Borca
bilet alıb, Vətən savaşına gəldi
“Vətən
uğrunda döyüş gedərkən Rusiyada gül
satmağı özümə ar bildim” deyib, Azərbaycana
qayıdan Ceyhun Babazadənin rəşadətli hərb yolu,
arzuları və son qərarı
Biz Şuşa dağların alıb gəlmişik,
Qartaltək
səmada süzüb gəlmişik,
Düşmənlərin
başın əzib gəlmişik,
Yerdə
qoymayıb daha qan!
Can, vətən
əsgərləri...
Damağı
çağ, kefi kök,
Can, vətən
əsgərləri...
Onu çoxları sosial şəbəkələrdə
yayılan bu meyxanası ilə tanıdı. Amma bu
meyxananın həmişə dinləyib gördüklərimizdən
böyük fərqi vardı. O, hansısa məclisdə,
toyda, söz yarışında deyil, Şuşa
dağlarında yaranmışdı...
İsti,
rahat məkanda, masa arxasında yox, qarlı, çovğunlu
havada, düşmənlə təmasın 100 metrliyində, vətən
keşiyində durarkən bədahətən deyilmişdi...
Özü
də Azərbaycanın qələbəsi ilə başa
çatan Vətən müharibəsində döyüşən
qəhrəman əsgərlərimizdən biri tərəfindən...
“Döyüşə
gedirəm... Haqqını halal elə”
Ceyhun
Babazadə...
Prezident İlham Əliyevin sərəncamı ilə
“Qubadlının azad olunmasına görə” medalı ilə
təltif edilib. 1991-ci ildə Bakının Maştağa
qəsəbəsində dünyaya gəlib. 2009-cu ildə baş atıcı kimi Ağdamda cəbhə
xəttində hərbi xidmət keçib. Əsgərlikdən qayıdandan bir müddət
sonra işləmək üçün Rusiyaya gedib.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda
Rusiyanın Novokuznetsk şəhərində iş
başında idi. Həmin gün Azərbaycanda
Qarabağ uğrunda Vətən savaşının
başlandığından xəbər tutan kimi ölkəsinə
dönərək döyüşə qatılmaq qərarına
gəldi. Lakin müəyyən problemlərlə
qarşılaşdı.
- Məni
ora xalam oğlu çağırmışdı. Qarşıma heç bir maneə
çıxmasın deyə xalam oğluna fikrimi demədim.
Biletin qiymətini öyrəndim. Ondan qabaq
evimizə pul göndərmişdim deyə, əlimdə pulum az qalmışdı, bilet almağa
çatmırdı. Pandemiya ilə əlaqədar
Azərbaycana birbaşa reys olmadığı
üçün əvvəlcə İstanbula, sonra Bakıya
uçmalıydım və ümumilikdə 3 təyyarə dəyişməliydim.
Ona görə vətənə
dönüşüm baha başa gəlirdi.
Amma qarşıma məqsəd qoymuşdum və hökmən
torpaqlarımızın azadlığı uğrunda
başlayan Vətən müharibəsinə
yollanmalıydım. Bir-iki tanışımdan borc pul istədim.
Lazımi məbləğin düzəlməsini
gözlədiyim müddətdə ürəyim
partlayırdı, dayana bilmirdim. Vətən
uğrunda döyüş gedir, mən də gül satıram
- bunu özümə ar bilirdim. Beləliklə,
bilet pulunu topladım, aldım. Gecə
xalam oğluna məktub yazdım ki, “burda qala bilmirəm,
döyüşə gedirəm. Birincisi,
bağışla ki, səninlə görüşmürəm,
haqqını halal elə. İkincisi də,
vəsiyyət edirəm ki, filan adamlardan filan qədər borc
pul götürmüşəm. Şəhid olsam, məni
torpağa tapşırmamış borcumu bağla...”
Məktubu
bir yoldaşıma verdim və dedim ki, sabah
mən Bakıya çatandan sonra çatdırarsan. Telefonu da söndürdüm. Bir sutka sonra
Bakıya çatan kimi qardaşım Azada zəng vurub dedim
ki, hərbi biletimi götürüb aeroporta gəlsin...
Anasına
demədən döyüşə yollanır...
