Bolluq yaradanlar

 

Masallı fermerləri məhsul istehsalını ildən-ilə artırırlar

 

 

Atalar yaxşı deyib: “Payızdan bir ay qalmış qış, qışdan bir ay qalmış yazdır”. Yazın gəlməsinə az qalır. Çərşənbələr qapını döyməyə hazırlaşır. Torpaq qış yuxusundan yavaş-yavaş oyanır. Havaların nisbətən isti keçdiyi cənub bölgəsində bu özünü daha aydın büruzə verir. Artıq çöldə, düzdə, yamaclarda, dağların ətəklərində ana təbiətin yaşıl xalısının ilmələri - otlar, çiçəklər torpaqdan baş qaldırır.

Bunlar isə hər bir kənd adamını, torpaq mülkiyyətçisini, fermeri yaz tarla işlərinə hazırlaşmağa, toxum, gübrə tədarük etməyə, əkində, becərmədə istifadə olunacaq traktora, malaya, toxumsəpən aqreqatlara əl gəzdirməyə və digər zəruri tədbirləri görməyə tələsdirir. Təcrübə göstərir ki, işgüzar, tədbirli adamlar işin ən qızğın çağında belə çətinlik çəkmir, aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməyə müvəffəq olurlar. Belə olduqda torpaq da öz səxavətini əsirgəmir, çəkilən zəhmətin əvəzində bol məhsul yetişdirir.

Çəltikçilik dədə-babadan Masallı üçün ənənəvi sahə olub. Lakin sonradan onun əkilib-becərilməsi dayandırılıb, nəticədə əhali düyüdən qıtlıq çəkməyə başlayıb. Bəs yerli düyünün yetişdirilməsinin qarşısını alan səbəb nə idi? Rusiyanın iri şəhərlərini, o cümlədən Moskvanı tərəvəz məhsulları ilə təchiz etmək lazım idi. Bunun üçün Azərbaycanın əsasən cənub bölgəsini - Lənkəran, Astara və Masallı rayonlarını müəyyən etmişdilər. İqlim şəraitinə görə bu yerlərdə tərəvəz həm tez yetişir, həm daha dadlı, həm də ekoloji cəhətdən təmiz olur. Eyni zamanda ucuz başa gəlir. Bu səbəbdən də Azərbaycanın cənub regionunda çəltikçilik ləğv edilərək Rusiyanın ucuz tərəvəzçilik bazasına çevrilmişdi.

İllər keçdidövran  dəyişdi. Müstəqil Azərbaycanda torpaqlar əsl sahiblərinə  veriləndən sonra kəndli torpağının ağası oldu, istədiyini əkmək hüququ əldə etdi. Düzdür, ilk illər fermerlər, torpaq sahibləri texnika, toxum, gübrə və s. məsələlərdə bəzi çətinliklərlə qarşılaşdılar. Lakin həmin çətinliklər də tədricən aradan qaldırıldı. Rayonlarda aqrolizinqlər, fermer təsərrüfatları, istehsalemal müəssisələri yaradıldı, onların kadr potensialı savadlı, bacarıqlı, işgüzar gənclər hesabına möhkəmləndirildi.  Prezident İlham Əliyev kənd təsərrüfatının, habelə sitrus meyvəçiliyinin, heyvandarlığın və başqa sahələrin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın minimuma endirilməsi, kəndlərdə yeni yerlərinin yaradılması üçün mühüm tədbirlər gördü, müvafiq fərman və sərəncamlar imzaladı.

Yaradılan belə münbit şərait Masallı sahibkarları üçünxeyirli olmuşdur. Dövlət tərəfindən verilən subsidiyalar, güzəştlər adamları torpağa qaytarmışdır. Təkcə keçən il rayonun ayrı-ayrı kəndlərində 253,9 hektarda çəltik əkilmişdir. Nümunəvi qulluq nəticəsində 368 ton yüksəkkeyfiyyətli çəltik toplanmış, hər hektarın məhsuldarlığı 34,2 sentnerə çatmışdır. Boradigah qəsəbə sakini Fərhad Qəniyev, Tüklə kənd sakini Təbib Mehdiyev, Xıl kənd sakini Elmir Nadirov  hektardan daha çox məhsul əldə etmişlər.

Yetişdirilən çəltiyin emalı ilə bağlı əvvəllər mövcud olan problem də artıq həll olunmuşdur. Sahibkar Elxan Qənbərov kredit götürərək Çin Xalq Respublikasından  müasir avadanlıqlar alıb zavod yaratmışdır. Əvvəlki illərdə olduğu kimi, fermerlər daha Lənkəran, Astara rayonlarına getmir, çəltiyi burada emal edirlər. Emal edilən düyü isə əhali tərəfindən həvəslə alınır. Çünki yerli düyü ekoloji cəhətdən daha təmizdir.

Çayı min bir dərdin dərmanı hesab edirlər. Adına şeirlər qoşulub, nəğmələr bəstələnib. “Armudu stəkanda çayyorğunluğu çıxarır, ruha dinclik gətirir. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu mühüm sahə də tənəzzülə uğramışdı. Torpaq islahatı keçirilərkən kəndlilər paylarına düşən çay sahələrini qorumaq, ona qulluq göstərmək əvəzinə, torpağı başlı-başına buraxmışdılar. Çoxları həmin plantasiyaları heyvanlar üçün örüş etmişdilər. Əslində, buna görə onları qınamaq, günahkar saymaq da olmazdı. Çünki iqtisadi əlaqələr kəsildiyindən yaşıl çay yarpağını emal edən fabriklər işləmirdi və bu səbəbdən sökülüb dağıdılırdı.

