İLHAM ƏLİYEV
MÖCÜZƏSİ
Növbəti möcüzə isə
Qarabağın cənnətə çevrilməsi olacaq
Qəfil möcüzə baş verdi!
Azərbaycan
hərbi əməliyyatlara başlayaraq 44 gün ərzində qudurmuş düşməni diz
üstə çökdürdü!
İpə-sapa
yatmayan, sülhə gəlməyən, özünü yekəxana
və yekəbaş aparan Paşinyan Müzəffər Ali
Baş Komandan İlham Əliyevin bütün şərtlərini
qəbul etdi, məhvolma təhlükəsindən qorxaraq
Ağdam, Kəlbəcər və Laçın
rayonlarını qrafik üzrə, həm də
döyüşsüz təslim etdi!
Kapitulyasiya sənədinin imzalanmasının
təşəbbüsçüsü və vasitəçisi olan Rusiya əslində
növbəti dəfə Ermənistanın xilaskarına
çevrildi.
30 il
ərzində işğal etdiyi ərazilərdə
özünə bunker, səngər, istehkam yaradan,
yaşayış məskənlərini xarabalıqlara
çevirən, meşələri qırıb faydalı qazıntı
yataqlarını çapıb-talayan, torpaqları, xüsusən Şuşa şəhəri ilə
Kəlbəcər və Laçın rayonlarını
qaytaracağını ağlına belə gətirməyən
Ermənistan İlham Əliyevin
dəmir yumruğu qarşısında quzuya, müti qula çevrildi!
Bu nə möcüzə idi?!
Xalq həmin xalq, döyüşənlər həmin vətənpərvər insanlar, ərazi həmin ərazi...
Düşmən də əvvəlki kimi arxalı və hiyləgər, özünü məğlubedilməz sayan...
Bəs nə dəyişib, nə baş verib?!
Niyə Birinci Qarabağ müharibəsində uduzduq, torpaqları əldən verdik, indi isə möhtəşəm qələbə qazanmışıq?!
Əgər 44 gün ərzində münaqişəyə son qoymaq, torpaqları azad etmək (hələ qorumaq hücuma keçməkdən daha asan və əlverişli sayılır) mümkün idisə, niyə bizi 30 illik məşəqqətə salan məğlubiyyət baş verdi?!
Necə oldu ki, Qarabağda doğulub böyüyən, onu canı və qanı ilə sevənlər, gözünü qırpmadan şəhidliyə yüksələnlər torpağı qoruya bilmədilər, amma Qarabağı görməyən, doğma yurd-yuvadan kənarda doğulan gənclərdən ibarət ordu dəmir yumruq kimi düşmənin başını qısa müddətdə əzdi?
Sualı bir də təkrar edirik: nə dəyişib, nə baş verib?
Sualın cavabı həm sadə, həm mürəkkəbdir!
Həm də aydın və anlaşılandır.
Qarabağlıların təbirincə söyləsək, Birinci Qarabağ müharibəsində yiyə-vay dərdindən uduzmuşduq!
Bəli, ötən əsrin 90-cı illərində millətin əsl yiyəsi, yol göstərəni, qabağına düşəni, səfərbər edəni, ordu yaradaraq onu silahlandıranı yox idi!
Dünyanın çalxalandığı, qırmızı imperiyanın dağıldığı bir vaxtda baş verənlərdən müdrikcəsinə baş çıxardan, düzgün siyasət yürüdən, müstəqillik gəmisini təlatümlərdə, qasırğa və fırtınada məharətlə idarə edən, sualtı qayalardan qoruyaraq sağ-salamat düz istiqamətdə apararaq mənzil başına çatdıran təcrübəli kapitan yox idi!
Sualın mürəkkəb tərəfi isə “niyə yox idi” şəklində verilə biləcək növbəti sualdan doğur!
Bunun cavabı isə çox sadə və aydındır:
Çünki xalq həqiqi rəhbərindən ayrı düşmüşdü;
Çünki həmin illərdə ölkəyə maymaqlar, qorxaqlar, qətiyyətsizlər və səriştəsizlər - bir sözlə şəxsi maraqlarını ümumi mənafedən üstün tutanlar başçılıq edirdilər!
Nəticə fəlakətli oldu: 20 min şəhid verilməklə 20 faiz ərazi itirildi, üstəlik otuz il ərzində bir milyondan çox qaçqın və məcburi köçkün zillət çəkdi!
Biz millət kimi gözükölgəli, dili qısa olduq!
