“Bizi
Mehriban xanım xilas etdi”
Azərbaycanın
Birinci vitse-prezidenti humanizmə
çağırışı, şəfqət və mərhəməti
ilə minlərlə xəstəyə həyat bəxş
edir
“Talassemiyadan ən çox uşaqlar əzab çəkir. Xəstəlik
böyük-kiçik tanımasa da, uşaqların əzabı
daha ağrıdıcıdır. Amma dünyada bu xəstəlikdən
tamamilə sağalan insanlar var. Ona görə çox
böyük iş görmək lazımdır və bunun
öhdəsindən yalnız birlikdə gəlmək olar. Həm dövlət, həm də ictimaiyyət,
fondlar, imkanlı insanlar birlikdə bu bəlanın
qarşısını ala bilərlər. Heydər
Əliyev Fondu üçün isə əsas məsələ
ixtisaslaşdırılmış mərkəzin və qan
bankının yaradılmasıdır. Beləliklə,
biz bu gün bu problemin həlli yolunda birinci addımı
birlikdə atdıq. Heydər Əliyev
Fondu bu istiqamətdə hər bir yardımı dəstəkləyir
və təklifləri gözləyir”.
Bu fikirləri
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva 2005-ci il
fevralın 8-də fondun təşəbbüsü ilə
talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız
həyat naminə” devizi altında keçirilən tədbirdə
səsləndirmişdi. Məhz bu “dəyirmi
masa” ölkəmizdə talassemiya probleminin həlli istiqamətində
atılan mühüm addımların başlanğıcı
oldu. Həmin gün Heydər Əliyev
Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin
və qan bankının yaradılması haqqında qərar qəbul
edildi. Və çox keçmədi ki, o tədbirdə
qarşıya qoyulan xeyli hədəflərə
çatıldı, bu xəstəliyin artmasının
qarşısının alınması istiqamətində
uğurlu işlər həyata keçirildi.
Talassemiyalı
xəstələrin bütün müayinə və müalicələri
dövlət hesabına həyata keçirilir
Elə həmin ilin mayında dövlət
başçısı İlham Əliyev tərəfindən
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında” qanun qəbul edildi. O zamandan etibarən Azərbaycanda
talassemiyalı xəstələrin bütün müasir
laborator müayinə və müalicə üsulları, dərman
preparatları, qan transfuziyası tam dövlət hesabına həyata
keçirilməyə başlandı.
2006-cı
ildə talassemiyalı pasiyentlərə xidmət göstərən
Talassemiya Mərkəzinin tikintisinə start verildi. Ümumi dəyəri 18 milyon ABŞ dollarlıq layihə
3 ilə hazır oldu. Beləliklə, Heydər
Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi
ardıcıl işlərin nəticəsi olaraq 2009-cu ildə
talassemiya xəstələri və onların yaxınları
üçün ümid yeri sayılan Talassemiya Mərkəzi
açıldı. Açılış mərasimində
Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva iştirak etdilər.
Mərkəzin yaradılmasında əsas məqsəd
ixtisaslaşdırılımış tibb ocağının
və qan bankının təşkili, yüksəkixtisaslı
kadrların hazırlanması, talassemiyadan əziyyət
çəkən uşaqların təhlükəsiz və
keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə
təmin olunmasıdır. Talassemiya ilə
doğulanların sayının artmaması üçün əhalinin
maarifləndirilməsi, bu sahədə elmi tədqiqatların
aparılması, həmçinin beynəlxalq təcrübənin
öyrənilməsi mərkəzin fəaliyyətinin əsas
istiqamətlərindəndir.
Heydər
Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı
çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin
binası zirzəmidən, beş mərtəbədən
və mansard hissədən ibarətdir. Ümumi
sahəsi 7720 kvadratmetr olan bina tam hermetikdir, xarici divarları
isti və soyuğa qarşı izolə edilib. Binanın interyerinə və dizaynına xüsusi
diqqət yetirilib, həkimlərin, memarların, dizaynerlərin
və psixoloqların məsləhətləri nəzərə
alınıb. Mərkəz
üçün seçilən antibakterioloji ləvazimat xəstələrin
yaşı nəzərə alınmaqla əlvan rəngli və
müsbət enerji verən dizayna
uyğunlaşdırılıb.
