Azərbaycanın etibarlı
dostu, səmimi müttəfiqi
Ölkəmizin Pakistanla
mühüm tərəfdaşlıq münasibətləri
qarşılıqlı etimada və səmərəli əməkdaşlığa
əsaslanır
Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan İslam Respublikası dünyanın əhali sıxlığına görə altıncı, müsəlmanların sayına görə isə İndoneziyadan sonra ikinci ölkəsidir.
Pakistanın ərazisi 803940 kvadratkilometr sahəyə malik olub, Cənubda Benqal körfəzi, qərbdə Əfqanıstan və İran, şərqdə Hindistan və şimal-şərqdə Çin ilə həmsərhəd Cənub-Qərbi Asiyada yerləşən ən böyük ölkələrdən biridir.
Beynəlxalq sistemdə Pakistan Birləşmiş Millətlər Təşkilatının, Millətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının üzvü, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, inkişaf etməkdə olan ölkələrdən ibarət “G33”-ün, “77-ci Qrup”un fəal üzvlərindən biri kimi fəaliyyətini uğurla davam etdirməkdədir.
Pakistanın siyasi tarixi 1947-ci ildə Britaniyanın Hindistanı rəsmən iki hissəyə bölməsi və Pakistanın müstəqillik qazanması ilə başlanır. Bu gün Hindistanla Pakistan arasında sərhədlərin uzunluğu 2912 km-ə çatır. İki ölkə arasında yeganə keçid məntəqəsi şərq hissəsi Hindistanda, qərb hissəsi isə Pakistanda yerləşən Vaqah kəndidir. Kəşmir vilayətinin iki yerə parçalanması ilə Pakistanla Hindistan arasında mübahisəli ərazi problemi yaranmışdır.
İslam faktoru Pakistanda ayrıca statusa malikdir. Tədqiqatçılar islam dinini Pakistan xalqının mədəni
identikliyinin başlıca elementi hesab edirlər. İslam dini nəinki Pakistanın Hindistanla
münasibətlərinə təsir etmiş, həm də bu
ölkənin xarici siyasətinin formalaşmasında
aparıcı rol oynamışdır. Hazırda
Pakistanın beynəlxalq sistemdəki mövqeyi də bu
ideologiya ilə əlaqədardır.
Ümumiyyətlə, çoxsaylı hərbi
toqquşmalar və Kəşmir məsələsinin beynəlmiləlləşməsi
BMT-nin müzakirə masası üstündə qalmış
bir neçə qətnamə (1948, 1949) ilə tarixə
çevrilmişdir. Bu qətnamələr Kəşmir əhalisinin
azad seçiminə üstünlük versə də, tərəflərin
iddiaları problemin həllini daha da çətinləşdirmişdir.
Əksər ölkələr Pakistanla Hindistan
arasında baş verən bu münaqişəyə öz
siyasi kontekstindən yanaşmağa üstünlük verirdilər.
Məsələn, SSRİ münaqişənin ilk illərindən
Kəşmiri Hindistanın ərazisi hesab edərək onun
“işğal” edildiyini bildirir, ABŞ isə əsasən
BMT-nin qərarlarını və Pakistanı müdafiə
edir. Bu mənada Pakistanın beynəlxalq münasibətləri
dünya dövlətlərinin Kəşmir münaqişəsinə
münasibəti çərçivəsi ilə müəyyənləşməyə,
ölkənin beynəlxalq münasibətlərdə
tutduğu mövqeyi isə “düşmənimin dostu mənim
dostum ola bilməz” prinsipinə əsaslanır.
Pakistan ilə Hindistan arasında qarşılıqlı
etimadın yaradılması istiqamətində işlər
davam etdirilir.
Belə addımlardan biri kimi 8 aprel 2012-ci ildə
Pakistan Prezidenti Asif Əli Zərdarinin Hindistana səfərini
göstərmək olar. Buna cavab olaraq
Hindistanın xarici işlər naziri S.M.Krişna 7 sentyabr
2012-ci ildə Pakistana səfər etmişdir. Görüş zamanı viza rejiminin sadələşdirilməsi
məsələsi əsas mövzulardan biri olmuşdur. 20 oktyabr 2013-cü ildə Pakistanın Baş naziri Nəvaz
Şərif ABŞ-ın Kəşmir məsələsində
vasitəçi kimi çıxış etməsini təklif
etmiş, lakin Hindistan tərəfi sözügedən təklifi
qəti şəkildə pisləmişdir.