Bizi torpağını qoruya bilməyən, qorxaq xalq kimi tanıdılar!
Heç kim həqiqəti öyrənmək, həqiqəti dilinə gətirmək, haqqı-ədaləti müdafiə etmək fikrinə belə düşmədi!
Adımızı “vəhşi”, “qaniçən” qoydular!
Qəddar düşmənimizə isə “məzlum”, “zavallı millət”, “qədim xalq” yarlığı bağladılar!
Yanan da
biz, yaman da biz olduq!
Ümidimizi
ATƏT-in Minsk
qrupuna bağladıq...
Gücümüzü
ikili standartlarla mübarizəyə yönəltdik...
Ulu Öndər
Heydər Əliyev yenidən ölkə rəhbərliyinə
qayıdanda sanki üstümüzə gün
doğdu.
Hər
şey dəyişdi, ümidimiz yenidən cücərməyə
başladı.
Heyhat,
ömür vəfa etmədi, Ümummilli Liderimiz bizi siyasi varisinə əmanət
edərək haqq
dünyasına qovuşdu!
Xoşbəxtlikdən
qoyub getdiyi siyasi kurs davamlı və uğurlu oldu!
İlham
Əliyev nəinki xalqın
etimadını doğrultdu, faktiki olaraq dünya səviyyəli
liderə çevrildi, xalqımızın tarixinə
adını qızıl hərflərlə yazdıraraq
itirilmiş torpaqları qaytaran
qalib Sərkərdəyə, Dağlıq Qarabağ problemini həmişəlik çözən dövlət
başçısına, əslində möcüzə yaradan rəhbərə
çevrildi!
***
Prezident
İlham Əliyev
bu möcüzəni bir gündə, bir anda yaratmayıb!
Ona addım-addım, yavaş-yavaş
yaxınlaşıb.
Saysız-hesabsız
problemləri həll etməklə,
çətinlikləri aradan qaldırmaqla, çoxlarına
xoş gəlməyən müstəqil xarici
siyasət yürüdərək Azərbaycanın maraqlarını daim yüksəkdə tutmaqla, bir-birilə bağlı vəzifələri
əlaqəli şəkildə
həyata keçirməklə, böyük iradə, əzm,
qətiyyət və fədakarlıq nümayiş etdirməklə məqsədə çatıb!
Müdrik dövlət xadimi İlham Əliyev
bütün işləri sonadək “qapalı” apardı,
düşməni və onun havadarlarını ayıq
salmadı, son ana qədər
hazırlıqlarını və etmək istədiklərini
büruzə vermədi.
Nəyi,
nə vaxt və necə etməyi hamıdan daha yaxşı bilməklə
şanlı qələbəni təmin etdi!
***
Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin
möcüzəsi bir neçə tərkib hissədən
ibarətdir. Qısa şəkildə nəzərdən
keçirək.
Ən əvvəl,
cənab İlham Əliyev tarixinin ən güclü Azərbaycanını
yaratdı!
Prezident
İlham Əliyevin rəhbərliyi dövründə ümumi daxili məhsul istehsalının
artımı sahəsində Azərbaycan daim lider dövlətlər sırasında
olub!
Xəzərin karbohidrogen ehtiyatları qeyri-ənənəvi
marşrutlarla dünya bazarına çıxarılıb,
ölkəmiz Avropanı enerji
daşıyıcıları ilə
ən etibarlı şəkildə təmin edən dövlət imicini
qazanıb, tərəfdaşlarına, qonşu dövlətlərə
fayda gətirən transmilli layihələri
uğurla, öz gücü hesabına gerçəkləşdirib,
logistika mərkəzinə, Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizlərinin kəsişdiyi məkana
çevrilib, qeyri-neft sektorunun, sahibkarlığın
inkişafında diqqətəlayiq
nailiyyətlərə imza
atıb, iqtisadi imkanlarını siyasi nüfuzuna çevirməyi
bacarıb.
İkinci,
Azərbaycan beynəlxalq layihələrə həyat vəsiqəsi
verəndə əməkdaşlıq etdiyi dövlətlərlə
dostluq əlaqələrini yarada, mövcud əlaqələri
və münasibətləri daha da möhkəmləndirə
bilib. Haqq işi uğrunda mübarizə aparanda, ordu
quruculuğunda, hərbi əməliyyatların gedişində
bu əlaqə və münasibətlər ona kömək etdi. Ölkəmiz Türkiyə, İsrail,
Rusiya, Ukrayna kimi dövlətlərdən müasir silahlar
alaraq öz arsenalını möhkəmləndirdi. Hətta dostlarımızın bir
qismi bizə satdıqları silahlardan düşmən ölkəyə
vermədi.