Bakıya yetişən Ceyhun evlərinə getmədən
qardaşı ilə birlikdə hava limanından birbaşa hərbi
komissarlığa yollanır. Həyətdə əsgərlərlə
dolu avtobusun yola düşməyə
hazırlaşdığını görür. Rəisin otağına girib, torpaqlarımızın
azadlığı uğrunda döyüşmək məqsədilə
Azərbaycana qayıtdığını deyərək,
uçuş biletini göstərir, bir saatdır paytaxta gəldiyini,
evlərinə də baş çəkmədiyini bildirir.
Həyətdəki avtobusla onu da cəbhəyə
göndərmələrini xahiş edir. Rəis
biletə baxandan sonra bu gün gedib dincəlməsini, növbəti
gün çağıracaqlarını söyləyir.
-
Çarəsiz qalıb razılaşdım. Həmin
gün anamın doğum günüydü. 55 yaşı tamam olurdu. Mən də
tort alıb evə getdim. Anam qapını
açıb məni görəndə təəccübləndi.
Cunki evimizə hər ilin mart ayında gəlirdim.
Məcbur olub yalan dedim ki, sənə doğum günü
sürprizi emək istədim. Xalam oğlu isə məktubumu
oxuyandan sonra zəng vurub yalnız onu dedi ki, səninlə fəxr
edirəm. Həmin gün anam da gəlişimin əsl
səbəbini bildi.
Səhəri gün komissarlıqdan xəbər
çıxmadı deyə, yenidən özüm məntəqəyə
getdim. Dedilər bizə siyahı gəlir, hansı ştat
üzrə əsgərə ehtiyac olsa, onu göndərəcəyik.
Dilxor oldum. Orda Cavid adlı bir tanış vardı. Ondan
xahiş etdim ki, baş atıcıya ehtiyac olsa, hamıdan
qabaq məni çağırın, ömrüm boyu sizə
minnətdar olaram.
Bir neçə gündən sonra zəng
vurdular ki, sabah gəl. Anama xəbər
etmədən getdim. Kürdəmirə çatanda zəng
vurub dedim ki, məni Sumqayıtda hərbi hissədən
çağırıblar, ora gedirəm. Ağcabədidə
kazarmaya çatanda isə xəbər verdim ki, “Nasosnı”da
18 yaşlı əsgərlərə təlim keçəcəm,
həftədə bir dəfə də evə gələcəm.
Qubadlıya getdiyim gün isə zəng etdim ki,
Şəkidə halvayla çay içirəm. Bir
gün səni də bura gətirəcəm...
Beləcə, anasına şirin yalan sataraq savaşa
yollanır. Qubadlının azadlığı uğrunda gedən
döyüşlərdə qəhrəmancasına iştirak
edir. Hər zaman maraqla, həyəcanla izlədiyi
döyüş filmlərindəki səhnələri bu dəfə
ekran arxasında deyil, real həyatda yaşayır.
Düşməni
cəzalandıraraq qaçmağa məcbur etdik
-
Qubadlıda ağır döyüşlər gedirdi. Bomba yağışı bir dəqiqə belə
dayanmırdı. Ayağımızın
altında yer titrəyirdi. Mərmi,
güllə göydən üstümüzə
yağırdı. Elə bir an yox idi
ki, top səsi eşidilməsin. Hər anımız
ölüm idi...
Amma son döyüş ölənə qədər
yadımdan çıxmaz. Bir təpənin ətəyində
60-a yaxın əsgər savaşırdı. Döyüş meydanında cəzalandırdığımız
və çoxlu itki verərək qaçan ermənilər təpənin
digər istiqamətində mövqe tutmuşdular. Atəş səsləri bir dəqiqə səngimirdi.
Dayanmadan minatanlardan atəş
açırdılar. Sadəcə yerimizi dəqiq nişan ala bilmirdilər deyə, mərmilər
bizdən aralı düşürdü.
Həmin gün o təpənin döşündə gecələdik. Səhər
saat 11 olardı, yenə minatanlardan atəş açmağa
başladılar. Birdən top mərmilərindən biri
qarşımızdakı qayaya dəyib partladı. Bizdən 150 metr aralıya düşdü. Demə, ərzaq maşını gələn zaman
yerimizi müəyyənləşdiriblər. Yaxınlığımıza daha bir minomyot gülləsi
atdılar. Həmin an komandir əmr verdi
ki, hamınız cəld dərəyə düşün. Biz özümüzü dərəyə atmaqla həmin
yerimizi vurmağa başladılar. Təxminən
30-40 saniyə çəkdi arası. O əmr verilməsəydi,
əsgərlərin çoxu həyatını itirəcəkdi.