Qeyd etmək lazımdır ki, Pakistan İslam
Respublikası dünyada sülhməramlı hərbi
missiyaları həyata keçirən bir ölkə kimi də
tanınır.
Hazırda Pakistanın sülhməramlı hərbi
qüvvələri Avropa, Asiya, Afrika qitələrinin bir
sıra ölkələrində BMT tərəfindən müəyyənləşdirilmiş
hərbi xidmətlərini layiqincə həyata keçirməkdə
davam edirlər. Ümumiyyətlə,
dünyadakı sülhməramlı qüvvələrin 13
faizdən çoxu Pakistan İslam Respublikasına aiddir.
Beynəlxalq münasibətlərdə Pakistanın əsas
tərəfdaşlıq etdiyi ölkələr ABŞ,
Çin, Səudiyyə Ərəbistanı, Türkiyə və
Əfqanıstandır. Pakistan İslam Respublikası türkdilli
dövlətlərlə yaxın münasibətlər şəraitində
fəaliyyətini davam etdirməkdədir. Türkiyə
Cümhuriyyəti ilə Pakistan İslam Respublikası
arasında əlaqələr demək olar ki, bütün sahələr
üzrə hərtərəfli şəkildə genişlənməkdə
davam edir. Postsovet ölkələrində
isə Pakistan Azərbaycan, Özbəkistan və Türkmənistanla
özünün qarşılıqlı münasibətlərini
inkişaf etdirərək daha da möhkəmləndirir. Pakistanın Türkiyə Cümhuriyyətinə və
yeni qurulmuş türk dövlətlərinə ardıcıl
olaraq dəstək verməsi bu Asiya qitəsi ölkəsinin
Azərbaycan Respublikası ilə əlaqələrinin ildən-ilə
genişləndirilməsində mühüm faktor rolunu
oynayır. Pakistan Ermənistanın
istiqlaliyyətini rəsmi şəkildə tanımır.
Bu ölkənin birmənalı şəkildə
bunu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi
ilə izah edir. Pakistan rəsmi dairələri
qondarma “erməni soyqırımını” da
tanımadığını bildirirlər.
Pakistan İslam Respublikası Azərbaycanın dövlət
müstəqilliyini ilk tanıyan dövlətlərdən
biridir. Belə ki, Pakistan 12 dekabr 1991-ci ildə rəsmi
olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini
tanımışdır. Bu böyük Asiya dövləti
9 iyun 1992-ci il tarixində Azərbaycanla
diplomatik əlaqələrin yaradılması haqqında qərar
qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində
özünün səfirliyini açmışdır. Lakin Pakistanın Azərbaycanla dostluq və əməkdaşlıq
münasibətlərinin tarixi daha erkən dövrlərlə
əlaqədardır. Belə ki, Pakistan xalqı XX əsrin
əvvəllərində ölkələrində taun xəstəliyi
geniş yayıldığı bir dövrdə görkəmli
Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin
Avropadan 300 min ampul peyvənd alıb müsəlman
qardaşlarına göndərməsini, onlara yardım etməsini
heç vaxt unutmamışdır.
Bütövlükdə isə Azərbaycanla Pakistan
arasında münasibətlərin yaranması XX əsrin
altmışıncı illərindən etibarən daha intensiv
xarakter ala bilmişdir. 1962-ci ilin oktyabrında Mirzə Fətəli Axundzadənin
anadan olmasının 150 illiyi münasibətilə
keçirilən təntənələrdə görkəmli
Pakistan yazıçısı, Beynəlxalq Lenin
mükafatı laureatı Əhməd Fəna iştirak
etmişdir. Elə həmin il SSRİ-yə
səfər çərçivəsində Pakistanın Milli
Məclisinin sədri Fəzlulla Kadar Çoudrinin rəhbərliyi
ilə bir qrup pakistanlı dövlət nümayəndəsi
Azərbaycana gəlmiş, xalqımızın həyatı
ilə yaxından tanış olmuşdular. 1965-ci
ilin aprelində görkəmli Pakistan dramaturqu, rejissoru və
kinooperatoru Henri Çayasenin Bakıya gəlişi Azərbaycanın
kino ictimaiyyəti tərəfindən böyük hörmət
və ehtiramla qarşılanmışdır. Görkəmli ictimai xadim Mirzə Abel Həsən
İspahanın həmin dövrdə “Leninqraddan Səmərqəndədək”
adlı kitabında Azərbaycan haqqında özünün
müsbət təəssüratlarını nəzərə
çarpdırması yaddaqalan hadisəyə
çevrilmişdir.