Üçüncü, dövlət
başçısı cənab İlham Əliyev torpaqların
hərbi yolla azad edilməsi variantına
hazırlığı təkcə ordunun gücləndirilməsi
yolu ilə məhdudlaşdırmadı. Diplomatiya sahəsində
də ardıcıl və məqsədyönlü addımlar
atıldı.
Prezidentimizin təşəbbüsü ilə hücum
diplomatiyasına start verildi, dünya ölkələrində
diaspor fəaliyyəti gücləndirildi,
Azərbaycan - Türkiyə
diaspor qurumlarının əlbir işi təmin olundu.
Erməni diasporunun geniş əl-qol açmasına yol
verilmədi.
Dördüncü, beynəlxalq
qurum və təşkilatlarla aparılan iş əsaslı
şəkildə gücləndirildi.
Bu sahədə ən ağır
yükü dövlət başçısı öz üzərinə
götürdü. BMT Təhlükəsizlik
Şurasının iclaslarına, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına sədrliyi dövründə səlahiyyətlərindən istifadə edən cənab İlham
Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı problemləri diqqət
mərkəzinə gətirərək əsl həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycana
haqq işində dəstək verənlərin sayının
artırılmasına nail olmuşdur. Həmçinin yaranan
bütün imkanlardan, o cümlədən “Valday” Beynəlxalq Diskussiya Klubu və Münxen Təhlükəsizlik
Konfransındakı çıxışlarından bacarıqla istifadə edərək
Ermənistanın işğalçı siyasətini, sülh
danışıqlarından məqsədli şəkildə
yayınmasını ifşa etmişdir.
Beşinci, bu möcüzənin yaranmasında qardaş
Türkiyə dövlətinin yaxından dəstəyinin
xüsusi əhəmiyyəti olmuşdur. Məhz cənab İlham
Əliyevin səmimi, fədakar zəhməti sayəsində
canbir, qanbir, dil və din bir Türkiyə ilə Azərbaycanın
sarsılmaz dostluğu özünün ən yüksək,
sıx qardaşlıq
səviyyəsinə yüksəlmişdir. Bircə
faktı yada salırıq: 1992-ci ildə Kəlbəcərin
işğalı zamanı ozamankı
prezident Ə. Elçibəy
insanların mühasirədən çıxarılması
üçün Türkiyədən bir mülki vertolyot belə
ala bilməmişdi (buna görə türk
qardaşlarımızdan incimirik),
NATO üzvü olan Türkiyə bu addımı ata bilməmişdi.
Bugünkü Ərdoğan Türkiyəsi isə müasir dünyada öz
sözü, öz yeri olan, maraqlarını təmin etmək
imkanına malik qüdrətli dövlətə
çevrilmişdir. Qardaş Türkiyə bu savaşda daima özü,
sözü, silahı, imkanları ilə yanımızda durdu,
bütün səviyyələrdə Azərbaycanın dəstəkləyicisi
olduqlarını birmənalı şəkildə bəyan
etdi!
Altıncı,
Prezident İlham Əliyev yeni vətənpərvər gənclər
nəslinin yetişməsinə nail oldu. Və həmin gənclər
könüllü olaraq Azərbaycan Ordusuna yazılmaqla müharibənin gedişində
öz sözlərini dedilər. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev həmin
gəncləri şəxsi
nümunəsi əsasında, idman meydanlarında, təhsil
ocaqlarında yetişdirmişdir. Müxtəlif idman
yarışlarında qalib gələrək, dövlət
bayrağını qaldıraraq himnini səsləndirən,
mükəmməl təhsil alaraq quruculuq işlərinə
qoşulan müstəqil dövlətimizin gənc vətəndaşları
düşmən işğalı ilə heç cürə
barışmırdılar və Ali Baş Komandanın “irəli”
əmri ilə dərhal silaha sarıldılar, bu dəfə
işğaldan azad edilən ərazilərdə üçrəngli
bayrağımızı ucaltdılar.
Yeddinci, yeni zabitlər heyəti və xüsusi
hazırlıq görmüş döyüşçülərin
yetişdirilməsi də təmin olundu. Onlarla daim təlim
keçirildi, yerli şəraitə uyğun əməliyyatlara
hazırlıqlar aparıldı. Məhz bu uzaqgörənlik
qala şəhəri olan Şuşanın
yüngül silahlar və əlbəyaxa
döyüşlər yolu ilə alınmasında təsdiqini
tapdı!
