Mehriban xanımın mənəvi
övladları Vətən savaşının da qəhrəmanları
oldu
Birinci xanımın şəfqəti,
qayğısı ilə yeni həyat qazanan, ailə quran, ev
sahibi olan İbrahim Abzatov Vətən müharibəsində
böyük şücaətlərə imza atdı
Bayaqdan bəri beşikdə mışıl-mışıl yatan və gördüyü hansısa şirin röyanın təsirindən gülümsəyən körpə qızına baxırdı. Səsini çıxarmağa, tərpənməyə, bu xoşbəxt anı pozmağa qorxur, tamaşa etdiyi mənzərəni, qızını, onun sevimli cizgilərini gözlərinə, ürəyinə bir daha silinməyəcək şəkildə həkk etməyə çalışırdı.
Və birdən ona illər uzunu kimi görünən bu qısa anın ağır məngənəsindən ayrılaraq körpəyə tərəf əyildi, “bəlkə də sənə verdiyim sözü tuta bilmədim, bağışla məni, qızım...” deyə titrək səslə pıçıldayıb sürətli addımlarla qapıya yönəldi...
“İlahi, mənim yaşadığım acı taleyi qızımadamı yazmısan? Körpə yaşda odamı valideyn həsrətinin ağır yükünü çiyinlərində daşıyacaq? Hər açılan qapının arxasında gözləri elə hey kimisə axtaracaq, şəkillərləmi ovudacaq ata özləmini?”
Səhərin alaqaranlığında yatmış şəhərin sükuta qərq olmuş küçələri ilə beynini qamçılayan və dayanmadan amansızcasına təkrarlanan bu fikirlərlə döyüşə-döyüşə dəli xəzan küləyinin ahənginə qoşulub, verdiyi qəti qərarın arxasınca tərəddüdsüz irəliləyirdi...
Və ailəsindən, qızından addım-addım uzaqlaşdıqca yolboyu indiyə qədər yaşadığı nisgilli ömür yolu gözlərinin önündə vərəqlənirdi
1
saylı uşaq evində böyüyən və Vətən
müharibəsinə könüllü yollanan İbrahim
Abzatovun...
Biz də atalı-analı uşaqlar kimi döyüşə birinci yollanmalıyıq...
...İbrahim dil açandan Vətənə “ana”
demişdi. Elə
buna görə idi ki, “mənə analığı da,
atalığı da bu Vətən edib, indi onun harayına yetmək
vaxtıdır” söyləmiş, qızı körpə
Əminənin də onun kimi valideynsiz qala biləcəyi
ehtimalını belə gözlərinin önünə
alıb, heç düşünmədən Vətən
müharibəsinə, ön səngərə
yollanmış, “bu torpağa, bu xalqa, bu dövlətə
borcumu ödəməyin zamanıdır”
düşünmüşdü...
Hərbi komissarlıqda kimsəsiz olduğu
üçün qismən səfərbərlik dövründə
müharibəyə getməyə biləcəyini ona dedikdə
isə bu fikirlə razılaşmamış, israrla
döyüşə yollanmaq istəyini bildirmişdi. Demişdi ki, biz - uşaq
evində böyüyənlər digər valideynli
uşaqlardan heç nə ilə fərqlənmirik: “Həyatımızın
bütün dönəmində dövlətin himayəsində
olmuşuq. Vətənimizə layiqli vətəndaş
kimi yetişmək üçün bizə hər cür
şərait yaradılıb. Ən ümdəsi isə
daim Mehriban xanım Əliyevanın qayğısını
duymuşuq, onu “mənəvi ana”mız bilib kimsəsizliyimizi
heç zaman hiss etməmişik... Buna görə də biz
uşaq evinin sakinləri də digər atalı-analı
uşaqlar kimi döyüşə birinci
yollanmalıyıq...”
Mehriban
xanımın “mən sizin ananızam” sözü bizi
yaşadır, ruh verir, həyata bağlayırdı...
