Muxtar respublikada qazilərimizə tibbi
xidmət göstərilir
“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində yaradılmış həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, növbəti humanitar tibbi aksiya Babək rayonunda təşkil olunub. Aksiyada xəstəxananın 12 ixtisaslı həkimi, 2 tibb bacısı və laborantdan ibarət heyəti Qarabağ müharibəsi qazilərinə evlərində tibbi xidmət göstərib. Onlar rayonun Vayxır, Hacıvar, Qahab, Gülşənabad kəndlərində və Babək şəhərində yaşayan 6 nəfər Qarabağ qazisini müxtəlif müayinələrdən keçirib, tibbi yardım göstərib, dərman və tibbi maskalarla təmin edib, müvafiq təyinat və məsləhətlər veriblər. İki qazi fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində
şəhid ailələrinə, Vətən müharibəsi
qazilərinə və onların ailə üzvlərinə
göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə
nəzarətin təmin edilməsi üçün
komissiya yaradılıb.
Azərbaycan.-2021.-18 fevral.- S.4.