Səkkizinci, müharibənin ilk günlərindən
orduda qeyri-adi ruh yüksəkliyi müşahidə olundu. Azərbaycanın əsgər və zabitləri
yüksək peşəkarlıqla, qəhrəmanlıqla
çarpışır, düşmənə göz
açmağa aman vermir, hətta yaralanan belə
döyüş meydanını tərk etmir, digərləri
yaralı əsgər yoldaşını tək qoymayaraq
özü ilə
aparırdı. 44 günlük müharibə dövründə bir
nəfər belə fərarilik etmədi! Halbuki
düşmən ordusunda öz etiraflarına görə, fərarilərin
sayı on mini keçmişdi və geri qaçanların
qabağını almaq üçün özləri güllələyirdilər.
Doqquzuncu, Azərbaycan Vətən
müharibəsinə yeni taktika və strategiya ilə gəlmişdi. Bunu bütün dünya gördü, bildi, təsdiq
etdi. Nəinki təsdiqlədi, hətta yeni müharibə
nümunəsi ortaya qoyan Azərbaycanın təcrübəsindən
nəticə çıxararaq öz ordularında zəruri dəyişikliklərin
aparılmasının və bu təcrübədən
yararlanmanın vacibliyini söylədilər.
Ermənistan isə özünün olmayan
qalibiyyətinə güvənərək XX əsrin ordusu və
silahları ilə müharibəyə başlamışdı.
Nəticədə çox qısa zaman ərzində dəmir
yumruğun zərbəsindən sarsıldı, diz
çökərək aman dilədi!
Onuncu, Ali Baş Komandan İlham Əliyev Azərbaycan
xalqının milli birliyini də təmin etmişdi. Müharibə başlayan
kimi bir-ikisi istisna olmaqla, ölkədəki bütün siyasi
partiyalar və qurumlar torpaqların işğaldan azad
olunması uğrunda gedən savaşda dövlət
başçısını tam dəstəklədikləri
barədə rəsmi bəyanat yaydılar. Bu da
Azərbaycanın müstəqillik tarixində bir ilk oldu,
düşmənə və onun havadarlarına qarşı
mübarizədə mühüm dəstəyə
çevrildi.
On birinci,
müasir müharibələrin hibrid müharibəsi
olduğunu gözəl bilən Ali Baş Komandan İlham
Əliyev informasiya müharibəsinə də irəlicədən
hazırlaşmışdı. Elektron resurslarında, xüsusən
sosial şəbəkələrdə hərbi əməliyyatlar
barədə, habelə hərbi sirr ola biləcək
informasiyaların yayılmasının
qarşısının alınması üçün qanun əsasında
bütün tədbirlər görülmüşdü.
Müharibə dövründə dünya KİV-inə və
informasiya agentliklərinə otuzdan çox müsahibə verən
cənab İlham Əliyev bu sahədə də əsas
ağırlığı öz çiyinlərinə
götürdü, ölkəmizə qarşı atılan
böhtanlara tutarlı cavab verdi, erməni faşizminin iç
üzünü açıb göstərdi, qərəzli
jurnalistlərə isə jurnalistika dərsi keçdi!
On ikinci,
şübhəsiz ən böyük möcüzədən
biri son
üç yüz il ərzində Azərbaycanın
itirdiyi torpaqları geri qaytarması və iki əsr davam edən,
zaman-zaman ölkəmizdən torpaq qoparılması ilə nəticələnən Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinə
son qoyulmasıdır.
Müzəffər
Ali Baş Komandan İlham Əliyev düşmənin
başını dəmir yumruğu ilə elə əzdi ki,
o, bir daha özünə gələrək qüdrətli Azərbaycandan
ərazi qoparmaq iqtidarında olmayacaqdır!
***
Qarabağın 44 gün ərzində işğaldan
azad edilməsi möcüzəsini yaradan Prezident İlham
Əliyev bu zəfəri quruculuq sahəsində davam etdirməkdədir.
Eyni zamanda bir
çox mühüm istiqamətlərdə dövlət
başçısı yorulmadan çalışır.
Bu işlər
cənab İlham Əliyevin xalqımıza verdiyi sözün
- Qarabağın yenidən dirçəldilərək cənnətə
çevrilməsinə xidmət göstərir!
ONLAR
HANSILARDIR:
*
Bütün dövlət sərhədlərinə sahib
çıxan ölkəmiz hazırda həmin sərhədlərin
delimitasiya və demarkasiyasını başa
çatdırmaqdadır.