1989-cu ilin yanvarında Bakıda dünyaya göz
açan İbrahimin qismətinə cəmi 10 ay ana
qayğısı görmək düşmüşdü. Nitq qüsurlu
olan anası tək olduğu və heç yerdə işləmədiyi
üçün oğlunu Bakıda yerləşən körpələr
evinə qoymağa məcbur olmuşdu. Beləliklə, 3 yaşına qədər
orada qaldıqdan sonra uşaq evinə təhvil verilən
körpə İbrahim həyat yolunda tənha
addımlamağa, uşaq evinin digər körpə sakinləri
kimi gözləri yolda, qulaqları səsdə, ürəyinin
dərinliyində kimsəsizliyin soyuq ürpərtisi, gələcəklə
bağlı əndişələrlə böyüməyə
başlamışdı.
Amma tale bəxtlərinə kimsəsizliyi yazsa da, bu
körpələri ümidsiz, köməksiz də
qoymamışdı. Məramı Azərbaycandakı bütün
uşaqları xoşbəxt görmək olan Mehriban xanım
Əliyeva idi uşaq evinin bütün sakinlərinin hamisi...
Onlar tək, kimsəsiz deyildilər. Əlamətdar günlərdə
sevinclərini bölüşən, nailiyyətlərinə
qiymət verən, xoş günlərində qol
götürüb oynayan, gələcək həyatda
uğurlara səsləyən, onlara dəstək olan insan
vardı...
Elə İbrahimin də kimsəsiz uşaq
dünyasının rəngarəng olmasının,
özünü arxalı-dayaqlı hiss etməsinin səbəbkarı
Birinci xanım idi.
- Mehriban
xanımın bizim uşaq evinə ilk dəfə gəldiyi
vaxtdan xeyli zaman ötüb, amma o gün indiki kimi yadımdadı.
Mehriban xanım gəlişi ilə valideyn həsrətimizə
son qoydu, kimsəsizliyimizi unutdurdu. Elə bil nağıl
dünyasına düşmüşdük, o qədər
sovqat, oyuncaq gətirmişdi ki...
Təəssüratlarımız çox zəngin idi. Hətta
günlərlə, həftələrlə, aylarla
danışırdıq ki, cənab Prezidentin xanımı məhz
bizim görüşümüzə gəlib. Və bu gəliş bir dəfə yox, davamlı
oldu. Elə olurdu ki, ildə 3-4 dəfə
bizə baş çəkirdi. Birlikdə
oturub çay içir, söhbət edir, bir valideyn kimi bizimlə
maraqlanırdı. Bəzən hətta unudurduq ki,
valideynimiz yoxdur... Sanki biz Mehriban xanımın
övladlarıydıq.
O
özü bizə deyirdi ki, mən sizin ananızam. Biləsiniz
ki, bu söz idi bizi yaşadan, bizə ruh verən, həyata
bağlayan...
Mehriban xanım bizə ana qayğısı göstərdi,
öz övladları kimi qəbul etdi. Bu günə qədər də
özümü tək, atılmış hiss etməmişəm...
Birinci xanım uşaq evinə qonaq gələndə onu
müxtəlif rəqs və mahnılarla
qarşılayırdıq. Bir dəfə bal
rəqsi oynayırdım. Daha sonra isə
keçib xalçaçılıq otağında xalça
toxumağa başladım. Rəssamlıq əl
qabiliyyətim olduğu üçün çəkdiyim rəsmləri
sərbəst şəkildə ilmələrə
köçürə bilirəm. Mehriban
xanım məni orada da gördükdə müdiriyyətimizdən
soruşmuşdu ki, “bu, bayaq rəqs edən oğlandır?”
“Hə” cavabı alandan sonra isə demişdi ki,
“bu oğlanın gələcəyi parlaqdır. Həqiqətən
istedadlı bir insan olacaq...”
Çox
sevinmiş, qürurlanmışdım ki, Mehriban xanım məhz
mənim haqqımda belə gözəl ifadə işlədib...
Həyatımızda
ən böyük dəstəkçi Mehriban xanım olub
İbrahim deyir ki, həyatının bütün mərhələlərində
daim Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun
dəstəyini görüb. Nizami rayonunda Heydər
Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən
məhrum olan gənclər üçün inşa edilmiş
yaşayış binasında mənzillə təmin olunub,
hazırda Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyində işləyir.