Tibb işçilərinin rahat və yüksək səviyyədə
xidmət göstərmələri, xəstələrin
müayinə və müalicəsinin aparılması
ardıcıllığı nəzərə alınaraq
otaqların təyinatına, həmçinin mərtəbələr
üzrə bölüşdürülməsinə xüsusi
diqqət yetirilib. Birinci mərtəbədə qeydiyyat
şöbəsi, donor mərkəzi, həkim otağı,
ultrasəs müayinəsi və köməkçi otaqlar,
laboratoriya var. Laboratoriyada qan qrupunu avtomatik təyin edən
aparat və digər lazımi avadanlıq
quraşdırılıb.
İkinci mərtəbə poliklinikadır. Burada baş həkimin
otağı, iki hissədən ibarət transfuziya zalı, on
iki otağı olan klinika, ümumi laboratoriya, manipulyasiya və
şüa diaqnostikası otaqları fəaliyyət göstərir.
Sahəsi
1280 kvadratmetr olan üçüncü mərtəbədə
iliyin köçürülməsi üçün əməliyyat
otağı, hərəsi bir nəfərlik beş
reanimasiya palatası, iki manipulyasiya otağı, sterilləşdirmə
mərkəzi, molekulyar diaqnostika laboratoriyası yerləşir.
Reanimasiya palatalarının və əməliyyat
otağının yerləşdiyi hissəni laminar hava ilə
təmin etmək üçün xüsusi havalandırma
sistemi quraşdırılıb.
Mərkəzin
dördüncü mərtəbəsində hər biri iki nəfərlik
on üç palata, hərəsi bir nəfərlik dörd
palata, uşaqlar üçün oyun otağı var.
Beşinci mərtəbədə kafe, yeməkxana, kitabxana,
internet mərkəzi, 110 nəfərlik konfrans salonu fəaliyyət
göstərir. Sahəsi 1080 kvadratmetr olan
mansarda Almaniyada istehsal olunmuş havalandırma sistemi
quraşdırılıb. Zirzəmidə
havalandırma və qaz şəbəkəsinin
qurğuları, izolyator zalı, rabitə və mərkəzi
kompüter sistemi, camaşırxana və sterilləşdirmə
otağı yerləşir. Binanın
xüsusi yanğın təhlükəsizliyi sistemi var.
Mehriban
Əliyevanın əhalinin sağlamlığının
qorunması işinə töhfəsi
Profilinə
görə regionda yeganə olan, ən müasir
avadanlığın quraşdırıldığı mərkəzin
istifadəyə verilməsi ilə Azərbaycanda
ixtisaslaşdırılmış tibb ocağının və
qan bankının yaradılmasına, talassemiyadan əziyyət
çəkən uşaqların təhlükəsiz və
keyfiyyətli qanla təminatı üçün
könüllü donor xidmətinin inkişaf etdirilməsinə,
talassemiyanın yayılmasının qarşısını
almaqdan ötrü əhalinin maarifləndirilməsi və
talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə
əməkdaşlığın genişləndirilməsinə,
ölkəmizdə yüksəkixtisaslı kadrların
hazırlanmasına nail olunub. Burada
quraşdırılan avadanlıq müalicənin ən
yüksək səviyyədə aparılmasına şərait
yaradır.
2013-cü ildən etibarən isə mərkəzdə
talassemiya xəstəliyinin radikal müalicəsi olan
sümük iliyi transplantasiyası uğurla həyata
keçirilir.
Bu günə qədər 110 pasiyent üzərində
bu əməliyyat icra edilib və onlar tam sağalıb. Mərkəz fəaliyyətə başlayan gündən
bu günə kimi talassemiyadan əziyyət çəkən
insanların müayinə və müalicəsini əhatə
edən bütün xidmətlər, sümük iliyi
transplantasiyası da daxil olmaqla dövlət hesabına həyata
keçirilir. Belə bir mərkəzin fəaliyyət
göstərməsi Heydər Əliyev Fondunun və birbaşa
Mehriban Əliyevanın əhalinin
sağlamlığının qorunması işinə ən dəyərli
töhfələrdən biridir.
Qeyd edək
ki, Prezident İlham Əliyev 23 dekabr 2019-cu ildə ölkədə
qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində
dövlət fəaliyyətinin səmərəliliyini daha da
artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan,
qan komponentlərinə olan tələbatını ödəmək,
habelə qanın, qan komponentlərinin tədarükü,
emalı, saxlanması və bölüşdürülməsi
zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə
Talassemiya Mərkəzinin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat
Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə
formasında yenidən təşkili yolu ilə publik hüquqi
şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin
yaradılması haqqında fərman imzaladı.