Bu prosesdə
ermənilərin uzun illər boyu bizdən
oğurladıqları ərazilər də müəyyənləşdirilərək
geri qaytarılır, sərhədlərin qorunması Azərbaycan
sərhədçilərinə verilir.
* Murdar
düşmənin özündən sonra qoyub getdiyi
“ölüm tələləri” aşkarlanaraq ləğv
edilir.
Minalardan
təmizlənmə prosesində türk hərbçiləri
və rusiyalı sülhməramlıları da
yaxından iştirak edirlər.
*
İşğal və müharibə dövründə
ölkəmizə dəyən ziyan, habelə xarici şirkətlərin
ölkəmizdə apardıqları talançılıq işləri müəyyənləşdirilir, səlahiyyətli və təcrübəli
beynəlxalq qurumlar tərəfindən sənədləşdirilir.
Azərbaycan
dövləti həmin sənədlər əsasında
Ermənistanı və digər
şirkətləri beynəlxalq məhkəməyə verərək
vurulan maddi ziyanı kompensasiya etdirəcəkdir.
* Dövlət
başçısı cənab İlham Əliyev müntəzəm
surətdə işğaldan azad olunan bölgələrə
gedir, görülən işlərlə tanış olur, yeni
layihələrin gerçəkləşdirilməsi üçün
tapşırıq və göstərişlərini
verir, təməlqoyma mərasimi keçirir, dirçəliş
proqramının icrasının sürətləndirilməsinə
çalışır.
Görülən
işlərin sayı və çeşidi isə həddindən
çoxdur:
* ilk növbədə yeni avtomobil yolları
çəkilməli, dəmir yolları salınmalı, beynəlxalq aeroport
tikilməlidir;
* əhalinin geri qayıtması üçün
digər zəruri infrastrukturlar - elektrik enerjisi, içməli
su, kanalizasiya xətti çəkilməli, təbii qaz
verilişi təmin edilməlidir;
* ən vacib məsələlərdən biri
investisiya cəlbi, bu hesaba müxtəlif layihələrin
reallaşdırılmasıdır;
* geri qayıdan əhali üçün
yaşayış məskənlərinin salınması,
inzibati binaların inşası, yeni iş yerlərinin
yaradılması, ilk növbədə, görülən
işlər sırasındadır;
* kənd təsərrüfatının,
sahibkarlığın, turizmin inkişafı da
Qarabağın potensialını üzə çıxaracaq
sahələrdir.
Qalib dövlət başçısı İlham
Əliyev Şuşanı mədəniyyət paytaxtı elan
edib. Bu məqsədlə
görüləcək
işlərə artıq start verilib.
Mədəni-tarixi abidələrin, dini məbədlərin,
həm də bütün dini məbədlərin bərpası
və yenidən qurulması gündəlikdəki məsələlərdəndir.
Bütövlükdə
Prezidentimiz yaxın gələcəkdə Qarabağı cənnətə
çevirməyi planlaşdırır!
Prezidentimizə
inanırıq:
sözünün sahibi olan dövlət rəhbəri
kimi!
Həm də daim düşünülmüş siyasət yeridən, hesablanmış addımlar atan, xalqın maraqlarını həmişə qoruyan və üstün tutan vətənpərvər dövlət başçısı kimi!
Eyni zamanda əminik ki, cənab İlham Əliyev dediklərini gözləniləndən də tez başa gətirəcəkdir!
Axı İlham Əliyev möcüzə yaratmağı bacarır!
Budur, dünyanı çıxılmaz duruma salan, bütün sahələrdə tənəzzül yaradan, insanları fəaliyyətdən kənarda saxlayan COVID-19-un uğursuz ilə çevirdiyi 2021-ci il İlham Əliyevin qələbəsi hesabına Azərbaycan üçün tarixi zəfər ili oldu!
Həm də təkcə tarixi zəfər ili yox!
“Gallup International”ın “Xoşbəxtlik İndeksi” beynəlxalq sorğusunun nəticələrinə görə, Azərbaycan 76 faiz xoşbəxtlik indeksi ilə ən xoşbəxt ölkələrin ilk beşliyinə, Ermənistan isə 12 indekslə ən bədbəxt ölkələr siyahısında yer alıb!
Hamı üçün uğursuz ilin Azərbaycan üçün ən xoşbəxt ilə çevrilməsi bir möcüzə deyilmi?!
Bunun da müəllifi Azərbaycan xalqının sevimlisi İlham Əliyevdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 20 fevral.- S.1;3.