AÇG-nin “şah damar”ı
16 il əvvəl
“Azəri” yatağından ilk neft alınmışdır
“Azəri” təkcə Xəzərdə deyil, bütün dünyada istismar edilməkdə olan ən böyük karbohidrogen yataqlarından biridir. Onun ərazisinin böyüklüyü, neft-qaz ehtiyatlarının zənginliyi, hasilatının həcmi və gətirdiyi gəlirlər belə deməyə əsas verir.
“Azəri”nin işlənməsi “Əsrin müqaviləsi” adını almış “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin mühüm hissəsidir. Odur ki, bu yataqdan ilk neftin alınması “Əsrin müqaviləsi”nin kulminasiya nöqtəsi sayılır. “Azəri”nin ilk nefti yatağın mərkəzi hissəsindən 16 il əvvəl çıxarıldı. Bu münasibətlə platformada təntənəli tədbir keçirildi. Qeyd edək ki, “Azəri”nin daha iki - qərb və şərq hissələri də var ki, onların hərəsi özlüyündə bir yataqdır. Bu da onun nəhəng neft-qaz mənbəyi olduğunun daha bir təsdiqidir.
2005-ci ilin fevralında “Azəri”dən alınan neft həmin ilin mayında artıq tikintisi başa çatmış Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə vuruldu və bu, böyük tarixi hadisə idi. Bu gün də BTC-nin nəql etdiyi neftin böyük hissəsini “Azəri”nin hasilatı təşkil edir.
Xatırladaq ki, AÇG-də BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (16 aprel 2020-ci il aprelin 16-dan “Şevron” şirkətini əvəz edib, 9,57 faiz), İNPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), OVL - ONGC Videş Limited (2,31faiz) tərəfdaşlıq edirlər. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG çərçivəsində ilk neft 1997-ci ilin noyabrında “Çıraq” platformasından alınıb. Bundan sonra neft verən ikinci platforma “Mərkəzi Azəri”dir. “Qərbi Azəri”də neft hasilatına 2006-cı ilin əvvəlində, “Şərqi Azəri”də isə həmin ilin sonunda başlanıb. 2008-ci ilin aprel ayında “Dərinsulu Günəşli” və 2014-cü ilin əvvəlində “Qərbi Çıraq” platformaları da neft verib. Beləliklə, indi AÇG müqavilə sahəsində 8 platforma istismar olunur ki, bunların da 6-sı hasilat platformasıdır. Məlum olduğu kimi, AÇG layihəsinin müddəti 2050-ci ilin əvvəlinədək uzadılıb. Yeni - “Azəri Mərkəzi Şərqi” layihəsi çərçivəsində daha bir platformanın tikintisi həyata keçirilir.
AÇG-nin bütün platformaları kimi, “Azəri”nin qurğuları da ölkə daxilində inşa edilib. Yataqdakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. “Mərkəzi Azəri”dəki Kompressor və Suvurma Platformasının (K və SP) göyərtəsi Bakının Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) alyansının tikinti-quraşdırma sahəsində inşa edilib. K və SP “Azəri”nin qərb və şərq hissələrinə də qaz və suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.
“Azəri” neftini və səmt qazını Səngəçal terminalına çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Terminalda həmin karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün geniş infrastruktur yaradılıb.
“Azəri”dən çıxarılan neft Səngəçala 30 düymlük sualtı borularla çatdırılır. Yataqda hasil olunan səmt qazının bir hissəsi laylardakı təzyiqi saxlamaq üçün və yanacaq kimi platformalarda istifadə olunur. Qalan hissəsi isə 28 düymlük sualtı xətlərlə terminaldakı texnoloji emal qurğularına nəql edilir və buradan ölkənin daxili istifadəsi üçün “Azəriqaz” şəbəkəsinə ötürülür.
Hələ 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmışdır. Sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşmışdır.
Azərbaycanın həyata keçirdiyi digər neft-qaz layihələri kimi, “Azəri” də ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan vermişdir. Dövlət bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltmişdir. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı təmin edilmişdir. İnsanların rifah halı yüksəlmişdir. Eyni zamanda çoxsaylı infrastruktur layihələri icra edilmiş, sosial məsələlər öz həllini tapmışdır.
Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış iqtisadi siyasəti sayəsində neft gəlirləri həmçinin qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Bu vəsaitlərin xeyli hissəsi məhz “Azəri”nin 16 il əvvəl hasil olunmasına başlanmış neftindən əldə edilən gəlirlərlə yaranmışdır. Dövlət başçısı AÇG yataqlarında hasilatın sabit saxlanılmasının vacib məsələ olduğunu vurğulayaraq demişdir: “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir”.
Koronavirus pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, AÇG-də hasilat sabit və təhlükəsiz şəkildə davam edir. Keçən il bu yataqlar blokunda ümumi hasilat gündə orta hesabla 477 min barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub. O cümlədən “Mərkəzi Azəri”dən gündə orta hesabla 113 min 200, “Qərbi Azəri”dən 118 min 900, “Şərqi Azəri”dən 64 min 200 barel neft hasil edilib.
2020-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Keçən il AÇG yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində 3 milyard 522,7 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Bunun böyük bir hissəsi “Azəri”nin töhfəsidir.
Flora SADIQLI
Azərbaycan.-2021.-19 fevral.- S.6.