Bu zaman Bakıda Pakistan-Azərbaycan münasibətlərini
tənzimləyən Sovet-Pakistan Mədəni Əlaqə Cəmiyyətinin
şöbəsi təsis edilmişdir. 1967-ci ilin avqustunda Camiruddin
Prodxan başda olmaqla, Şərqi Pakistan Qanunvericilik Məclisinin
bir qrup nümayəndəsi Bakı və Sumqayıtdakı mədəniyyət
ocaqlarının fəaliyyəti ilə də yaxından tanış olmuşlar. Pakistanla
mədəni əlaqələrin inkişaf etdirilməsində
Azərbaycanın elm, təhsil və sənət
adamlarının həmin ölkəyə səfərlərinin
təşkili də əhəmiyyətli rol
oynamışdır. O illərdə Azərbaycanın
tanınmış elm və mədəniyyət xadimləri
Aşıq Pənah Pənahov, Azərbaycan Dövlət
Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor
Fərhad Zeynalov Kəraçi şəhərinə səfər
etmişlər. Lakin sonrakı illərdə
Pakistanla SSRİ arasında yaranan siyasi fikir
ayrılığı Azərbaycanla olan əlaqələrinə
də xələl gətirmişdir.
Azərbaycan-Pakistan münasibətlərinin yeni bir mərhələsi
isə SSRİ-nin dağılması ilə başlayır. Azərbaycanın
suverenliyini ilk tanıyan ölkələrdən biri kimi
Pakistan 1992-ci ildə ölkəmizlə siyasi, iqtisadi və mədəni
əlaqələrin yeni tarixi şəraitə münasib
şəkildə yenidən qurulmasına
çalışmışdır. Azərbaycanın
Qarabağ uğrunda ağır müharibə şəraitində
yaşadığı dövrlərdə beynəlxalq
münasibətlərdə Pakistan rəsmilərinin dünya
dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda
Ermənistanı təcavüzkar ölkə kimi
tanınmasına çağırması böyük əhəmiyyət
daşıyırdı. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik
Şurasının 1993-cü il 30 aprel tarixində Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal
çıxarılmasını tələb edən və bu
ölkəni təcavüzkar dövlət kimi tanıyan 822
nömrəli qətnaməsinin qəbul edilməsində
Pakistan özünü fəal şəkildə göstərə
bilmişdir. Pakistanın həmin iclasa sədrlik
etməsi qətnamənin qəbul edilməsində
böyük rol oynamışdır.
Dövlət müstəqilliyimizin ilk illərindən
Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan
münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət
xadimi Heydər Əliyev iki ölkə arasında olan
münasibətləri dəyərləndirərək bu əlaqələri
belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan
arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri
var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin
üzərində qurulub”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın
ovaxtkı Baş naziri, mərhum Bənazir Bhutto ilə
görüşündən sonra ölkələrimiz
arasındakı ikitərəfli münasibətlər daha
yüksək səviyyədə inkişaf etməyə
başladı.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Faruq
Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri
baş tutdu. Bu zaman tərəflər
arasında “Elm, mədəniyyət və humanitar sahələrdə
əməkdaşlıq haqqında müqavilə”
imzalandı. 1996-cı ildə isə Ulu
Öndər Heydər Əliyevin Pakistana səfəri çərçivəsində
iki ölkə arasında dostluq və əməkdaşlıq
haqqında və “Turizmin inkişafı üzrə
Anlaşma-Memorandumu” imzalandı. Bu,
pakistanlılarla azərbaycanlıları bir-birinə daha da
yaxınlaşdırdı.
Ötən illərdə elm, təhsil sahəsində də
ölkələr arasında əməkdaşlıq
üçün yeni nailiyyətlər əldə
olunmuşdur.
Belə ki, Pakistan tərəfi hərbi təhsil,
informasiya texnologiyaları və telekommunikasiya sahəsindəki
zəngin təcrübəsindən bəhrələnməyi
Azərbaycan dövlətinə bəyan etmiş və bu sahədə
əməli tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın ağır vəziyyətində
qardaş müsəlman ölkəsinin xalqımıza
göstərdiyi maddi, mənəvi və siyasi dəstəyə
görə Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə
İKT ölkələrinin Kasablankada keçirilmiş VII
Sammitində Pakistan dövlətinə təşəkkürlərini
çatdırmışdır. 14 oktyabr
2002-ci ildə İstanbulda İƏT-in üzvü olan ölkələrin
VII zirvə görüşündə görkəmli dövlət
xadimi Heydər Əliyev Pakistanın Prezidenti Pərviz
Müşərrəflə bir daha görüşüb, əməkdaşlığın
daha da möhkəmləndirilməsi üçün
addımlar atmışdır.