“Qısa
müddətdə bu problemi minimuma endirə bilərik”
Mərkəzin
icraçı direktoru Valeh Hüseynov deyir ki, hər iki səhiyyə
ocağının əsas fəaliyyəti oxşar olduğu,
müəssəsisələrdə eyni laborator müayinələr
aparıldığı üçün bu qurumların vahid mərkəzdən
idarə olunması qərarı daha səmərəli fəaliyyətə,
əhaliyə tibbi, hematoloji xidmətin səviyyəsinin
yüksəlməsinə, keyfiyyətli qan təminatının
həyata keçirilməsinə hədəflənib: “Milli
Hematologiya və Transfuziologiya Mərkəzi ölkəmizdə
qan xəstəliklərini müalicə edən ən
böyük qurumdur. Bütün bölgə xəstəxanalarının
qan və qan komponentləri ilə təminatını həyata
keçirir. Mərkəzdə bu sahənin
çoxsaylı mütəxəssisləri işləyir.
Həmçinin 2015-ci ildən etibarən
Prezidentin sərəncamı ilə nikaha daxil olan
cütlüklərin irsi qan xəstəliklərinə görə
müayinəsi bu mərkəzdə icra olunur. Məqsəd bir tərəfdən mövcud xəstələrin
keyfiyyətli müalicə almasını təşkil etmək,
digər tərəfdən isə talassemiyalı xəstə
doğulmasının qarşısını almaqdır.
Cütlüyün hər ikisi
daşıyıcı çıxarsa, onlarda prenatal diaqnostika
aparılır və xəstə uşaqların
doğulmasının qarşısı alınır. Bu işdə xüsusilə də nikaha daxil olacaq gənclərin
maarifləndirilməsi və daşıyıcıların
müəyyən olunması vacibdir. Artıq
nikahöncəsi müayinələr və hamiləlik
zamanı aparılan testlərlə talassemiyalı
uşağın doğulmasının qarşısı
tamamilə alına bilir. Əgər
daşıyıcılar ailə qurublarsa, onların uşaq
planlamaları üçün genetik konsultasiyalar
aparılmalıdır. Bu zaman sağlam
doğulacaq uşağın planlaşdırılması
aparılır və həmin ailənin də sağlam
uşaqları dünyaya gəlir. Əgər
profilaktik tədbirlərin aparılmasını düzgün
təşkil edə bilsək, qısa müddətdə
ölkəmizdə bu problemi minimuma endirə və gələcəkdə
tam həll edə bilərik. Sevindirici
haldır ki, görülən tədbirlər öz bəhrəsini
verməyə başlayıb. Əvvəllər
illik təxminən 200-300-ə yaxın yeni talassemiya xəstələri
qeydə alınırdısa, bir neçə ildir ki, o rəqəmlərdə
30-40 faiz azalma müşahidə edilir”.
Hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin
bölməsi kimi fəaliyyət göstərən Talassemiya
Mərkəzində genetik müayinələrin
aparılması üçün yeni nəsil sekvenləşdirmə
cihazları ilə təchiz olunmuş genetik laboratoriya fəaliyyət
göstərir. Bu, ölkəmizdə bütün
onkoloji, ginekoloji, irsi xəstəliklərin diaqnozunun
qoyulmasında yeganə ən müasir laboratoriyadır.
Onun qurulması üçün 2017-ci ildə dövlət
başçısının sərəncamı ilə 1
milyon 800 min manat vəsait ayrılıb.
V.Hüseynovun
sözlərinə görə, bu müasir genetik
laboratoriyanın faydası koronavirus pandemiyası zamanı da
özünü göstərdi: “Qürurla qeyd edə bilərik
ki, pandemiya başlayandan koronavirus müayinələrini edən
ilk tibb ocağı bu mərkəz oldu. Bundan
başqa, konvalesent immun plazma, yəni virus infeksiyası
keçirmiş və sağalmış insanlardan toplanan
plazmalarla kritik ağır xəstələrin müalicəsinə
başladıq. Bu günə qədər
200-dən çox COVID xəstəsinə ağır dönəmlərdə
bu immun plazma ilə kömək edə bildik. Proses hələ
də davam edir. Eyni zamanda laboratoriyamızda
koronavirusun yeni mutasiyaları və onların RNT
ardıcıllığı öyrənilir. Araşdırmalarımızın nəticələrini
artıq beynəlxalq təşkilatlara da göndərmişik”.
