Mərkəzçi Demokrat İnternasionalının qəbul etdiyi qətnamədə noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanatın əhəmiyyəti
qeyd edilib
Mərkəzçi Demokrat İnternasionalının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Qətnamədə 1980-ci illərin sonlarından
başlayan və 30 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinin bölgədə
iqtisadi və humanitar fəlakətə,
minlərlə insanın
ölümünə, yüz
minlərlə insanın
məcburi köçkün
vəziyyətinə düşməsinə
səbəb olduğu
vurğulanır.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın əhəmiyyətinin xüsusi qeyd olunduğu qətnamədə Ermənistan və Azərbaycana həmin sənədə və əvvəlki atəşkəs razılaşmaları öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağ və ətraf rayonlarda öhdəliklərinin tam şəkildə icrasına davam etmək çağırışı edilir. Tərəflərin hərbi əsirlərin mübadiləsi və birinci Qarabağ müharibəsində itkin düşənlər də daxil olmaqla münaqişədə həlak olanların qalıqlarının qaytarılması ilə bağlı beynəlxalq hüququn tələblərinə əməl etmək öhdəliyi də sənəddə qeyd olunur. Həmçinin hərbi cinayətlərə dair bütün iddiaların lazımi qaydada araşdırılmasına, günahkarların məsuliyyətə cəlb edilməsinə və cinayətlərinə görə cavab vermələrinin təmin edilməsinə çağırış edilir.
Sənədə əsasən, MDİ qadağan edilmiş silahların istifadəsini qəbuledilməz hesab edir və mülki əhaliyə qarşı hücumlarda, hətta təmas xəttindən uzaqda qeydə alınmış kasetli bomba və digər kütləvi qırğın sursatının istifadəsini pisləyir.
Uzunmüddətli münaqişənin bölgədəki mülki infrastrukturlara, mədəniyyət obyektlərinə və ətraf mühitə vurduğu ziyanı qiymətləndirmək üçün Avropa Komissiyasına, Avropa Parlamentinə və UNESCO-ya faktaraşdırıcı missiyası göndərmək çağırışı edilir. Qurum, həmçinin xarici investorları və humanitar təşkilatları Dağlıq Qarabağ və ətraf ərazilərdə minalar və partlamamış hərbi sursatlardan təmizləmə, bərpa və humanitar fəaliyyətlərdə iştiraka təşviq edir. Eləcə də beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasının tam icrasına, bölgədə sülh və etimadın qurulmasına, Azərbaycan və Ermənistan xalqları arasında barışığa dəstək olmağa çağırır.
Sənəddə tərəfləri bundan sonra bərabər qonşuluq prinsipləri əsasında beynəlxalq hüquqa uyğun olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibətlər qurmağa çağırış edilir.
Qeyd
edək ki, Yeni Azərbaycan Partiyasının müşahidəçi
üzv olduğu MDİ hazırda Avropa, Latın Amerikası,
Afrika və Asiya-Sakit Okean regionlarından 94 siyasi partiyanı
özündə birləşdirir.
Azərbaycan.-2021.- 20 fevral.- S.4.