Tarlada da döyüş
meydanında olduğu kimi
Ağcabədililər aqrar sektorun
inkişafında da sözlərini deyirlər
Həyatımıza Qələbə ili kimi daxil olan 2020-ci il artıq tarixə çevrilmişdir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın regionda ən güclü orduya malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Təbii ki, qələbə qurbansız olmur.
Vətən sevdalı say-seçmə oğullarımız doğma yurdun azadlığı uğrunda müqəddəs savaşda canlarından keçib şəhidlik zirvəsinə yüksəldilər. Çox sayda igid övladlarımız döyüşlərdə yaralanıb sağlamlıqlarını itirdilər.
Müasir, modern ordu quruculuğu missiyasını şərəflə yerinə yetirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz xilaskar adını ölkəmizin dövlətçilik tarixinə qızıl hərflərlə yazdı. Ermənistan ordusu darmadağın edilərək diz çökdürüldü. Qarabağın 30 ildən bəri davam edən işğalına son qoyuldu.
Azərbaycan üçün taleyüklü, tarixi əhəmiyyətli bu parlaq qələbənin qazanılmasında Ağcabədinin qəhrəman oğulları yaxından iştirak etdilər, şəhid, qazi oldular. Bu gün ölkəmizin hər yerində olduğu kmi, Ağcabədidə də şəhid ailələri, döyüşlərdə sağlamlığını itirib qazi olanlar hərtərəfli qayğı və diqqətlə əhatə ediliblər.
Qarabağ savaşında qəhrəmanlıq nümunəsi göstərən ağcabədililər canları, qanları bahasına qoruduqları torpaqların əkilib-becərilməsində də fərqlənirlər. Mövcud imkanlardan, əmək ehtiyatlarından, qabaqcıl təcrübədən, mütərəqqi texnologiyalardan səmərəli istifadə rayonun aqrar sektorunun dinamik inkşafına dönməz xarakter vermişdir. Böyük iqtisadi potensiala malik Ağcabədi rayonunda bütün qüvvələr bacarıqla səfərbər edilərək tələb olunan vacib istiqamətlərə yönəldilmişdir.
Xalqımıza böyük qələbənin sevincini yaşadan 2020-ci il eyni zamanda Ağcabədi rayonu üçün iqtisadi yüksəliş ili olmuşdur. Keçən ilin uğurlu yekunları, qarşıda duran vəzifələr barədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov inamla danışır:
- İllər, əsrlər ötüb keçəcək, amma xalqımız 2020-ci ili hər zaman böyük qürur hissi ilə xatırlayacaq. Azərbaycanın dilbər güşəsi olan Qarabağ 30 ilə yaxın idi ki, düşmən tapdağında idi. Ermənistan silahlı qüvvələri işğal etdikəri kəndlərimizi, şəhərlərimizi amansızlıqla odlara qalayır, dağıdıb viran qoyurdular. Məscidlərimiz, beynəlxalq əhəmiyyətli tarixi-mədəni abidələrimiz barbarlıqla məhv edilirdi. Nəyi, necə və nə zaman etməyi yaxşı bilən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ən əlverişli siyasi-tarixi məqamda orduya hücum əmri verdi və dünyanı heyrətə salan ən qısa zaman ərzində düşmən ordusunu diz çökdürüb kapitulyasiyaya məcbur etdi. Bu, xalqımızın alqışa layiq gördüyü xilaskarlıq missiyasının şərəflə reallaşmasının möhtəşəm təntənəsi idi. Ölkəmizin siyasi rəhbərliyinin, xalqın və ordunun sarsılmaz birliyi dəmir yumruğa çevirilib düşmənin başını əzdi. Bu gün bütün xalqımız kimi, ağcabədililər də həsrətlə gözlədiyimiz qələbənin sevincini yaşayırlar. Biz yaxşı başa düşürük ki, bu qələbəni davamlı və dayanıqlı etmək üçün güclü iqtisadiyyat mühüm şərtdir. Ona görə qətiyyən axrayınlaşmır, kənd təsərrüfatı məhsulları istehsalını hər vasitə ilə yüksəltmək, ölkənin iqtisadi qüdrətini artırmağa sanballı töhfələr vermək üçün bütün qüvvələri səfərbər edirik. İndi heyvandarlıq fermalarında, taxıl zəmilərində, pambıq əkiləcək sahələrdə zəruri təsərrüfat işləri görülür. Yaz tarla işlərinə hər yerdə ciddi hazırlaşırıq. Əsas hədəfimiz aqrar sektorun dinamik inkişaf tempini qoruyub saxlamaqdır.