Pakistanla ölkəmiz arasında münasibətlərin
intensiv xarakteri Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin xarici siyasət xəttində də
prioritet istiqamətlərdən biridir. 8-10 iyul
2004-cü ildə Pakistan Prezidenti Pərviz Müşərrəf
Bakıya rəsmi səfərə gəlmişdir. Bunun ardınca İlham Əliyev Pakistan İslam
Respublikasının Prezidenti Pərviz Müşərrəfin
dəvəti ilə 2005-ci ilin aprel ayının 12-də bu
ölkədə rəsmi səfərdə olmuşdur.
Ekspertlər qeyd edirlər ki, bu səfər iki dost ölkə
arasında çoxtərəfli əlaqələrin daha da
inkişafı üçün geniş imkanlar
açmışdır. Belə ki, səfər zamanı dost
ölkələrin dövlət
başçılarının görüşündə
rabitə və informasiya texnologiyaları, mədəniyyət,
maliyyə sektoru, təhsil, nəqliyyat, aviasiya və digər
sahələrdə əməkdaşlığın
inkişafı üçün imkanların olması qeyd
edilmiş, zəruri sənədlər imzalanmışdır.
Səfər çərçivəsində
Pakistan Müdafiə Nazirliyi nəzdində Hərbi İxraca
Yardım Təşkilatının Azərbaycana yardım
imkanları müzakirə olunmuşdur. Səfər
zamanı İslamabadda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Pakistan İslam
Respublikasının Baş naziri Şövkət Əzizin
iştirakı ilə iki ölkə arasında hərbi əməkdaşlıq
barədə bir sıra mühüm sənədlərin
imzalanması mərasimi keçirilmişdir. Eyni zamanda 2005-ci ilin dekabr ayında Azərbaycan
Respublikası Milli Məclisinin nümayəndə heyəti
İslamabadda rəsmi səfərdə olmuş, Pakistan
Senatında və ölkənin universitetlərində rəsmi
görüşlər keçirmişdi.
İslamabaddakı İncəsənət muzeyində akademik
İsa Həbibbəylinin Pakistanda urdu
dilində çap olunmuş Cəlil Məmmədquluzadə
haqqındakı kitablarından da söz
açılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam
Respublikasının Baş naziri Şövkət Əzizlə
2006-ci ilin may ayının 5-də keçirilmiş
görüşdə qarşılıqlı iqtisadi əməkdaşlığın
genişləndirilməsi, elm və texnologiyalar sahəsində
əməkdaşlığın zəruriliyi, regional əməkdaşlıq,
təhlükəsizlik, iqtisadi əməkdaşlıq,
bölgədəki vəziyyət barədə geniş fikir mübadiləsi aparılmış, neft və
qaz sahəsində Azərbaycan təcrübəsinin Pakistan
üçün əhəmiyyəti haqqında söhbət
açılmışdır.
2006-cı ildə keçirilən digər əlamətdar
hadisələrdən biri Pakistan Senatının İnsan
hüquqları daimi komitəsinin sədri, senator Seyid Məhəmməd
Zəfərin rəhbərlik etdiyi nümayəndə heyətinin
Azərbaycana səfəri oldu. Mayın 6-da senator
Seyid Məhəmməd Zəfər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə “Ən
yaxşı idarəolunan müsəlman dövləti”
mükafatını təqdim etmişdir.
2012-ci ildə Bakıda Prezident İlham Əliyevin və
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdabinin
görüşü iki ölkə arasındakı münasibətləri
daha da genişləndirilmişdir. Bu görüşdə İqtisadi
Əməkdaşlıq Təşkilatının Bakıda
keçirilən XII Zirvə Toplantısının region
ölkələri arasında əməkdaşlığın
bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik
bildirilmiş, ikitərəfli əlaqələrimizin daha da
genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu və bu istiqamətdə birgə fəaliyyətin
zəruriliyi vurğulanmışdır.
