Azərbaycana böyük zəfər yaşadan Qalib Sərkərdə

 

44 günlük savaş 2 əsrlik münaqişəyə və 32 illik müharibəyə son qoydu

 

 

 

1988-ci il fevralın 22-dən başlayan Qarabağ müharibəsi son 32 il ərzində ilk dəfədir ki, tamamilə fərqli ovqatla xatırlanır. Qələbə ruhu ilə qeyd edilir. Ötən ilə qədər ağrı ilə bəhs etdiyimiz bu problemə 44 günlük Vətən savaşında birdəfəlik son qoyuldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 32 illik müharibəni Qələbə ilə başa çatdırmaqla, həm də tarixi 2 əsr əvvələ uzanan ədalətsizliyi aradan qaldırdı.

 

 

 

Heydər Əliyev ermənilərin planlarının qarşısını qətiyyətlə almışdı

 

 

 

1988-ci il fevralın 22-dən - Əli Hacıyevin və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olduqları gündən bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz ədalətsiz savaş başladı. Bu məkrli ssenarini düşmən çoxdan həyata keçirməyə çalışırdı.  Lakin xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə və daha sonra SSRİ rəhbərliyində təmsil olunarkən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsinə imkan verməmiş, erməni separatizminin qarşısını qətiyyətlə almışdı.

Xatırladaq ki, hələ ötən əsrin 40-cı illərində Ermənistanda gizliQarabağ komitəsi” yaradılmışdı. SSRİ rəhbərliyinə hər vasitə ilə təsir etməyə çalışan ermənilər 1945-ci ilin payızında Dağlıq Qarabağı Ermənistana birləşdirmək məsələsini sovet rəhbərliyi qarşısında qaldırmışdı. Həmin ilin noyabrında Moskvadan M.Bağırova göndərilən məktubda bu məsələyə onun rəyi istənilmişdi. Bu iddiaların heç bir elmitarixi əsasının olmadığını bildirən M.Bağırov əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə o şərtlə razılığını vermişdi ki, müxtəlif dövrlərdə Ermənistana və digər respublikalara verilmiş tarixi Azərbaycan torpaqları geri qaytarılsın. Nə sovet rəhbərliyi, nə də ermənilər buna razı olmuşdu.

Ötən əsrin 50-ci illərinin ortalarında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi bir daha qaldırıldı, Ermənistanda anti-Azərbaycan təbliğatı yenidən qızışdırıldı. Lakin ölkədə 30-dan çox milli münaqişə ocağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək problemi Azərbaycanın xeyrinə həll etdi.

1958-ci ildə isə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etmiş, lakin rədd cavabı almışdı.

Ötən əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan hərəkatı başladı. Qondarma “erməni soyqırımı”nın 50 illiyi, cəllad Andronikin 100 illiyi Ermənistanda geniş qeyd edildibu, öz doğma torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinin açıq surətdə dərin kök salmasına yeni təkan verdi.

Bütün bu məsələlər hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdən Heydər Əliyevin diqqət mərkəzində idi. Ona görə Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə başladıqdan sonra Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütdü. 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobilin içində yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan başqası ilə əvəzləndi, hüquq mühafizə orqanlarında ciddi təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.

Ermənilər 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldıraraq Moskvaya, SSRİ-nin mərkəzi orqanlarına kütləvi ərizələrlə müraciət etmişdilər. O dövrdə Krımda istirahətdə olan Sovet İttifaqı KP MK-nın baş katibi L.Brejnevlə görüşən Heydər Əliyev erməni şovinistlərinin Dağlıq Qarabağla bağlı əsassız iddialarını puça çıxardı.

Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını qətiyyətlə aldı. Lakin M.Qorbaçovun SSRİ-yə rəhbərliyindən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefasından sonra, 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar keçirilməyə başlanıldı. 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi baxımdan düzgünlüyünü sübut etməyə çalışmışdı. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.

 

 

 

Azərbaycan rəhbərliyinin laqeydliyi separatizmə rəvac verdi

 

 

Həmin ərəfədə artıq DQMV ərazisində separatçı “Krunk” təşkilatı yaradılmış və onun üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım üçün Moskvaya getmişdilər. Separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq işləri yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdi.

Fevral ayından Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaratdı. Elə bu ərəfədə İrəvandan “miatsum” - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəldi və təşəbbüs artıq vilayətin qanunverici orqanının əlinə keçdi. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi salındı. Kvorum olmadan keçirilən iclasda Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə vilayət yazıçılar ittifaqının sədri V.Akopyanın təzyiqi ilə DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla, həm də ittifaq miqyasında separatizm meyillərinin aydın təcəssümü idi.

1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluqlaqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Prosesin baş verdiyi ilk günlərdə vilayətin erməni əhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən çəkinirdilər. Hətta Ermənistandan gəlmiş saqqallılar onları zorla, döyə-döyə mitinqə gətirəndə də oranı yarımçıq tərk edirdilər. Əgər Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə etsəydi və öz doğma torpaqlarında yaşayan azərbaycanlıları düşmənin müqavimətinə qarşı səfərbər edə bilsəydi, separatçılığın qarşısını elə fevralın birinci həftəsində almaq olardı.