Xəstələrin
xilası olan çağırış
Koronavirus pandemiyası ilə əlaqədar xüsusi
karantin rejiminin tətbiq olunduğu müddətdə
bütün dünyada olduğu kimi, Azərbaycanda da talassemiya
və hemofiliya, eləcə də leykoz xəstəliyindən
əziyyət çəkən insanlar üçün qan
ehtiyatı azalmışdı. Bu çətin
dönəmdə ilk və ən böyük dəstək yenə
də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadan gəldi.
Ötən il aprelin 11-də Heydər
Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları
qanvermə aksiyası keçirdilər. Mehriban xanım bununla
bağlı “Facebook” səhifəsində insanlara
çağırış etdi: “Şəfqət, mərhəmət,
humanizm, səxavət, xoş əməllər etmək,
köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər
həmişə bizim ən mühüm həyati dəyərlərimiz
olmuşdur və bu gün də belədir. Bütün
dünyanı sarsıtmış koronavirus pandemiyası ilə
bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq
edildiyi bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik
nümayiş etdirmək, diqqət və qayğı göstərmək
bacarığı hər birimizə ancaq qürur hissi
yaşadır. İrsi qan xəstəliklərindən,
xüsusilə də talassemiyadan əziyyət çəkən
insanlara dəstək məqsədilə Milli Hematologiya və
Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən
keçirilmiş qanvermə aksiyasında könüllü
olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər
Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü
bildirirəm. Siz bu nəcib əməlinizlə
bir insan həyatının xilaskarı olursunuz. Bu, ən
yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz
bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin
yaxşılıq etməyə hazır olan bütün vətəndaşları
tərəfindən dəstəklənəcəkdir! Çox
sağ olun!”
Bu
çağırışdan dərhal sonra Heydər Əliyev
Fondu tərəfindən başlanılmış qanvermə
aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlar,
təşkilatlar, dövlət qurumları da qoşuldu:
“Mehriban xanımın çağırışı ölkədə
qan ehtiyatının çoxalmasına bir vəsilə oldu. Qan banklarına elə bir axın yarandı ki, məcburən
növbəli sistemə keçdik. Çünki
qan ehtiyatı çox artarsa, onun istifadəsində problem
olur. Bu axın Vətən müharibəsi
zamanı da müşahidə edildi. Qürur və fəxrlə
qeyd etmək istəyirəm ki, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun
qazandığı tarixi qələbədə az da olsa bizim mərkəzin
payı var. Çünki bütün hospitalların qan təminatı
hərbi müəssisələrin və bizim müəssisənin
rəhbərliyi altında həyata keçirilirdi. Cəbhə bölgəsindəki regional qan mərkəzlərimizlə
birlikdə fasiləsiz şəkildə 24 saat fəaliyyət
göstərdik. Çalışdıq
qan təminatında heç bir nöqsan, problem olmasın.
Çox şükür, dünyaya səs salan
tarixi zəfər çaldıq. Bu qələbəni
qanları ilə yazan bütün şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
“Gələcəkdə
bizim də sümük iliyi donor bankımız olacaq”
İcraçı direktor bildirdi ki, ümumilikdə irsi
qan xəstəlikləri üzrə 3500-dən çox xəstə
qeydiyyatdadır. Onlardan 1300 nəfəri mütəmadi qan
transfuziyası olunan pasiyentlərdir. Əksəriyyəti
Bakı və ətraf bölgələrdə yaşayır.
Bölgələrdə yaşayan xəstələr isə
müvafiq qurumun regional qan mərkəzlərində müalicələrini
davam etdirirlər: “Pandemiya dövründə rayon və şəhərlərarası
gediş-gəliş bağlı olduğu üçün
bir çox pasiyentlər müalicələrini, qan
transfuziyalarını ən yüksək səviyyədə
bölgələrdə aldı. Bakıya
yalnız 3-6 aydan bir tam müayinə üçün gəldilər.
Hazırda qarşımızda duran əsas vəzifələrdən
biri bölgələrimizdəki qan mərkəzlərini daha
da müasirləşdirmək, laborator sistemi tam
avtomatlaşdırmaq, qan təminatını yaxşılaşdırmaqdır.