Pakistan
İslam Respublikasının Prezidenti Məmnun Hüseyn 11-14
mart 2015-ci il tarixlərində Azərbaycanda
rəsmi səfərdə olmuşdur. Səfər
zamanı ona Bakı Dövlət Universitetinin fəxri doktoru
elmi adı verilmişdir.
Pakistan Azərbaycanın əsas hərbi strateji tərəfdaşlarından
biridir. Belə ki, 2018-ci ilin yanvar ayının 18-də
Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və
Pakistan İslam Respublikası Birləşmiş Qərargahı
arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci
görüşü keçirilmişdir. Görüşdə
hərbi əməkdaşlığın cari vəziyyəti
və inkişaf perspektivləri, regionda təhlükəsizlik,
hər iki dövlətin orduları arasında münasibətlərin
və əlaqələrin möhkəmləndirilməsi, o
cümlədən 2018-ci ildə birgə təlimlərin
keçirilməsi məsələləri müzakirə
olunmuş, müvafiq protokol imzalanmışdır.
2018-ci il
sentyabr ayının 25-27 tarixlərində Bakıda
keçirilən 3-cü “ADEX 2018” Azərbaycan Beynəlxalq
Müdafiə sərgisində dünyanın müxtəlif
ölkələrindən Azərbaycana gələn nümayəndələr
sırasında Pakistan nümayəndələri də
iştirak etmişlər.
Bu illər ərzində Pakistanla Azərbaycan arasında
sıx parlamentlərarası münasibətlər də
formalaşmışdır. 2013-cü ilin 11-12
fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin
nümayəndə heyəti Pakistana işgüzar səfər
etmiş və bu zaman Azərbaycan-Pakistan parlamentlərarası
əlaqələr üzrə işçi qrupu
yaradılmışdır. Pakistan
Senatının Beynəlxalq Münasibətlər Komitəsi 1
fevral 2012-ci ildə Azərbaycan Respublikasının Xocalı
şəhərində baş vermiş hadisələri
soyqırımı kimi tanımışdır. Qəbul edilmiş sənəddə Senat bir daha Azərbaycanın
ərazi bütövlüyünü qəbul etdiyini təsdiqləmiş
və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərini
tanıdığını elan etmişdir. Xocalı
soyqırımı ilə bağlı növbəti qətnamə
2 fevral 2017-ci il tarixində Pakistan İslam
Respublikasının Milli Assambleyasının xarici əlaqələr
üzrə daimi komitəsinin 32-ci iclasında qəbul
edilmişdir. Ümumiyyətlə, Azərbaycan
Respublikası ilə Pakistan İslam Respublikası arasında
bu vaxta qədər 30 rəsmi sənəd
imzalanmışdır.
Qarşılıqlı münasibətlərin otuz illik
tarixində Pakistanla Azərbaycan arasında geniş mədəni
əlaqələr qurulmuşdur. Pakistanın elm və
təhsil ictimaiyyətinin, ədəbiyyat və mətbuat
nümayəndələrinin Azərbaycana maraqları
güclü olaraq qalır. 2018-ci ilin
sentyabr ayının 20-də Ceyhun Bayramovun Pakistan İslam
Respublikası Senatının sədri Məhəmməd Sadiq
Səncari ilə görüşündə təhsil sahəsində
əlaqələrin cari vəziyyəti və gələcək
inkişaf perspektivləri müzakirə olunmuşdur.
Hazırda Bakı Dövlət Universitetində urdu
dili bölməsinin fəaliyyət göstərməsi
böyük əhəmiyyət kəsb edir. Naxçıvan
Dövlət Universiteti ilə Pakistanın Qayd-e Əzim
Dövlət Universiteti və Xarici Dillər Universiteti
arasında 2012-ci ildə imzalanmış müqavilə və
həmin universitetlərin nümayəndələrinin
Naxçıvana səfəri təhsil sahəsindəki əməkdaşlığın
əhəmiyyətli səhifələridir.
Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə Pakistanın Müzəffərabad şəhərinin
Rara qəsəbəsində müasir tipli məktəb
binası tikilib istifadəyə verilmişdir.