3 gün orda döyüşdük, düşmən
əlavə qüvvələr cəlb etsə də, həmləsinin
qarşısını aldıq, hücum edəndə
çoxsaylı itki verib geri çəkildilər.
Noyabrın 10-da səhər xəbər verdilər ki, atəşkəs
əldə olunub. Həm sevindik, həm də təəssüfləndik
ki, döyüşlər dayandı. Çünki
hər birimizin döyüş ruhu yüksək idi,
düşməni son nəfərinə qədər məhv
etmək əzmindəydik.
Fəxr
edirəm ki, Vətən savaşının
iştirakçısı oldum
Ceyhun Babazadə atəşkəsdən sonra da hərbi
xidmətini davam etdirir. Bölük komandiri Azər Əsgərov,
taqım komandiri isə Rəşad Baxşəliyev olur.
Qubadlıda Ermənistanla
dövlət sərhədi istiqamətində xidmət edir. Daha sonra xidmətini Xocavənd rayonu ərazisində
davam etdirir.
- Hadrutdan Xocavəndə gedən yol təhlükəli
idi. Bircə maşın keçən yol idi. Kənarı
isə
uçurumlarıydı. Bəzən
maşınlar aşırdı. Elə
olurdu hamımız maşında sağ tərəfə əyilirdik
ki, ağırlıq ora düşsün, soldakı
aşırıma düşməyək. İki
ay ön cəbhədə xidmət etdim. Elə post
vardı ermənilərlə aramızda 50 metr məsafə
vardı, səsləri eşidilirdi. Ehtiyatı əldən
vermirdik ki, dumanlı havadan istifadə edərək təxribat
törədə bilərlər. Ona görə
döyüş vəziyyətinə hazır olurduq. Sonuncu xidmət yerim Xocavəndin Taqavar kəndi oldu.
Ordan Tuğa gəldik. Ordan
isə tərxis edildim.
C.Babazadə deyir ki, cəbhədə keçən hər
anı ömrünün ən unudulmaz xatirələrinə
çevrilib.
Ölümə hazır olsa da, şəhidlik
kimi uca məqam ona qismət deyilmiş. Şəhid olmasa da, Vətən müharibəsinin
iştirakçısı, şərəfli və tarixi
anların şahidi kimi özünü xoşbəxt hiss edir.
- Həmişə
iki arzum olub. Birincisi, Qarabağı azad etmək
üçün döyüşə başlayaq, mən də
orda iştirak edim. İkincisi də, erməniləri
öldürüb şəhadətə qovuşum. Birinci arzumu Allah yerinə yetirdi, amma ikincisini qismət
etmədi. Bəlkə də vətən
qarşısında hansısa köməyim üçün
Tanrı məni sağ qoydu... Amma bir an belə
ölüm qorxusu yaşamadm. Hətta ölümlə
üz-üzə qaldığım anlarda belə... Bircə narahatlığım anama görə idi.
Fikirləşirdim şəhid xəbərimi
anama çatdıranda nə baş verəcək, buna dözəcəkmi.
Ağlamağını, saçlarının
ağarmağını təsəvvür edirdim.
Digər tərəfdən düşünürdüm
ki, vətən uğrunda şəhadətə çatmaq ən
gözəl, uca məqam olduğu üçün anam mənimlə
fəxr edəcək. Görünür, şəhidlik qismətimdə
yox imiş. Bütün hallarda Allaha
şükür edirəm ki, bu tarixi anların
iştirakçısı olmağı mənə qismət
etdi. İki ay ön cəbhədə
yaşadığım heç bir anı unutmayacam.
Döyüşlər, bomba səsləri, qarın,
yağışın, palçığın içində
yatmağımız... hər saniyəsi ömrümün
sonunadək bir xatirədir...
Bir də bu müharibə mənə yeni dostlar
qazandırdı. Çox ürəkli, mərd oğlanlar
tanıdım. Komandirimiz Rəşad bizə dost,
qardaş oldu. Hər biri ilə fəxr edirəm.
