Tənəzzülə uğrayan Ermənistan yeni siyasi xaosa sürüklənir

 

 

Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə yeni xaos formalaşdırmaqla ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.

Xüsusilə müharibədəki məğlubiyyətlər fonunda sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanş istəyi, habelə baş nazirin istefasını tələb edən “Vətənin qurtuluşu hərəkatı” ilə mütəmadi görüşlər keçirməsi vəziyyətin daha da qarışacağını göstərir.

Proseslər göstərir ki, Sarkisyan-Koçaryan koalisiyası yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bununla da sabiqlər yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər. Əsas niyyət davam edən etirazlar nəticəsində Yerevana qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir.

Müharibədəki məğlubiyyət Ermənistanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən KoçaryanSarkisyan kimi müharibə cinayətkarlarının iqtidarı dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti çətin vəziyyətdə qoyub.

Bu xüsusda “Armenianreport.com” portalında Tevos Arşakyanın müəllifi olduğu məqalə diqqət çəkir. Qeyd olunur ki, əgər 2018-ci ilin yazında Paşinyanın əvəzinə başqa birisi xalqı Sarkisyanı devirməyə yönəltsəydi, o da uğur qazanacaqdı.

Çünki o zaman ölkədəki vəziyyət və xalqın özü inqilab üçün yetişmişdi. Məcburi istefasından sonra uzun müddət inadkar bir susqunluq saxlayan Serj Sarkisyan son zamanlar cəsarətə gəlib və siyasi reabilitasiya arzusunu nümayiş etdirir. Bildirilir ki, Sarkisyanın istefasından sonrakı 2 ildə o başa düşürdü ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansı yoxdur - xalq hələ onun hakimiyyət dövrünün ağrılarını unutmayıb. Paşinyanın isə o yan-bu yana vurnuxmasına və populizminə baxmayaraq, şəxsi reytinqi Ermənistan daxilində olduqca yüksək idi. Son parlament seçkilərində Sarkisyanın partiyası heç 5 faizlik baryeri aşıb parlamentə düşə bilmədi.

Müəllif yazır ki, sonra müharibə oldu, Ermənistanda çətin anlar başladı və Paşinyanın reytinqi kəskin endi. Və elə bu andan da bütün dəlmə-deşiklərdən siyasi meyitlər çıxmağa başladı: “Ancaq Sarkisyanın siyasi reabilitasiya şansı dostu Robert Koçaryandan da azdır. Əgər hətta onların reytinqləri toplanılsa, Nikol Paşinyanın indiki reytinqinə çatmaz. Bunun da bir izahı var: xalq hələ öz yaddaşını itirməyib. Hətta kapitulyasiyadan sonra da Paşinyanla Koçaryan-Sarkisyan koalisiyası arasında seçim etmək lazım olsa, əksəriyyət yenə birincini üstün tutacaq”.

Vurğulanır ki, Sarkisyan Paşinyanın daha əlverişli şərtlərlə münaqişənin həlli üçün əldən verdiyi fürsətlər haqqında çox şey söyləyib: “Bağışlayın, ölkədə 10 il hakimiyyətdə olan siz deyildiniz ki? Niyə münaqişəni bizim üçün əlverişli şərtlərlə həll etmədiniz? Onun müsahibəsindəki bütün cəfəngiyyat da buna yönəlib - bulanıq suda balıq tutmaq. Və bizim xalq da bunu bilməlidir və unutmamalıdır ki, 2018-ci ilin yazında rüsvayçı şəkildə qovduğumuz adamlar hakimiyyətə can atırlar...”

Ermənistanda sosial-iqtisadi sahədə yaşanan problemlərin getdikcə dərinləşməsi əhalinin narazılığının əvvəlki kimi yüksək həddə olması ilə müşayiət edilir. Hökumət isə mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. İqtisadçı Qrant Baqratyan da vurğulayır ki, sosial-iqtisadi vəziyyət olduqca ağırdır: “Müharibə və pandemiyadan sonra yaşanan sosial-iqtisadi böhran vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır, amma ölkədə heç nə dəyişmir. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Siyasi rejim dəyişsə belə, hakimiyyət problemləri həll etmək iqtidarında deyil”.

Hər halda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

 

 Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 20 fevral.-  S.1;7.