Hər şey mükəmməldir demək
doğru olmaz. Nailiyyətlərimizlə
yanaşı, problemlər, çatışmazlıqlar üzərində
də çalışırıq. İstəyirik
daha yüksəkixtisaslı kadrlar yetişdirək,
işçiləri xaricdə təhsilə yönləndirək,
tibbi xidmətin keyfiyyətini yüksəldək. Dünyada bu sahədə yeni nə varsa tətbiq etməyə
çalışırıq. İnanıram
ki, mərkəz gələcəkdə daha böyük elmi
işlərə imza ataraq regionun ən böyük mərkəzlərindən
biri olacaq”.
O ki
qaldı talassemiyalı xəstələrin probleminə,
V.Hüseynovun sözlərinə görə, bütün
dünyada bu insanların ən böyük problemi donor
çatışmazlığıdır. Məlumdur
ki, sümük iliyi transplantasiyası üçün tam
toxuma uyğunluğu olan donor lazımdır. Lakin ailə
içində donorun tapılma şansı az
olur. Ona görə də mərkəzin hədəflədiyi
məqsədlərdən biri də bu problemi həll etməkdir:
“Hazırda sümük iliyi transplantasiyasında vacib əhəmiyyət
kəsb edən donor probleminin həll olunması ilə
bağlı HLA registrin qurulması və dünya donor
bankına inteqrasiya üçün hazırlıq işləri
görülür. Mərkəzə müraciət
edən insanların toxuma analizlərini
götürürürk. Analizlər
toplandıqca müəyyən saya çatandan sonra beynəlxalq
donor registrlərinə qoşula biləcəyik. Bir də hüquqi tənzimləmə metodları
var. Sümük iliyinin, alınmış kök hüceyrələrinin
daşınması xüsusi qaydalar tələb edir. Ona
görə də bu müəyyən zaman alan
prosedurdur. Düşünürəm ki, gələcəkdə
bizim də sümük iliyi donor bankımız olacaq. Ondan sonra bu sahədə beynəlxalq qurumlarla mütəmadi
əməkdaşlıq edə biləcək, pasiyentlərimizə
daha faydalı olacağıq. Əsas hədəfimiz
“Talassemiyasız həyat naminə” şüarını əsas
götürərək respublikamızda bir talassemiya xəstəsinin
belə doğulmamasına nail olmaq, beynəlxalq aləmdə
tibbin əldə etdiyi ən yüksək səviyyəli
metodları təqib və tətbiq etmək, bu fəaliyyəti
akademik şəraitdə davam etdirməkdir”.
Bütün
işlər Mehriban Əliyevanın
tapşırığı və şəxsi nəzarəti
altında görülür
Təbii ki, sadalanan nailiyyətlərin hamısı məhz dövlətin yüksək qayğısı nəticəsində əldə olunub. Talassemiya və digər irsi qan xəstəliyi olan insanlara göstərilən diqqət, qayğı, görülən bütün işlər ölkə başçısının və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa dəstəyi ilə həyata keçirilir. Bu işdə Mehriban xanımın rolu əvəzsiz və danılmazdır. Səhiyyə və sosial məsələlər Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil edir. Bu baxımdan Mehriban xanım talassemiyalı xəstələrin müalicəsinə, xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini əsirgəmir.
Mehriban xanım, eləcə də fondun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Talassemiya Mərkəzini ziyarət edir, fəaliyyəti üçün ən üst səviyyədə dəstək və diqqət göstərirlər. Mehriban xanım daim yeni müalicə metodları ilə tanış olur, tövsiyələrini verir, fikirlərini bölüşür. Burada müalicə olunan uşaqlarla maraqlanır, səmimi söhbət edir, onlarla qayğıkeş davranır, xəstələrin müalicəsinin gedişi ilə maraqlanır. Onların sağlıqla yanaşı, digər problemlərinin həlli istiqamətindəki işlərin həyata keçirilməsinə də kömək göstərir. Bütün əlamətdar günlərdə, bayramlarda daim mərkəzdəki uşaqlara xüsusi diqqət yetirir.
Gələcəyimizin bu xəstəlikdən xilas edilməsi üçün Mehriban Əliyevanın tapşırığı və şəxsi nəzarəti altında talassemiyasız həyat naminə görülən işlər xüsusi əhəmiyyət daşıyır. İldən-ilə bu sahədə qazanılan uğurlar, əldə olunan nailiyyətlər isə onu deməyə əsas verir ki, Azərbaycanda talassemiyasız həyat mümkündür və buna az qalıb...
Xəyalə
MURADLI
Azərbaycan.-2021.- 21 fevral.- S.1;4.