Hazırda bu sahədə vəziyyət tamam fərqlidir. “Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Masallıda çay əkini sahələri 125 hektara çatdırılmışdır. Onun 100 hektarı 2015-2018-ci illərdə “Azərsun-Holdinq” şirkəti tərəfindən salınmışdır.

Cari il isə rayon üzrə 17 hektar çay plantasiyası salınmışdır. Ümumiyyətlə, Masallıda çay sahələrinin həcmi ildən-ilə genişləndirilir. Lakin çay bitkisinin özəl xüsusiyyəti var. Yəni 7 ildən sonra bar verməyə başlayır. Belə müddət fermerləri, sahibkarları, şirkətləri bəzən qane etmir. Onlar qoyduqları vəsaitin xeyrini daha tez götürmək istəyirlər. Amma məsələnin o biri tərəfini fikirləşmirlər ki, çay sahələrinin 100 ildən çox ömrü oluro bu illər ərzində məhsul verir, sahibinə gəlir gətirir.

Onu da deyək ki, Azərbaycan çayı keyfiyyətinə, ekoloji təmizliyinə görə istehlakçıların rəğbətini qazanmışdır. Bizim çayımız inkişaf etmiş ölkələrin ticarət şəbəkələrində Azərbaycan brendi kimi yaxşı qiymətə satılır. Məlumat üçün onu da vurğulayaq ki, sovetlər zamanı Masallıda 3 min 336 hektar çay plantasiyası olub. Hər il orta hesabla 11 min ton yaşıl çay yarpağı yığılıb və burada fəaliyyət göstərən 5 fabrikdə emal edilib. Mütəxəssislərin hesablamalarına görə, yetişdirilən bu qədər çayın dəyəri təxminən 12 milyon dollar etmişdir. Bu isə o deməkdir ki, istər plantasiyalarda, istərsə də fabriklərdə yüzlərlə adam işləyib, ailəsini dolandırıb. Deməli, rayonda bu sahənin inkişafı hərtərəfli sərfəlidir.

Rayonun düzənlik ərazisində kartofçuluq üçün yaxşı şərait var. Burada torpağın münbit olması ilə yanaşı, əkilən bitkiləri artezian quyuları ilə suvarmaq mümkündür. Odur ki, torpaq mülkiyyətçiləri, sahibkarlar kartof əkini sahələrini ilbəil artırırlar. Bunun başlıca səbəbi kartofun onlara yaxşı gəlir gətirməsidir. İndi cənub bölgəsinə gedənlər Cəlilabad və Masallı rayonlarının ərazisindən keçərkən yolboyu bir-birinin ardınca sıralanmış kartof sahələrini görürlər. Onların bir çoxunun üstü sellofanla örtülmüşdür. Örtük altında olan sahələrdə açıq havaya nisbətən kartof daha tez yetişir. Nübar məhsul isə baha qiymətə satıldığından yaxşı gəlir gətirir. Aprel ayının sonu, may ayının əvvəllərində yığılan bu məhsul əsasən Rusiya Federasiyasının bazarlarına göndərilir. Məlumat üçün bildirək ki, keçən il Masallıda 880,5 hektarda kartof əkilmiş, sahələrdən 15 min 303 ton məhsul əldə olunmuşdur. Cari ilin məhsulu üçün isə yanvar ayının sonundan başlanan əkin davam edir.

Son illər rayonda çiyələyə də maraq artır. Rayon üzrə ötən il 217 hektarda çiyələk əkilmişdir. Təcrübəli fermer Cəsarət Əzizovun Təzə Alvadı kəndində 26 hektardan bir qədər çox çiyələk sahəsi var. Burada Türkiyədən və Amerikadan gətirilən “Albion” və “Şahandres” sortları əkilmişdir. Keçən il C.Əzizov hər hektardan 100-150 sentner məhsul götürmüşdür. O, sahənin kənarında soyuducu anbar quraşdırıb. İsti yay günlərində dərilən çiyələk 2-5 dərəcə arasında soyudularaq avtorefrijatorlarla Rusiyanın şəhərlərinə yola salınır.

 

Masallıda baramaçılıq, arıçılıq, tütünçülük sahəsində də dinamik inkişaf var. Ötən il rayona 140 qutu ipəkqurdu toxumu gətirilərək 57 kümçüyə paylanmış, onların səyi ilə 2 min 287,5 kiloqram  yaş barama  tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilmişdir. Buna görə baramaçıların bank hesabına 8 min 900, habelə Aqraq Kreditİnkişaf Agentliyi tərəfindən 11 min 140 manat köçürülmüşdür.

2018-ci ildən başlayaraq arıçılıqla məşğul olan fizikihüquqi şəxslərə hər arı ailəsinə görə 10 manat subsidiya verulməsi və dövlət tərəfindən dəstək göstərilməsi əhalinin bu sahəyə də marağını xeyli artırmışdır. Keçən il rayon üzrə 564 arıçı saxladıqları 9 min 918 arı ailəsini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirmişdir. Həmin arı ailələri Masallı DAİM-in mütəxəssisləri tərəfindən monitorinq edilmiş və arıçılara 5 min 640 manat subsidiya ödənilmişdir. Bütövlükdə, ötən il rayonda 50 tondan çox bal tədarük edilmişdir.

Tütünçülük də Masallı üçün ənənəvi sahədir. Keçən il 51 hektarda tütün əkilmiş, 87,1 ton tütün yarpağı yığılaraq Masallı şəhərindəki “İlham-MMMC-nin qəbul məntəqəsinə təhvil verilmişdir.

Göründüyü kimi, Masallı rayonunda məhsul bolluğu yaratmaq, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün məqsədyönlü iş aparılır. Şübhə yoxdur ki, inkişaf tempi cari ildə daha sürətlə davam edəcək.

 

 Seyran CAVADOV

Azərbaycan.-2021.- 20 fevral.- S.6.