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət
göstərən Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsində Pakistan ədəbiyyatı öyrənilir
və tədqiq olunur. 2017-2018-ci illərdə bir neçə
dəfə Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Bədirxan Əhmədov və həmin şöbənin
əməkdaşı, filologiya elmləri doktoru Bəsirə
Əzizəliyeva Pakistanda olmuş və bu ölkənin bir
sıra universitetlərində keçirilən konfranslarda elmi
məruzələrlə çıxış etmişdir. Qeyd edək ki, Pakistan ədəbiyyatı ilə
bağlı Bəsirə Əzizəliyevanın Azərbaycanın,
Türkiyənin və Pakistanın bir sıra elmi
jurnallarında və qəzetlərində məqalələri
çap edilmişdir. O, Pakistanın milli şairi Məhəmməd
İqbal haqqında monoqrafiyanın müəllifidir. Pakistan
İslam Araşdırmaları İnstitutunun əməkdaşları
da Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda böyük Azərbaycan şairi İmadəddin
Nəsiminin həyatı və yaradıcılığına
həsr olunmuş konfransda elmi məruzələrlə
çıxış etmişlər. Bundan başqa, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
yaradılmış Pakistan Tədqiqat Mərkəzi xətti
ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrə
həsr edilmiş araşdırmalar davam etdirilməkdədir.
Dəqiq elmlər sahəsində də iki ölkə
arasında əməkdaşlıq getdikcə genişlənməkdədir. Belə ki, 2018-ci il
sentyabrın 19-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin
ekspertləri, Pakistan Atom Enerji Komitəsinin “Kənd Təsərrüfatı
və biologiya üzrə Nüvə İnstitutu”nun əməkdaşları
doktor Xalid Mahmud və doktor Sajjad Haydar Azərbaycan Milli Elmlər
Akademiyasının Radiasiya Problemləri İnstitutunda
olmuş, elmi məruzələr etmiş, təmsil etdikləri
Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri,
institutda yerinə yetirilən layihələr haqqında məlumat
vermiş, qarşılıqlı əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur.
Gəncə
və Multan şəhərləri arasında 10 aprel
1996-cı il tarixində
qardaşlaşmış şəhər münasibətlərinin
yaradılması haqqında birgə Bəyannamə
imzalanmışdır.
Pakistan ictimaiyyəti Azərbaycanda baş verən tarixi
və siyasi hadisələrə həssaslıqla
yanaşır.
Qarşılıqlı marağın bariz
nümunələrindən biri kimi 2013-cü ildə görkəmli
dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Pakistanda keçirilən silsilə tədbirlər çərçivəsində
bu ölkənin Milli Kitabxanasında Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan-Pakistan
münasibətləri” mövzusunda seminarı və Heydər
Əliyev otağının açılmasını göstərmək
olar. Tədbirdə çıxış
edən Kayde Azam Universitetinin siyasət və beynəlxalq əlaqələr
üzrə direktoru və professor Lubna Abid Ali Heydər
Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin
inkişafına verdiyi töhfələrdən geniş
söz açmışdır.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə daxil olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, İkinci Qarabağ - Vətən müharibəsi zamanı Pakistan ölkəmizin haqlı savaşına tam siyasi və qəti mənəvi dəstək vermişdir. Bu il, 14 yanvar 2021-ci il tarixində Azərbaycan, Türkiyə və Pakistanın Xarici İşlər nazirlərinin İslamabadda keçirilmiş üçtərəfli görüşü regional və beynəlxalq sahələrdə çoxcəhətli əməkdaşlığın daha da inkişaf etdirilməsinə daha geniş imkanlar açmışdır. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü, xarici işlər nazirlərinin qarşılıqlı əməkdaşlıq haqqında imzaladıqları yeni saziş ölkələrarası əlaqələrin genişləndirilməsinə şərait yaratmışdır. Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavidin “Pakistan hər zaman Azərbaycanın yanında olub və onun haqlı mövqeyini dəstəkləyib” sözləri ölkələrimiz arasındakı etimadın mühüm bir göstəricisidir.
Beləliklə, ən sadiq tərəfdaşlarımızdan və dostlarımızdan biri olan Pakistanın Azərbaycanla siyasi, hərbi, iqtisadi sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə verdiyi böyük töhfə beynəlxalq miqyasda dövlətlərarası münasibətlər baxımından əsl nümunə sayılmasına layiqdir.
Bu
gün Pakistan Asiya qitəsində Azərbaycanın əsas tərəfdaşlarından
biri kimi ölkəmizin Şərq tərəfdaşlığına
böyük töhfələr verir.
Rza TALIBOV,
siyasi elmlər
üzrə fəlsəfə doktoru
Azərbaycan.-2021.- 20 fevral.- S.1;5.