Xüsusi bir nüansı qeyd edək ki, İbrahimin
sevib-seçdiyi, könül verdiyi Yasəmən də onunla
bərabər uşaq evində böyüyüb. Kiçik
yaşlarından atasını itirdiyi və ailələrinin
maddi vəziyyəti çətin olduğu üçün
Yasəmənin anası məcbur olub onu 6 yaşından 1
saylı uşaq evinə, dövlətin himayəsinə verib.
Yasəmən
söyləyir ki, əvvəllər onu uşaq evinə
qoyduğu üçün ürəyində anasını
qınasa da, sonradan o dövrdə yaşadıqları həyatın
reallığını dəyərləndirib və
anlayıb ki, bəlkə də onun üçün beləsi
daha məsləhətli olub: “Yaxşı ki anam bu gücü
özündə tapıb, məni uşaq evinə, dövlətin
qayğısına verib. O çətinliklərlə
açıq cəmiyyətdə böyüsəydik, həyatımız
daha ağır olardı”.
İbrahim kimi Yasəmən də daim vurğulayır
ki, həyatının ən böyük dəstəkçisi
Mehriban xanım olub. Hansı çətinliyi olubsa,
başını çevirəndə hər zaman arxasında
onu görüb. Mehriban xanım işlərinin
çox olmasına, zamanının darlığına
baxmayaraq, dəstəyini heç zaman əskik etməyib.
Ona dayaq olub, təhsil almağa təşviq edib: “Hətta ali təhsil almasaydım belə uşaq evində
bizə öyrədilən peşələrlə həyatımı
normal şəkildə qura bilərdim. Məsələn,
yaxşı aşpaz, toxucu, saç ustası ola
bilərdim”.
Taleyindən söhbət açdığımız bu
iki kimsəsiz gəncin xoşbəxt yuva qurmasında da
Mehriban xanım Əliyeva köməyini əsirgəməyib. Uşaq evinin sakinləri
İbrahim və Yasəmənin toyunun bütün xərcləri
Heydər Əliyev Fondu tərəfindən ödənilib,
toyda Mehriban xanım gəncləri bir daha sevindirərək
onlara avtomobil hədiyyə edib...
Gənc Abzatovlar deyir ki, uşaq evində gördükləri
qayğı, sevgi oranı tərk etdikdən sonra da bitməyib,
əksinə, ikiqat artıb. Heydər Əliyev
Fondundan mütəmadi olaraq hər biri ilə maraqlanır,
işlərində hansısa çətinliklərin
olub-olmamasını soruşurlar.
Onlar isə
göstərilən bütün bu dəstəyə, köməyə,
mənəvi dayağa görə hər zaman özlərini
xalqımız, dövlətimiz qarşısında borclu hiss
edib, minnətdarlıqlarını bildirmək
üçün gücləri çatan qədər nə isə
etməyə çalışıblar...
İki
seçimi vardı: ya ana vətəni, ya da övladı
Elə Vətən
müharibəsinin başlamasını bunun üçün ən
gözəl fürsət kimi dəyərləndirən
İbrahim qəlbindəki “ya ana vətənin, ya da
övladın” seçimindən heç tərəddüdsüz
birinciyə üstünlük vermişdi... Sonradan həyat
yoldaşının bu qərarını öyrənən Yasəmən
də mətinliklə ona dəstək olmuş, “gözün
arxada qalmasın” söyləmişdi...
-
Sentyabrın 29-da qismən səfərbərlik elan olunduqdan
sonra evdən xəbərsiz hərbi komissarlığa
yollandım. Dedim ki, top komandiri olmuşam, rütbəm var,
çavuşam, Vətənim uğrunda döyüşə
getmək istəyirəm. Müharibəyə
yollanmaq üçün dəfələrlə müraciət
etdim. Orada bir zabit uşaq evində
böyüdüyümü və tək oğul olduğumu
bilirdi. Dedi ki, hələlik qismən səfərbərlik
olduğu üçün sən getməyə bilərsən.
