
işğaldan azad edilmiş ərazilərindəki
maddi və qeyri-maddi resursların iqtisadi dövriyyəyə
qoşulması 2021-ci ildə
ölkəmizi iqtisadi
inkişaf meqatrendlərinin
gözlədiyini göstərir.
Mərkəzin başqa bir araşdırmasında baş
analitik Günay Quliyeva da diqqəti
ona yönəldir ki, müxtəlif beynəlxalq qurumlar və beyin mərkəzləri
2021-ci il üçün makroiqtisadi
ssenarilərində iqtisadi
bərpanı təmin
edən əsas faktor kimi vaksinasiya
prosesini müəyyənləşdirmişlər.
Yeri gəlmişkən, qeyd edək ki, “GALLUP İnternational” təşkilatının Azərbaycanda apardığı sorğunun nəticələrinə əsasən, vətəndaşların 86 faizi dövlətin pandemiya ilə mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycanın dünyada 4-cü yerdə olduğu bildirilir. Günay Quliyeva hesab edir ki, Azərbaycan bir çox ölkələr üçün dövlət-vətəndaş birliyi nəticəsində formalaşan sürətli və effektiv vaksinasiya modeli rolunu oynaya bilər.
Ötən il dünya ölkələrini ən çox “COVİD-19 pandemiyası ilə necə mübarizə aparaq” sualı maraqlandırırdısa, 2021-ci ilin ən böyük dilemması “vaksinləşmədə ölkə, ya dünya” seçimidir. Beynəlxalq təşkilatların proqnozlarına görə, dünya iqtisadiyyatı COVID-19-u tamamilə nəzarət altına almadığı müddətdə pandemiyanın mənfi təsirləri hər il 1,2 trilyon dollara çata bilər.
Zəngin ölkələrin əsasən vaksinlə təmin olunması, yəni vaksinləşmənin milliləşdirilməsi dünya əhalisini böyük risk altına atır, halbuki peyvənd məsələlərində yalnız ölkələrarası əməkdaşlıq bəşəriyyəti bu bəladan xilas edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, dünya ölkələri öz eqoizmlərindən əl çəkmədikcə və vaksinasiya prosesində əməkdaşlıq etmədikcə qlobal iqtisadiyyatı bərpa etmək mümkün olmayacaq.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.-18 fevral.- S.3.