Onlar mənim döyüş yolumdakı
dostlarımdır. Bir qabdan çörək
yemişik. Bir tikəmiz olubsa, bunu
bölmüşük. Elə olub bir
siqareti 7 nəfər çəkmişik. O çətin
şəraitdə yediyimiz quru çörək bol süfrəli
məclislə bir deyil, amma adamın ürəyinə
yağ-bal kimi yayılır və heç vaxt yaddan
çıxmır.
Rusiyaya
qayıtmaq fikrindən daşındı
Döyüş günlərinin özünəməxsus
çətin, ağır, təhlükəli anları ilə
bərabər xoş, şirin məqamları da olur. Belə
vaxtlarda hər kəs özünün yaradıcı qabiliyyətini
ortaya qoyur. Kimi mahnı oxuyur, kimi şeir
deyir, kimi də Ceyhun kimi meyxana qoşur. Vətənin
keşiyində mərdliklə duran əsgərlərimiz bəzən
əhvallarını xoş etmək üçün əsgər
Babazadənin meyxanalarını dinləyirlər.
Gənc yaşlarından bu qabiliyyətini üzə
çıxaran əsgər cəbhədə olduğu zaman
ilk dəfə Qubadlıda bir döyüşçü
yoldaşı ilə birlikdə meyxana deyir. O deyişmədə
döyüşçülər, Milli qəhrəmanlar
Mübariz İbrahimov, Polad Həşimov və bütün
şəhidlərimiz yad olunur. Sosial şəbəkədə
yayılan meyxana Xocavənddə lentə alınıb.
Qafiyəni də taqım komandiri Rəşad Baxşəliyev
açıb - damağı çağ, kefi kök, can vətən
əsgərləri...
Digər bir meyxananı isə Maştağanın meyxana
ustadlarından olan Fərman Kamiloğlunun istəyi ilə
Saatlıdan olan Nahid adlı döyüşçüylə
birgə deyir.
Qafiyəni də elə ustad təklif edir.
Can
qurbandı dostumuza, qardaşımıza
Baxmayın
bu otuza çatan yaşımıza
Uşaqlarımızı
yığarıq başımıza
Döyüşdən
söhbət edərik maraqlı
Olsam da,
olmasam da qarabağlı,
Vətənimə
bağlıyam, vətənimə bağlı...
Bu meyxanaları Ceyhun bədahətən deyirdi.
Misralar elə
həmin anda ard-arda düzülürdü. Ancaq bir
şeir də vardı ki, daim onun ürəyində, beynində,
ruhunda və yanında idi. Bu da Pünhan Alatavalının
“Şəhidlər” qəzəli idi. Ceyhun o şeiri kağıza
yazaraq cəbhəyə yola düşəndə cibinə
qoyub. Döyüşdə olduğu zamanlarda belə
cibindən çıxardıb oxuyur. Bəlkə
də o şeirin şəhid olarsa, özündən son
nişanə kimi qalmasını arzulayır. Lakin yazılı kağız Ceyhunun şəhidlik
“vəsiqəsi” yox, şahidlik yoldaşına çevrilir.
Onunla birgə “döyüşərək” yenidən
geri qayıdır. İndi o
saralıb-solmuş kağızı müharibənin
yadigarı, xatirəsi kimi evində qoruyub saxlayır.
Bəli, Ceyhun Babazadə Vətənin ən
ağır, dar günündə onu tək qoymadı. Borca pul
götürərək vətən qarşısındakı
vətəndaşlıq, vicdan, şərəf borcunu yerinə
yetirdi. Rusiyada qalıb canını
qorumağı özünə ar bilərək vətənə
qayıdıb, canını, qanını torpaq uğrunda fəda
etməyi borc bildi. Ölüm-qalım müharibəsində
şəhid olacağını zənn etsə də, evinə
tarixin şahidi, qəhrəman döyüşçü kimi
döndü...
Və bu
Vətən savaşı Ceyhun Babazadənin həyatını
da başqa yönə dəyişdi, fərqli yerə istiqamətləndirdi... Rusiyaya qayıdıb işləmək fikrindən
daşındı. Elə öz yurdunda, öz
torpağında qalıb işləmək qərarını verdi.
Bir daha Vətənə
lazım olan zamanda əvvəlki kimi uzaqda yox, yaxında ola bilmək üçün...
Xəyalə
MURADLI
Azərbaycan.-2021.-18 fevral.- S.4.