 

 

 

Qarabağlılar erməni məkrinə qarşı səfərbər oldular

 

 

Azərbaycan rəhbərliyi sussa da, Qarabağın azərbaycanlı əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olundu. Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əsgəran üzərinə yürüşə çıxdı. Ancaq bu yürüşün qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə alındı, hətta yürüş iştirakçıları təqib də edildi. İndiyədək 6 mindən çox övladını vətən yolunda şəhid vermiş Ağdam məhz həmin gün Qarabağ münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi.

Fevralın 22-də qadağalara baxmayaraq Bakıda da ilk ümumxalq mitinqi keçirildi. Xalq Moskvadan ədalətli olmasını, separatçılığa son qoyulmasını istəyirdi. Ölkə rəhbərliyindən tələb olunurdu ki, Qarabağda baş verən hadisələr xalqdan gizlədilməsin, hakimiyyət problemin ciddiliyini qəbul edib tədbir görsün, Qarabağda insanları silah-sursatla təmin etsin. Əli ilə Bəxtiyarın dəfn günü bütün Azərbaycanın ürəyi Ağdamda döyünürdü. Ətraf və uzaq rayonlardan Ağdamın dərdinə şərik olmağa gələnlərin sayı minlərlə idi.

Bütün bunlardan sonra DQMV ətrafında siyasi vəziyyət olduqca gərginləşdi. 1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak etdilər. Y.Liqaçov Bakıda bəyan etdi ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmayacaq. A.Yakovlev isə Yerevanda bildirdi ki, SSRİ rəhbərliyi xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşır. Eyni gündə qarşı duran tərəflərə belə “tərəfkeşlik” etməklə M.Qorbaçov və erməni lobbisinin digər qulları nəticədə münaqişəni hərbi müstəviyə keçirdilər. 1988-ci ilin sonlarından isə Ermənistandakı azərbaycanlıların kütləvi deportasiyası başladı.

1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla, burada Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. A.Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycanda deyil, Ermənistanda yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdibunu qısa müddət ərzində həyata keçirdi. Bu antiazərbaycançı fəaliyyətin reallaşmasında onun fəal “köməkçisi” isə Azərbaycanın rəhbəri Ə.Vəzirov idi.

1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlar, soyqırımlar törədən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər. Müstəqilliyimizin ilk illərində Azərbaycanda hakimiyyətdə olan siyasi qrupların səbatsızlığı və xəyanətləri nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal edildi.

 

 

 

İlham ƏLİYEV: “Bizim Qələbəmiz tarixi Qələbədir”

 

 

Dağlıq Qarabağ bütün dünyada rəsmən Azərbaycanın ərazisi kimi tanınsa da, 30 ilə yaxın müddətdə erməni təəssübkeşliyinin və ikili standartların nəticəsi olaraq beynəlxalq ictimaiyyət, xüsusən Qərb dünyası ermənilərin işğalçılıq siyasətinə, Azərbaycan ərazilərinin işğal altında qalmasına göz yumdu. Azərbaycanın isə Ermənistanın işğal siyasətinə və danışıqlar prosesini imitasiya etməsinə qarşı səbri tükənməz deyildi.

Ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat tariximizə Vətən müharibəsi kimi düşən savaşa yol açdı. Şanlı ordumuz elə həmin gün başlatdığı əks-hücum əməliyyatları ilə düşməni ilk andan işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Savaşın ilk günündən bütün dünya Azərbaycanın gücünü, ordumuzun döyüş əzmini gördü. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi böyük sevinclə qarşılandı.

Noyabrın 10-da imzalanan bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu. Şuşanın işğal olunduğueyni gündə azad edildiyi - noyabr ayının 8-i tariximizə Qələbə Günü kimi həkk olundu. Bu Qələbə Azərbaycanın son əsrlərdəki ən böyük zəfəri oldu. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan  azad etdi.

Amma hər bir zəfər, hər bir uğur məqsədyönlü və düşünülmüş fəaliyyətə, müdrik və uzaqgörən siyasətə əsaslanır. Buna müvəffəq olanlar isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər,  liderlərdir. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyiPrezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun  döyüş qabiliyyətini artırması idi. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.

İndi biz Dağlıq Qarabağ probleminin başlandığı tarixdə - fevralın 22-də bu barədə kədər hissi ilə deyil, qələbə ruhu ilə söz açırıq. Həm də artıq “Dağlıq Qarabağ münaqişəsi” deyilən anlayış yoxdur. Azərbaycana böyük zəfər yaşadan Qalib Sərkərdə İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bu anlayışı da aradan qaldırdı. İlham Əliyevin bir neçə gün əvvəl Laçın rayonundan bəyan etdiyi kimi,  bizim Qələbəmiz tarixi Qələbədir və biz tarixi ədaləti bərpa etdik.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 21 fevral.- S.1;8.