Amma sentyabrın 29-dan oktyabrın 4-dək hər gün
komissarlığa gedib soruşurdum ki, məni nə zaman
ön cəbhəyə göndərəcəksiniz? Nəhayət,
oktyabrın 5-i zəng gəldi ki, artıq istəyiniz qəbul
olub, yaxınlaşın hərbi komissarlığa,
döyüşə yollanırsınız. Ertəsi gün səhər saat 5-də
hazırlaşıb yola düşdüm.
Əvvəlcə Gəncəyə getdik və orada
bölmələrə ayrıldıq. Mən Kəlbəcər-Murov
istiqamətində “N” saylı hərbi hissəyə
düşdüm. Toğanaya gedib, oradan da
Murovun Ömər aşırımı deyilən yerində
döyüşlərə qatıldıq. Artilleriyaçı, top komandiri idim və 8 nəfər
də əsgər heyətim vardı. Verilən
döyüş tapşırığını layiqincə
yerinə yetirmək üçün cid-cəhdlə
çalışır, düşməni dəqiq atəşlə
məhv etməyə can atır və bunu bacarırdıq da. Düşmənin külünü göyə
sovururduq.
Onlar da bizi artilleriya atəşinə tuturdular. Elə vaxtlar
olurdu ki, üzərimizə mərmi yağışı
yağırdı. Sağımızda, solumuzda,
önümüzdə, arxamızda dəhşətli
partlayışlar olurdu...
Amma tam mübaliğəsiz deyirəm ki, bütün
bunlar bizi nəinki qorxudurdu, əksinə, ikiqat qəzəblə
onları məhv etməyə sövq edirdi. Ermənilər
xeyli itki verirdi. Onlar ordumuzdan,
döyüşçülərimizdən,
atdığımız mərmilərdən qorxurdular, səngərlərində
tir-tir titrəyirdilər. Bunun isə bir səbəbi
var idi, ermənilərin gözündə bu yerlər sadəcə
yanmış torpaq idi, biz isə yanmış olsa belə hər
qarışı üçün ölməyə hazır
olduğumuz doğma ana torpaq uğrunda vuruşurduq.
Orada
yaxın olduğum döyüş yoldaşlarım var idi,
Vüqar, Vüsal, Türkel, Emin, Elçin... Biz
özümüzə
“5 üstəgəl” deyirdik, yəni 5 çavuş, bir əsgər. Hər dəfə
döyüşə yollananda böyük əhvali-ruhiyyə
ilə gedir, yolboyu “Uzaq sahillərdə” filmindəki
“Partizanlar” mahnısını oxuyurduq...
“Bizim günəş, bizim dağlar, bizim dəniz,
qurtararıq əsirlikdən sizi biz. Partizanlar!..”
Sanki bu
mahnı bizə əlavə güc verirdi...
Bunlarla
yanaşı, ölümün də hər an
yaxınlığımızda dolaşdığını
bilirdik. Döyüşçü yoldaşlarım mənə
deyirdilər ki, “İbrahim, sən soyuqqanlısan, şəhid
olsaq, ailəmizə ilk sən xəbər verərsən...”
Amma kim bilir, bəlkə elə mən özüm
onlardan əvvəl şəhid olacaqdım...
Bilirsiniz, müharibə tamam başqa dünyadır və
burada düşməni məhv etməkdən,
torpaqlarımızı azadlığa qovuşdurmaqdan doğan
qələbə sevincini, çiyin-çiyinə
vuruşduğun döyüşçü
yoldaşlarının gözünün qarşısında
şəhid, qazi olmasından doğan hüzn, kədər
hissi ilə bir yerdə yaşayırsan. Və hər an
özünün də şəhid, qazi ola
biləcəyini bilirsən, amma bundan qorxmursan. Çünki
alın yazısı deyilən bir şey də var. Kimin
alnına bu vətən uğrunda şəhid olmaq
yazılmışdısa, o, bu zirvəyə ucaldı.
Görünür, şəhidlik mənim qismətim
deyilmiş...
Qızıma
söz vermişdim ki, mən dünyanın ən yaxşı
atası olacağam...