RİH başçısının fikirlərini rayonun statisik göstəriciləri də təsdiq edir. Ölkənin böyük potensiala malik kənd təsərrüfatı rayonlarından olan Ağcabədinin iqtisadiyyatında əsasən taxılçılıq, pambıqçılıq və heyvandarlıq aparıcı rol oynayır. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi ərazinin 71,8 faizini təşkil edir. Keçən təsərrüfat ilində istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 250 milyon manata yaxındır. Bunun 59 faizi heyvandarlıq, 41 faizi bitkiçilik məhsullarının payına düşür. Ötən təsərrüfat ilində 68,6 min hektardan çox sahədə müxtəlif kənd təsərüffatı bitkiləri əkilib-becərilmiş, yüksək məhsuldarlığa nail olunmuşdur.
Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin, xüsusilə strateji məhsul olan, ölkəyə valyuta gətirən pambıqçılığı inkişaf etdirmək barədə tapşırıq və tövsiyələri Ağcabədi kəndlisinin fəaliyyətinə aydın istiqamət verir. Keçən il 10689 hektar sahədə pambıq əkilib-becərilmiş, 37992 ton məhsul istehsal olunmuşdur. Hər hektarın məhsuldarlığı 35,5 sentnerə yüksəlmişdir ki, bu da əvvəlki ildəkilərdən 4,8 sentner çoxdur. Bərəkətli torpağa qırılmaz tellərlə bağlanan, halal zəhmətə güvənən Ağcabədi kəndlisinin pambıqçılıq sahəsində cari il üçün hədəfi istehsalı artırmaqdır. Bunun üçün indidən etibarlı bünövrə yaradılır. Hazırda pambıq əkiləcək sahələr qış aratına qoyulur. Səpin və becərmə texnikasının keyfiyyətli təmirinə xüsusi fikir verilir.
Keçən il rayonun təsərrüfatlarında həmçinin 105,5 min ton taxıl, 21656 ton qarğıdalı, 1953 ton kartof, 3216,5 ton tərəvəz, 8871 ton barama istehsal olunmuşdur. Heyvandarlar da ötən ili yüksək nəticələrlə başa vurmuşlar. 12811 ton ət, 126642 ton süd, 17 milyon 386 min ədəd yumurta istehsal olunmuşdur ki, bunlar da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Kənd təsərrüfatının dinamik inkişafını şərtləndirən əsas tələblərdən biri də əkinlərin suvarma suyu ilə etibarlı təmin olunmasıdır. Bu sahədə uzun zamandan bəri rayonda obyektiv çətinliklər mövcuddur. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Həsənov bizimlə söhbətində bu sahədəki problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı. Həmsöhbətimiz dövlətin davamlı qayğısını, Meliorasiya və Su Təsərrufatı Açıq Səhmdar Cəmiyyətinin edilən müraciətlərə hər zaman operativ və müsbət yanaşdığını vurğuladı. Dövlət başçısının müvafiq sərəncamı ilə yeni subartezian quyularının qazılıb istismara verilməsi, mövcud nasos stansiyalarının, suvarma kanallarının təmir edilib saz vəziyyətə gətirilməsini deyən M.Həsənov onu da qeyd etdi ki, rayonun Haramı adlanan ərazisində “Qara su” çökəkliyində Mil kanalından qidalana biləcək su anbarının yaradılması barədə baş idarəyə təklif verilmişdir. Əgər bu ideya reallaşarsa, əkinlərin suvarma suyu ilə təminatında problemlərin böyük qismi aradan qaldırılacaq.
Lazım QULİYEV
Azərbaycan.-2021.- 20 fevral.- S.6.