Noyabrın 10-da müharibənin bitməsi ilə
bağlı müqavilə imzalanandan sonra İbrahimgilə
bildirirlər ki, könüllü minaaxtaranlar lazımdır. O, bu vəzifənin
çox təhlükəli olduğunu bilə-bilə “Vətənin
mənə ehtiyacı var” deyib irəli çıxanlardan biri
olur.
- Bizə
10 gün kurs keçdilər və noyabrın 26-dan etibarən
Kəlbəcər ərazisini minalardan təmizləməyə
başladıq. Düşmənin murdar
ayağını torpağımızdan qazıyıb
atdığımız kimi, indi də vətənimizin
bağrına sancdıqları namərd tələlərini,
minalarını təmizləyib atırdıq.
Dekabrın 2-də Ali Baş Komandanın
imzaladığı əmrə əsasən, həmin ayın
15-də tərxis olunaraq evə qayıtdım.
Evə gələndə
əvvəlcə qızım məni tanımadı, sonra isə
saatlarla qucağımdan düşmürdü, qorxurdu ki, yenə
gedərəm...
Onu da deyim ki, müharibəyə yollananda bilirdim ki, gedib
dönməmək də var, amma beynimdə, ürəyimdə
heç bir tərəddüd yox idi. Sadəcə
qızımla vidalaşanda kövrəlmişdim. O,
yatmışdı, heç oyandırmağa da
qıymadım. Üzündən öpüb yavaşca dedim
ki, “bəlkə də sənə verdiyim sözü tuta bilmədim,
bağışla məni, qızım...”
Özüm valideynsiz böyüdüyüm
üçün belə həyatın necə
ağrı-acılı olduğunu bilirdim. Elə buna görə də
Əminə dünyaya gələndə ona bir söz
vermişdim: “Mən dünyanın ən yaxşı atası
olacağam”...
Mən onu atalı-analı böyütmək, xoşbəxt
görmək istəyirdim. Allahıma şükür olsun ki,
geri döndüm, öz arzularıma, Əminəyə verdiyim
o sözü tutmaq üçün qayıtdım...
Uşaqlar
atasız-anasız böyüyə bilər, amma Vətənsiz
yox!
- Dövlətim məni böyüdüb, yedirib, içirib, əziyyətimi çəkib. Yəni uşaq evində keçirdiyim 19 il ərzində daim qayğı ilə əhatə olunmuşam. İndi isə mənə çəkilən bu əziyyətin hədər getmədiyini sübut etməyin vaxtı idi. Bilirdim ki, ölümə gedirəm, qızım da mənim kimi valideynsiz qala bilər. Amma onu da bilirdim ki, uşaqlar atasız-anasız böyüyə bilər, amma Vətənsiz yox! Həm də axı biz - kimsəsiz uşaqların birinci anası Vətəndir.
Elə buna görə də düşünmədən könüllü müharibəyə yola düşdüm, gözüm arxada qalmadı. Əmin idim ki, şəhid olsam belə ailəm, qızım köməksiz, dayaqsız qalmayacaq, daim dövlətimizin himayəsində, Mehriban xanımın diqqətində olacaq. Bax bu güvəndən, bu etimaddan güc alaraq mən də Vətən qarşısında borcumu yerinə yetirməyə tələsdim, düşməndən qisas almağa yollandım. Və bu uğurda bir damla da mənim köməyim oldusa, deməli, dünyanın ən xoşbəxt insanıyam...
Bəli, nə artıq sözə, nə də əlavə şərhə ehtiyac var...
Bircə onu deyə bilərik ki, sən dünyanın ən yaxşı atası, ana Vətənin ən yaxşı övladlarından birisən, İbrahim...
Və o da bəlli bir həqiqətdir ki, bu torpağı özünə ana bilən, onun uğrunda canından, qanından, ailəsindən, övladından vaz keçməyə sənin kimi könüllü övladları olan Vətən bölünməz, min illər durduqca var olar...
Mehriban xanımın mənəvi övladları Vətən savaşının da qəhrəmanları oldu...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 21 fevral.- S.1;6.